Prezident İlham ƏLİYEV: Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Elm, təhsil tarix boyu cəmiyyətin inkişafında, dövlətin davamlı sosial-iqtisadi və mədəni tərəqqisinin təmin edilməsində  mühüm amillərdən biri olub. Müasir dövrdə də ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasında  elm və təhsilin böyük rolu var.

Respublikamızda elmin inkişafının, elmi-texniki potensialın qorunub saxlanılmasının, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının, onlara qayğı göstərilməsinin, cəmiyyətdə alimlərin və elmi işçilərin nüfuzunun artırılmasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu hər birimizə bəllidir. Ümummilli liderin elm və təhsilin inkişafını həyata keçirdiyi siyasətin prioriteti hesab etməsi və bu sahəyə dövlət səviyyəsində qayğı göstərməsi  xalqın milli-mədəni tərəqqisi istiqamətində atılmış addım idi. Elmin, təhsilin inkişafı, şübhəsiz ki, dövlətçiliyin möhkəmləndirilməsində də mühüm əhəmiyyət kəsb edir.

Bu, bir  həqiqətdir ki, milləti  inkişafdan saxlamaq, zəlil gününə qoymaq üçün onu elmdən, təhsildən məhrum etmək kifayətdir. Məhz bu kontekstən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Hələ sərt sovet rejimində respublikaya rəhbərlik etdiyi dövrdə  ulu öndər Azərbaycan alimlərinin milli maraqlarını ön plana çəkir, onların ölkənin siyasi-iqtisadi və mədəni həyatında mühüm mövqelər qazanmalarına əlverişli şərait yaradır, elm və təhsilin inkişafı üçün bütün imkanlardan istifadə edirdi.

Respublikanın hərətəfli inkişafında, dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasında, sosial-iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulmasında elm və təhsilin rolu danılmazdır. Heydər Əliyevin bu sahədə  köklü islahatlar aparması həyata keçirdiyi siyasətin prioritetinə çevrilmişdir.

Müasir dünya gerçəkliklərinə yaxından bələd olan, mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək qabiliyyətinə malik olan milli  kadrların  yetişdirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Məhz bu baxımdan ulu öndər azərbaycanlı gənclərin  keçmiş SSRİ-nin müxtəlif ölkələrində təhsil almalarını təşkil etmiş, sonra isə onların Azərbaycanda işləmələri üçün əlverişli şərait yaratmışdır. Bütün bunlar hərtərəfli biliyə malik olan milli kadrların yetişdirilməsində əvəzsiz rol oynamışdır.

Heydər Əliyev  Milli Elmlər Akademiyasının potensialının və texniki bazasının gücləndirilməsini və ölkədə fundamental elmi tədqiqatların aparılmasını daim diqqət mərkəzində saxlayırdı: “Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir” – fikri də akademiyanın potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yönəlmişdir.

SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyəti ələ keçirmiş dövlət idarəçiliyində naşı olanların öz şəxsi maraqlarını hər şeydən üstün tutmaları elm və təhsilin inkişafını da tənəzzülə sürükləmişdi . Hətta iş o yerə çatmışdı ki,  həmin dövrdə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü 1992-ci ildə  Milli Elmlər  Akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Bu, ölkəni yarıtmaz idarə edən hakimiyyətin növbəti antimilli mövqeyi idi. Ölkə rəhbərliyinin “Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur” – kimi gülünc və acınacaqlı fikri ciddi etirazlarla qarşılanmışdı. Belə üzdəniraq rəhbərlər dərk etmirdilər ki, elmi, elm ocaqlarını məhv etmək dövləti və dövlətçiliyi məhv etmək deməkdir.

Xalqın təkidi ilə müstəqil Azərbaycanda rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev ictimaiyyətlə ilk görüşünü məhz Milli Elmlər Akademiyasının binasında keçirməklə sübut etdi ki, elm, təhsil xalqın gələcəyidir. Ölkəyə rəhbərlik etdiyi illərdə onun elmə, elm xadimlərinə böyük diqqət və qayğı göstərməsi də dediklərimizin təsdiqi idi. Məhz ulu öndər Heydər Əlıyevin son 45 ildə ölkə elminin və Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsində və inkişafındakı xidmətləri misilsiz olmuşdur.

Ümummilli lider Heydər Əliyevin elmin inkişafına və elm xadimlərinə olan xüsusi diqqət və qayğısı siyasətini uğurla davam etdirən  Prezident  İlham Əliyev Azərbaycanın elm potensialının fövqündə dayanaraq, bu sahənin tərəqqisini diqqət mərkəzində saxlamış, alimlər, elm xadimlərini yüksək dəyərləndirmiş və elmin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Dövlətimizin başçısının ölkəmizə rəhbərlik etdiyi illər ərzində, başqa sahələrdə olduğu kimi, elmdə də  böyük nailiyyətlər və uğurlar əldə olunub. Ölkə rəhbərinin elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” və  “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”,  həmçinin, 2012-ci ilin dekabr ayında xüsusi fərmanla təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası mühüm yer tutur. Bu sənədlər qloballaşma prosesinin və informasiya cəmiyyətinin qarşımızda yeni hədəflər qoyduğu bir mərhələdə elm xadimlərini dövrün çağırışlarına cavab verməyə səfərbər edir. Mürəkkəb və ziddiyyətli bir mərhələdə - qloballaşma və modernləşmə kursunun inamla həyata keçirildiyi bir dövrdə, milli elmimizin əsas inkişaf istiqamətlərini, məqsədlərini və vəzifələrini müəyyən edən, proqram əhəmiyyətli bu sənədlər elmin inkişafında müstəsna dəyərə malikdir.

Ölkə başçısının 21 oktyabar 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu ölkədə fundamental elmi tədqiqatların stimullaşdırılması, təbii resursların, mədəni və tarixi irsin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək  məqəsdilə yaradılmışdır.

Göründüyü kimi, elmin inkişafı ölkə Prezidentinin həyata keçirdiyi siyasi strategiyanın prioritetini təşkil edir. Dövlətimizin başçısı bu il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda proqram xarakterli çıxışında da  elmin inkişafı üzrə strateji hədəfləri və prioritetləri müəyyənləşdirmişdir.

Azərbaycan Prezidenti 70 ildə AMEA-nın böyük və uğurlu yol keçdiyini, ölkəmizin intellektual potensialının möhkəmləndirilməsinə və kadr hazırlığı işinə çox dəyərli töhfələr verdiyini, ölkəmizin ümumi inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmalarını apararaq, ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirdiyini yüksək qiymətləndirmişdir. Bir daha vurğulanmışdır ki, Azərbaycanda elmin inkişafı bu gün dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni, milli təhlükəsizlik və digər sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısı alimlərimizin ölkəmizin hərtərəfli inkişafında fəal rol oynamasının böyük əhəmiyyət kəsb etdiyini də  diqqətə çatdırmışdır: “Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”. Respublikamızın rəhbəri qeyd etmişdir ki, Azərbaycan da o ölkələrin sırasında olmalıdır: “Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər”.

Azərbaycan Prezidenti  alimlərin qarşısında duran vəzifələrdən də söhbət açaraq demişdir: “Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”.

Azərbaycanın artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərdiyini diqqətə çatdıran ölkə rəhbəri demişdir ki, bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir: “Əlbəttə, biz də dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə, minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq məkanıdır. Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək”.

Azərbaycan xalqını bir xalq kimi yaşadan  mədəniyyətimizin, incəsənətimizin, musiqimizin, xalçaçılıq sənətinin və digər ənənələrimizin olduğunu bildirən ölkə rəhbəri  bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dilinin dayandığını vurğulamışdır: “Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə  dövlət səviyyəsində həyata keçirilən tədbirlər və qəbul edilən qanunlar deməyə əsas verir ki, digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərə imza atılacaq. Alim, elm xadimi, ümumiyyətlə, ziyalılar elm və təhsil qarşısında duran, xalqın gələcək taleyini müəyyənləşdirən bu məsələlərə biganə qalmamalı, bütün potensialını elmin və təhsilin inkişafına sərf etməlidirlər. Prezident İlham Əliyev yubiley yığıncağında demişdir: “...Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir...”

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında