Brüsseldə tarixi görüş: İrəliyə doğru addım atılırmı?

Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində son zamanlar müəyyən soyuqluq özünü göstərirdi.

 Hətta Ankaranın bu təşkilata üzv olmaq şansının minimuma bərabər olması barədə proqnozlar verilirdi. Lakin növbəti dəfə sübut olundu ki, bu məsələdə tələsik qərar vermək düzgün deyil. Suriyadakı savaşdan qaçan insanların Avropa ölkələrinə kütləvi axını Brüsseli çətin vəziyyətdə qoydu. Əvvəlcə miqrantlara münasibət çox pis idi, sonra isə dərk olundu ki, bu, məsələni həll etmir. Digər tərəfdən, Aİ yaranmış vəziyyətdən Türkiyəsiz xilas olmağın çox çətin olduğunu anladı. Maraqlıdır ki, Rusiyanın “Su-24” döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulması miqrant problemi ilə eyni vaxta təsadüf etdi. Bütün bunların fonunda Aİ-Türkiyə sammitində qəbul olunan qərarların təhlili maraq doğurur.

 

Avropa İttifaqı mövqeyini dəyişir?

 

Uzun müddət idi ki, Türkiyə ilə Avropa İttifaqı arasında üzvlüklə bağlı yüksək səviyyədə müzakirələr aparılmırdı. Brüssel müəyyən səbəblər gətirərək, məsələyə könülsüz yanaşdığını gizlətmirdi. Ankaranın buna reaksiyası kifayət qədər təmkinli və səbirli idi. Tərəflərin heç birində görüşün olacağına noyabrın son günlərinə qədər elə bir ümid də hiss olunmurdu. Əksinə, bir çox ekspertlər Aİ-nin Türkiyəni öz sıralarına daxil etməyəcəyini vurğulayırdılar.

Görünür, “siyasətdə əbədi heç nə yoxdur” deyənlər xeyli haqlıdırlar. İki hadisə – miqrantların Avropaya axını və Rusiya təyyarəsinin Türkiyə səmasında vurulması – bədbin proqnozları alt-üst etdi. Noyabrın 29-da Brüsseldə yüksək səviyyəli Türkiyə – Aİ sammiti keçirildi. Burada kifayət qədər aktual və maraqlı qərarlar qəbul olundu.

Gəlinən qənaətlərin geosiyasi aspekti üzərində dayanmağa ehtiyac görürük. Onları şərti olaraq iki qrupa ayırmaq olar. Birinci qrupa Türkiyə ilə Aİ arasındakı problemlərin həlli yollarının müəyyənləşdirilməsi ilə bağlı olan müddəalar daxildir. İkinci qrup isə Türkiyə – Aİ münasibətlərinin gələcəyini əhatə edir.

Bir neçə ildir ki, Ankara-Brüssel xəttində gərginlik yaradan məsələlər sırasında insan haqları, söz azadlığı, kürdlərlə bağlı yaranmış vəziyyət və s. ön plandadır. Son dövrlərdə bunlara miqrantların kütləvi surətdə Türkiyədən keçərək Avropaya axışması da əlavə olunmuşdu. Əvvəlcə avropalılar buna elə də əhəmiyyət vermirdilər. Lakin miqrantların sayı artdıqca, çoxları yolda həlak olduqca vəziyyət ciddiləşdi. 100 minlərlə dinc miqrant Aİ-nin başağrısına çevrildi. Brüssel Aİ-nin tarixində ilk dəfə hiss etdi ki, onu dinc üsullarla xoşagəlməz vəziyyətə sala bilərlər.

Buna əlavə olaraq, Fransadakı terror hadisəsi Avropa siyasətçiləri üçün “soyuq duş” effekti yaratdı. Aydın oldu ki, miqrant axını tənzimlənməsə, qısa bir müddətdə Avropada terror olayları adi hadisəyə çevriləcək. Deməli, miqrasiya Avropa üçün ciddi geosiyasi və təhlükəsizlik mənası kəsb etməyə başladı. Avropada onu da dərk etdilər ki, həmin problemin həlli Türkiyəsiz mümkün deyildir.

İndi Qərb ekspertləri yazırlar ki, yaranmış bu vəziyyət Türkiyəyə əvvəllər tutulan iradları kölgədə qoydu. Məsələn, “Financial Times” qəzeti yazıb ki, “yeni miqrant axınlarına mane olmaq üçün Türkiyədəki demokratikləşmə ilə bağlı narahatlıqlar bir kənara atıldı”.

Lakin etiraf olunmalıdır ki, Avropanın bu cür davranmasının ciddi səbəbləri var. Onlardan ən önəmlisi təhlükəsizlik problemidir ki, bunu da biz yuxarıda qeyd etmişik. Əlavə olaraq, Yaxın Şərqdə geosiyasi mənzərənin getdikcə yenidən müəyyən olunmasını və Rusiyanın regiona hərbi müdaxiləsini artırmasını xatırlamaq olar. Üstəlik, NATO ölkələri sırasında yalnız Türkiyə Rusiyaya qarşı hərbi güc nümayiş etdirdi.

“Su-24”-ün vurulması haqqında fərqli fikirlərin olmasını yadda saxlamaqla, onu inkar etmək olmaz ki, hətta məşhur analitiklər belə həmin hadisənin bütövlükdə geosiyasi vəziyyətə ciddi təsir göstərdiyini etiraf edirlər. Məsələn, Zbiqnev Bjezinski “Politico” nəşrinə verdiyi müsahibədə deyib: “Oktyabrın əvvəllərində mən “Financial Times” qəzetində yazmışdım ki, Rusiyanı regionun (Yaxın Şərq nəzərdə tutulur - Newtimes.az) problemlərinin həlli üçün ciddi danışıqlara cəlb etməyə səy göstərmək lazımdır. Düşünürəm ki, biz indi bunu edə bilərik...”.

 

Əməkdaşlığın gələcəyi:
səmimiyyət və ədalətdən keçən yol

 

Hesab edirik ki, bu kimi məqamlara görə Aİ Türkiyə ilə arasında olan bir çox problemlərə göz yumur və nikbin gələcəyə ümid edir. Brüsseldə tərəflər arasında münasibətlərin gələcəyinə aid olan ikinci qrup qərarlar da həmin fakt nəzərə alınmaqla qəbul olunub. Onların sırasında Türkiyənin Aİ-yə üzvlük danışıqlarında yeni bəndlərin açılmasını (Donald Tuskun dediyinə görə, onların sayını 17-yə çatdırmaq nəzərdə tutulur), gələn ildən dövri olaraq tərəflərin yüksək səviyyəli görüşünü təşkil etməyi, Ankaraya miqrantları yerləşdirmək və onların ehtiyaclarını təmin etmək üçün 3 milyard avro ayırmağı, 2016-cı ilin oktyabrından türklərin Aİ-yə vizasız gedişinə icazə verməyi vurğulamaq olar.

Türkiyənin üzvlüyü ilə bağlı müzakirə mövzularının sayının artırılması irəliyə doğru bir addımdır. Çünki 11 il idi ki, bu barədə söhbət açılmırdı – Aİ sanki həmin məsələni arxa plana atmışdı. İndi isə həmin prosesi intensivləşdirmək istəyirlər. Hər bir halda Aİ rəhbərliyi bu barədə fikirlərini bildirir. Doğrudur, bir sıra ekspertlər avropalıların sadəcə vəd verdiyini qeyd edirlər. Reallığa gəldikdə isə onlar Avropanın yenə də Ankaranı öz sıralarına daxil etməyəcəyi qənaətindədirlər.

Tərəflər arasında problem yarada biləcək başqa faktor kimi Türkiyənin miqrantları geri qəbuletmə qanununu imzalamaması göstərilir. Həmin qanuna görə, Aİ-nin qəbul etmədiyi miqrantları Brüssel Türkiyəyə geri qaytara bilməlidir. Ankara söz verib ki, 2016-cı ildə həmin qanunu qəbul edəcək. Lakin bununla yanaşı, Aİ Türkiyədə olan miqrantlardan 400 minini qəbul etməlidir. Təbii ki, onlar sənədləri yoxlanmış, terrora aidiyyəti olmayanlar sırasından seçilməlidir.

İndi Aİ-nin Türkiyəyə 3 milyard avro həcmində yardım etməsi, vizasız gedişi təmin etməsi və Ankaranın geriyə qəbula imza atması, sərhədlərindən miqrantları Avropaya buraxmaması kimi məsələlərin nə dərəcədə reallaşacağı maraq doğurur. Pessimistlər bu proseslərin baş tutmayacağı qənaətindədirlər. Nikbinlər də az deyil. Türkiyə hökuməti isə bu qərarları “çox faydalı” hesab edir və üzərinə düşəni edəcəyinə söz verir.

Bizcə, bütün şübhələrə baxmayaraq, Aİ-Türkiyə münasibətləri yeni səviyyəyə yüksələcək. Bunun əsas səbəbi Yaxın Şərqdə və qlobal miqyasda yeni geosiyasi situasiyanın formalaşmağa başlamasıdır. Türkiyə sübut etdi ki, Qərbin enerji və hərbi təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynaya bilər. Bu keyfiyyətdə o, regional supergücdür, kritik vəziyyətlərdə özünü təmkinli apara bilir. Eyni zamanda, NATO və Qərbin siyasi dairələri Ankaranı müdafiə edə biləcəklərini nümayiş etdirdilər. Hər iki tərəf bir-birinə olan ehtiyaclarını növbəti dəfə hiss etdilər.

Lakin ortada ciddi bir problemin olduğunu da etiraf etməliyik. Biz Qərbin ikili standartlar siyasətinin davam etməsi ehtimalını nəzərdə tuturuq. Əgər bir sıra ekspertlərin proqnozlaşdırdığı kimi, Aİ verdiyi vədlərə müxtəlif bəhanələrlə əməl etməsə, onda proseslərin hansı istiqamət ala biləcəyini öncədən demək çox çətin olar. Məsələn, Avropanın siyasi strukturları Azərbaycan və Türkiyədə insan haqları, milli azlıqlar, “siyasi məhbuslar”, söz azadlığı ilə əlaqədar qərəzli mövqeyində qalsa, Dağlıq Qarabağ probleminin həllində ədalətli olmasa, bu gün atılan addımların faydalı olacağı şübhə doğurur.

Deməli, Brüssel sammiti bir daha göstərir ki, Aİ-nin özü də dəyişməli, ikili standartlar və islamofobiyadan azad olmalıdır. Bir müsəlman dövləti kimi məhz Türkiyə Avropanın təhlükəsizliyinin təmini istiqamətində cəsarətli addımlar atır. Azərbaycan da enerji məsələsində Qərblə tam ədalətli, şəffaf və bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Yəni əsas maneə İslam faktoru ilə deyil, Qərbin bir sıra siyasətçilərinin siyasi şüurundakı yanlış təsəvvürlərlə əlaqəlidir. Ümid edirik ki, ədalət və reallıq hissi qalib gələcək.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında