Azərbaycan dövləti Nardaranda baş qaldırmış təxribatçılara öz yerini göstərdi

Nardaran hadisələri barədə eşidəndə, istər-istəməz,  ötən  əsrin doxsanıncı illərinin  ortalarında  şahidi olduğumuz  hadisələri xatırladım.

Həmin günlərdə öz  müstəqilliyinin  kövrək çağlarını yaşayan  Azərbaycanda  dövlət  əleyhinə çıxan müəyyən  qüvvələr at oynadırdılar. Hətta, bir neçə  dəfə dövlət çevrilişinə  cəhdlər  də olmuşdu.  O zaman ulu  öndərimiz  Heydər Əliyev dövlətçiliyi qorumaq, daha doğrusu, xilas etmək üçün  həmin “qüvvələri”  çox böyük  ustalıq  və qətiyyətlə zərərsizləşdirdi. Mən inamla deyə  bilərəm ki,  Azərbaycanın  bugünkü  çoxsaylı uğurlarının təməlində məhz  Heydər Əliyevin həmin qətiyyəti  dayanır. Onu da birmənalı  şəkildə söyləyə bilərəm ki,  möhtərəm  Prezidentimiz  İlham Əliyevin böyük  siyasi  və  iqtisadi  imkanlara  malik xarici qüvvələrin  dəstəklədiyi  terrorçu  dəstənin ləğvi zamanı göstərdiyi  qətiyyət  məhz  Heydər  Əliyevin  şəxsi keyfiyyətlərinin yaşadılmasıdır. Mən  həm ulu öndəri, həm də möhtərəm Prezidentimizi  şəxsən  və yaxından  tanıdığıma  görə  əminliklə  deyə bilərəm ki,  bu  qətiyyət  Azərbaycan  xalqına  hələ çox sevinclər yaşadacaqdır.

İndi  isə gündəlikdəki məsələ ilə bağlı demək istədiklərim. Azərbaycan dövləti Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yaranmış narahatlıqları aradan qaldırmaq üçün, nəhayət ki, ən vacib olan  addımı atdı, burada yuva qurmuş  ekstremistlərə, terrorçulara, müxtəlif təxribatçı qüvvələrə və onların havadarlarına öz gücünü və qətiyyətini göstərdi. Dekabrın 1-də Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri, eləcə də Baş Prokurorluq qəsəbədə birgə əməliyyat keçirdi və nəticədə ölkə ictimaiyyətinin neçə gündən bəri narahatlıqla izlədiyi təxribatçı hərəkətlərin qarşısı alındı. Bu, bizi çox  məmnun etdi.

Birgə əməliyyat keçirmiş dövlət qurumlarının elan etdiyi kimi, görülmüş tədbirdə məqsəd Nardaranı terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etmək idi. Belə də oldu. Televiziya ekranlarından gördük ki, sən demə, qəsəbənin küçə və meydanları radikallar tərəfindən müxtəlif kənar simvollarla, ekstremist şüarlarla doldurulubmuş, sanki döyüşlərə hazırlaşırlarmış kimi əməlli-başlı barrikadalar qurulubmuş. Bütün bunları Azərbaycanın paytaxtında, Nardaran qəsəbəsində görmək çox acınacaqlı və məyusedici fakt idi. Axı Azərbaycanın bu  firavan vaxtında Nardaran kimi bir qəsəbədə bütün bunlara nə ehtiyac vardı?! Nə yaxşı, dövlət qurumları vaxtında məsələyə qarışdı   və belə xoşagəlməz  hallara son qoyuldu.

Təəssüf ki, əməliyyat zamanı nardaranlı gəncləri öz təsiri altına salmağa çalışmış radikal ekstremistlərin bəziləri qaçıb gizlənməyə macal tapdılar. Dövlət rəsmilərinin də qeyd etdiyi kimi, onların tapılıb cəzalandırılması üçün tədbirlər davam etdirilir. Əlbəttə, neçə gündən bəri ölkə ictimaiyyətini ciddi narahatlıq altında saxlamış, iki polis əməkdaşının öldürülməsinə səbəb olmuş bütün  terrorçular tutulacaq və qanun qarşısında cavab verəcəklər. Onlara qarşı ən sərt tədbirlər görülməlidir. Eyni zamanda, bundan sonra qəsəbədə hakimiyyət orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, təxribat törədilməsi, təhdid və təzyiq vasitəsilə insanların radikallığa və itaətsizliyə məcbur edilməsi kimi  cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır.

Nardaranda baş verənləri telekadrlarda görəndən sonra bir daha əmin olursan ki, bütün bunlar Azərbaycanı gözü götürməyin xarici qüvvələrin sifarişi ilə baş verir. Belə qüvvələr, təbii ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafına mane olmağa, sakit və sabit həyat tərzimizi pozmağa cəhd edirlər. Nardaranda ölkənin ictimai-siyasi mühiti üçün heç bir əhəmiyyət kəsb etməyən, ictimai rəydə heç bir nüfuza malik olmayan bir qrup radikalın və terrorçunun din pərdəsi altında törətdiyi təxribat da həmin niyyətlərin həyata keçirilməsi üçün növbəti cəhddir. Vəziyyət o həddə çatıb ki, artıq Nardaranda bir qrup sakin dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etmək, qəsəbədə özünəməxsus üsul-idarə modeli tətbiq etmək fikrinə düşüb. Qəsəbədə icra hakimiyyətinin, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir. Uşaqlar məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Qəsəbədə, narkomaniya da daxil olmaqla, bir sıra mənfi təzahürlər geniş vüsət alıb.

Elə bütün bunlara görədir ki, Nardaran terrorun və radikal ekstremizmin yuvasına çevrilib. Bu isə son nəticədə ərazidə özünü “səlahiyyət sahibi” elan edənlərin dövlət orqanları qarşısında şərtlər irəli sürməsinə, ultimativ davranış nümayiş etdirməsinə gətirib çıxarıb. Əlbəttə, bu kimi hallara birdəfəlik son qoyulmalı, qəsəbədə ölkənin qanunları, hakimiyyət orqanlarının fəaliyyəti qeyd-şərtsiz bərpa olunmalı, nəhayət, Bakının bu qədim qəsəbəsi Azərbaycan reallığına qaytarılmalıdır. Buna qarşı çıxanlar – “Müsəlman birliyi” kimi qeyri-qanuni təşkilatlarda cəmləşmək istəyənlər isə cəmiyyətdən təcrid olunmalı, onlara qarşı qanunlarımızın sərt üzü tətbiq edilməlidir.   Dövlətin  qanunlarına  qarşı çıxanların  nazı  ilə oynamaq yetər!

Bir  daha xatırladıram ki,  Azərbaycan dövləti  illərdən  bəri  səbr, təmkin  və  humanistlik göstərib, “bəlkə özləri  başa  düşüb düzgün yola gələcəklər” – deyə gözlədiyi Nardaran  probleminin həllini, nəhayət ki, qətiyyətlə yoluna qoydu. Biz – 50  milyonluq dünya  azərbaycanlıları  xalqımızın ən böyük  problemi olan Dağlıq  Qarabağ münaqişəsinin  də  məhz  bu  sayaq qətiyyətlə həll olunacağı və ərazi bütövlüyünün bərpa ediləcəyi günü görəcəyimizə  əminik.  Cənab Prezidentin  beynəlxalq  aləmdəki  nüfuzu  və  danışıqlar  prosesində  nümayiş  etdirdiyi  prinsipial  mövqeyi bizdə belə bir ümid yaradır ki,  həmin gün  uzaqda  deyil.

Qulamrza Səbri TƏBRİZİ,
Böyük Britaniyanın  Edinburq 
Universitetinin  professoru,
Dünya Azərbaycanlıları Konqresinin
fəxri  sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında