Azərbaycanla Belarus arasında münasibətlər dinamik inkişaf edir. İstər siyasi, istərsə iqtisadi, istərsə də humanitar sahələrdə əlaqələrin səviyyəsi belə deməyə əsas verir. SSRİ-nin dağılmasından sonra postsovet məkanında yaranmış mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, hər iki ölkə arasında münasibətlər Azərbaycan və Belarus xalqlarının maraqlarına uyğun şəkildə inkişaf etmişdir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfərinin müstəqil, dostluq və əməkdaşlıq siyasətinə üstünlük verən hər iki dövlətin həyata keçirdiyi çoxaspektli siyasət kursunun bundan sonra da davam edəcəyini təsdiqləyən amilləri daha da gücləndirəcəyi şübhə doğurmur.
Ümumiyyətlə, hər iki ölkəni ortaq tarixi əlaqələr birləşdirir. Belə ki, Azərbaycan və Belarus 70 ildən çox keçmiş SSRİ-nin bir hissəsi olmuşdu. Kommunist rejiminin süqutundan sonra müstəqillik qazanan hər iki dövlət bir-birini 1993-cü ilin iyun ayında tanımışdı. Müstəqillik illərində qarşılıqlı səfərlərin tezliyi və imzalanmış müqavilələr siyasi-iqtisadi əlaqələrin dinamik inkişafı üçün əsas yaratmışdır. Burada 1998-ci və 2000-ci illərin avqust aylarında ümummilli lider Heydər Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında MDB Dövlət Başçıları Şurasının iclasları zamanı Yaltada, 2000-ci ildə Minskdə və Davosda Dünya İqtisadi Forumundakı görüşlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan - Belarus əməkdaşlığında ciddi dönüş 2001-ci ilə təsadüf edir. Hər iki ölkədə səfirliklərin təsis olunmasından sonra ikitərəfli əməkdaşlıq daha da intensivləşmişdir. 2006-cı ilin oktyabr ayında Prezident İlham Əliyevin Belarus Respublikasına birinci rəsmi səfəri zamanı sosial-iqtisadi əməkdaşlıq haqqında imzalanmış müqavilə isə ilk dövlətlərarası sənəd olmaqla yanaşı, ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarmışdı.
Dövlət başçımızın ilk rəsmi səfərindən sonra iki ölkə arasında münasibətlərdə intensivliyin artması əlaqələrin güclənməsinə və iqtisadi əməkdaşlığın fəallaşmasına şərait yaratmışdı. 2007-ci il mayın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, 2009-cu il noyabrın 11-də isə Prezident İlham Əliyevin həmin ölkəyə rəsmi səfərini tərəflərin münasibətləri daha da gücləndirmək istəyi ilə əlaqələndirmək olar. Dövlət başçımızın 2012-ci il avqustun 28-də Belarusa növbəti rəsmi səfəri ikitərəfli münasibətlər baxımından xüsusilə yaddaqalan olmuşdu. Belə ki, həmin il ölkəmiz ağır iqtisadi problemlə üzləşən Belarusa təmənnasız yardım etmiş və bu yardım hesabına dost ölkə böhrandan, qismən də olsa, xilas olmuşdu. Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycanın köməyini xüsusi vurğulayaraq demişdi ki, bu gün görə bildiyimiz işlər dostumuz İlham Əliyevin çox böyük xidmətidir: “Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq”. Həmin səfər zamanı Prezindent Aleksandr Lukaşenko azərbaycanlı həmkarını “Xalqlar dostluğu” ordeni ilə təltif etmiş və bu tarixi təltifin İlham Əliyevə və bütün Azərbaycan xalqına hörmət əlaməti olduğunu bildirmiş, beynəlxalq arenada və müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarusun respublikamızın yanında olacağını açıqlamışdı.
Qarşlıqlı iqtisadi-siyasi əlaqələrin məntiqi nəticəsi kimi, son illər yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənməkdədir. Gəncə avtomobil zavodunda həyata keçirilən birgə layihə, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, tərəflər bildirirlər ki, hər iki ölkənin malik olduğu güclü potensial iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan verir. Prezident İlham Əliyev Belarus Respublikasına bu günlərdə etdiyi 3-cü rəsmi səfər zamanı iqtisadi münasibətlərin inkişafı məsələsi ətraflı müzakirə olundu və qarşıdakı illərdə əlaqələrin daha da gücləndirilməsinin zəruri olduğu vurğulandı. Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında son illərdə qarşılıqlı əmtəə dövriyyəsi artımının müsbət dinamikasının saxlanıldığını deyərək ötən il onun həcminin 330 milyon dollara bərabər olduğunu da nəzərə çatdırmışdır. Cari ildə də qarşılıqlı ticarətin həcminin əvvəlki səviyyədə saxlanıldığını deyən Belarus Prezidenti əlavə etmişdir ki, bu göstərici qarşılıqlı fəaliyyətin mövcud potensialına dəlalət edir. İki ölkə arasında imkanların çox geniş olduğunu vurğulayan cənab Lukaşenko istehsal kooperasiyası və iri infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və bir sıra başqa sahələrdə əməkdaşlığın fəallaşdırılması perspektivlərinin də müzakirə olunduğunu açıqlamışdır. Hər iki tərəf birgə istehsal güclərini artırmaqda, Azərbaycanda yığılan texnikanın model sırasını genişləndirməkdə, habelə Azərbaycanda yerli detallardan və dəstləşdirmə materiallarından istifadə edilməklə Belarus şirkətləri tərəfindən yeni kooperasiya istehsalatları yaradılmasında da maraqlı olduğunu bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata açıqlamasında səfər çərçivəsində imzalanmış dörd müqavilənin əhəmiyyətindən danışaraq demişdir ki, sənədlər müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək. Prezidentlərin imzaladıqları Birgə Bəyannaməni yüksək qiymətləndirən dövlət başçımız sənədin həyat fəaliyyətimizin, demək olar, bütün sahələrini əhatə etdiyini bildirmişdir. Bəyannamə beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərilməsini, iqtisadi-siyasi və humanitar, eləcə də hərbi-sənaye sahələrində əməkdaşlıq məsələlərini əhatə edir. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan sıx münasibətlərin yarandığını vurğulayan Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, bu gün münasibətlər xalqların mənafeyinə uyğundur və onu strateji tərəfdaşlar arasındakı münasibətlər kimi səciyyələndirməyə imkan verir. Azərbaycan ilə Belarus arasında beynəlxalq strukturlardakı bütün məsələlərdə də çox səmimi münasibətlərin olduğunu deyən dövlət başçımız əlavə etmişdir ki, hər iki ölkənin bir-birini dəstəkləməsi bundan sonra da olacaq.
Prezident İlham Əliyev iqtisadi sahədə gələcək qarşılıqlı fəaliyyətin yollarının müəyyən edildiyini bildirmiş və böhran şəraitində ölkələrimiz arasında əmtəə dövriyyəsinin sabit qalmasının sevindirici hal olduğunu qetd etmişdir: “Biz bu gün əmtəə dövriyyəsini xeyli artıra biləcək layihələri də çox ətraflı müzakirə etdik. Biz qarşılıqlı ticarətə daha artıq diqqət yetirməliyik, o cümlədən başqa ölkələrdən idxal etdiyimiz malları Belarusdan Azərbaycana, Azərbaycandan Belarusa idxal etməliyik. Müştərək istehsalatlar yaradılmasının artıq yaxşı tarixi var. Gəncə zavodu buna nümunədir, orada çox qısa müddətdə, bir ildən az vaxtda Belarus texnologiyaları üzrə istehsal qaydaya salınıb. Bu gün həmin zavod Azərbaycan ərazisində mühüm sənaye obyektidir”. İqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza olduğunu açıqlayan dövlət başçımız əlavə etmişdir ki, Belarusa növbəti səfəri bunu əyani şəkildə təsdiq edir. Bu il Belarus Prezidentinin birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəldiyini xatırladan Prezident İlham Əliyev belaruslu həmkarını gələn il respublikamıza rəsmi səfərə dəvət etmişdir.
Qarşılıqlı səfərlərin xalqlarımız və region üçün yaxşı siqnal olduğunu önə çıxaran dövlət başçımız əlavə etmişdir ki, səfərlər praktiki baxımdan da çox faydalıdır, çünki səfərlər çərçivəsində biz planlar, layihələr barədə razılığa gəlir, sonra onları reallaşdırırıq. Azərbaycan və Belarusun etibarlı tərəfdaşlar olduğunu vurğulayan Prezident İlham Əliyev əmindir ki, münasibətlərimizin davamlı inkişafı gələcəkdə də təmin ediləcək. Belarus və Azərbaycan iki dost kimi uğurla irəliləyəcək. Əminliklə demək olar ki, zamanın sınağından uğurla çıxmış Azərbaycan - Belarus əlaqələri hər keçən gün daha da genişlənir və iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafı üçün zəruri baza yaradılmışdır. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri hər iki dövlətin yürütdüyü çoxaspektli siyasət kursunu gücləndirməklə yanaşı, iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan verəcəkdir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.