Müəllifi Qərb dövlətləri və onlara xidmət edən institutlar olan düşünülməmiş qloballaşma siyasəti, digər dövlətlərin və bütöv regionların inkişafının regional, mədəni, dini, tarixi determinantlarına məhəl qoyulmaması qlobal miqyasda konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib çıxarıb.
Ramiz MEHDİYEV,
akademik
XX əsrin ikinci yarısında qloballaşmanın sürət götürməsi ilə insan fəaliyyəti planetar miqyas aldı, hətta kosmosa doğru irəliləməyə başladı. Bu isə ictimai inkişafın mümkün ssenarisini məhdudlaşdırdı, istiqamətinə təsir göstərdi. Qlobal istiləşmə, ozon təbəqəsindəki dəyişikliklər, biosferadakı uyğunsuzluqlar, bir sıra heyvan və bitki növlərinin kökünün kəsilməsi artıq bütün bəşəriyyət üçün təhlükə yaradır.
İnformasiya mexanizmi vasitəsilə təbiətin ən yüksək varlıqları olan insanların da davranışı qlobal güclərin mənafeyinə uyğun olaraq idarə olunur. Mənəvi mühitin dağılması üçün real təhlükə yaranmışdır. Sosial qütbləşmə və sosial-iqtisadi ziddiyyətlər dərinləşir. Ümumiyyətlə, demək olar ki, XX əsrin ll yarısından bəşəriyyət keyfiyyətcə yeni mühitdə yaşayır və onun fəaliyyətinin bütün sahələrində ( ekoloji, informasiya, sosial) qeyri-sabitlik getdikcə artır.
Akademik Ramiz Mehdiyevin bu yaxınlarda “Xalq qəzeti”ndə çap olunmuş “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı konseptual məqaləsində qloballaşma və saxta demokratiya pərdəsi altında Qərbin hegemonluq cəhdlərinin qaynaqları və nəticələri dərindən və obyektiv surətdə incələnmişdir.
Görkəmli filosof və dövlət xadiminin göstərdiyi kimi, SSRİ-nin süqutundan sonra: “Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi məkanlar mübarizə meydanına çevrilib. Mənafelərin kəskin toqquşması vahid iqtisadi şəraitə məhvedici təsir göstərir. Böhranın dərinləşməsi və beynəlxalq hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ gəlməsinə şərait yaradılması suveren milli qurumların inkişafı prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflər arasında kompromislər axtarışı vəziyyəti son həddə qədər kəskinləşdirir”. ABŞ-ın Avropa müttəfiqləri də bu regionda hökmranlıqlarını öz mənafelərinə uyğun olaraq bərqərar etməyə çalışırlar: “Müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və təşkilatları da az rol oynamırlar, onlar başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışırlar”.
Göründüyü kimi, milli təsərrüfatların iqtisadi, elmi-texniki, hüquqi və informasiya baxımından bir-birindən asılılığını kəskin şəkildə artıran qloballaşma, dünyanın inkişafında bir sıra səciyyəvi cəhətlərin meydana gəlməsinə səbəb olmuşdur.
Hər şeydən əvvəl, dünya iqtisadi birliyi keçmişdə bir-birindən az-çox asılı olan ölkələrin məcmusundan ibarət idisə, indi bu birlik vahid iqtisadi sistemə çevrilməyə başlamışdır. Həmin vahid iqtisadi sistemdə milli təsərrüfatlar, sadəcə olaraq, beynəlxalq əmək bölgüsü mexanizmi ilə deyil, öz miqyasına görə nəhəng, ümumdünya istehsal-satış strukturu, qlobal maliyyə sistemləri və informasiya şəbəkələri ilə bir-birinə “lehimlənərək” vahid ümumdünya iqtisadi orqanizminin ayrılmaz tərkib hissəsinə çevrilmişlər.
XX əsrin ortalarına qədər xarici ticarət dövriyyəsi bütün dünyada ÜDM-in cəmi 10-16 faizini təşkil edirdisə, XXI əsrin əvvəlində kommersiya xidmətlərinin idxalı və ixracını da nəzərə aldıqda bu hədd 48 faizə çatmışdır. Son onillikdə dünya xarici ticarət dövriyyəsinin həcmi istehsaldan iki dəfə çox olmuşdur. Nəticədə, qlobal maliyyə piramidaları və onların himayədarları olan, ilk növbədə, ABŞ və onun müttəfiqləri müasir dünyada şəriksiz hökmranlıqlarını daha da artırdılar.
Qlobal maliyyə piramidalarının dünyada hegemonluğunun kökündə isə İkinci dünya müharibəsindən sonra Bretton-Vuds valyuta sistemi vasitəsilə ABŞ dollarına dünya pulu statusu verilməsi dayanır. Bu sistem və onun mühafizəçiləri olan BVF və Dünya Bankı bu hegemonluğun dayaq nöqtələridir. Bu piramidanın ən uca zirvəsində dayanan ABŞ, onların sayəsində və onları da idarə edərək öz mənafeyinə uyğun dünya nizamı yaratmışdır.
ABŞ qlobal kapitalizmi idarə edir və istiqamətləndirir. ABŞ-ın və dolların dünyada hegemonluğunun yaradılması və qorunması üçün ona qarşı çıxan bütün maneələr, onları yaradanlarla birlikdə yer üzündən silinmişdir. Məlum olduğu kimi, dolların dünyada hegemonluğuna qarşı çıxan ilk ən güclü insan İosif Stalin olmuşdur. O, Bretton-Vuds valyuta sistemini tanımadı. Sovet İttifaqı kimi böyük bir məkanda dollar hegemonluq edə bilmədi. Yalnız Stalin öləndən sonra SSRİ dünya valyuta sisteminə qoşuldu. SSRİ-nin süqutunun səbəblərindən biri dolların hegemonluğuna burada yolun açılması cəhdidir. Səddam Hüseyn öz neft dollarlarını avroya çevirmiş və bununla da öz qəbrini qazmışdır. Qəddafi isə Afrika birliyini yaratmaq və “qızıl dinarla” ticarət aparmaq, müstəqil valyuta- kredit siyasəti yeritməyə cəhd etmişdir. Nəticəsi isə çox faciəli oldu.
Qloballaşmaya, bir qayda olaraq, inkişaf etməkdə olan ölkələrdə mənfi münasibət bəslənilir. İnkişaf etmiş sənaye ölkələrinin elmi və ictimai dairələrində isə, adətən, bu proseslər pozitiv baxımdan dəyərləndirilir. Lakin son vaxtlar sonuncular arasında bu proseslərə tənqidi mövqedən yanaşanların da sayı artmaqdadır. Bu qəbildən olan alimlərə görkəmli Amerika iqtisadçısı, 2001-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlis də aiddir. Onun “Qloballaşma və narazılıqlar” adlı kitabı dünyada böyük əks- səda doğurmuşdur. C.Stiqlis akademik dairələrdə özünün fundamental tədqiqatları ilə tanınmış və iqtisad elminin müasir mərhələdə inkişafına əhəmiyyətli təkan vermişdir. O, iqtisad elminin yeni sahəsi olan “İnformasiya iqtisadiyyatının” banisi hesab olunur.
Alim C.Keyns nəzəriyyələrinin və F.D.Ruzveltin “Yeni kurs”unun davamçısı kimi iqtisadiyyatda dövlətin fəal rolunun tərəfdarıdır və hesab edir ki, müasir kapitalizm təkmilləşə bilər və təkmilləşməlidir. 1993-cü ildə C.Stiqlis ABŞ Prezidenti B.Klintonun yanında iqtisadçı-məsləhətçilər şurasının başçısı təyin edilmişdir. 1997-2001-ci illərdə o, Dünya Bankının baş iqtisadçısı və vitse- prezident olmuşdur. Bu ona Beynəlxalq Valyuta Fondunun (BVF) praktik fəaliyyəti ilə yaxından tanış olmağa imkan vermiş və belə bir qənaətə gəlmişdir ki, bu nəhəng təşkilatın fəaliyyəti əksər hallarda qeyri-səmərəlidir.
“Nə üçün bu qədər faydalı nəticələrə malik olan qloballaşma kəskin mübarizə predmetinə çevrilmişdir?” - sualına C. Stiqlis belə cavab verir: “Beynəlxalq ticarət üçün bazarların açılması bir çox ölkələrə imkan verdi ki, onlar çox sürətli iqtisadi inkişafı təmin edə bilsinlər. Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq ticarət o zaman iqtisadi inkişafı sürətləndirir ki, ixracat ölkənin iqtisadi artımına təsir göstərir.” C. Stiqlis sürətlə inkişaf edən və əhalisini varlandıran Asiya ölkələrini buna misal göstərir. Bununla yanaşı, onun fikrinə görə, qloballaşma tərəfdarları hesab edirlər ki, qloballaşma tərəqqidir və inkişaf etməkdə olan ölkələr, əgər səmərəli artıma nail olmaq və kasıbçılığı aradan qaldırmaq istəyirlərsə, mütləq onu qəbul etməlidirlər.
Lakin ölkələrin bir çoxu qloballaşmadan gözlədikləri iqtisadi faydalara nail ola bilmirlər. Varlı və kasıb ölkələr arasında mövcud olan uçurumun daha da artması “üçüncü dünya” ölkələrində əhalinin böyük əksəriyyətini kasıblığın qəddar məngənəsində saxlayır. Son illərdə dünyada adambaşına gəlirin orta hesabla ildə 2, 5 faiz artımına baxmayaraq, kasıbçılıq şəraitində yaşayan insanlar daha 100 milyon nəfər artmışdır. Afrikada müstəqillik əldə edildikdən sonra yaranmış böyük ümidlər puç olmuşdur.
C. Stiqlisin fikrinə görə, əgər qloballaşma yoxsulluğun azaldılmasında bir şey edə bilməmişdirsə, sabitliyin təmin edilməsində daha az nəticəyə nail olmuşdur. Asiya və Latın Amerikasında özünü göstərən böhranlar inkişaf etməkdə olan ölkələrin hamısının iqtisadiyyatı və sabitliyi üçün ciddi təhlükə yaratdı. O, hesab edir ki, qloballaşma Rusiya və kommunizmdən bazar iqtisadiyyatına keçən bəzi ölkələrdə də gözlənilən nəticəni vermədi. Qərbin verdiyi vədlərə baxmayaraq, yeni iqtisadi sistem bu ölkələrin əhalisinin çoxu üçün onların kommunist liderlərinin öncə gördüklərindən də pis nəticələr doğurdu. Bazar iqtisadiyyatına keçid bu ölkələrdə beynəlxalq iqtisadi təşkilatların sxemi əsasında həyata keçirilmiş və bəzən çox pis nəticələr əldə edilmişdir. Halbuki, öz proqramı əsasında həmin prosesləri idarə edən Çində çox böyük nəticələrə nail olunmuşdur.
Qloballaşma bir çox baxımdan neoliberal modelin sərt qanunları əsasında inkişaf edir. Bu modeldə isə dünya milli dövlətlərin maraqlarının harmoniyası, onlarda olan müxtəlif təsərrüfat ukladları və milli mədəniyyətlərin qorunması prinsipi əsasında deyil, sosial darvinizm prinsipləri əsasında inkişaf edir. Bu sərt qanunlara uyğunlaşa bilənlər sürətlə inkişaf edir, uyğunlaşmayanlar isə uduzurlar. Qlobal proseslərə uyğunlaşa bilməyən ölkələr üçün iqtisadiyyatın daha çox beynəlmiləlləşməsi onlar üçün milli iqtisadiyyatı tənzimləmə qabiliyyətinin daha da azalmasına yol açır. Bu ölkələrdə bir çox iqtisadi proseslərin qlobal təbiəti ilə onların milli təsərrüfat çərçivəsində tənzimlənməsi arasında uyğunsuzluq artır.
Təbiidir ki, bu uyğunsuzluq özünü müxtəlif ölkələrdə fərqli dərəcədə göstərir. Çünki milli dövlətlər qloballaşma proseslərini müxtəlif dərəcədə həll ediblər, müxtəlif “çəkiyə” malikdirlər, qlobal bazarlardan müxtəlif dərəcədə “fayda” və ya “zərər” əldə edirlər. Bütün bunlar isə mənafelər arasında ziddiyyətin yaranmasını labüd edir. Çünki xarici satış bazarlarından, beynəlxalq maliyyə ehtiyatlarından, texnoloji və idarəçilik təcrübəsindən güclülər daha çox istifadə edə bilirlər. Ona görə də qloballaşmanın ümumbəşəri əhəmiyyət kəsb edən problemlərindən biri bu prosesin ölkələr arasında inkişaf səviyyəsi baxımından kəskin fərqə necə təsir etməsi, qloballaşmanın faydalarının ölkələr arasında necə bölünməsi problemidir. Müasir mərhələdə heç bir dövlət həmin proseslərdən kənarda qala bilməz.
Lakin getdikcə daha çox dərk edilir ki, qloballaşmanın faydaları qeyri-bərabər bölüşdürülür. Müasir beynəlxaq siyasi-iqtisadi sistemdə azsaylı inkişaf etmiş sənaye ölkələri aparıcı rol oynayır. Texnoloji və informasiya inqilabları iqtisadi inkişafın xarakterini dəyişmişdir. Qabaqcıl sənaye ölkələri və müəyyən dərəcədə orta inkişaf səviyyəli ölkələr üçün rifah səviyyəsinin artırılmasında yeni imkanlar daha çox yaranmışdır.
Bununla yanaşı, tədqiqatlar göstərir ki, XX əsrdə baş vermiş elmi-texniki inqilablar inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin sosial-iqtisadi tərəqqisinə də ciddi təsir göstərmişdir. Belə ki, XX əsrdə (100 il ərzində) ÜDM bütün dünyada 18, 8 dəfə artdığı halda, inkişaf etməkdə olan ölkələrdə 27, 3 dəfə artmışdır. 2000-2009-cu illərdə isə ÜDM- in orta illik artım sürəti inkişaf etməkdə olan ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən xeyli yüksək olmuşdur. Real həyat isə göstərir ki, qloballaşmanın bəhrələrini ilk olaraq güclü dövlətlərin mənimsəməsi nəticəsində inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında fərq azalmır, əksinə, daha da artır.
Bu haqda iqtisadi ədəbiyyatda kifayət qədər dəlillər və faktlar mövcuddur. Məsələn: adambaşına düşən ÜDM inkişaf etməkdə olan ölkələrdə 1900-cü ildə ABŞ səviyəsinin 11, 3 faizini təşkil etdiyi halda, 2000-ci ildə 10,7 faizə enmişdir. Sürətli artım olduğu halda həyat səviyyəsi bu ölkələrdə ABŞ səviyyəsinə nisbətən daha da geriləmişdir. Bu qlobal sistemi yönləndirən nəhəng dövlətlərin yeni müstəmləkəçilik siyasətinin bariz nəticəsidir.
Qloballaşma prosesləri dərinləşdikcə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı münasibətlər “Vaşinqton konsensusu” adlanan sənəddə cəmləşmiş olan tövsiyələr ( BVF, Dünya bankı və digər beynəlxalq təşkilatların ) əsasında formalaşmağa başlamışdır. Həmin sənəddə adıçəkilən ölkələrə tövsiyə edilir ki, onlar bank, xarici ticarət, xarici investisiyalar haqqında qanunvericiliyi daha da liberallaşdırsınlar; vergiləri və büdcə xərclərini ixtisar etsinlər; genişmiqyaslı özəlləşdirmə tədbirlərini həyata keçirsinlər; inflyasiyanın qarşısını qətiyyətlə alsınlar və maliyyə vəziyyətlərini sabitləşdirsinlər; xarici borcları restruksizasiya etsinlər.
Bu tövsiyələr C.Stinqlisin göstərdiyi kimi, standart xarakter daşıyırdı və heç də istənilən müsbət nəticə vermədi: “BVF-nin bazarların öz-özlüyündə kənar müdaxilə olmadan səmərəli fəaliyyət göstərməsi kimi köhnəlmiş fikirlərə əsaslanan siyasi kursu, bazar iqtisadiyyatının düzgün istiqamətləndirilməsinə və əhalinin maddi rifahının yüksəldilməsinə səbəb ola biləcək, arzuolunan dövlət müdaxiləsinə imkan yarada bilməmişdir. ”
İnkişaf etməkdə olan ölkələrdə mövcud olan köklü problemlərin həlli üçün inkişaf etmiş ölkələrin və beynəlxalq təşkilatların liberal görüşlərə əsaslanan tövsiyələri ciddi tənqidə məruz qaldığı üçün “Vaşinqton konsensusu”nun bir sıra müddəaları yenidən nəzərdən keçirildi. Bu zaman liberal postulatların bir sıra radikal müddəalarından, əslində, imtina edildi və yeni islahat tədbirləri hazırlandı. Bu tövsiyələr (müəllifi C. Stinqlis) “postvaşinqton konsensusu” adını aldı. Bu zaman əvvəl verilmiş tövsiyələr (məsələn, inflyasiyanın boğulması, dövlət mülkiyyətinin irimiqyaslı özəlləşdirilməsi, ticarət və maliyyə bazarlarının liberallaşdırılması, xarici borcların restruksizasiyası və liberal siyasətin digər “alətləri” vasitəsilə maliyyə sabitliyinin yaradılması) yenidən nəzərdən keçirildi.
Onu da qeyd etmək lazımdır ki, qloballaşmanın verdiyi imkanlardan bütün inkişaf etməkdə olan ölkələr özləri də eyni dərəcədə istifadə etmirlər. Nəticədə, bu ölkələr arasında da təbəqələşmə sürətlənir. Onların arasından texnoloji inqilabların və yeni beynəlxalq iqtisadi-maliyyə mühitinin verdiyi üstünlüklərdən səmərəli istifadə edən ölkələr (məsələn, Cənub- Şərqi Asiya ölkələri) öz inkişaf səviyyələrinə görə sənaye ölkələri ilə aralarında olan fərqi aradan qaldırırlar. Lakin beynəlxalq təşkilatların standart “reseptinə” və təbii istehsal amillərindən istifadəyə əsaslanan ölkələrdə vəziyyət ağır şəkildə qalmaqda davam edir, onların dövlət borcları sürətlə artır, istehsalın strukturunda hasilat sənayesinin payı yüksək səviyyədə qalır.
Ona görə də qlobal yeni dünya iqtisadi nizamı zəif inkişaf etmiş ölkələrdə insanların çoxu üçün yoxsulluq mənasına gəlir. Bu, müasir dövrdə elmi və siyasi dairələrdə ən çox müzakirə olunan mövzulardandır. Lakin yoxsulluq günümüzdə yalnız zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələri deyil, inkişaf etmiş ölkələr də daxil olmaqla qloballaşmanın vəhşi təbiəti nəticəsində böyük bir coğrafiyanı öz təsiri altına almış olan ən ciddi sosial problemdir. Son dövrlərdə aparılan araşdırmalar, yoxsulluq hüdudları içərisində yaşayan insanların geri qalmış ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrdə də payının artdığını göstərir.
Qloballaşmanın sürətləndiyi, dünyanın intensiv olaraq inteqrasiya proseslərinə daxil olduğu 1990- cı ildən sonra bir çox ölkədə gəlir bölgüsü daha da pozulmuşdur. 2012-ci ildə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) hazırladığı “OECD ölkələrində artan gəlir qeyri-bərabərliyi” hesabatına görə, 2008-ci il qlobal iqtisadi böhranından əvvəlki 20 il ərzində 22 OECD ölkəsindən 17- də gəlir bölgüsündə qeyri-bərabərlik artmışdır. Maraqlıdır ki, dünya miqyasında yoxsul insanların yarısı, dünyanın ən büyük 20 iqtisadiyyatına malik olan G20 ölkələrində yaşayır. İnkişaf etmiş ölkələrin bir tərəfində, ultralüks həyat standartına malik olan azsaylı təbəqələrlə, eyni ölkədə yalnız gündəlik ehtiyaclarını belə ödəyə blməyən milyonlarla insan mövcuddur.
Dünya Bankının statistikasına görə, son 30 ildə dünyanın ən güclü iqtisadiyyatına malik G20 ölkələrindəki zəngin və yoxsullar arasında uçurum heç vaxt bu qədər dərin olmamışdır. Qloballaşmanı daim müşayiət edən böhranlar varlını daha da varlandırır, kasıbı isə kasıblaşdırır. Məsələn, 2008-2010-cu illərdə baş vermiş qlobal maliyyə böhranı dövründə ABŞ- ın başçılığı ilə həyata keçirilən pul siyasəti ultrasərvət sahiblərini daha da varlandırmışdır. Belə ki, böhranın əvvəlində ABŞ-ın beş böyük bankının cəmi varidatı ABŞ iqtisadiyyatının 43 faizinə bərabər idi. Böhran dövründə isə bu beş böyük bankın varidatında 8,5 trilyon dollarlıq artım oldu: onların payı ABŞ iqtisadiyyatının 56 faizinədək yüksəldi. Beynəlxalq İşçi Təşkilatının (ILO) 2012-ci il “Qlobal Məşğuliyyət Hesabatına” görə, bu böhrandan sonra 50 milyon nəfər işini itirmişdir. Hazırda dünyada 1 milyard ac insan vardır.
Qloballaşma prosesində milli və ümumdünya iqtisadi mexanizmləri öz rollarını da dəyişdirirlər. Belə ki, məlum olduğu kimi, keçmişdə aparıcı rol milli təsərrüfatlara məxsus idi. Müasir dövrdə isə dövlətlərüstü maliyyə- əmtəə bazarları, istehsal- satış strukturları formalaşdıqca, ümumdünya iqtisadi münasibətləri bəşəri proseslərin tənzimlənməsində aparıcı rol oynamağa başlamışlar. Hətta ən inkişaf etmiş dövlətlərin də ölkədaxili münasibətləri qlobal iqtisadiyyatın tələblərinə uyğunlaşmaq məcburiyyəti qarşısındadır. Bəşəri münasibətlərin tənzimlənməsində ümumdünya iqtisadi münasibətlərinin aparıcı amilə çevrilməsi isə, öz növbəsində, beynəlxalq proseslərdə milli dövlətlərin rolunun azalmasına gətirib çıxarır. Çünki onlar milli sərhədlərdən kənarda baş verən və müstəqil cərəyan edən ümumbəşəri prosesləri tənzimləmək iqtidarında deyillər.
Bundan əlavə, milli dövlətlərin bağladıqları beynəlxalq müqavilələrə uyğun olaraq, makroiqtisadi tənzimləmələr aparmaq üçün gömrük sədləri, valyuta tənzimləmələri və digər ənənəvi vasitələrdən istifadə etmək hüquqları məhduddur. Onlar beynəlxalq iqtisadi təşkilatların, nəhəng transmilli şirkətlərin tələblərinə uyğunlaşmağa məcburdurlar. Başqa sözlə, qloballaşma prosesində dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan transmilli sənaye və bank korporasiyalarının gücü və təsir dairəsi genişlənmişdir. Qlobal iqtisadiyyatın ənənəvi subyekti olan milli dövlətlər isə müəyyən baxımdan sıxışdırılmışlar. Onlar “könüllü” olaraq, bir çox milli hüquqlarından beynəlxalq hüquq normalarının lehinə imtina etmişlər.
Lakin bütün bunlar milli dövlətlərin rolunun heç də azalması demək deyildir. Əksinə, müasir dövrdə bəşəriyyətin inkişafının mühüm xarakterik xüsusiyyətlərindən biri ölkə daxilində gedən sosial- iqtisadi proseslərin tənzimləyicisi kimi milli dövlətlərin rolunun durmadan artmasıdır. Bazar iqtisadiyyatı tələb edir ki, dövlətlər iqtisadiyyata, ən azı, iki məqsədlə geniş müdaxilə etsinlər: birincisi, digər ölkələrin iqtisadiyyatı ilə maksimum rəqabətqabiliyyətli olmaq, ikincisi isə, maliyyə-kredit kimi yenidən bölgü mexanizmindən istifadə etməklə ölkə daxilində yaranan sosial və siyasi gərginliyi mümkün qədər azaltmaqdır. Məhz həmin funksiyaların genişləndirilməsi sürətlə artan qloballaşma prosesinin ən mühüm əlamətlərindən biridir. Bu məsələ keçid iqtisadiyyatı ölkələri üçün xüsusən aktualdır.
Həqiqətən, dünya miqyasında mövcud ehtiyatlardan istifadə uğrunda rəqabət mübarizəsinin əhəmiyyəti və daha da kəskinləşməsi qlobal miqyas almışdır. Belə bir rəqabət mübarizəsində təsərrüfat subyektlərinin uduzması nəticəsində maddi, insani və hətta siyasi ehtiyatların mümkün itkiləri də çox ciddi və bəzən qlobal əhəmiyyət kəsb edə bilər. Təsadüfi deyildir ki, qloballaşma prosesində aparıcı mövqeyə məhz təsərrüfat subyektlərini məqsədli şəkildə tənzimləyən dövlətlər çıxa biliblər. Çünki hər hansı bir ölkədə mövcud olan rəqabət üstünlüyünü qloballaşma prosesində ən səmərəli şəkildə həyata keçirmək üçün ölkənin bütün potensialından yalnız milli dövlətlər maksimum istifadə edə bilərlər. Qloballaşmanın real gedişi ölkə potensialının milli dövlətlər vasitəsilə tam mənası ilə rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəldilməsini tələb edir. Dünyanı idarə edən bir ovuc qlobal gücləri də ən çox qorxudan məhz budur.
SSRİ dağıldıqdan sonra həmin qlobal güclər üçün yeni hökmranlıq sahəsi açılmışdır: “keçid iqtisadiyyatı ölkələri”.
Keçid iqtisadiyyatı ölkələrində mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına transformasiya prosesinin tarixdə analoqu yoxdur və qloballaşma dövrünə təsadüf etdiyi üçün olduqca mürəkkəbləşir. Bu ölkələrdə gedən proseslər iqtisadi münasibətlərin qloballaşmasının ayrılmaz tərkib hissəsidir. Qloballaşma dövründə isə dünyanın iqtisadi inkişafında ciddi dəyişikliklər baş vermişdir. İnformasiya inqilabı, kapital axınının beynəlmiləlləşməsi iqtisadi inkişaf modelində dərin keyfiyyət dəyişiklikləri yaratmışdır.
Ticarətin və maliyyə bazarlarının liberallaşması bu ölkələr qarşısında yeni perspektivlər açmaqla yanaşı, yeni problemlər də yaradır. Bu ölkələrdə ticarətin liberallaşması və maliyyə vəziyyətinin sabitləşdirilməsi qapalı olan iqtisadiyyatın açıq iqtisadiyyatla əvəz olunması prosesi ilə paralel gedir. Bunun nəticəsində, həmin ölkələr beynəlxalq əmək bölgüsünə daha çox cəlb edilir və onlarda xarici ticarət dövriyyəsi sənaye istehsalına nisbətən çox sürətlə artır.
Xarici investorlar isə neft- energetika və maliyyə sahəsində daha çox fəallıq göstərirlər. Bu isə onlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına səbəb olmaqla, digər tərəfdən “asılı kapitalizm” adlanan hadisənin baş verməsi ehtimalını artırır. Bu asılılıqdan xilas olmaq və müstəqil siyasət yeritmək istəyən dövlətlər isə nəhəng qlobal güclərin qəzəbinə düçar olur. Belə dövlətlərdən biri də müstəqil Azərbaycandır.
Prezident İlham Əliyev 2015-ci il oktyabrın 12-də Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycan dövlətinin Qərbin ikili standartlarının mənfi təsirlərini heçə endirməsi xəttini, haqlı olaraq, belə dəyərləndirilmişdir: “Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq. Müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir... Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.”
Akademik Ramiz Mehdiyev bütün yuxarıda qeyd olunan məsələləri strateji baxımdan şərh edən və ümumiləşdirən “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı əsərində qətiyyətlə bildirir: “Azərbaycanın mövqeyi belədir və əgər onun tərəfdaşları bərabərhüquqlu əməkdaşlıq etmək istəyirlərsə, bu mövqe ilə hesablaşmalıdırlar”. Filosof sözünə davam edərək göstərir: “Heç kəsə lazım olmayan və saysız- hesabsız qərəzli qətnamələrin təkrarlanması Azərbaycan kimi müstəqil fəaliyyət kursu yürüdən dövlətlərin siyasətinə təsir göstərməyə yönəlib. Lakin Avropa Parlamentinin deputatları anlamırlar ki, onların ram etmək, qorxutmaq cəhdləri lap əvvəldən uğursuzluğa məhkumdur və Avropa İttifaqının vəziyyətini yaxşılaşdırmaq əvəzinə, daha da pisləşdirir”.
Dünyamalı VƏLİYEV,
AMEA-nın Z. Bünyadov adına
Şərqşünaslıq İnstitutunun
Qərb-Şərq şöbəsinin müdiri,
iqtisad üzrə elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.