Noyabrın 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıb.
İclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan etdi.
Məruzəçi hakim Kamran Şəfiyev çıxış edərək bildirdi ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını və onlara əlavə edilən sənədləri noyabrın 18-də Konstitusiya Məhkəməsinə təqdim edib.
Hakim Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənildi. Bildirildi ki, Mərkəzi Seçki Komissiyasının sənədləri Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə onların yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb edib, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddəsinə uyğun olaraq Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apelyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Respublika Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib. Müəyyən edilib ki, bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.
Sonra MSK-nın sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat verdi. Vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il avqustun 28-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama müvafiq olaraq MSK seçkilərlə bağlı təqvim planı hazırlayıb qəbul edərək seçkilərin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini təmin edib. Bildirildi ki, parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilib. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılıb. Seçici siyahıları dəqiqləşdirilib və bu barədə MSK-ya həm yerli, həm də beynəlxalq seçki subyektləri tərəfindən müraciət daxil olmayıb.
Qeyd olunub ki, seçkilərdə 15 siyasi partiya və 7 siyasi partiyanı birləşdirən bir siyasi blok iştirak edib. Namizədlərin irəli sürülməsi və qeydiyyatı seçki qanunvericiliyinə uyğun olaraq aparılıb və 767 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin yarıdan çoxu həmin siyasi partiya və blokun namizədləri olub.
M.Pənahov namizədlərin qeydiyyatı və təşviqat kampaniyası üçün yaradılan imkanlardan danışdı. Bildirdi ki, ümumiyyətlə, namizədlər seçicilərlə görüşlərdə heç bir məhdudiyyət hiss etməyiblər. Namizədlərin seçkiqabağı təşviqatı Seçki Məcəlləsinin tələbinə uyğun, əhatəli və müasir səviyyədə təşkil olunub. MSK həm beynəlxalq, həm də yerli təşkilatlarla müxtəlif seçki subyektləri üçün geniş maarifləndirmə proqramı həyata keçirib.
Diqqətə çatdırıldı ki, 5547 seçki məntəqəsində 5 milyon 200 mindən artıq seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Səsvermə günü MSK-ya səsvermənin gedişi ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. MSK-nın “Qaynar xətt”inə 150-yə yaxın müraciət edilib ki, onlar da əsasən sorğu xarakterli olub.
Seçkilərdən sonra MSK-ya 34 dairəni əhatə edən 46 müraciət daxil olub ki, onların da hamısı operativ surətdə araşdırılıb. Ümumilikdə, 58 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
M.Pənahov dedi ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə 40, əlavə olaraq isə 18 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib. Onlardan 5-də nəticələr dairə seçki komissiyası, 13-də isə MSK-ya daxil olan müraciətlər və onların araşdırılması nəticəsində ləğv olunub.
MSK sədri diqqətə çatdırdı ki, seçkilərin şəffaf keçirilməsi baxımından bu seçkilər də yüksək göstəricilərə malikdir. Məntəqələrdə 65 mindən çox yerli, həmçinin 40-dan artıq beynəlxalq nüfuzlu qurumun 500-dən çox nümayəndəsi seçki prosesini izləyib. Bildirildi ki, mindən çox seçki məntəqəsində veb-kamera quraşdırılıb. Səsvermənin gedişindən protokolların tərtib edilərək dairə seçki komissiyalarına çatdırılması mərhələsi də daxil olmaqla bütün proseslər onlayn rejimdə veb-kameralarla dünya ictimaiyyətinə çatdırılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə tətbiq olunan veb-kamera praktikası Azərbaycan Prezidentinin ölkəmizdə seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin göstəricisidir.
Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev ekspert rəyləri ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Ulduzə Həmidova çıxış etdilər.
Çıxış edənlər hakimlərin suallarını cavablandırdılar.
Sonra Konstitusiya Məhkəməsinin Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçdilər.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan etdi. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdi (Konstitusiya Məhkəməsi Plenumunun qərarı qəzetin bugünkü nömrəsində dərc olunur).
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.