Nardaran hadisələri birinci dəfə deyil ki, törədilir. Bundan əvvəl də qəsəbədə bu cür hərəkətlərə yol verilmişdi. Özü də hadisələrin mərkəzi indiki kimi Nardaranın “İmam Hüseyn meydanı” idi.
Din tarixində ədəb-ərkanı, insanlığı, mərdliyi ilə seçilən Hüseynin adını kəndin mərkəzindəki meydana verib burada barrikadalar qurmaq, ələ silah alıb qan tökmək, insanları itaətsizliyə səsləmək İslam Peyğəmbərinin nəvəsinin ruhunu aşağılamaq demək deyilmi?! Çox şübhəsiz ki, belədir. Cahillik, mövhumat dolu bəyanatlar səsləndirən kəslərdən bunu gözləmək mümkündür.
Bu məsələdə ən çox narahatlıq doğuran cəhət həm də odur ki, qəsəbənin “söz sahibləri”, radikal mövqe tutanlar insanların İslamın yüksək mənəvi dəyərləri ruhunda tərbiyəsinə çalışmaq əvəzinə, respublikamızda dini əqidə azadlığı üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə edərək cinayətkar əməllərə rəvac verir, din pərdəsi altında sabitliyin pozulmasına, Azərbaycan dövlətinin konstitusion əsaslarının zorla dəyişdirilməsinə çağırırdılar. Həm də çirkin niyyətlərini həyata keçirmək yolunda silahlanmaqdan belə çəkinmədilər.
Başa düşmək olmur ki, bu düşüncə, həyat tərzi haradan qaynaqlanıb ki, qəsəbədə qızların məktəbə göndərilməsi həqarət sayılıb. Hansı səbəbə görə, qəsəbənin küçələrində Azərbaycan bayrağı əvəzinə, üstü ərəb, fars dillərində yazılarla dolu bayraqlar asılıb. Əslində, qızların məktəbə göndərilməməsinin, qara rəngli bayraqların küçələri, damları bəzəməsinin İslam dini ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Ümumiyyətlə, dini siyasi alətə çevirmək, başqa dövlətin bayrağını qaldırmaq, başqa ölkənin ruhanilərinin şəkillərini Azərbaycanda qaldırmaq yolverilməzdir. Axı hansı məmləkətdə, dövlətdə qanuna, ictimai həyat normasına bu cür sayğısızlıq görünüb?!
Nardaranda baş verənlər aydınlaşdıqca adam dəhşətə gəlir. Sən demə, qəsəbədə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı qanunsuz qurum, necə deyərlər, at oynadırmış. Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayır, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil edirlərmiş. Həmçinin qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edir, bununla bağlı tərəfdarlara göstərişlər verir və əhaliyə çağırış vərəqələri paylayırlarmış.
Eyni zamanda, din adı altında gizlənən qruplaşmanın üzvləri ekstremizm fəaliyyətindən çəkinməyərək dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan istifadə edir, onları dövlətə qarşı yönəltməyə çalışırmışlar. Atrıq silahlı cinayətkar dəstənin üzvləri, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilərək saxlanılmışlar.
Bəli, qəsəbə, sanki, bir anklav, başqa qüvvələrə xidmət edən məxsus ərazi imiş. Burada insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti Azərbaycan xalqına xas deyildi. Küçələri İŞİD-in hökmranlıq etdiyi Şərq ölkələrindəki qara bayraqlar bəzəyir, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunları, ictimai həyat normaları inkar olunur, dini ayinlər teokratik dini dövlətlərə xas olan üslubda icra edilirdi.
Bəli, neçə il idi ki, Nardaranda qanunsuzluq, hərc-mərclik hökm sürürdü, burada, sözün əsl mənasında, dövlət institutları fəaliyyətsiz vəziyyətdə idi. Qəsəbədə bütün məsələləri “Ağsaqqallar Şurası” həyata keçirirdi. “Ağsaqqallar” isə göründüyü kimi, qan yatırtmaq, günahkarlara ağıl vermək əvəzinə, onları daha da qızışdırır, dövlətə, dövlətçiliyə meydan oxumağa çağırırmışlar. Amma təəssüf ki, Nardaranda Azərbaycanda İslamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət olduğu unudulub. Yaddan çıxarılıb ki, Azərbaycan hakimiyyəti heç zaman ölkəmizin beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə imkan verməz. Bu günlərdə hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat nəticəsində din pərdəsi altında ictimai-siyasi sabitliyi pozmağa, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyə cəhd göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi də məhz bunun bariz ifadəsidir.
Bu hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində, xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını bir daha xalqa açıq nümayiş etdirdi. Fikrimcə, xarici dini mərkəzlərdən qidalanan bu radikal ekstremistlər elmi, təhsili olmayan və zəif dünyagörüşlü sadə insanları öz təsirləri altına alır, onları, hətta qorxu altında saxlayır, uşaqların orta məktəbdən yayınmalarına, ifrat radikal dini təlim altında böyümələrinə çalışırlar.
Nardaranda baş verən hadisələr Azərbaycan dövlətinə və onun müstəqilliyinə qarşı yönəlmiş bir terrordur. Əgər dindar silahdan, qumbaradan istifadə edirsə, deməli, onun dinə aidiyyəti yoxdur. Belə dindarlar, əslində, Azərbaycana qatı düşmən olan qüvvələrin ağuşuna atılmışlardır, terrorçulardır. Azərbaycan dövləti qüdrətlidir və onun müstəqilliyinə qarşı yönəlmiş hər hansı məqsədyönlü çirkin niyyət baş tuta bilməz.
Artıq keçirilən xüsusi əməliyyat nəticəsində Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Konstitusiya normaları bərpa edilib. Cinayətkar qrupların üzvləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. İnsanları itaətsizliyə çağıran ekstremist dəstənin üzvlərinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Qəsəbənin küçə və meydanları ekstremist ünsürlərin qurduğu maneələrdən, o cümlədən Azərbaycanın müstəqilliyinə, azadlığına, demokratiyaya qarşı yönəlmiş radikal dini rəmzlərdən təmizlənib.
Tolerantlığın həyat tərzinə çevrildiyi, bütün xalqların və millətlərin nümayəndələrinə bərabər hüquqların təmin edildiyi ölkəmizdə belə hadisələr baş verməməlidir. Din pərdəsi altında hərəkət edən, çirkin niyyətlərini həyata keçirmək üçün silahlı dəstə yaradan insanlar heç bir dinə mənsub ola bilməzlər.
Azərbaycanda tarixən bütün dinlərin, xalqların nümayəndələri dinc, bərabər şəkildə yaşayıb, güclü tolerantlıq, multikulturalizm dəyərləri, ənənələri formalaşıb. Ona görə də ölkəmizdə ictimai-siyasi sabitliyə, tolerantlıq mühitinə qarşı çıxan qüvvələri xalqın bütün təbəqələri, o cümlədən ağsaqqalları, ziyalıları qəti şəkildə pisləyir. Dövlətçiliyə və sabitliyin pozulmasına yönəlmiş təxribatlar və terror aktları törədən şəxslərin ciddi surətdə cəzalandırılmasını tələb edirik. Axı polisə qumbara və güllə atanları hansı dövlət bağışlayar?
Azərbaycan güclü dövlətdir. Ona görə heç bir qüvvənin ölkəmizdəki sabitliyi pozmaq cəhdləri, niyyətləri baş tutmayacaq. Son hadisələr də bir daha sübut etdi ki, buna cəhd edənlərin qarşısı qətiyyətlə alınacaq.
Kərim KƏRİMOV,
AMEA-nın müxbir üzvü, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.