Bu il noyabr ayının 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 20-ci ildönümü tamam olur. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu məqsədlərini özündə ehtiva edən bu Konstitusiya ötən müddətdə ictimai münasibətlərin hüquqi tənzimlənməsi, dövlətlə vətəndaş arasında qarşılıqlı hüquq və vəzifələrin müəyyənləşdirilməsi üçün mükəmməl mexanizmlər yaratmışdır. Cəmiyyətin hüquq sisteminin fundamental əsasını təşkil edən Konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi isə adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq və azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapmışdır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya hüquqi dövlət, demokratik cəmiyyət və azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının sərhədlərinin dəqiq müəyyənləşdirilməsinə, hakimiyyət bölgüsü prinsipinin tam şəkildə bərqərar olmasına imkan yaratmışdır. Ölkə Konstitusiyası dövlət hakimiyyətinin qolları arasında səlahiyyətlərin hüquqi müstəvidə bölgüsünü müəyyən edərək müasir dövlət idarəçiliyi mexanizmini formalaşdırmışdır.
Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi qaydalar əsasında hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan Konstitusiyasının təsbit etdiyi ali məqsədlərdir. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının maddələrinin təxminən üçdə iki hissəsinin insan hüquq və azadlıqları ilə bağlı olması onun beynəlxalq səviyyədə mükəmməl ali qanun kimi qəbulunu şərtləndirmişdir.
Müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir. Müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyildir. Azərbaycan Konstitusiyasında da beynəlxalq hüququn milli qanunvericiliyə implementasiyası və birbaşa tətbiqi ilə bağlı konkret müddəa əksini tapmışdır. Konstitusiyanın 151-ci maddəsində konkret olaraq göstərilir: “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olunmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.
Konstitusiyamızın hüquqi mənbəyini təşkil edən beynəlxalq hüquqi aktlar sırasında BMT-nin 1948-ci il 10 dekabr tarixli “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”sini, 1966-cı il tarixli “Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt”ı, 1966-cı il tarixli “İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt”ı, 1989-cu il tarixli “Uşaq Hüquqları Konvensiyası”nı, 1952-ci il tarixli “Qadınların siyasi hüquqlarına dair” Konvensiyanı, 1979-cu il tarixli “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair” Konvensiyasını və digər beynəlxalq sənədləri xüsusi vurğulamaq lazımdır.
Əsas Qanunun 25-ci maddəsində hər bir şəxsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi təsbit edilmişdir. Bu müddəanın 3-cü bəndində göstərilir ki, “...dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.
Konstitusiyamızın keçid müddəalarında cəmiyyətin inkişaf ahənginə adekvat olaraq bir sıra konstitusiya qanunlarının hazırlanaraq qəbulu da ciddi öhdəlik kimi önə çəkilmişdir. Konkret olaraq 156-cı maddədə Konstitusiyaya əlavələrin qəbulu qaydaları əksini tapmışdır. Həmin maddənin I bəndinə görə, Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Milli Məclisdə 95 səs çoxluğu ilə konstitusiya qanunları şəklində qəbul edilir. Buna müvafiq olaraq ötən illərdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”, “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” , “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” və s. konstitusiya qanunları qəbul edilmişdir.
Tarixdən müasir günümüzədək yol gələn və təcrübədə sınaqdan çıxan elmi-politoloji nəzəriyyələrə görə, hüquq cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış forması olaraq ictimai münasibətlərin sivil və qanunauyğun şəkildə tənzimlənməsi mexanizmidir. Hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi, ilk növbədə, dövlətin konstitusion quruluşunun mütərəqqi mahiyyətindən asılıdır. Əsas Qanun olmaq etibarilə Konstitusiya digər qanunvericilik aktlarına nisbətən daha statik sənəd hesab olunduğu üçün yalnız ictimai-siyasi, hüquqi zərurətdən irəli gələn və xalqın iradəsini ifadə edən islahatlar prosesi belə dəyişikliklərə haqq qazandıra bilər. Yəni, normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. Yeni ictimai-iqtisadi formasiyaya keçidlə bağlı cəmiyyəti dövlətin iqtisadi inkişaf tempinə adekvat olaraq müəyyən pozitiv yeniliklərə hazırlamaq, iqtisadi və siyasi islahatları paralel şəkildə həyata keçirmək müəyyən vaxt tələb edir. Bu prizmadan aşkar görünür ki, ictimai münasibətlərin dinamik inkişafı şəraitində Konstitusiyanı “toxunulmaz və sabit” sənəd kimi qoruyub saxlamaq, əslində, onun tənzimləyici imkanlarını dar çərçivəyə salmaqdır. Konstitusiya bütün qanun və normativ-hüquqi aktlardan yüksəkdə dayanmaqla, onların hüquqi bazisi, əsası, istinad mənbəyi kimi çıxış etməli, hər bir dövrdə insan hüquq və azadlıqlarının başlıca təminatçısı olmalıdır.
Hələ 2002-ci ilin 24 avqustunda referendum yolu ilə Konstitusiyaya edilmiş bir sıra mütərəqqi dəyişikliklər də bu mənada obyektiv sosial zərurətdən irəli gəlmişdir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin hüquqi qüvvəyə minməsini təmin edən bu ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil Avropa dəyərlərinə sadiqliyini bir daha təsdiqləmişdir.
Əsas Qanunun qəbulundan həmin referenduma qədər ötən 7 il müddətində ölkədə hüquqi islahatların aparılması, nəticədə yeni demokratik siyasi şəraitin formalaşması, habelə Azərbaycanın insan hüquqları sahəsində bir sıra mühüm konvensiyalara, beynəlxalq təşkilatlara qoşulması fonunda irəli sürülmüş dəyişikliklərin nə qədər əsaslı olması gerçək təsdiqini tapırdı. Referendum aktı layihəsində təklif olunan yeni müddəalar Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəlmişdi. Avropa Şurasına üzvlüklə əlaqədar yeni yaradılmış bəzi demokratik təsisatların başlıca fəaliyyət istiqamətləri, habelə təşkilatın tələblərindən irəli gələn yeniliklər də ölkə Konstitusiyasında əksini tapmalı idi.
24 avqust 2002-ci il tarixli referendumla qəbul edilmiş dəyişikliklər cəmiyyətimizin inkişafından doğan və Konstitusiyamızın, qanunlarımızın, bütövlükdə hüquq sistemimizin təkmilləşdirilməsinə, demokratikləşmə proseslərinin dərinləşdirilməsinə, insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmiş, Əsas Qanunun yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir. Məsələn, həmin referendumla Konstitusiyanın 83-cü maddəsinə edilmiş dəyişiklik Milli Məclisə seçkilərin yalnız majoritar qaydada keçirilməsini nəzərdə tuturdu. Proporsional seçki sisteminin ləğvinə bütün dünyada meylin artdığı bir zamanda Azərbaycanda siyasi partiyaların həddən artıq çoxluğu və onların parlamentdə yer qazanmaq imkanlarının məhdudluğu açıq görünən acı reallıq idi.
Digər tərəfdən, majoritar və proporsional seçki sistemlərinin müqayisəli təhlili göstərir ki, vətəndaşların iradəsinin hansı formada ifadə olunması ölkədə parlament və ya prezident üsul-idarəsinin tətbiqindən bilavasitə asılıdır. Majoritar seçki sistemi prezident üsul-idarəli ölkələrdə daha geniş tətbiq olunur. Digər tərəfdən, vətəndaşlar proporsional seçki zamanı bəzən istəmədikləri, yaxud tanımadıqları təsadüfi adamlara səs vermək məcburiyyətində qalır, iradələrini azad surətdə ifadə edə bilmirdilər. Parlament seçkilərinin sırf majoritar sistem üzrə keçirilməsini nəzərdə tutan konstitusion dəyişiklik də hansısa partiyanın deyil, məhz ölkə vətəndaşlarının mənafelərini özündə ehtiva edirdi.
Digər prinsipial dəyişiklik isə Azərbaycanda prezident seçkilərinin nəticələrinin “50+1" prinsipi əsasında hesablanmasını nəzərdə tuturdu. 24 avqust referendumuna qədər ölkədə seçicilərin üçdə ikisinin, yaxud 67 faizinin səsini toplamış namizəd qalib elan olunurdu. Yeni prinsip hər bir namizədin xeyrinə olmaqla, seçkilərin demokratikliyinin daha yüksək səviyyədə təmin edilməsi istiqamətində atılmış ciddi addım idi.
Dəyişikliklərin bir qrupu (130-cu maddəyə) Konstitusiya Məhkəməsinin statusu və səlahiyyətinə aid idi. Bununla siyasi partiyaların və ictimai birliklərin ləğvi ilə bağlı səlahiyyət Konstitusiya Məhkəməsindən alınaraq ədliyyə orqanlarına və məhkəmələrə verilirdi. Çünki əvvəlki halda şikayətçi tərəfin digər instansiyaya şikayət vermək hüququ olmurdu. İndi isə bütün instansiyaları keçməklə Konstitusiya Məhkəməsinə qədər müraciət etmək hüququ mövcuddur.
Digər mühüm məsələ vətəndaşlara birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun verilməsi idi. Bu dəyişikliyə qədər Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sorğusu əsasında normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğu məsələsinə baxılırdı. Normativ-hüquqi aktla vətəndaşların hüquq və azadlıqları pozulduqda onların müdafiəsinin hüquqi mexanizmi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 352-ci maddəsilə müəyyən edilirdi. Həmin mexanizmə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqları pozulduqda onlar müvafiq məhkəmələr vasitəsilə Ali Məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsinə sorğu verməyi xahiş edirdilər. Beləliklə, həmin müraciət uzun bir yol keçdikdən və xeyli vaxt itkisindən sonra Konstitusiya Məhkəməsinə çatırdı. Konstitusiyaya edilən dəyişiklikdən sonra hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və məhkəmələrin aktlarından qanunla müəyyən edilmiş qaydada və hallarda pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə birbaşa müraciət edə bilməsi müddəası təsbit olundu.
2002-ci ildə reallaşdırılmış ilk konstitusiya islahatından ötən 7 il ərzində Azərbaycanın ictimai-siyasi həyatında müşahidə olunan dəyişikliklər - iqtisadi, siyasi, hüquqi islahatların dərinləşdirilməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dəyərləndirilməsi və onların dövlətin maliyyə dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin dinamizmlə davam etdirilməsi, ən başlıcası, sosial tələbatı əhəmiyyətli dərəcədə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasına yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdi.
2002-ci ilin 18 mart referendumunun nəticəsi olaraq Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər isə mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarəetmə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli, əhəmiyyətli məsələlər daxil idi. Ümumilikdə, qeyd olunanlar bir daha təsdiqləyir ki, ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər məhz ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafelərinin səmərəli təminatına xidmət etmişdir. Konstitusiya islahatları həm də dövlətimizin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir.
Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, bəzi hallarda hətta milli barışın təminatçısı kimi çıxış edən Konstitusiya dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Əsas Qanun bütün hüquq sisteminə xas olan hüquqi tənzimləmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyaları da həyata keçirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və ya digər xüsusiyyətləri ilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir. 20-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Konstitusiyası da ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.