Bakının Nardaran qəsəbəsində baş verən quldurluq hadisəsi din pərdəsi altında fəaliyyət göstərən bir qrup terrorçunun əsl simasını nümayiş etdirdi. Xarici himayədarlarının sifarişi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edən və qarşıdurma yaratmaq istəyən teror qruplaşmasının çirkin niyyəti puç oldu. Onların cinayətkar əməllərinin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vaxtında alındı.
İnsanları qorxuya salan və əhalini məcburi şəkildə öz iradəsinə tabe emək istəyən xəyanətkarların bu əməlləri ictimaiyyət nümayəndələri tərəfindən kəskin pislənilir. Milli Məclisin deputatı Rüstəm Xəlilov Azərbaycanın sürətli inkişafına və dünya birliyinə inteqrasiyasına mane olmaq istəyən antiazərbaycan dairələrin heç nəyə nail ola bilməyəcəklərini bildirir: “Azərbaycan hüquqi, demokratik, dinamik inkişaf edən güclü dövlətdir. Ölkədə bütün məsələlər mövcud qanunvericilik əsasında tənzimlənir. Heç bir qüvvənin ölkəmizdəki sabitliyi pozmaq və qeyri-konstitusion yolla hakimiyyəti ələ almaq cəhdi baş tutmayacaq. Bu fikrə düşənlər isə qanun qarşısında cavab verməli olacaqlar”.
R.Xəlilov vurğuladı ki, ölkədə ictimai-siyasi sabitliyi pozmaqda bir alət kimi istifadə olunan xəyanətkarların din pərdəsi altında fəaliyyət göstərmələri inanclı insanları daha da hiddətləndirib: “Çünki Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir və dini etiqad azadlığı təmin olunub. Son hadisələr də göstərdi ki, belə ünsürlər din adı altında öz çirkin niyyətlərinə, xəyanətkar əməllərinə haqq qazandırmaq üçün nəzarətlərində olan kütləvi informasiya vasitələrilə hakimiyyət orqanlarını hədələmiş, bir sıra vəzifəli şəxslərə qarşı ölüm çağırışları etmişlər. Onlar bu yolla məqsədlərinə çatmaq istəyirdilər. Lakin xalqımız buna heç vaxt razı ola bilməzdi və din pərdəsi altında antimilli hərəkətlər edənlərə dəstək verməzdi. Ölkəmizdə hər bir kəsin dini etiqad azadlığı təmin olunub. Azərbaycanda 2000-dən çox məscid var və din ocaqları inanclı insanların ixtiyarındadır”.
Milli Məclis deputatının qənaətinə görə, kimlərsə qondarma təşkilatlar yaratmaqla dindarlar adından çıxışlar etmək istəyirlər. Belə təşkilatlardan biri də “Müsəlman birliyi” adlı qondarma qurumdur. Bu qurumun üzvlərinin din adından çıxış etməyə mənəvi haqqı çatmır. Çünki onların əsas məqsədləri konstitusiya quruluşumuza zərbə vurmaq, dini zəmində ölkəmizdə mövcud olan sabitliyə ciddi xələl gətirən çağırışlar etməkdir.
Bakının Nardaran qəsəbəsində baş verən acınacaqlı hadisə bir daha təsdiqlədi ki, qondarma “Müsəlman birliyi” adlı qrupun törətdiyi cinayət əməllərinin dinə heç bir aidiyyəti yoxdur. Çünki qəlbən İslam tərəfdarı olanlarda səmimiyyət, mehribançılıq, ağsaqqala, ağbirçəyə, qanunun aliliyinə hörmət var. Bunlar isə qeyri-qanuni yolla silahlanaraq asayiş keşikçilərini avtomat silahlardan atəşə tutmuş, nəticədə insan tələfatı olmuşdur. Deməli, bu qondarma qurum cinayətkar ünsürlərdən və tamamilə kriminallaşmış qatillərdən ibarət imiş.
Nardaran Azərbaycanın gözəl bir məkanından orta əsr qanunlarının hökm sürdüyü “qara yara”ya çevrilib. Qəsəbədə qanunlar, hakimiyyət orqanlarının fəaliyyəti qeyd-şərtsiz bərpa olunmalıdır. Uzun illərdir ki, bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını qəbul etmir və özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Bəzi azğınlaşmış sakinlər Nardarana gedən insanları təhdid edir, onların həyatlarına təhlükə yaradırlar və öz iradələrinə tabe etdirmək istəyirlər. Nəhayət, bu qəsəbə Azərbaycan reallıqlarına qaytarılmalı, bu reallığı qəbul etməyənlərə qarşı isə sərt tədbirlər görülməlidir. Çünki Azərbaycanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir və bunu gündəlik həyatlarında görür. Ona görə də ictimai-siyasi sabitliyə qarşı yönələn belə qanunsuz əməllər heç vaxt cəzasız qalmamalıdır.
Mən kimliyindən asılı olmayaraq, cinayət əməllərinə yol verən hər bir şəxsə qarşı hüquq-mühafizə orqanlarının atdığı bütün addımları dəstəkləyirəm. İnanıram ki, Nardaran sakinlərinin böyük əksəriyyəti də qanuna və İslama zidd bu cür çağırışlar edənləri, onların asayiş keşikçilərinə qarşı terror törətmələrini heç vaxt müdafiə etməyəcək.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.