2015-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında əsas hadisə Milli Məclisə hakim Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi ilə başa çatan ötən seçkilər oldu.
Seçkilərin insidentsiz və qanun pozuntusu olmadan keçməsi barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatını MDB, AŞPA, QDİƏT, həmçinin Böyük Britaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Çexiya və bir sıra digər ölkələrin parlamentlərindən olan müşahidə missiyaları da təsdiq etdilər. Ümumilikdə, parlament seçkilərində səsvermə prosesini 500-dən artıq beynəlxalq, 70 minə yaxın yerli müşahidəçi izləyirdi.
Şübhəsiz ki, parlament seçkiləri dövlət qurumlarının və vətəndaş cəmiyyətinin inkişafı, həmçinin istənilən müstəqil ölkənin sabit daxili siyasi vəziyyətinin təmin olunması məsələsində ciddi addımdır və burada Azərbaycan da istisna edilmir.
Aydındır ki, bu gün öz seçimini etməklə Azərbaycan seçicisi növbəti dəfə ölkə Prezidentinin yüksək reytinqinə və qətiyyətinə, həmçinin müstəqil ölkənin həyatının əsasını təşkil edən siyasi və iqtisadi sabitliyə arxalanmışdır.
Amma Azərbaycan uzun illərdir ki, Qərbdəki müəyyən qüvvələrin təxribat xarakterli hücumları ilə qarşılaşır, həmçinin avropalı “xeyirxahlarımız” Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan üçün qəbuledilməz olan və qəbuledilməzliyi dəfələrlə hökumətin rəsmi şəxsləri tərəfindən bəyan edilən baxışlarını təlqin edərək beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə qarşı insan hüquqları, seçim azadlığı ilə bağlı bir sıra məsələlərdə ikili standartlar siyasəti yürüdür. İkili standartların ədalət və beynəlxalq hüquq prinsiplərinə kölgə saldığını qeyd edən Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov vurğulamışdır ki, beynəlxalq hüququn həyata keçməsinə təminat verən beynəlxalq təşkilatlar böhrandadırlar və bunun səbəbi isə bu təşkilatların düşdüyü böyük dövlətlərdən asılılıq vəziyyətidir.
“Maraqlıdır, insan hüquqlarını qorumağı özünə peşə seçən saysız-hesabsız beynəlxalq və digər qurumlar niyə susurlar? Bəzən bir adam haqqında dünyaya aylarla bəyanatlar yayır, təbliğat aparırlar. Amma müharibə qurbanları olan yüz minlərlə qaçqının taleyi ilə bağlı bir söz demirlər”, – deyə bir sıra Avropa dövlətlərinin digər dövlətlərin onlar qarşısında öhdəlik daşıdığını, onların isə heç bir öhdəliklərinin olmadığını düşünməsi faktını qeyd edən Prezident Administrasiyasının rəhbərinin müavini bildirib.
Azərbaycan tarazlaşdırılmış xarici siyasət yürüdür və müvafiq olaraq yalnız milli maraqları çərçivəsində hərəkət edir. Vaxtilə biz Avropa ilə assosiativ saziş imzalamadıq və hansısa hərbi ittifaqa qoşulmaq niyyətində deyilik, eyni zamanda, Qərbin Moskvaya qarşı sanksiyalarını dəstəkləmirik, hər hansı ölkənin daxili işinə qarışmamaq siyasəti yürüdürük və özümüzə qarşı da bənzər münasibət gözləyirik. Təəssüf ki, müəyyən Avropa strukturlarının ölkəmizin müstəqil siyasi kursu ilə barışmağa hazır olmamaları aydın faktdır, bunu Azərbaycana qarşı təxribat xarakterli daimi hücumlar sübut edir.
Bu baxımdan Avropa Parlamenti, ATƏT və onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi qurumların fəaliyyəti xeyli suallar yaradır. Avropa Parlamenti bir sıra məsələlərdə anlaşılmaz və qərəzli mövqe tutur. O cümlədən Azərbaycanla bağlı məsələlərdə bu siyasi strukturu anlamaq çətindir. Belə ki, ölkə haqqında tez-tez yanlış informasiyalar əsasında silsilə dinləmələr və müzakirələrin təşkil olunması, anlaşılmayan qətnamələrin qəbul edilməsi başa düşülən deyil. Məsələn, 2004-cü ildən bu yana “Avropa Parlamenti Azərbaycan barəsində 11 qətnamə qəbul edib, 200-dən çox debat, dinləmə, müzakirə, parlament sorğuları keçirib, bəyannamələr və bəyanatlar imzalayıb’’ (bax: Ramiz Mehdiyev. Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti / AZƏRTAC, 28 oktyabr 2015). Onu da vurğulayaq ki, Avropada bəzi dairələrin Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmədiyi qəbul olunan sənədlərdən aydın görünür. Halbuki, həmin müddətdə Ermənistan və Gürcüstanla bağlı cəmi 1 qətnamə qəbul edilib. Gürcüstan məsələsinə 10, Ermənistana isə 20 dinləmə həsr edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bütün bunların ikili standartın bariz nümunəsinin olduğunu vurğulayır. Özü də Avropa Parlamenti təmsilçiləri daha çox Ermənistan və Gürcüstana səfər edir, ancaq Azərbaycanı onlardan bir neçə dəfə çox sayda müzakirələrə çıxarırlar. Sağlam məntiq onu göstərir ki, əslində, əksinə olmalıdır – Azərbaycana gəlib hər şeyi yerində öyrənmədən onun haqqında hansı əsasla sənəd qəbul etmək olar? Bütün bunların fonunda avropalı “dostlarımız”ın qərəzli çıxışlarında parlament seçkilərinin nəticələri ilə bağlı dəyişikliyin olmaması heç də təəccüblü deyil. Avropanın sözdə “demokratik dəyərləri”nin “tərəfdarları” Azərbaycana ünvanlanmış əsassız tənqid dalğasına qarşı çıxmaqdan özlərini saxlaya bilməyiblər. Onlar arasında Avropa Parlamentinin rəhbəri Martin Şultsun simasında sözdə “Avropa elitasının” nümayəndələri, bir neçə amerikalı konqresmen – erməni separatizminin tanınmış lobbiçiləri də var. Bununla belə, Qərb bürokratlarından obyektivlik gözləmək sadəlövhlük olardı, çünki bədnam ikili standartlar siyasətinin sonda bizim qərbli tərədaşlarımızla münasibətlərimizi pisləşdirəcəyini tam anlasalar və dərk etsələr belə antiazərbaycan qətnamələrini məhz onlar qəbul edirlər. Məsələn, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi rəsmi Bakının təəccübünə və tənqidinə səbəb oldu.
DTİHB-in ardınca ATƏT-in Parlament Assambleyası da müşahidə missiyası göndərməkdən imtina etdi. Azərbaycan tərəfi bu qərarın təşkilatın mandatına uyğun gəlmədiyini bildirərək onun yolverilməzliyini dəfələrlə qeyd edib. Rəsmi Bakı əhalisi çox olan ölkələrə xeyli az müşahidəçi göndərildiyi halda, 9 milyonluq ölkəyə 400 müşahidəçi göndərilməsi qərarının məntiqsizliyini qeyd etdi. Bu məsələdə Bakının aydın və əsaslı mövqeyi DTİHB-i qane etmədi və bu, bizim üçün qeyri-adi “sürpriz” olmadı. Amma məsələ bunda deyil. Azərbaycandakı parlament seçkiləri bu təşkilatın nümayəndələrinin iştirakı olmadan da uğurla keçdi, birmənalı olaraq seçkilərin qanuniliyini, beynəlxalq müşahidəçilərin bütün prosesin tam şəffaf mühitdə keçdiyini bəyan edən böyük əksəriyyətinin fikirləri bizə kifayət idi. Avropa Şurası Azərbaycan Respublikasının yeni çağırış ali qanunverici orqanı ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edərək, Azərbaycandakı seçkiləri beynəlxalq standartlara uyğun və şəffaf adlandırıb. Azərbaycandakı parlament seçkilərinin ölkənin Seçki Məcəlləsinə uyğun keçirildiyi və bütün seçki prosesinin şəffaflığı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının rəhbəri, Assambleyanın ispaniyalı deputatı Jordi Çukla səviyyəsində bəyan edilib. AŞPA-nın müşahidə missiyasının tam hesabatı elə bu ay Assambleyanın daimi komitəsinin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iclasında müzakirə olunacaq. Amerikalı müşahidəçilərin Bakının azad, demokratik və şəffaf seçkilərlə bağlı qarşıya qoyulmuş məqsədə çatdığını bəyan etmələri heç də az əhəmiyyətə malik deyil.
Ölkədə keçirilən ötən seçkilərə MDB-dən olan beynəlxalq müşahidəçilər, həmçinin bu prosesin demokratik və rahat şəraitdə keçdiyini yekdilliklə bəyan edən və DTİHB-in nümayəndələrinin seçkilərdə iştirak etməməsindən təəccüblərini dilə gətirən rusiyalı siyasətçilər də yüksək qiymət verdilər.
Bir sözlə, Azərbaycandakı parlament seçkiləri cəmiyyətin siyasi həyatında növbəti dönüş nöqtəsi oldu və ölkə üçün mühüm və taleyüklü qərarların qəbulunda Azərbaycan seçicisinin mövqeyini növbəti dəfə göstərdi.
Bununla yanaşı, ölkədəki sabit daxili siyasi vəziyyətin fonunda beynəlxalq arenadakı ciddi nailiyyətlərdən biri erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan və digər işğal olunmuş ərazilərdən çıxarılması və Minsk prosesi çərçivəsində bu ərazilərdə Azərbaycanın suverenliyinin bərpası ilə bağlı AŞPA-nın seçki sonrası təşəbbüsü oldu. Bütün bu maddələr Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi Komitəsinin Parisdə qəbul edilmiş qətnamə layihəsində öz əksini tapıb.
Yeri gəlmişkən, qətnamə AŞPA-nın britaniyalı deputatı Robert Valterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı məruzəsi əsasında qəbul edilib. Məlumat verilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnamə layihəsi 2016-cı ilin yanvarında AŞPA-nın qış sessiyasında müzakirə ediləcək. Bu sənədin qəbulu Azərbaycan diplomatiyasının effektiv işinin, eyni zamanda, yeri gəlmişkən, hər vəchlə qətnamə layihəsinin müzakirəyə çıxarılmasına mane olmağa çalışan erməni “siyasi texnoloqlarının” məğlubiyyətinin göstəricisidir. Beynəlxalq səviyyədə diplomatik məğlubiyyətə məruz qalan ermənilər, həmişə olduğu kimi, yenə də praktiki olaraq münaqişənin əvvəlindən apardıqları informasiya müharibəsi sayəsində bəraət qazanmaq istəyirlər. Bu gün işğal olunmuş ərazilərin tam azad olunması şərti ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində beynəlxalq ictimaiyyətin dəstəyi Azərbaycan üçün həddindən artıq vacibdir və bunun üçün müsbət nəticələr verən diplomatik işi daha da gücləndirməyə ehtiyac duyulur. Dövlətin hərbi gücünün möhkəmləndirilməsi ilə yanaşı, qitənin hər yerindəki azərbaycanlıların ideoloji həmrəyliyi çox vacibdir. Bu gün bu şüar bizim hamımız üçün həmişəkindən daha aktual olmalıdır.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.