İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini artıracaq

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 17-də İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Filip Ştalder ilə görüşüb. 

Dövlət Komitəsindən bildiriblər ki, tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Baş nazirin müavini bu təyinatın Azərbaycan ilə İsveçrə arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib. Ölkələrimizin mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayan Baş nazirin müavini qarşıdakı illərdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Siyasi, mədəni, humanitar, iqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunması ölkələrimiz arasında mövcud hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Əli Həsənov səfirə Azərbaycan həqiqətləri, ölkəmizdə gedən inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib. Qeyd edilib ki, havadarlarının köməyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları heç bir nəticə verməyib. Münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Çünki bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir.

Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla, ədalətsizliklərlə üzləşdiyini söyləyən Əli Həsənov bunun qəbuledilməz olduğunu bildirərək deyib: “Bizə deyirlər ki, xalqlar arasında etimad yaradılmalıdır. Biz ermənilərlə 200 il bir yerdə yaşamışıq. Əgər etimad olmasaydı, 200 il bir yerdə necə yaşaya bilərdik?”.

Baş nazirin müavini diqqətə çatdırıb ki, 30 il bundan qabaq dünyada qaçqın və məcburi köçkünlərin sayı 35 milyon idi. Bu gün isə onların sayı 60 milyonu keçib və 70 ölkəni əhatə edir. Münaqişələrin heç biri həllini tapmır. Çünki böyük dövlətlər bu problemləri həll etmək istəmirlər, səbəbini də demirlər.

Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan Baş nazirin müavini deyib: “Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bizə isə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyirlər. Azərbaycanın 1 milyon 200 min insanı 22 ildir ki, qaçqın, köçkün vəziyyətindədir. Onların günahı nədir?”

Əli Həsənov diqqətə çatdırıb ki, bu günlərdə qardaş Türkiyədə keçirilən “Böyük İyirmiliy”in (G20) Antalya Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dəvət edilməsindən, dövlətimizin başçısının çıxış edərək ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasından qürur duyuruq. Bu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin növbəti nümunəsidir.  

Baş nazirin müavini bildirib: “Böyük İyirmiliy”in Antalya Sammitində dövlətlər qərara gəldilər ki, terrora qarşı birgə mübarizə aparmalıdırlar. Bəs indiyə qədər bunları bilmirdilər? Bu münaqişələri kimlər yaradır? Münaqişə öz-özünə yaranmır. Bu münaqişələri böyük dövlətlər yaradır. Dünyanın böyük ölkələri iqtisadi, siyasi maraqlarını, coğrafi mövqelərini, regionlardakı təsir dairələrini genişləndirmək üçün bu münaqişələri yaradırlar. Bu, həmişə belə olub, indi də belədir. Bu münaqişəni yaradanlar özləri indi onunla qarşılaşırlar".

Əli Həsənov qeyd edib ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən illərdə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib. Azərbaycan isə müstəqilliyini bərpa edəndən sonra demokratik, hüquqi dövlət qurub.

Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Son on ildə ölkəmizdə iki dəfə dinlərarası beynəlxalq konfrans keçirilib. Bu tədbirlərdə 160-dək ölkənin dini rəhbərləri iştirak ediblər. Ərazilərimizin işğal olunmasına baxmayaraq, Azərbaycan MDB məkanında ən sabit, təhlükəsiz ölkədir.

Baş nazirin müavini deyib: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm uğurlar qazanır. Artıq bir neçə ildir ki, Prezident İlham Əliyev beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi - bu rəqəm artıq 5 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Nəticələr də göz qabağındadır. BMT-nin hesabatlarında Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur”.

Ölkəmizin MDB məkanında müstəqil siyasət yürütdüyünü deyən Əli Həsənov bildirib ki, ölkəmiz dünyada ən layiqli yerini tutub. Azərbaycan inkişaf tempinə görə BMT-nin göstəricilərində dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil edilib. Azərbaycanda son on ildə 1 milyon 300 min yeni iş yeri yaradılıb. İnsanların normal yaşaması üçün hər cür şərait var. Məqsəd 2020-ci ilədək neftdən asılılıqdan qurtulmaq, yoxsulluğu tam aradan qaldırmaqdır. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Artıq bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər.

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. Baş nazirin müavini bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycanda artıq 12 ildir fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, bu müddətdə müxtəlif sahələri əhatə edən proqramlar həyata keçirilib. Bu proqramlar xüsusilə işğal altındakı ərazilərə yaxın rayonlarda və tam işğal olunmamış Ağdam və Füzuli rayonlarında reallaşdırılır. Azərbaycan Hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən isveçrəli diplomat Azərbaycan Hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. Filip Ştalder vurğulayıb ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq.

Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyən diplomat Azərbaycanın nəinki İsveçrə, həmçinin bütün qitə üçün əhəmiyyətinin getdikcə artdığını qeyd edib. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Filip Ştalder ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında