Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Paris, 17 noyabr, 2015-ci il
Ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən sonra ən uzunmüddətli və səmərəli əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT və həmin təşkilatın ən mühüm qurumlarından olan UNESCO-dur. Hətta dövlətimiz bu qurumla əməkdaşlıq çərçivəsində bir sıra beynəlxalq tədbirlərin müştərək keçirilməsinə də nail olmuşdur. Azərbaycan rəhbərlərinin UNESCO-ya, UNESCO rəhbərlərinin isə ölkəmizə səfərləri bu əməkdaşlığın daha da səmərəli olmasını təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir neçə gün öncə UNESCO qərargahına növbəti səfərləri də əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verirdi.
Məlum olduğu kimi, bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Hələ bir neçə ay qabaqcadan dünya mətbuatı yazırdı ki, bu təşkilatın yaradılmasının 70 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan rəhbərliyinin iştirak etdiyi UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın yaradılmasının 70 illiyinə həsr edilmişdi. Təbii ki, ölkəmizin əsas tərəfdaşlarından olan bir qurumun konfransında səsləndirilən bütün çıxışlar və hətta, fikirlərin hamısı bizim üçün önəmli və maraqlı idi. Ancaq sessiyanın sədri, Namibiyanın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Stanley Mutumba Simataanın Azərbaycan Prezidentinə söz verərkən bizim haqqımızda səsləndirdiyi fikirlər istənilən azərbaycanlı üçün məmnunluq gətirdi. Spiker qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası sürətli iqtisadi artıma nail olaraq UNESCO-nun etibarlı tərəfdaşına çevrilmiş və təşkilatımızın mandatına uyğun bütün sahələrdə UNESCO-ya dəstək göstərmişdir: “Zati-alilərinin “Bakı prosesi” təşəbbüsü ilə çıxış etməsini xüsusi vurğulamaq istəyirəm. Bu təşəbbüs iki fərqli coğrafi regiona mənsub olan mədəniyyət nazirlərini bir araya gətirməklə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatını əhatə edir. Ötən illər ərzində Azərbaycan mədəniyyətlərarası dialoq üzrə üç dünya forumuna müvəffəqiyyətlə ev sahibliyi edib və yaxın gələcəkdə BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumunu təşkil edəcək. Bütün bunlar Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə sadiq qalmasının göstəricisidir".
Bütün beynəlxalq təşkilatların tribunasından çıxış edərkən siyasətin və diplomatiyanın ən incə məqamlarından belə məharətlə istifadə edən Azərbaycan Prezidenti UNESCO tribunasından da müasir Azərbaycan həqiqətlərini böyük məharətlə dilə gətirdi. Dövlət başçımızın əvvəlcə, noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı verməsi, Azərbaycan xalqının Fransa xalqının kədərini bölüşdüyünü dilə gətirməsi və Fransa Respublikasının tarixində bu faciəli məqamda xalqımızın Fransa xalqı ilə çiyin-çiyinə dayandığını bildirməsi, sözün həqiqi mənasında, Azərbaycan həqiqətləri idi. Eləcə də, dövlət başçımızın “beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir” – çağırışı da rəsmi Bakının bu məsələ ilə bağlı illərdən bəri səsləndirdiyi təkliflərin biri, yəni Azərbaycan həqiqəti idi. Çünki: “Dünyanın heç bir ölkəsinə bu cür hücumlara məruz qalmayacağı barədə yüz faiz zəmanət verilə bilməz. Buna görə də beynəlxalq ictimaiyyətin birgə səyləri bizə bu bəla ilə mübarizə aparmağa kömək edə bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir”.
Ölkəmizin UNESCO ilə əməkdaşlığının tarixçəsini yada salan, bu tarixçənin hər iki tərəfə kifayət qədər üzağlığı gətirən çoxsaylı faktlarla zəngin olduğunu qeyd edən dövlət başçımız rəsmi Bakı tərəfindən atılmış addımların götürülmüş öhdəliklərin yerinə yetirilməli olduğunu söylədi: “Azərbaycan UNESCO-nun fəal üzvüdür. 23 ildən artıqdır, demək olar ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra, Azərbaycan UNESCO-nun üzvü olmuşdur və bəşəri dəyərlərin təşviqində öz rolunu oynamaqdadır. Azərbaycan, demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzalamış və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Bu da Azərbaycana UNESCO donorlarından birinə çevrilmək imkanı vermişdir. Bu, ən zəif inkişaf etmiş ölkələr qarşısında bizim öhdəliyimizdir”. Dövlət başçımızın da dediyi kimi, bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Prezident fəxrlə yada salır ki, bizim ən böyük siyasi və diplomatik uğurumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz olub: “Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin tanınması və bizim nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi Təhlükəsizlik Şurasında sədrlik etdiyimiz iki il ərzində biz diqqəti iki vacib məsələyə yönəltdik. Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə və mədəniyyətlərarası dialoqdur. Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə öz ölkəmizdə məcburi köçkünə çevrilmişdir”.
Məlum olduğu kimi, bu gün Avropanı və bütövlükdə, dünyanı ən çox narahat edən məsələlərdən biri də Avrasiyada yaşanan miqrantlar problemidir. Bir tərəfdən hansısa dövlətin və ya siyasətçilərin səhvi üzündən milyonlarla insan yüz illərlə yaşadığı ata-baba torpaqlarından, ən başlıcası Vətənindən didərgin düşür, öz mədəniyyətini, milli-mənəvi dəyərlərini itirmək qorxusu ilə üz-üzə qalır, digər tərəfdən isə əksər Avropa ölkələrinin əsrlərdən bəri yaratdığı nizam, daxili sabitlik pozulmaq təhlükəsini yaşayır. Kimin – didərgin salınanınmı, yaxud milyonlarla köçkünü qəbul edib yerləşdirmək çətinliyi ilə üzləşənlərinmi – probleminin daha ağır olduğunu söyləməkdə ekspertlər belə çətinlik çəkirlər. Fakt isə ondan ibarətdir ki, hər iki tərəf bu çətinliyi yaşayır. Digər bir fakt isə ondan ibarətdir ki, Azərbaycan Respublikası həmin problemləri hələ 20 il qabaq yaşamışdı. Bəzi xarici dairələrin havadarlıq edərək quduzlaşdırdığı Ermənistanın işğalçılıq siyasəti bizə Avropanın bu gün yaşadıqlarını ötən əsrin son onilliyinin əvvəllərində yaşatmışdı. Prezident İlham Əliyev Parisdə həmin faktları bütün dünyanın eşidə biləcəyi tərzdə yada saldı: “Bu gün televiziyada Avropanın üzləşdiyi miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən, əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində qalan insanların ağrısını başa düşürük. Eyni zamanda, biz bu prosesin Avropada yaşayanlar üçün çətinliklər törətdiyini də anlayırıq. Lakin, eyni zamanda, 1992-1993-cü illəri xatırlayırıq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik. O vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz milyondan bir az artıq idi. Beləliklə, bu, dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizin inkişafında çox vacib rol oynayırlar”.
Bütün bunlar haqqında – yəni Azərbaycan həqiqətləri barədə əhatəli şəkildə danışan dövlət başçımız, eyni zamanda, tədbir iştirakçılarının diqqətini dünya həqiqətlərinin üzərinə çəkdi. Həmin həqiqətlər isə əslində dünya ictimaiyyətinin bəzi ikiüzlü və ikili standartlardan əl çəkə bilməyən nümayəndələrinin sifətinə endirilən sillə effekti yaradırdı: “ Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmlərini təkmilləşdirməliyik ki, ikili standartlara yol verilməsin. Çünki biz hamımız bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə, hətta bir neçə saata icra olunur. Lakin bizim timsalımızda 20 ildən artıqdır ki, danışıqlar masasında heç bir irəliləyiş yoxdur, çünki Ermənistan sülh istəmir. Onlar bizimlə sülh şəraitində yaşamaq istəmirlər. Onlar imkanları olduğu qədər işğalçılıq siyasətini davam etdirmək istəyirlər və əfsuslar olsun ki, bu günə qədər buna nail ola biliblər”.
Azərbaycan Prezidenti dünyanın ən böyük humanitar təşkilatının tribunasından Azərbaycan xalqının üzləşdiyi humanitar fəlakətə necə böyük tolerantlıqla münasibət bildirdiyini car çəkdi: “Siz bu vəziyyətlə video və rəsmlərlə, internet vasitəsilə tanış ola bilərsiniz. Azərbaycanın 600-dən çox tarixi və memarlıq abidəsi erməni silahlı qüvvələri tərəfindən tamamilə məhv edilmişdir. Daxilində 40 min eksponat sərgilənən 22 muzey məhv edilmişdir. O cümlədən bizim tarixi irsimizə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır. Erməni işğalçıları tərəfindən 10 məscid yerlə-yeksan olunmuşdur. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa olunmuş erməni kilsəsini görə bilərsiniz. Bu, multikulturalizmə olan yanaşmada bir fərqdir, bu, dini tolerantlığa olan yanaşmada bir fərqdir və bu, bir daha terrorizmin heç bir dinə, milli mənsubiyyətə aid olmadığını nümayiş etdirir”.
Yeri gəlmişkən, bu gün dünyanın əsas kütləvi informasiya vasitələri planetin müxtəlif guşələrində rəvac verilən antiislam məzmunlu tədbirlər haqqında qorxulu xəbərlər yayırlar. Bəzi gözəgörünməz qüvvələr bütün terrorların, guya müsəlmanlar tərəfindən törədildiyini söyləməklə antiislam əhval-ruhiyyəni daha da qızışdırmağa çalışırlar. Azərbaycan Prezidenti Bakıda keçirilən beynəlxalq tədbirlərdə dönə-dönə söyləmişdir ki, terrorçunu cəzalandırmaqla bu murdar əməlin qarşısını almaq mümkün deyil, bunun üçün terroru törədən səbəblər öyrənilməli və aradan qaldırılmalıdır. Bundan başqa. Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, kiminsə, kimdənsə qisas almaq üçün törətdiyi cinayət əməlləri də daxil olmaqla, bütün terror əməllərinin İslam dininin adı ilə bağlanılması tamamilə yolverilməzdir. Dövlət başçımız Parisdə də həmin məsələyə toxundu və konkret mövqe ortaya qoydu: “İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir”.
Dövlət başçımızın Paris səfəri barədə qələmə aldığımız sətirləri bilavasitə zamanın bəşər övladının qarşısında qoyduğu sülh və barış məzmunlu çağırışlarla bitirmək daha yerinə düşərdi. Həmin çağırışı Prezident İlham Əliyev Parisdə bu şəkildə dilə gətirdi: “Bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var. “Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.