Müasir Azərbaycanın müstəqillik tarixində müstəsna rol oynamış Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 illiyi münasibətilə Xətai rayonunda keçirilən tədbir partiyanın qurucusu, milli dövlətçiliyimizin və müstəqilliyimizin xilaskarı Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlandı. İştirakçılar ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub xatirəsini ehtiramla yad etdikdən sonra YAP Xətai rayon təşkilatının iclas zalına toplaşdılar.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov təbrik nitqi ilə toplantını açdıqdan sonra partiyanın tarixi haqqında geniş məlumat verdi. Natiq YAP-ın inkişaf yoluna nəzər salaraq bildirdi ki, 23 il əvvəl —1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli idealları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.
1993-cü ilin iyunundan etibarən ölkədə ictimai-siyasi sabitliyi təmin edən böyük strateq Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını göstərmişdir. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman regionda gedən qlobal proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.
Toplantıda iştirak edən Milli Məclisin deputatları Eldar İbrahimov və Səməd Seyidov, professor Adil Babayev də təbrik nitqi ilə çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının 23 illik tarixi Azərbaycanın şərəf tarixidir. Bu tarixə nəzər salanda aydın görünür ki, YAP həmişəki kimi bu gün də Azərbaycanın siyasi taleyində müstəsna rol oynamaqdadır. Məhz hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli liderləri – ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin xalqla sarsılmaz birliyi ötən illərdə Azərbaycanın inanılmaz intibah yolu keçməsinə, qısa bir dövrdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə imkan yaratmışdır.
2003-cü ildən ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini inamla davam etdirən, sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirən Prezident İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən ən mühüm məqamlardan biri də dövlət rəhbərimizin kifayət qədər təkmil siyasi təlimə - ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Bu təlim Azərbaycanın müstəqilliyinə, onun əbədi, dönməz xarakter daşımasına təminat vermişdir. Dövlət başçısı İlham Əliyev qısa zamanda yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona etibar etməkdə heç də yanılmamışdır.
Toplantıda çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov isə bildirdi ki, Yeni Azərbaycan Partiyasının gücünün, qüdrətinin birinci mənbəyi ümummilli lider Heydər Əliyev amilidir. İkinci mənbəyi onun hazırki sədri İlham Əliyev amili və onun modern, müasir və güclü bir Azərbaycan qurmasıdır. Üçüncü mənbə isə partiyanın 600 mindən çox üzvünün Heydər Əliyev amallarına, İlham Əliyev strateji xəttinə və şəxsiyyətinə sonsuz inamıdır.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin idarə etdiyi müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş və sarsılmaz etmişdir.
R.Məmmədov çıxışını tamamlayaraq bildirmişdir ki, bu gün hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli lideri möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə YAP Xətai rayon təşkilatının çoxminli üzvlərinin də sadiq qalaraq, bu mərama xidmət göstərmələri, onların gerçəkləşməsində yaxından iştirak etmələri bizə son dərəcə böyük qürur verir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya biletləri təqdim olundu və ümummilli lider Heydər Əliyevin partiya quruculuğu fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirildi.
İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV(foto),
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.