Terror aktları törədənlər, qanunun tələblərini pozanlar cəzadan yaxa qurtara bilməyəcəklər

Azərbaycan hazırda Cənubi Qafqazın ən güclü dövlətidir. Bundan qorxan, təxribat törədərək ölkəmizi zəiflətməyə çalışanlar da az deyil. Lakin dövlətimizin ortaya qoyduğu prinsipial mövqe nəticəsində hər zaman bunun qarşısı alınmışdır. Son Nardaran hadisələri də göstərdi ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr vardır.

Onların ölkəmizdə milli, dini zəmində mövcud olan sabitliyə zərbə vurmaq cəhdləri bütün ölkə ictimaiyyətini hiddətləndirib. Silaha əl atan, zordan istifadə edən bu cür mənfur niyyətli insanlar müəyyən xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Nardaran vətəndaşlarını da dövlət əleyhinə iğtişaşa çəkmək istəyən bu qüvvələrə qarşı bütün cəmiyyətimiz mübarizə aparmalıdır. Dövlət başçısı İlham Əliyev hər zaman qeyd edib ki, ictimai sabitliyin pozulmasına yönələn belə hərəkətlər cəzasız qalmamalıdır.

Mən üzümü, ilk növbədə, belə gənclərə tutaraq demək istəyirəm ki, Azərbaycan dövlətçiliyinə, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinə, milli-mənəvi dəyərlərimizə xələl gətirən hallara biganə qalmasınlar. Nardaranda çirkin əməllər törədənlərə qarşı hamılıqla etiraz səsimizi ucaltmalıyıq.

Nardaranda baş verən hadisələrə görə dərin təəssüf hissi keçirirəm. İnsanın ürəyi ağrıyır, bu Taleh Bağırov və əlaltıları dövlət nədir anlamırlarmı? Dövlət minlərlə insanların qanı bahasına (ALLAHDAN onlara rəhmət diləyirəm) qurulub və insanların qanı bahasına da qorunur. Hər bir vətəndaşa dövlət göz bəbəyi qədər əziz olmalıdır. Əminliklə deyə bilərəm ki, ölkədə dinə qarşı ciddi maneələr yoxdur, onda bəs niyə din pərdəsi altında Nardaranda belə arzuolunmaz hadisələr baş verməlidir? Müharibə şəraitində olan dövlətimizdə çalışmalıyıq ki, dinin dövlətlə münasibətlərinin təməlləri daha da möhkəmlənsin və bərkisin. Məgər Yaxın Şərqdə xarici qüvvələrin təsiri ilə baş verən hadisələr bizə dərs olmadımı? Axı Azərbaycan tolerantlığı ilə sayılıb-seçilən dövlətlərdəndir. Azərbaycanda fərqli ənənəvi təriqətlərin, müxtəlif dinlərin nümayəndələri əsrlərlə bir yerdə yaşamışlar. Ölkəmizdə tarixən din, məzhəb zəminində qarşıdurma olmayıb, düşünürəm ki, olmayacaq da. Azərbaycan dövlətinin demokratikliyi, dünyəviliyi və sabitliyi özünü doğruldur. Bu bizim Ana qanunumuz olan Konstitusiyamızda da öz əksini tapmışdır.

Azərbaycan Konstitusiyasının 18-ci maddəsində göstərilir:

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Respublikamızda dövlət quruluşunu zorla dəyişdirmək cəhdləri heç kimə müyəssər olmamış və olmayacaqdır. Belə sabitliyi pozacaq istənilən mənfur fikirlərdən çəkinmək lazımdır. Hansısa dövlət rəsmisindən narahatlığımız varsa, onun hüquqi həllini tapmağa çalışmalıyıq. Belə radikal əməllərdən hər bir azərbaycanlı, hər bir inanclı insan çəkinməlidir. Şükürlər olsun ki, dövlətimizin mükəmməl qanunları, aidiyyatı güc strukturları, mübarizəni aparmağın sivil yolları var. Taleh Bağırov və onun kimilər sifariş yerinə yetirməklə günahsız insanların ölümünə, bu qədim kəndin əhalisi haqqında mənfi fikir formalaşdırmağa, azərbaycanlıların narahatlıqlarına və s. bais oldular. Belə arzuolunmaz hallara yol vermək olmaz.

Bəzi təxribatçı qurumlar və onun başında duran antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri “Müsəlman birliyi” hərəkatı adlanan terrorçu təşkilatı müdafiə etmiş, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışmışlar. Belə vəziyyətdə dinindən və dilindən asılı olmayaraq, bu dövlətin torpaqları üzərində ayaq tutub yeriyən hər bir kəs bu kimi hadisələrə qarşı vahid mövqe nümayiş etdirməlidir. Heç kəsə sabitliyi pozmağa imkan verilməməlidir. Xüsusən gənclər, Vətən uğrunda sağlamlıqlarını itirən müharibə iştirakçıları, Qarabağ əlilləri və şəhid ailələri kəskin münasibətlərini ortaya qoymalıdırlar.

Bir məsələyə də toxunmaq istəyirəm. Təxminən bir ay öncə din pərdəsi altında Şəmkir rayonunda belə bir iş törətmək istədilər. Zəyəm qəsəbəsində kimsə həyətində dövlətin aidiyyatı strukturlarından icazə almadan məscidin bir hissəsini tikdirmişdi. Dəfələrlə ona xəbərdarləq edilsə də dayanmadı və yerli icra strukturları tikintiyə müdaxilə etdilər. Demək olar ki, ölkənin ucqar yerlərindən bir neçə “xüsusi dindarlar” bahalı avtomobillərlə Zəyəm qəsəbəsinə gəldilər və kəskin formada etiraz etdilər. Nə yaxşı ki, rayon rəhbərliyi, əlaqədar qurumlar bu məsələyə təmkinlə müdaxilə etdilər və problem sakit yolla, qanunauyğun şəkildə həllini tapdı.

Mən Nardaranda həlak olan polislərimizə Allahdan rəhmət diləyirəm . Bu kimi halların baş verməməsi üçün hər bir azərbaycanlı dövlətimizin ətrafında sıx birləşməlidir.

Fuad BƏDƏLOV,
2-ci qrup Qarabağ əlili


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında