AŞPA-nın Sərsəng Su Anbarına dair qətnaməsi beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir

AŞPA Sosial Məsələlər Komitəsinin bu il noyabrın 23- də Parisdə keçirilən iclasında Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” barədə məruzəsi müzakirə olunaraq qəbul edildi. Müzakirələr gərgin keçdi. Ermənistan nümayəndə heyətinin üzvü böyük həyasızlıqla müqavimət göstərdi, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürdü. Onun bu əsassız təklifi səsverməyə çıxarıldı və 16 səs əleyhinə, 9 səs lehinə olmaqla rədd edildi.

Bir önəmli məsələ də odur ki, məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrinə ermənipərəst qüvvələrin irəli sürdükləri qərəzli düzəlişlərin heç biri qəbul edilmədi. Təklif edilən düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı, 4 noyabrda Siyasi Məsələlər Komitəsində qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzə ilə birləşdirilməsi göstərilirdi. Aydın idi ki, onlar bununla nəinki Sərsəng Su Anbarına dair məruzəni, eyni zamanda, işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən şıxarmaq istəyirdilər. Lakin bu məkrli niyyətin baş tutmasına imkan vermədik: cəfəngiyat xarakterli düzəliş qəbul edilmədi.

Sonda bosniyalı deputat, xanım Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi bütövlükdə səsverməyə qoyuldu, 22 səs lehinə, 3 səs  isə əleyhinə olmaqla, səs çoxluğu ilə qəbul edildi. Bu AŞPA meydanında qazandığımız tarixi qələbə oldu. Bu qələbə ciddi mübarizənin nəticəsi oldu və onun xronikasına, qısa da olsa nəzər salaq.

 

AVCİYA- nın “Sərsəng harayı” layihəsi

 

Rəhbərlik etdiyim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başladı. Layihənin məqsədi Sərsəng Su Anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycan cəmiyyəti ilə yanaşı, dünya ictimaiyyətini də məlumatlandırmaq; beynəlxalq təşkilatlarda, əsasən də AŞPA- da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq; mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. məsələlər idi.

Ötən dövrdə Sərsəng Su Anbarının işğal altında olmasından ən çox əziyyət çəkən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Goranboy rayonlarında layihənin ofisləri fəaliyyət göstərib, bu sənədin internet səhifəsi yaradılıb. Ardıcıl olaraq ölkə və dünya ictimaiyyəti məlumatlandırılıb. Bu sahədə fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmayıb və 3 mindən artıq xarici KİV-də ingilis, alman və fransız dillərində Sərsəng Su Anbarı və onun humanitar təhlükəsi barədə yazılar dərc edilib.

Layihə çərçivəsində müxtəlif konfranslar, təlim və seminarlar, müsabiqələr keçirilib. Belə ki, 2013-cü ilin sentyabr ayında Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində beynəlxalq konfrans, 9— 11 noyabr 2013-cü ildə Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Goranboy rayonlarında ictimaiyyət nümayəndələrinin və vəzifəli şəxslərin iştirakı ilə 5 “dəyirmi masa” təşkil olunub.  Rəssamların “Sərsəng harayı” mövzusunda rəsm, jurnalistlərin isə Sərsəng Su Anbarının təhdidlərinə dair yazı müsabiqələri keçirilib.

Sərsəng Su Anbarının işğal altında olmasından ən çox əziyyət çəkən rayonların sakinlərinin beynəlxalq təşkilatlara ünvanlanmış minlərlə müraciəti lazımi qurumlara çatdırılıb.

Bunlardan əlavə, AVCİYA “Sərsəng SOS: təhlükə altında qalan tarix və mədəniyyət abidələri”, “Sərsəg SOS: humanitar böhran təhdidi” və “Sərsəng SOS: məhvə məhkum ətraf mühit” adlı kitablar hazırlayaraq nəşr etdirib. 2014-cü il dekabrın 10- da Beynəlxalq İnsan Hüquqları Günündə bir sıra xarici ölkə səfirlikləri, mətbuat nümayəndələri və ictimai xadimlərin iştirakı ilə “Sərsəngə yürüş” aksiyası keçirilib.

Yeri gəlmişkən, qeyd edim ki, AVCİYA mövcud olduğu 10 il ərzində vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox istiqamətdə layihələr də gerçəkləşdirib. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı layihələr fəaliyyətimizdə prioritet yer tutub. Üç dildə nəşr etdirdiyimiz “Xocalı soyqırımı: milyon imza— bir tələb” kitabı, Qarabağla bağlı təsis olunmuş elektron jurnal, Qarabağa edilən yürüşlər və s. Azərbaycanın haqq səsini dünyaya yaymaqda, erməni yalan və böhtanlarını cavablandırmaqda önəmli rol oynayıb. Sərsəng layihəsi isə bu yöndə bütün işlərimizin zirvəsində durur. Çünki bu layihə vasitəsilə 23 ildir ki, unudulmuş Sərsəng problemi aktuallaşdırılmış, problemin beynəlxalq aləmə çatdırılmasına nail olunmuş və nəhayət, Sərsəng Su Anbarına dair AŞPA qətnamə layihəsi beynəlxalq platformada gündəmə gətirilmişdir.

 

Sərsəng beynəlxaq platformada

 

Əvvəla, ATƏT PA-nın 3 iyul 2013-cü il tarixdə İstanbulda sessiyası keçirildi. Sərsəng Su Anbarı ilə bağlı “Enerji təhlükəsizliyinin ətraf mühit ölçüsü” qətnamə layihəsinin 10-cu və 16-cı bəndlərinə 2 düzəliş təklif edildi. Lakin bu düzəlişlər səsvermə zamanı anti azərbaycan qüvvələrin səyləri nəticəsində qəbul edilmədi.

Bunun ardınca, Sərsəng su hövzəsində gözlənilən humanitar fəlakətə dair 2013-cü ilin may ayında Avronest PA-ya təcili qətnamə layihəsi təqdim etdik. Bu layihə prosedur qaydalarına əməl olunmaqla və vaxtında təqdim edilməsinə baxmayaraq, Avropa Parlamentinin bəzi antiazərbaycan deputatlarının və siyasi fraksiyaların səyləri nəticəsində müxtəlif bəhanələrlə gündəlikdən çıxarıldı. Mənim müəllifliyim və təşəbbüsümlə AŞPA-nın 2013-cü ilin yaz və yay sessiyaları zamanı Ermənistanın işğalı altında olan Sərsəng Su Anbarına dair 2 qətnamə təklifi təqdim edildi. Lakin AŞPA rəhbərliyi məqsədyönlü şəkildə onun müzakirələrə çıxarılmasının qarşısını aldı.

Bunlara baxmayaraq, 25 iyunda AŞPA-da mənim müəllifliyim və Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng Su Anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Lakin Sədarət Komitəsində bu sənədin də qarşısı alındı. Sərsəng Su Anbarının vəziyyəti və təhdidləri ilə bağlı məruzə hazırlanmasına dair cəhdlərimizin qarşısının alınmasına baxmayaraq, 2014-cü ilin mart ayında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı yeni qətnamə təklifi irəli sürdüm. Bu təklif əvvəlcə 6 aprel 2014-cü il tarixdə Strasburqda Sədarət Komitəsində müzakirə edildi. Bu dəfə Sədarət Komitəsinin qətnamə təklifinə dair məruzə hazırlanması barədə rəyi qəbul edildi.

Büro 11 aprel iclasında məsələni məruzə hazırlanmaq üçün Sosial Məsələlər Komitəsinə göndərmək barədə qərar verdi. Bu qərar elə həmin gün büronun iclasından dərhal sonra assambleyanın plenar sessiyasında təsdiqləndi. Beləliklə, 2014-cü ilin 12 mayında Sosial Məsələlər Komitəsi Nikosiyada keçirilən iclasında bosniyalı deputat xanım Milisa Markoviçi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinin hazırlanması üçün məruzəçi təyin etdi.

Bu məqamda məruzəyə və məruzəçiyə hücumlar başlandı. Ermənistan tərəfi problemin ATƏT-in Minsk qrupu çərçivəsindən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə çıxış edir və bunun danışıq prosesinə mane olduğunu bəhanə gətirərək, öz işğalçı siyasətini ört-basdır etməyə çalışırdı. Onlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və Sərsəng Su Anbarı ilə bağlı AŞPA-da hər hansı müzakirələr aparılmasının və qətnamələr qəbul edilməsinin qarşısını almağa səy göstərirdilər. Odur ki, Ermənistan tərəfi “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəçi Robert Volter kimi, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”nə dair məruzəçi Milisa Markoviçlə də əməkdaşlıq etməkdən imtina etdi.

Nəhayət, AŞPA Katibliyi məruzəçinin Sərsəng Su Anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanladı. Lakin Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng Su Anbarının yerləşdiyi əraziyə səfər etmək üçün şərait yaratmadı. Ermənistanın AŞPA katibliyinə cavabı isə qeyri-ciddi və gülünc oldu. Belə ki, işğalçı Ermənistan bu məsələnin onlara aid olmadığını bildirdi və riyakarcasına heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “DQR”-ə müraciət etməyi məsləhət gördü. Ermənistan bu təxribat xarakterli cavabı ilə AŞPA məruzəçisini qondarma “DQR”-lə əməkdaşlığa təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın, guya “DQR”-i tanıması və onunla əməkdaşlıq etməsi barədə haray salması ilə bağlı sərsəm xülyaları baş tutmadı. Ermənistan tərəfi bu addımı atmaqla, faktiki olaraq, AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina etmiş oldu.

Ermənistanın bu destruktiv mövqeyinə baxmayaraq, xanım deputat Milisa Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər etdi, rəsmi dövlət orqanları, “SOS Sərsəng” layihəsini həyata keçirən AVCİYA nümayəndələri ilə görüşlər keçirdi. O, Sərsəng Su Anbarının işğal altında qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər etdi, əhali ilə görüşdü, yerlərdə real vəziyyətlə tanış oldu və məruzəni hazırlayaraq, Sosial Məsələlər Komitəsinə təqdim etdi.

Ermənistan tərəfi hər vəchlə məruzənin hazırlanmasının, komitədə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışırdı. Bunun üçün Ermənistan rəsmiləri prezident və xarici işlər naziri səviyyəsində AŞPA üzvü olan ölkələrin dövlət və hökumət başçılarına zənglər etmiş, Avropa ölkələrindəki səfirliklərin əməkdaşları AŞPA üzvləri ilə görüşərək onları məruzəni dəstəkləməmək üçün ələ almağa çalışmış, məruzəçinin Sərsəng Su Anbarı yerləşdiyi əraziyə səfər etməməsini əsas gətirərək məruzənin gündəlikdən çıxarılmasını tələb etmişdilər.

 

Ermənistana işğalçı möhürü vuruldu

 

Bütün bunların nəticəsində işğal edilmiş ərazilərə və girov götürülmüş soydaşlarımızın dərhal azad edilməsinə dair təqdim etdiyim 2 qətnamə layihəsi əsasında Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” hazırladığı məruzənin noyabr ayının 4-də Siyasi Məsələlər Komitəsinin iclasında qəbul edilməsi ilə Ermənistana işğalçı damğası vurulmuş oldu.

Bununla bərabər, Sosial Məsələlər Komitəsində mənim təklif etdiyim üçüncü qətnamə təklifi əsasında yenə də noyabr ayında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinin qəbul edilməsi Ermənistanın öz işğalçılıq siyasətini həyata keçirməsi üçün hətta dünyada həyat mənbəyi hesab edilən sudan silah kimi istifadə etməsini beynəlxalq aləmə bəyan etmiş oldu və Ermənistana vurulmuş işğalçı möhürünü bir daha təsdiqlədi.

 

Ermənistanın təlaşı və özünümüdafiə cəhdləri

 

AŞPA Siyasi Komitəsində işğal edilmiş torpaqlarımızla bağlı qətnamə qəbul edildikdən sonra məğlubiyyət təlaşı yaşayan ermənilər 23 noyabrda Sərsəng Su Anbarına dair qətnamə layihəsinin də qəbul edilə biləcəyindən dərin təşvişə düşdülər. Onlar böhtan, yalan, iftira və s. özlərinə xas olan yollarla riyakarlıqlarını həyata keçirməyə başladılar. Bütün bunlarla yanaşı, erməni deputatlar məruzəçiyə, onun təmsil etdiyi dövlətə də bütün mümkün vasitələrlə təsir və təzyiq etdilər.

Erməni milli konqresi fraksiyasının rəhbəri Levon Zurabyan 20 noyabr 2015-ci il tarixli brifinqdə bildirdi ki, onun da daxil olduğu Ermənistanın AŞPA-da nümayəndə heyəti işğala dair qətnamə təklifi üzrə məruzəçi Jan-Klon Minyonun təyin olunmasına çalışmış, lakin uduzmuşlar. Bununla da o, ermənipərəst Jan-Klod Minyonla işbirliklərini açıq etiraf etdi.

Xatırladaq ki, Jan-Klod Minyon AŞPA prezidenti olduğu dövrdə həm işğalla bağlı, həm də Sərsəng Su Anbarına dair verdiyim qətnamə təkliflərinə iki dəfə veto qoymuşdu. Bu məruzələr gündəmə gələn dövrdən bugünədək AŞPA prezidenti olmuş hər iki şəxs— Jan-Klod Minyon və Ann Brassör deputatların yaddaşında Azərbaycan torpaqlarının işğalı ilə bağlı hər iki məruzəyə qarşı kəskin mövqedə olan və ermənilərin müdafiəsində duran AŞPA rəhbərləri kimi qalmışlar. Yeri gəlmişkən, hər iki məruzədə, eləcə də Azərbaycanla bağlı digər məsələlərdə də düşmən mövqedə olan, ölkəmizin mənfi imicini formalaşdırmaq üçün daim böyük canfəşanlıq göstərən AŞPA Baş katibi Savitskinin də misilsiz “xidmətləri”ni qeyd etmək istərdim.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri həmin ərəfədə, 20 noyabr 2015-ci ildə geniş müsahibə ilə çıxış etdi. O, ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin bu çərçivədən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə olduqlarını, Minsk qrupu həmsədrlərinin bu qətnamənin danışıq formatının dəyişdirilməsi cəhdlərinin nizamlanma prosesinə mane ola biləcəyi fikrində olduqlarını bəyan etdi. Halbuki Minsk qrupu həmsədri Ceyms Uorlik 6 noyabr 2015-ci ildə yerli xəbər agentliyinə verdiyi müsahibədə AŞPA-nın bu qətnaməsini alqışladığını, AŞPA məruzəçiləri ilə bu məsələnin həllində məsləhətləşmələr aparılmasına hazır olduqlarını bildirmişdi. Edvard Naldandyanın bildirdiyinə görə, məruzəçi Robert Volter Dağlıq Qarabağa səfər etmək üçün, guya, 22 sentyabrda qondarma “DQR” rəhbərliyinə yazılı müraciət edib. Onlar, guya, qondarma “DQR” Sərsəng Su Anbarı məsələsində də əməkdaşlıq etmək niyyətindədir, AŞPA məruzəçisini qəbul etməyə hazırdırlar.

Burdan da açıq-aydın görünür ki, işğalçı Ermənistan oyuncaq separatçı rejimin adını hallandırmaqla xal qazanmaq, işğalı qanuniləşdirmək istəyindən əl çəkmir. Əlbəttə ki, AŞPA-nın tanımadığı bir quruma məruzəçinin məktub göndərməsi və ya hər hansı bir əməkdaşlıq edilməsi tam cəfəngiyatdır. Qəbul edilmiş son qətnamədə də AŞPA, birmənalı olaraq Ermənistanı işğalçı adlandırır, məruzələrin hazırlanması prosesində əməkdaşlıq etmədiyinə görə onu ittiham edir.

Bu faktlar bir daha sübüt edir ki, Nalbandyan, düşdükləri məğlub durumdan çıxmaq üçün yalan danışmaqdan, dünya ictimaiyyətini açıq-aydın aldatmaqdan belə çəkinmir. Öz məğlubiyyətləri ilə barışa bilməyən ermənilər, eyni zamanda, günahkar axtarışına da çıxmışlar.

Noyabr ayında ilk məğlubiyyətlərindən sonra təşvişə düşmüş ermənilər etdikləri bütün riyakarlıqlara baxmayaraq, növbəti dəfə uğursuzluğa düçar oldular.

 

Nəticə

 

Sosial Məsələlər Komitəsinin 23 noyabr tarixli iclasında qəbul edilmiş “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsi Azərbaycanın işğal altında qalmış strateji obyekti olan Sərsəng Su Anbarına dair beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk rəsmi sənəddir. Bu qətnamə çox vacib və xüsusi əhəmiyyətli sənəddir.

Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı faktı bir daha öz təsdiqini tapır; işğal altında olan ərazilərə qonşu olan Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan əhalisi üçün humanitar və ekoloji problemlər yaranması pislənir; Sərsəng Su Anbarının baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır; Ermənistan hakimiyyətindən su ehtiyatlarından siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmaq və öz silahlı qüvvələrini sözügedən regiondan dərhal geri çəkmək tələb edilir.

Bütövlükdə, bu sənəd Ermənistanın işğalçı siyasətinin mahiyyətini bir daha təsdiqləyir; işğal nəticəsində bölgədə yaranmış vəziyyətlə dünya ictimaiyyətini məlumatlandırır; danışıqlarda Azərbaycanın mövqeyini gücləndirir; beynəlxalq aləmdə Ermənistana siyasi təzyiqlərin artırılması üçün ölkəmizin imkanlarını genişləndirir.

Xüsusilə vurğulamalıyam ki, AŞPA-da işğal edilmiş ərazilərə və girov götürülmüş soydaşlarımızın azadlığa buraxılmasına dair 2 qətnamə təklifi əsasında “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” və Sərsəng Su Anbarına dair “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamələrinin qəbulu uğrunda mübarizə həmişə Azərbaycan Respublikasının Prezidentinin nəzarəti altında olmuşdur və bu qətnamələrin qəbulu dövlət başçısı İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur.

Bu qətnamələrin qəbulu mənim bir Azərbaycan övladı kimi Vətənimə, xalqıma, seçicilərimə olan borcumun bir damlasıdır. Ümid edirəm ki, bu siyasi sənədlər AŞPA- nın 2016-cı ilin yanvar sessiyasında öz təsdiqini tapacaqdır. Çünki bu, bizim haqq səsimizdir!

Sonda qeyd etmək istərdim ki, 6 dekabr 2015-ci ildə bu sətirlərin müəllifinin 75 yaşı tamam olur. Ötən illəri xatırlayarkən düşünürəm: “Görəsən arxada qoyduğum illərdə xalqım, Vətənim, torpağım üçün yaddaqalan nə isə edə bildimmi?” 3 qətnamə layihəmin qəbul edilməsi ilə möhtəşəm qələbənin həyəcan və sevincini yaşayarkən, bir də düşünurəm ki, xain, namərd, qəddar düşmənlə son qələbəyədək açıq və gizli səngərlərdə döyüşdə heç bir fasiləyə və arxayınçılığa yer ola bilməz!

Elxan SÜLEYMANOV,
Milli Məclisin deputatı,
Azərbaycanın AŞPA-da
nümayəndə heyətinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında