Müstəqil Azərbaycanın 1918-ci ildə dövlət rəmzi kimi qəbul edilən bayrağı 70 il sonra – 1988-ci ilin 17 noyabrında Azadlıq meydanında qaldırıldı. Yüz minlərlə azərbaycanlı Ermənistanın Azərbaycana təcavüzünə – Dağlıq Qarabağda törətdiyi qanlı təxribatlara və Moskvanın münaqişədə ikili siyasətinə etiraz əlaməti olaraq, o zaman bu meydanda toplaşmışdı. O zaman Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi Azərbaycan xalqını ayağa qaldırmışdı.
Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində görünməyən mübarizə başlayır. Bu, xalq hərəkatı idi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı – 1988-ci il noyabrın 17- dən başlayan meydan hərəkatı azad Azərbaycan uğrunda savaşın təməlini qoydu. Meydan dağıldıqdan sonra həbs olunanlara qarşı irəli sürülən ittihamlardan biri də “əksinqilabi üçrəngli bayrağın qaldırılması” ittihamı idi. İndi o ittiham və həbslərdən 27 il keçsə də, ölkəmizdə bu tarix milli dirçəlişin başlanğıcı kimi yad edilir.
1990-cı ilin 17 noyabrı, Naxçıvan...
İkinci dəfə müstəqilliyimizi qazanmaq ərəfəsində üçrəngli bayrağımızın ilk dəfə rəsmiləşdirilməsi tarixi iki il sonraya – 1990-cı ilin 17 noyabrının və Naxçıvanın taleyinə yazılıbmış. 1990-cı ilin iyulunda ümummilli lider Heydər Əliyevin doğulub-böyüdüyü Naxçıvana dönüşü döğma diyarda böyük coşğu ilə qarşılanmışdı. 20 Yanvar Bakı qırğını ilə bağlı İttifaq və respublika rəhbərlərini kəskin tənqid etdiyinə görə ciddi siyasi təqiblərə məruz qalmış bu böyük insan Vətənə pənah gətirmişdi. Onu Naxçıvan şəhərindəki mərkəzi meydanda minlərlə insan ən əziz adamı kimi qarşılamışdı. Ayaqları altında qurbanlar kəsilən ümummilli lider Heydər Əliyev isə blokada şəraitində yaşayan naxçıvanlıların son ümid yeri olmuşdu.
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli o günləri belə xatırlayır:
– Onda hadisələrin necə cərəyan edəcəyini müəyyənləşdirmək olduqca cətin idi. Adamlar çaşqınlıq içərisində idi. Hadisələrin gedişi və Naxçıvana qərəzli münasibət ancaq ümidsizlik yaradırdı. Naxçıvan o zamankı İttifaq və respublika rəhbərlərinin nəzərində arzuedilməz bir məkana çevrilmişdi. Belə bir məqamda dünya miqyaslı siyasətçi və zəmanənin tanınmış dövlət xadimi Heydər Əliyevin Naxçıvana dönüşü adi hadisə deyildi. Digər tərəfdən, o, siyasi təqiblərə, vaxtilə yetişdirib partiya və sovet orqanlarında yüksək vəzifə kürsülərinə çəkdiyi “partiya-sovet xadimlərinin” laqeydliyi, nankorluğu ilə üzləşmiş və onların haqsız böhtanlarına məruz qalmışdı.
Naxçıvanda o zaman hadisələrin hansı məcrada getdiyinə yığcam bir nəzər salsaq görərik ki, muxtar respublika Azərbaycandan təcrid edilmiş, blokada vəziyyətində yaşasa da, bütün ağrı-acılara sinə gərir və haqq mübarizəsini davam etdirirdi. 1990- cı ilin 19-20 yanvar gecəsində “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə “Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan” bu muxtar respublika SSRİ- nin tərkibindən çıxdığını elan etmişdi.
Akademikin dediklərinin davamı olaraq bildirək ki, o günlərdə Naxçıvanda adamların siyasi coşğunluğu səngimək bilmirdi. Belə bir vaxtda Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri keçirildi. 1990-cı il 30 sentyabr seçkilərində seçkilərin birinci turunda Heydər Əlirza oğlu Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR-in xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən Naxçıvan şəhərinin seçiciləri tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatı seçildi. Bütün bunlar hələ başlanğıc olmaqla, ən yeni tariximizin başlanğıcı idi. Qarşıda hələ çox böyük işlər dururdu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı birmənalı olaraq xalqın tələbi idi. O dövrdə – “AzərTAC”ın (onda “Azərinform” idi) Naxçıvanda xüsusi müxbiri olarkən Culfa Rayon Partiya Komitəsinin birinci katibi işləyən mərhum Ənvər Hüseynovun çox boyük inamla söylədiyi fikirlər indiki kimi yadımdadır: “Heydər Əliyevin dönüşü təkcə Naxçıvanın yox, həm də bütün Azərbaycanın xilası olacaq. Ən yaxın günlərdə Naxçıvan çox böyük və misli görünməyən tarixi qərarlara imza atacaq. O gün çox yaxındadır. Biz bunları görəcəyik, biz bu hadisələrin təkcə şahidi yox, həm də iştirakçıları olacağıq”.
Bu söhbətimizdən bir gün sonra, 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə on ikinci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası keçirildi. Həmin sessiya Heydər Əliyevin sədrliyi ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarları qəbul etdi.
Azərbaycan rəhbərliyi Naxçıvanın
siyasi iradəsinin qarşısını kəsə bilmədi
Siyasi Maarif evində (Naxçıvan Şəhər İcra Hakimiyyətinin indiki binası) işinə başlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi birinci sessiyasının iştirakçıları sırasında bölgə müxbiri kimi mən də var idim. Naxçıvan MSSR Ali Sovetinin o vaxtkı şöbə müdiri, tanınmış pedaqoq Nazim Əkbərov tarixi sessiyanı belə xatırlayır:
— Sessiya indiyədək keçirilən iclaslardan əsaslı şəkildə fərqli olduğundan buna çox ciddi hazırlıq tələb olunurdu və işlər sürətlə gedirdi. İlk dəfə biz Moskva və Bakıdan fərqli bir iş görməyə çalışırdıq, çünki o zamankı müttəfiq və muxtar respublikaların ali sovetləri rəyasət heyətlərinin vəzifəsi Sov. İKP Mərkəzi Komitəsinin qəbul etdiyi siyasi xətti qanun halına salmaqdan ibarət olduğundan və bu strategiya və taktika yalnız Moskvada müəyyən edildiyindən bizə, yəni yerli ali sovetlərə düşən iş SSRİ Ali Soveti tərəfindən qəbul edilən qanun və digər qanunvericilik aktlarını kiçicik redaktə etmək, onu “yerliləşdirmək” idi. Bir çox hallarda “SSRİ” sözü yerinə – müvafiq olaraq, “Azərbaycan SSR”, “Naxçıvan MSSR”; “SSRİ Ali Soveti” yerinə - “Azərbaycan SSR Ali Soveti ”, “Naxçıvan MSSR Ali Soveti”; “SSRİ Ali Soveti Rəyasət Heyəti” əvəzinə - “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti”, “Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyəti”, “SSRİ qanunları və qanunvericilik aktları” yerinə - “Azərbaycan SSR qanunları və qanunvericilik aktları”, “Naxçıvan MSSR qanunları və qanunvericilik aktları” yazılırdı.
Bu dəfə isə mənzərə başqa idi. Azərbaycan SSR rəhbərliyi hələ də müstəqil qanunlar qəbul etmək istəmirdi. Naxçıvan MSSR isə SSRİ tərkibində qalmaq fikrində deyildi. Olduqca ciddi bir ziddiyyət mövcud idi. Azərbaycan rəhbərliyi Naxçıvanın siyasi iradəsinə müdaxilə edə bilmirdi. Heydər Əliyevin, həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi, üstəlik, bir neçə nəzərdə tutulmayan adamın Naxçıvandan Azərbaycana deputat seçilməsi Bakıda rəhbərliyi çətin vəziyyətə salmışdı.
Sessiya günü “yoxa çıxan”
Dövlət bayrağı
Nazim Əkbərov sözünə davam edərək deyir ki, noyabrın 17-də sessiya öz işinə başladı. Bu vaxt çox qəribə bir hadisə baş verdi. Arxivdə Ali Sovetin sessiya, Rəyasət Heyətinin iclas sənədləri ilə birlikdə, həm də Naxçıvan MSSR-in Dövlət bayrağı və Naxçıvan MSSR-in təltif edildiyi keçici qırmızı bayraqlar da saxlanılırdı. Bayraqlar xarab olmasın deyə, xüsusi tikilmiş örtüklər altında saxlanılır, sessiyalarda, təntənəli mərasimlərdə çıxarılıb iclas salonuna qoyulurdu. Sessiya günü mən səhər arxivinə girib Naxçıvan MSSR-in Dövlət bayrağını Siyasi Maarif evinə aparmaq istədikdə, bayrağı tapa bilmədim. Vaxt keçir, bayraq isə tapılmırdı ki, tapılmırdı. Onun oğurlanması praktiki baxımdan mümkün idi, lakin izsiz-tozsuz yoxa çıxması mümkün deyildi. Əlacsız qalıb gilənarı rəngdə məxmərdən tikilmiş, ətrafı saçaqlı rəmzi bayrağı götürüb Siyasi Maarif evinə getdim və onu səhnəyə qoydum. Sonralar bildim ki, bayraq sessiyanın işini pozmaq üçün Mərkəzə bağlı xüsusi xidmət orqanları tərəfindən “oğurladılıbmış”.
Deputatların təklifi ilə ağsaqqal deputat kimi, Heydər Əliyev sessiyanın sədri seçildi və öz yerini tutdu. Noyabr ayının ortası olmasına baxmayaraq, salonda hava bayırdan da soyuq idi. Heydər Əliyevin də üşüdüyü hiss olunurdu, kostyumda idi. Nəhayət, ümummilli lider sesiyanı açaraq bildirdi ki, gündəlikdə Naxçıvanın və dövlət rəmzləri, birinci növbədə bayraq məsələsi durur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda, Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin.
Həqiqi liderlə xalqın birliyi
İclasda üçüncü təklif qəbul olundu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanından xahiş etdi ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının milli- tarixi ənənələrinə uyğun olaraq, yeni dövlət rəmzləri – bayrağı, gerbi və himni qəbul olunsun. Qərar yekdilliklə qəbul olundu.
Beləliklə, həmin gün Naxçıvan MR Ali Məclisinin birinci sessiyası özünün birinci iclasını tarixi qərarlar qəbul etməklə başa çatdırdı. Bu, Azərbaycan tarixində o vaxtadək rast gəlinməyən inqilabi hadisə idi. 1990-cı ilin yanvarın 19-dan-20-nə keçən gecə Naxçıvan parlamenti SSRİ- nin tərkibindən çıxmaq barədə qəbul etdiyi qərarı ilə SSRİ- nin xəyanətkar iqtidarına vurduğu zərbədən daha ağırını məhz həmin gün respublikanın adını, bayrağını dəyişməklə daha da irəli apardı.
Bu, Heydər Əliyev şəxsiyyətinin, onun siyasi təcrübəsinin uğurlu nəticəsi idi. Lakin ən mühüm olanı bu idi ki, Naxçıvan kimi ucqar, həm də Azərbaycandan təcrid edilmiş, blokada şəraitinə salınmış qədim Azərbaycan torpağında həqiqi liderlə xalqın birliyinin nələrə qadir olduğu əyani şəkildə üzə çıxmışdı. O zaman ağlıma “El bir olsa, zərbi kərən sındırar” zərb- məsəli gəlmişdi və ürəyimdən belə bir əlavə də keçmişdi: “Elin güvəndiyi də elinə- obasına sahib çıxsa, zərbi təkcə kərən yox, lap nəhəng dağı da yerindən oynadar!”
...Onda çoxlarımızın, bəlkə də, ilk dəfə gördüyümüz üçrəngli bayraq gurultulu alqış sədaları altında iclas zalına gətirildi. Bu, 1918-ci ildə müstəqil Azərbaycanın dövlət rəmzi kimi qəbul edilən bayrağımızın Naxçıvandan başlayan ilk rəsmi yüksəlişi idi. Çünki 1990-cı il yanvarın 19-dan-28-dək bu bayraq Naxçıvan MSSR Ali Sovetinin binası üzərində dalğalanmışdı. Lakin Azərbaycan rəhbərliyi bu bayrağı qəbul etmək istəmirdi.
Deputatların həmin gün sevinc və göz yaşları içərisində bir-birlərini təbrik etmələri, bəlkə də, tariximizin ən dəyərli, qürurverici anları idi. Ənvər müəllimin dediyi kimi, Naxçıvan artıq çox böyük və misli görünməyən tarixi qərarlara imza atmaqda idi. O vaxt Naxçıvana ezamiyyətə gəlmiş “Xalq qəzeti”nin (onda “Kommunist”) müxbirləri Qüdrət Piriyev və Elman Qədirli ilə ortaq qənaətimiz yadıma düşür: “Naxçıvan Azərbaycanın yeni müstəqillik yoluna çıxan azadlıq qatarının lokomotivi və ilhamvericisidir!”
“Elə bir ucalıqdadır ki,
orada dünyanın Şərqi də,
Qərbi də görür bayrağımızı”
Həmsöhbətim Nazim Əkbərov o tarixi günü bir daha xatırlayaraq söyləyir ki, ertəsi bazar günü idi. Biz idarəyə yığışıb dünənki sessiyanı müzakirə edirdik. Məsələ çox ciddi idi. Naxçıvan Azərbaycan rəhbərliyinin iradəsinin ziddinə qərarlar qəbul etmişdi. Həm də elə qərarlar ki, bu qərarların hər biri SSRİ-nin məhvinə verilən fərmanlar kimi səslənirdi. Mübarizliyi ilə öndə gedən Pribaltika respublikalarının belə edə bilmədiyini Naxçıvan parlamenti həyata keçirmişdi.
Həmin sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adındakı “Sovet Sosialist” sözləri də çıxarıldı və muxtar respublikanın yeni adı qəbul olundu: “Naxçıvan Muxtar Respublikası”. 1990-cı il noyabrın 17- də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni də müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırdı.
Naxçıvan MR Ali Məclisinin birinci sessiyasında müzakirə olunan mühüm məsələlərdən biri də 1990- cı il 20 Yanvar faciəsinə verilən siyasi qiymət idi. 1990-cı ilin 21 noyabrında Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarı qəbul etdi.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada muxtar respublikanın Dövlət bayrağı olaraq üçrəngli bayrağımız təsdiq edildi. 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında üçrəngli bayraq təsbit edildi.
Nəhayət, gün gəldi ki, 70 ildən sonra yenidən ilk dəfə Naxçıvanda qaldırılan üçrəngli bayrağımızın rəsmi məqamı bir daha mötəbər təsdiqini aldı. 2009-cu ildə Prezident İlham Əliyevin 17 noyabr tarixli sərəncamı ilə 1918-ci ildə bu bayrağın ilk dəfə yüksəldiyi 9 noyabr tarixi ölkəmizdə Bayraq Günü kimi elan edildi.
İndi bu bayraq milli kimliyimizi əks etdirir, şan-şöhrətimizi dünyaya yayır. Milli Məclisin deputatı Cavanşir Feyziyevin qəzetimizdə çap ollunmuş “Bayrağımız əbədiyyət rəmzimizdir” məqaləsində yazdığı kimi: “Bir zaman endirilsə də, gizlədilsə də, görünməsə də, indi o daha ucalarda dalğalanır. Bu, heç də Ginnes rekordlarında qeyd edilən dirək ucalığında deyil. O, elə bir ucalıqdadır ki, oradan dünyanın Şərqi də, Qərbi də görür bayrağımızı. Üçrəngli, ay-ulduzlu bayrağımız bütün atributları ilə müstəqilliyimizi, Azərbaycan dövlətçiliyini, milli ideologiyamızın bütövlüyünü və eyni zamanda, ümumbəşəri ideallara sadiqliyimizi bütün dünyaya nümayiş etdirir”.
Namiq ƏHMƏDOV,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.