Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində UNESCO ilə əməkdaşlıq mühüm rol oynayır

Bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Təşkilatın yaradılmasının 70 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın yaradılmasının 70 illiyinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva forumda iştirak etmişlər.

Dövlət başçısı İlham Əliyev forumda çıxış edərək bildirmişdir ki, Azərbaycan, demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzalamış və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmış, Azərbaycana UNESCO donorlarından birinə çevrilmək imkanı vermiş,  nəticədə,  ən zəif inkişaf etmiş ölkələr qarşısında bu bizim öhdəliyimizə çevrilmişdir.

Müasir beynəlxalq münasibətlərin başlıca elementləri sırasına dövlətlərarası siyasi və iqtisadi əlaqələrlə yanaşı, sülh və dinc birgəyaşayışa xidmət edən elmi-mədəni əlaqələr də daxildir. Təsadüfi deyildir ki, BMT yarandıqdan sonra təşkilatın meydana gələn ilk universal ixtisaslaşdırılmış qurumu — Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (UNESCO) olmuşdur. UNESCO 1945-ci il oktyabrın 25-də keçirilmiş London konfransında təsis olunmuş, təşkilatın Nizamnaməsi 1946-cı il noyabrın 4-də qüvvəyə minmişdir.

Hazırda 200-ə yaxm üzvü olan UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək verməkdir. Yarandığı gündən etibarən beynəlxalq sülh və təhlükəsizlik uğrunda mübarizəni rəhbər tutan UNESCO indiyədək bu sahəyə prioritet istiqamət kimi diqqəti zəiflətməyibdir. Baş konfransın 1947-ci ildə keçirilmiş II sessiyasında müharibə təbliğatını bəşəriyyətə qarşı ən ağır cinayət elan edən UNESCO 70 ilə yaxın müddətdə bu məsələnin üzərinə qayıtmış və Stokholm çağırışına qoşulmuşdur.

Azərbaycanın UNESCO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışdır. Belə ki, Azərbaycan-UNESCO əlaqələrinin inkişafında ən mühüm addım Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Respublikasına 1993-cü il dekabrın 19-dan 21-dək davam edən ilk  rəsmi səfəri çərçivəsində UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Gorüş zamanı ikitərəfli  əməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri  məsələləri müzakirə etmişdilər.

UNESCO Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və 1994-cü il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bununla əlaqədar sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir.

Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 2005-ci il  sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO  üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycanın UNESCO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

Ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə UNESCO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan UNESCO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur. Bu mənada, Azərbaycanın qoşulduğu UNESCO konvensiyalarından—Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiya, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiya, Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il tarixli regional Konvensiya, Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiya və digər konvensiyaların adlarını çəkmək olar.

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər Memarlıq Kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi UNESCO-nun Təhlükədə Olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi UNESCO-nun təhlükə altında olan abidələr siyahısından çıxarılmışdır. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilmişir.  2009-cu il 28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıyasına  daxil edilmişdir ki, bu da milli mədəniyyətimiz üçün mühüm hadisə hesab edilməlidir. Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə qalxmış, ümumdünya mədəniyyətin bir parçası olmuşdur. UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğundan onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində UNESCO vasitəsilə müxtəlif ölkələrlə və eləcə də təşkilatın  özü ilə geniş əlaqələr qurur və  əməkdaşlığını genişləndirir.

Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olmuşdur. 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki roluna və UNESCO-nun ideyalarına göstərdiyi xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan — İSESCO münasibətləri də ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə xanım Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESCO-nun baş direktoru Əbdüləziz  Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir.

2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur. Bundan əlavə, beynəlxalq forumda iştirak edən İKT-nin baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomla  təltif etmişdir. Heydər Əliyev  Fondunun prezidenti Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadını olması xüsusilə təqdirəlayiqdir.

2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr olunan “Sivilizasiyalararası dialoq” həftəsi cərcivəsində Parisdə kecirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq, Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdır. Sonrakı illərdə bu yöndə əməli addımların, konkret təşəbbüslərin irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqlədi.

Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpasının təməli Bakıda qoyulduğu kimi, həmin il çərçivəsində də respublikamızın paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi. Bütün bu fəaliyyətin nəticəsində 2010-cu il  iyulun 30-da  UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən Qızıl Motsart medalı təqdim olunmuşdur.

Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə 2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında keçirilmiş mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir: “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekomunikasiya peyki olan ”Azərspeys-1" in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir".

Mədəni irsin qorunmasının Azərbaycan höküməti üçün prioritet istiqamət olduğunu bildirən Mehriban xanım Əliyeva muğam, aşıq musiqisi, tar ifası, Novruz bayramının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini xatırlatmaqla, eyni zamanda, Qız Qalası, İşərishəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını diqqətə çatdırmışdır.

Bununla yanaşı, Azərbaycanın həm də UNESCO ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq ediyini bildirən Azərbaycanın birinci xanımı qeyd etmişdir ki, bu gün beynəlxalq ictimayyət ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoqun mərkəzi kimi tanıyır və əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşamışlar. UNESCO ilə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Mehriban xanım Əliyeva ölkəmizin UNESCO ilə əməkdaşlığını davam etdirəcəyinə və mövcud olan potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin daha da güclənəcəyinə əmin olduğunu bildirmişdir.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə təşkilatın baş direktoru İrina Bokovanın görüşü zamanı Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin bu il dekabrın 2-dən 8-dək Bakıda keçiriləcək iclası barədə müzakirələr aparılmışdır. Görüşdən sonra Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Zirvə Sazişi imzalanmışdır.

Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir”.

Dövlət başçısı İlham Əliyev UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda multikulturalizmin bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, bir ideya deyil, adət-ənənəmiz olduğunu bildirərək qeyd etmişdir ki,  multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdür. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetirdiyimizi qeyd edərək bildirdi ki, 2016-cı ildə  biz xüsusilə, multikulturalizm, dini və etnik tolerantlıq məsələlərinin müzakirəsini nəzərdə tutan BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik. Dövlət başçısı bu məsələdə UNESCO-nun nadir rolunu vurğulayaraq bildirmişdir: “Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq”.

Qürurverici haldır ki, Azərbaycan Ümumdünya İrs Komitəsinə üzv seçilmişdir. Bu barədə Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO nun 38-ci Baş Konfransı çərçivəsində  noyabrın 18-də keçirilən iclasında  qərar qəbul olunmuşdur.

Aynur  FƏRMANOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,
“Azərbaycan  Respublikası
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı  İcması”
İctimai Birliyinin elm, təhsil və mədəniyyət şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında