Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işini başa çatdırdı.
Sayca onuncu dəfə keçirilən bu sammitdə 19 üzv dövlət və Avropa İttifaqı nümayəndələrindən başqa Azərbaycan, Malayziya, Seneqal və Zimbabve, Sinqapur prezidentləri, həmçinin BMT, Dünya Bankı, ÜTT, BVF, BƏT, İƏİT daxil olmaqla əsas beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirdə iştirak etmək üçün Antalyaya 13 min nümayəndə gəlmişdi. Sammit çərçivəsində yeddi böyük toplantı keçirilmiş, tədbirin gündəliyinə qlobal iqtisadiyyat məsələləri ilə yanaşı, terrorçuluğa qarşı mübarizə, qaçqın problemi kimi aktual mövzular da daxil edilmişdir.
“Böyük İyirmiliy”in Sammitində Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, siyasi və iqtisadi qüdrətinin dünya birliyi tərəfindən qəbul edilməsi deməkdir. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Sammitə ev sahibliyi edən Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi iki ölkə arasındakı qardaşlıq əlaqələrinin sıx tellərlə bağlandığını, “bir millət, iki dövlət” olduğunu bir daha təsdiq etdi. Bununla yanaşı, respublikamızın belə mötəbər tədbirə fəxri qonaq kimi dəvət olunması Azərbaycanın iqtisadi potensialına verilən yüksək dəyərin göstəricisidir. Son illərin iqtisadi və siyasi uğurları Azərbaycanı güclü iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzinə çevirib. Həm də ölkəmiz etibarlı və inamlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir.
Xatırladaq ki, Azərbaycan 2012-ci ildə də “Böyük İyirmiliy”in Meksikada keçirilən sammitinə dəvət edilmişdi. Bu, ölkəmizin qlobal iqtisadiyyata töhfə verməsi, dünya birliyində reytinqinin getdikcə yüksəlməsi kimi dəyərləndirilir. Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin – Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACİS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın belə nüfuzlu tədbirlərdə iştirakına böyük əhəmiyyət verilir.
Qeyd edildiyi kimi, “Böyük İyirmiliy”ə daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin üçdə iki hissəsi “Böyük İyirmiliy”in üzvü olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və Avropa İttifaqı ərazisində yaşayır. Bütün bunlar bir daha təsdiqləyir ki, Antalya Sammiti çox nüfuzlu və dünyanın diqqət mərkəzində olan tədbir idi və belə bir tədbirə ölkəmizin dəvət olunması həyata keçirilən siyasi strategiyanın növbəti uğuru hesab olunmalıdır.
Antalya Sammiti çərçivəsində keçirilən tədbirdə diqqət mərkəzində əsasən iqtisadiyyat, siyasət, sosial məsələlər olsa da, insan amili burada xüsusi qeyd edilmişdir. Son vaxtlar müxtəlif ölkələrdə baş verən terror hadisələri və bu zaman çoxsaylı dinc insanın həyatını itirməsi, yurd-yuvalarından didərgin salınmaları bir daha təsdiqləyir ki, dünyada sülhün bərqərar olması üçün əməkdaşlığın gücləndirilməsi zəruri amillərdən biridir. Məhz bu amilin xüsusi diqqət mərkəzində saxlanılması özünü Antalya Sammitinin Ankarada və Parisdə törədilmiş terror aktları qurbanlarının xatirəsinin yad olunması ilə başlanılmasında da büruzə vermişdi.
Terrorizmin bütün dünyada sülh və təhlükəsizliyə təhdid olmaqda davam etdiyini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa paytaxtında baş verən terror hadisəsini diqqətə çatdıraraq bildirmişdir: “Son illər Suriyada, bu ilin son dörd ayında Türkiyədə, daha sonra Parisdə törədilən terror aktları göstərdi ki, heç bir ölkə terrordan sığortalanmayıb”. Qeyd olunmuşdur ki, terrorla mübarizədə qəti addımlar atılmalıdır. Bu baxımdan Antalya Sammiti xüsusi əhəmiyyət kəsb edir. Sammitdə xüsusi olaraq vurğulanmışdır ki, dünyada sülhün bərqərar olması üçün dövlətlərin əməkdaşlığı gücləndirilməli və bu sahədə bütün imkanlardan istifadə olunmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış etmişdir. Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq, bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirmişdir. Azərbaycan Prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar bu ölkələrin xalqlarına başsağlığı vermiş və bildirmişdir ki, Azərbaycan Türkiyənin və Fransanın yanındadır. Axı, Azərbaycanın özü zaman-zaman erməni terror təşkilatlarının amansız terror aktlarının qurbanına çevrilib.
Respublikamızın rəhbəri Azərbaycan ilə qardaş Türkiyə arasında yüksək səviyyəli əlaqələrin mütəmadi inkişaf etdiyini, əməkdaşlığın getdikcə genişləndiyini diqqətə çatdırmış və Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırlatmışdır. İki dost və qardaş ölkə arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.
Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlara da toxunmuşdur. Ölkəmizin neft hasilatı sahəsində böyük tarixə və təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı dünyada ilk dəfə sənaye üsulu ilə dənizdə neftin Azərbaycanda çıxarıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, müstəqillik dövründə həyata keçirilən enerji layihələri, xüsusilə, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və bu müqavilənin dünyanın enerji xəritəsində tutduğu mühüm yer, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri böyük əhəmiyyət kəsb edir: “Həmin illərdən ötən dövr ərzində Azərbaycanın energetika sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənmiş və bu gün də uğurla davam edir...
Biz ümid edirik ki, “Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət etməyimizə görə Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı investorlarımız var. Həmçinin, Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə Prezident Obamaya minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz, xüsusilə, 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Həmçinin Böyük Britaniyanın Baş naziri Kemerona təşəkkür etmək istərdim. Böyük Britaniya artıq 20 ildən çoxdur ki, Azərbaycanda ən böyük sərmayədardır. Bu, bizə həm ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi. Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək. Qırx beş milyard dollar məbləğində olan sərmayələr hasil edilən qazın Xəzər dənizi sahilindən nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət, Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz artıq həmin əlaqələndirmənin, əməkdaşlığın nəticələrini görürük".
Zirvə toplantısının iştirakçılarına məlum olmuşdur ki, Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilsə də, potensial ehtiyatların həcmi 5 trilyon kubmetr təşkil edir. Belə həcm həm Azərbaycan, həm də qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir.
Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri diqqətə çatdırmış, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışmışdır.
Qürurverici haldır ki, Antalya Sammitinin yekunu ilə əlaqədar xüsusi nəşr buraxılmış və həmin nəşrdə dövlətimizin başçısının “Ümumi strategiyanın formalaşdırılması” adlı məqaləsi dərc olunmuşdur. Qeyd olunmuşdur ki, “G20"-nin Antalya Sammitində qəbul edilmiş qərarlar qlobal problemləri həll edən birgə fəaliyyətə dəstək olacaq.
Məqalədə bildirilir ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan dövlətlərinin birləşdiyi “Böyük İyirmilik” (G20) qlobal dünyanı narahat edən müxtəlif çağırışlara cavab vermək gücünə malik əlverişli platformadır. 2015-ci ildə “G20"-yə Türkiyənin sədrlik etməsi bizim region ölkələri, o cümlədən, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyə ötən dövrdə. həm “Böyük İyirmiliy”in üzvü olan dövlətlər, həm də “G20” ilə digər ölkələr arasında əlaqələrin inkişafına böyük diqqət yetirmiş, qarşılıqlı əməkdaşlıq şəraitində müsbət nəticələr əldə olunmasına sanballı töhfə vermişdir. Son dövrlərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Türkiyə dünyanın inkişaf etmiş dövlətlərindən birinə və təsirli güc mərkəzinə çevrilmişdir. Azərbaycan öz strateji müttəfiqinin uğurlarından, onun bölgədə getdikcə sülhün və təhlükəsizliyin əsas qarantlarından biri kimi çıxış etməsindən xüsusi məmnunluq duyur.
“Böyük İyirmiliyin” sammiti çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair qısa söhbətləri olub.
Antalya Sammitində Azərbaycanın təmsil olunması, dövlətimizin başçısının dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin dünya birliyində reytinqinin getdikcə artmasını sübut edən daha bir faktdır. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.