İngiltərənin sabiq Baş naziri Uinston Çercill deyirdi ki, böyüklüyün qiyməti məsuliyyətdir. Həqiqətən də, böyük uğurların və inkişafın mərkəzində məhz güclü məsuliyyət hissinin olması dayanır. Məsuliyyətsiz addımların və qəbul edilmiş qərarların əhəmiyyətsiz və bir çox hallarda acınacaqlı nəticələrə gətirib çıxarması ilə bağlı saysız-hesabsız nümunələr də göstərmək olar.
Bu mənada kütləvi informasiya vasitələrinin (KİV) də cəmiyyət qarşısında oynadığı mühüm rolu nəzərə alaraq, məsuliyyət məsələsində ciddi mövqe tutmasının zəruriliyini qeyd etməyə ehtiyac var. Xüsusilə də internet şəbəkəsinin sürətli inkişaf etdiyi dövrdə KİV-in məsuliyyət hissinin arxa plana keçirməsinin yolverilməz olması barədə səsləndirilən tələbləri aktuallaşdırır.
Müasir informasiya cəmiyyətində KİV-in azadlıq və məsuliyyət məsələləri xüsusi mürəkkəbliyi ilə yanaşı, həm də aktual olması ilə diqqəti çəkir. İnsan şüuruna təsir etmək qabiliyyətinə malik olan KİV-in cəmiyyətin bütün sahələrinə nüfuz etməsi problemin diqqət mərkəzində qalmasına şərait yaradır. Bu baxımdan KİV ictimai həyatda böyük rol oynayır. Xüsusilə də elektron KİV-in texnoloji cəhətdən getdikcə təkmilləşməsi, yəni, məlumatın toplanması, hazırlanması və yayılması azadlıq və məsuliyyət, eləcə də, obyektivlik kimi prinsiplərə əməl olunmasının zəruriliyini aktuallaşdırır. Amma son zamanlar, təəssüf ki, reytinq və müxtəlif maraqlar arxasınca qaçan bəzi elektron informasiya vasitələri yaydıqları qeyri-obyektiv məlumatlarla peşəkarlığa uyğun gəlməyən davranışlara yol verirlər. Belə davranış sərgiləyən bəzi elektron KİV-lər oxucu qarşısında mövqelərini ciddi şəkildə zəiflətməklə yanaşı, peşəkar həmkarların da etimadını itirirlər. Son vaxtlar Azərbaycanın elektron informasiya məkanında buraxılan dezinformasiya “vulkanı” da məhz belə düşünməyə əsas verir.
Hazırda Azərbaycanda KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq hüquqi baza yaradılmışdır. Ölkədə söz və mətbuat azadlığı təmin olunmuşdur. KİV məlumat toplamaq və hazırlayaraq yaymaq sərbəstliyinə malikdir. Ancaq son zamanlar medianın sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verən bəzi elektron KİV-də müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “azadlıqdan məhrum olunması”və s. bu kimi qeyri-obyektiv informasiyalar dövriyyəyə buraxılır. Belə mövqe tutan elektron KİV-lərin tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışmaları şübhə doğurmur. Təbii ki, belə fəaliyyətin Azərbaycan qanunlarına zidd olması və birbaşa hüquqi məsuliyyət doğurması gün kimi aydındır. Məsuliyyət hissini unutmuş belə elektron KİV-lər həqiqəti əks etdirməyən məlumatları yaymaqla oxucu sayını artırmağa çalışırlar. Belə dezinformasiya yarışına çıxmış elektron KİV və sosial şəbəkələr qərəzli informasiyaları bir-birilərinə istinad edərək, qeyri-obyektivliyə yol verirlər. Əlbəttə, sosial şəbəkələr azad müzakirə platformasıdır və ciddi istinad mənbəyi kimi istifadə edilməsi təhlükəldir. Lakin buna baxmayaraq, bəzi elektron KİV sosial şəbəkələrdə müzakirə edilən şayiə və dezinformasiyaları yoxlamadan yayımlayır və bununla da obyektiv informasiya almaq istəyən oxucularda çaşğınlıq yaranmasına səbəb olur.
Məsələnin acınacaqlı tərəfi həm budur ki, “gərgin vəziyyət”in yarandığını uyduran bəzi elektron KİV-lər fəaliyyət göstərdikləri ölkənin imicinə xələl gətirdiklərini göz önünə almır. Dövlət orqanlarının iş rejiminin pozulmasına, cəmiyyətdə çaşğınlıq yaranmasına səbəb olduğunu “unudurlar”. Bəzi elektron KİV ayrı-ayrı dövlət orqanları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyaların düzgünlüyü yoxlanılmadan yayımlamaqla “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10 və 11-ci maddələrinin tələblərini kobud surətdə pozduqlarını bilməlidirlər. Belə qanun pozuntularına yol verildiyini bu günlərdə Azərbaycanın Baş Prokurorluğunda aparılmış araşdırmalar da müəyyən etmişdir. Həqiqətə uyğun olmayan məlumatlar yayımlayan elektron KİV rəhbərləri də Baş Prokurorluğa dəvət edilmiş və “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq olaraq, onlardan reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilmiş, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq olunmuşdur.
Bəli, qanunvericiliyin tələblərinə əməl etmək hər insanın borcudur, amma qeyd etmək yerinə düşər ki, məsuliyyət hissinin güclü olduğu yerdə qanunun tələblərinin yerinə yetirilməsinin vacib olması barədə çağırışlara ehtiyac da qalmır. Çünki məsuliyyətli vətəndaş atacağı hər bir addımın doğura biləcəyi nəticələri yaxşı anlayır və Vətənin milli mənafelərinə kölgə salacaq istənilən fəaliyyətə qarşı çıxış edir. Bundan başqa, söz və hərəkət məsuliyyətini anlayan hər bir elektron KİV nümayəndəsi obyektiv və qərəzsiz informasiyalar yaymaqla ilk növbədə peşə bacarıqlarını nümayiş etdirir və ictimai-siyasi proseslər barədə dolğun məlumat verməklə dəyərli oxucusunun qiymətli etimadını qazanır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.