Azərbaycan Prezidentinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqları diqqət mərkəzindədir

Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilmiş müşavirədə verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrasına həsr olunan geniş iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ali Məhkəmənin, Apelyasiya və birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. 

İclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı həyata keçirilən mütərəqqi tədbirlər və onların müsbət nəticələrini vurğulayıb. Dövlətimizin başçısının Şəki Məhkəmə Kompleksinin açılışında məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə konkret tapşırıqları və qarşıda qoyduğu mühüm vəzifələr, o cümlədən korrupsiya ilə barışmaz mübarizə aparılması, şəffaflığın artırılması, məhkəmə qərarlarının ədalətliliyi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tələbləri diqqətə çatdırılıb.

Həmçinin məhkəmə fəaliyyətində yol verilən nöqsanların aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən qanun pozuntularına prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanıb.

İclasda çıxış edən Şuranın üzvü, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına böyük önəm verdiyini, korrupsiya ilə mübarizədə hakimlərin, ədliyyə və prokurorluq işçilərinin üzərlərinə düşən mühüm vəzifələri qeyd edib, Azərbaycan brendinə çevrilmiş “ASAN xidmət”in bu sosial bəla ilə mübarizədə ən səmərəli institusional vasitə olduğunu bildirib.

Şuranın üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və məhkəmələrin şəffaflığı ilə bağlı tələblərin hər bir hakimin gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini qeyd edib. R.Rzayev korrupsiyaya şərait yaradan və digər xarakterik nöqsanlara toxunub, məhkəmə təcrübəsinə ciddi əməl olunmasının zəruriliyini, hakimlər və məhkəmə işçiləri tərəfindən qeyri-etik davranış və digər mənfi halların yolverilməzliyini vurğulayıb.

Baş prokuror Zakir Qaralov Azərbaycan Prezidentinin korrupsiya ilə mübarizəyə dair tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən həyata keçirilən işlər, o cümlədən sahibkarlığın inkişafına əngəllər yaradan məmurlar barədə görülən qəti tədbirlər barədə məlumat verib. Z.Qaralov korrupsiya ilə mübarizədə Məhkəmə-Hüquq Şurası və məhkəmələrlə qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edərək bu təhlükəli bəlanın qarşısının alınması üzrə təkliflərini bildirib.

İclasda hakim assosiasiyalarının sədrləri, hakimlər, prokurorlar və QHT nümayəndələri də çıxışlar ediblər.

Sonra tədbir işini “Məhkəmə təcrübəsi məsələləri” mövzusunda seminarla davam etdirib.

Seminardan sonra tədbir iştirakçıları dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Sabunçu Məhkəmə Kompleksinə gedərək burada yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri ilə tanış olublar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında