Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində bu gün Azərbaycan öz milli maraqlarına xələl gətirmədən dünya ölkələrinin əksəriyyəti ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında unikal münasibətlər yaratmışdır. Məhz belə müvəffəqiyyətli siyasət nəticəsində ölkəmizin Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionda iqtisadi tərəqqinin lokomotivinə və təhlükəsizlik sistemlərinin təminatçısına çevrilməsi Azərbaycanın beynəlxalq münasibətlərin önəmli tərəfdaşı adlandırılmasına imkan vermişdir. Bu baxımdan Prezident İlham Əliyevin Türkiyədə keçirilən “Böyük 20-lər” (G20) sammitinə dəvət edilməsini Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən nüfuzunun tanınması və rəsmi Bakının siyasi və iqtisadi gücünə verilən yüksək qiymət kimi dəyərləndirmək olar.
Ümumiyyətlə, “G20" dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirir. Dünya qlobal iqtisadiyyatına və siyasətinə istiqamət verən “G20”-yə böyük sənaye və iqtisadi inkişafa malik olan 19 ölkə və Avropa İttifaqı daxildir. Bunlar ABŞ, İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Türkiyə, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, eləcə də, Avropa İttifaqı Komissiyası və Avropa İttifaqı Şurasıdır. Sammitlərdə, eyni zamanda, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər təşkilatlar da iştirak edirlər. Hazırda dünya iqtisadiyyatının 85 faizi, dünya ticarətinin isə təxminən 75 faizi məhz “G20" ölkələrinin payına düşür. Həmin ölkələrin liderləri isə ildə bir dəfə quruma sədrlik edən ölkənin ev sahibliyi ilə toplanırlar. Qardaş Türkiyədə keçirilən toplantı ”G20"-nin sayca 10-cu sammitidir. Toplantıda ABŞ Prezidenti Barak Obama, Rusiya Federasiyası Prezidenti Vladimir Putin, İngiltərənin Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel və Çin Xalq Respublikasının sədri Si Cinpin və digər çox sayda üzv ölkənin dövlət və hökumət başçıları iştirak edir. Fransa Prezidenti Fransua Olland noyabrın 14-də Parisdə baş vermiş terror aktlarına görə sammitə qatılmayacaq. Eyni zamanda, ev sahibi Türkiyə sammitə Azərbaycan, Malayziya, Sinqapur, İspaniya kimi ölkələrdən, Afrika Birliyi, ASEAN və NEPAD kimi beynəlxalq təşkilatlardan da qonaqlar dəvət etmişdir.
Ölkəmizi sammitdə Prezident İlham Əliyev təmsil edəcək. “G20"-nin Türkiyədə keçirilməsinin qardaş ölkə üçün böyük əhəmiyyət daşıdığını vurğulayan mütəxəssislər, sammitin Azərbaycana da böyük faydası olacağını düşünürlər. Qeyd etmək yerinə düşər ki, Türkiyənin ev sahibi statusundan yararlanaraq, Azərbaycan Prezidenti İlham Əliyevi ”G20"-nin tədbirinə dəvət etməsi iki dövlət arasında yaranmış güclü və sarsılmaz münasibətləri bir daha nümayiş etdirdi. Bundan başqa, politoloqlar ölkə başçımızın Antalyadakı toplantıda iştirakının Azərbaycana bir sıra üstünlük qazandıracağını bildirirlər. Belə ki, dünya liderlərinin toplantısına qatılmaqla, Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı ədalətli mövqeyini bir daha səsləndirmək imkanı qazanacaq. Yəni güclü müzakirələr platforması olan “G20"sammiti çərçivəsində dövlət başçıları ilə keçiriləcək ikitərəfli və ya çoxtərəfli görüşlərdə dövlət başçısının Azərbaycanın milli maraqlarına cavab verən məsələləri müzakirə predmetinə çevirmək imkanından yararlanacağı bildirilir. Rəsmi məlumatlara görə, sammit çərçivəsində yeddi toplantı keçiriləcək. Azərbaycan bu qurumun toplantılarında xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Politoloqlar əmindirlər ki, Azərbaycanın sammitdə iştirak etməsi dünyanın aparıcı dövlətlərinə bir sıra məsələlərdə ölkəmizin mövqeyinin öyrənilməsinə və nəzərə alınmasına kömək edəcək.
Xatırladaq ki, bir il ərzində Azərbaycan nazirlər səviyyəsində “G20"nin toplantılarına da qatılmışdı. Belə ki, cari ilin mart ayında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İzmirdə “G20"-nin sammitinə hazırlıq görüşündə iştirak etmişdi. Sammitə hazırlıq çərçivəsində hökumət və dövlət nümayəndələri səviyyəsində müzakirələr aparılmışdı.
İzmir görüşündə Azərbaycan nümayəndə heyətində İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirliklərinin və Baş Prokurorluğun nümayəndələri də təmsil olunmuşdular. Toplantıda “G20" gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, antikorrupsiya, inkişaf və enerji məsələləri müzakirə edilmişdi. Qeyd etmək vacibdir ki, Azərbaycan ilk dəfə ”G20"-nin toplantılarına 2012-ci ildə qatılmışdı. Həmin il “G20"-nin üzvü olan ölkələrin Meksikanın Los Kabos şəhərində keçirilən sammitinə Azərbaycan da dəvət edilmişdi. Makroiqtisadi təhlükələr, iqtisadi tənəzzül, maliyyə məsələləri, ərzaq təhlükəsizliyi problemlərinin həlli müzakirə olunan sammitdə dəvət olunması onun beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğur kimi qiymətləndirilmişdi. Ölkəmizin ”G20"-nin toplantılarına qatılması Azərbaycanın sürətli inkişafının, regiondakı mövqeyinin göstəricisidir. Heç kimə sirr deyil ki, respublikamız təkcə öz enerji resursları ilə deyil, həm də tranzit imkanları və multikulturalizm modeli ilə də dünya üçün böyük maraq kəsb edir. Keçmiş sovet respublikaları arasından isə yalnız Azərbaycanın belə bir mötəbər toplantıya dəvət alması ölkəmizə verilən yüksək qiymətin parlaq göstərici olmuşdu.
Beləliklə, Azərbaycan növbəti mühüm tədbirə qatılır. Statisitka da göstərir ki, “G20" çərçivəsində keçirilən tədbirlərə dəvət olunan ölkələr öz inkişafları ilə diqqəti cəlb edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq son 11 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Bu müddətdə Azərbaycanın sürətli inkişaf tempi ilə böyük sosial-iqtisadi uğurlar əldə etməsi dünya birliyi tərəfindən təqdir olunur. Bundan başqa, Azərbaycan mühüm strateji və etibarlı tərəfdaş kimi hörmət qazanmışdır. Ölkəmiz antiterror əməliyyatlarında fəal iştirak edir, bir sıra ölkələrdə sülhün və təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr verir. Eyni zamanda, zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Enerji resursları və tranzit imkanları ilə regionda aparıcı mövqeyə malik olan Azərbaycanın ”G20"-nin sammitinə dəvət olunması ölkənin geosiyasi əhəmiyyətini daha da artırır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.