Beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilib

Dekabrın 1-də beşinci çağırış Milli Məclisin növbəti iclası keçirilib. İclasda Mərkəzi Seçki Komissiyasının sədri, üzvləri və MSK Aparatının işçiləri də iştirak ediblər.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uzaqgörən dövlət siyasətinin yeni möhtəşəm uğuru reallığa çevrilib. Demokratik şəraitdə keçirilən azad, ədalətli, şəffaf seçkilər nəticəsində ölkəmizin beşinci çağırış Milli Məclisi formalaşıb.

Oqtay Əsədov bütün beynəlxalq müşahidəçilərin seçki barədə müsbət rəy bildirdiklərini söyləyib. Qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin bu yaxınlarda Sofiyadakı toplantısında Azərbaycanda keçirilmiş parlament seçkiləri azad və müstəqil seçkilər kimi qiymətləndirilib.

Milli Məclisin sədri deputat vəsiqələrinin ilk dəfə olaraq 2005-ci ildə parlamentdə deputatlara təqdim olunduğunu xatırladıb və bu ənənənin davam etdirildiyini bildirib.    

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cari il noyabrın 1-də keçirilmiş parlament seçkilərində qələbə qazanan deputatları təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, MSK fəaliyyətini ancaq Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının bəndlərinə uyğun qurub. Komissiya gələcəkdə də Azərbaycandakı seçkilərin müasir standartlara, tələblərə cavab verəcək səviyyədə keçirilməsi üçün əlindən gələni edəcək.  

Məzahir Pənahov Azərbaycanda seçkilərin şəffaf olması ilə bağlı heç kimin, hətta bizə qərəzli olan tərəflərin belə hansısa iradlar tuta bilmədiyini deyib. Bunun əsas səbəbinin nüfuzlu beynəlxalq təşkilatların, xarici ölkələrin nümayəndələrinin bir qayda olaraq seçkiləri müşahidə etmələri olduğunu bildirib. Sədr əlavə edib ki, bu il keçirilən seçkilərdə onların sayı yüzlərlə idi. Yerli müşahidəçilərin sayı isə 70 minə yaxın olub. M.Pənahov ölkəmizdə keçirilən seçkilərdə müşahidəçilər üçün daim əlverişli şərait yaradıldığını vurğulayıb.

MSK sədri daha bir mühüm məsələnin seçki məntəqələrində veb-kameraların quraşdırılması olduğunu, bunun bütün ölkə ərazisini əhatə etdiyini söyləyib.

Məzahir Pənahov deyib ki, ölkədə azad, şəffaf seçkilərin keçirilməsinin vacib amillərindən biri də ictimai-siyasi sabitliyin mövcudluğudur. Belə demokratik seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi baza da yaradılıb.

O vurğulayıb ki, dünyada seçkilərlə bağlı qəbul edilən və bütün sadalananların fövqündə duran bir amil də var. Bu amil hakimiyyətin, ölkə rəhbərinin seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi üçün siyasi iradəsinin olmasıdır. MSK sədri bu siyasi iradəyə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Sonra Məzahir Pənahov Milli Məclisin sədri Oqtay Əsədova, sədrin birinci müavini Ziyafət Əsgərova, müavinlər Bahar Muradovaya, Valeh Ələsgərova və deputatlara vəsiqələrini təqdim edib.

Daha sonra gündəlikdəki məsələlərə baxılıb.

İclasda Milli Məclisin intizam komissiyası təşkil olunub, hesablayıcı komissiyanın tərkibində dəyişiklik edilib, Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi təsdiqlənib, parlamentin komitələrinin sədr müavinləri və üzvləri seçilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında