Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalqın gələcəyi təhsilin səviyyəsinə bağlıdır. Məhz təhsilin inkişafı istənilən ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi hesab edilir. Azərbaycanda da bu məsələ dövlətin diqqət mərkəzindədir.
Respublikamızda təhsilin inkişafı ilə bağlı atılan addımlar belə deməyə əsas verir ki, Azərbaycan davamlı inkişafı təmin etməklə öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə" sərəncam təhsilin səviyyəsinin daha da artırılmasına təkan verməklə yanaşı, strateji əhəmiyyətli insan kapitalınının inkişafına da müsbət təsir göstərəcək.
Təhsilə qayğı və dəstək göstərilməsi strateji əhəmiyyət kəsb edir. Çünki məhz güclü təhsil sayəsində qarşıya qoyulmuş vacib hədəflərə çatmaq mümkündür. Təbii sərvətlərlə zəngin olan Azərbaycanda da təhsilin inkişafı məsələsi həmişə diqqət mərkəzində saxlanılmış, təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi təcrübələrdən istifadə olunmuş və çoxaspektli layihələr həyata keçirilmişdir. Aparıcı dövlətlərin qabaqcıl təhsil sistemlərindən yararlanması da artıq ənənə halını almışdır. Təhsil ocaqlarında müəllim-tələbə, müəllim-şagird münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarmış islahatlar sayəsində tədris prosesinin təkmilləşdirilməsi yeni vüsət almış və savadlı kadrların hazırlanması işini xeyli yüngülləşdirmişdir. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir.
Qeyd etmək zəruridir ki, büdcədən ayrılmış vəsaitlər “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”na və “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya uyğun olaraq, təhsil sisteminin inkişafına yönəldilmiş dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, təhsil infrastrukturlarının müasir tələblərə uyğun qurulmasına, təhsilin məzmununun yeniləşməsinə və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş maliyyə təminatı yaratmışdır.
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə" sərəncama əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əyani formada oxuyan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Təhsil mütəxəssislərinin sözlərinə görə, dövlət başçısının imzaladığı bu sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edəcək. Yeni qaydanın tələbə təqaüdünün həqiqi təyinatını əks etdirdiyi və ədalət prinsipinə əsaslandığı bildirilir. Belə ki, sərəncama uyğun olaraq, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək.
Sərəncamın, həmçinin, bir sıra sosialyönümlü üstünlüklərə malik olduğu da vurğulanır. Belə ki, sənədin tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin, təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühiti yaratmağa imkan verəcək. Bu isə təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq. Belə bir sərəncamın imzalanması bir daha təsdiqləyir ki, Azərbaycanda təhsilin inkişafı kimi vacib amil dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilmişdir. Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış çoxsaylı addımlardan biri kimi qiymətləndirilən bu sərəncam elm potensialının daha da güclənməsinə və təhsilin cəmiyyətin qarşısında dayanan cağırışlara adekvat reaksiya göstərməsinə öz töhfəsini verəcək.
Azərbaycan sürətlə inkişaf edir və bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların uğurları, ilk növbədə, davamlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların, o cümlədən, insan kapitalının formalaşmasını aktuallaşdırır. Bu baxımdan təhsil, elm və texnologiyalar sahəsində təkmilləşmə prosesinin sürətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Son sərəncamın Azərbaycan elminin daha da inkişaf etməsinə, keyfiyyətli kadrların hazırlanmasına və aparılan elmi-tədqiqat işlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması prosesinə də müsbət təsir göstərəcəyi şübhə doğurmur.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.