Noyabrın 12-də Bakıda Ombudsmanların XIII beynəlxalq konfransı işə başlayıb. “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun yaranmasının 70-ci ildönümünə həsr edilib.
UNESCO-nun dəstəyi ilə təşkil olunan konfransda Avropa, Asiya və Afrikanın 10-dan çox ölkəsindən ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.
Konfransı açan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib ki, hər il Bakıda ombudsmanların beynəlxalq konfransının keçirilməsi artıq ənənə halını alıb. Bu konfransın noyabrın 12-də - müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbulunun 20-ci ildönümü günündə keçirilməsinin böyük rəmzi mənası var. Çünki Konstitusiya statuslu institut olmaqla Ombudsman təsisatının fəaliyyəti Əsas Qanunla tənzimlənir.
E.Süleymanova bildirib ki, Azərbaycanda insan hüquqlarının təmin olunması sahəsində son illər bir çox müsbət dəyişikliklər baş verib.
Qeyd edilib ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi oldu. Mütərəqqi haldır ki, dövlət quruculuğu tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub və insan hüquqlarının təbii hüquqlar olması göstərilib. Əsas Qanunumuzda həm birinci nəsil (klassik) insan hüquqları, yəni vətəndaş və siyasi hüquqlar, o cümlədən bu hüquqların tərkib hissəsini təşkil edən məhkəmə təminatı ilə bağlı hüquqlar, həm də ikinci nəsil insan hüquqları, yəni iqtisadi, sosial və mədəni hüquqlar təsbit olunub. Eyni zamanda, müəyyən mənada Konstitusiyada yeni nəsil, yəni həmrəylik hüquqları da əks olunub. Belə ki, ən mühüm həmrəylik hüququ kimi qiymətləndirilən sülh hüququ Konstitusiyada dolayısı ilə olsa da, nəzərdə tutulub. Eləcə də müəyyən qədər həmrəylik hüququ kimi dəyərləndirilən ətraf mühitin təhlükəsizliyi hüququ Konstitusiyada fərdi hüquq kimi təsbit edilib. Bütövlükdə Konstitusiyanın təhlili göstərir ki, Əsas Qanunumuz insan hüquqları fəlsəfəsinə, onun ruhuna və əsas prinsiplərinə tam uyğundur.
Diqqətə çatdırılıb ki, bugünkü konfrans, eyni zamanda, BMT-nin və onun ixtisaslaşmış təşkilatı olan UNESCO-nun yubileylərinə də həsr edilib. Bu təşkilatların Ombudsman təsisatlarının formalaşmasında və fəaliyyətində böyük rolu olub. Milli insan hüquqları təsisatlarının rolunu, statusunu, funksiyalarını tənzimləyən əsas sənəd - Paris Prinsipləri BMT Baş Məclisi tərəfindən 1993-cü ildə qəbul edilib. Azərbaycan Ombudsman təsisatı bu Prinsiplərə uyğun fəaliyyət göstərdiyinə görə BMT tərəfindən iki dəfə - 2006-cı və 2012-ci illərdə ən yüksək status - A statusu ilə akkreditasiya olunub.
Bildirilib ki, ombudsmanların Bakıda keçirilən beynəlxalq konfranslarında adətən dövrün prioritet problemləri müzakirə edilir. Bu konfransın mövzusu da çox əhəmiyyətli məsələlərdən birinə - konstitusion hüquqların təminatı məsələsinə həsr edilib. Konfransın əsas məqsədi konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının roluna dair müzakirələr və fikir mübadiləsi aparmaqla müsbət təcrübənin öyrənilməsindən ibarətdir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV deyib:
– 1990-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırılması qarşıda duran başlıca vəzifə kimi müəyyən edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 illiyi qeyd edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunub və sonrakı mərhələdə uğurla həyata keçirilib.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik inkişaf edən və yüksək beynəlxalq nüfuza malik ölkədir. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir, hər kəsin fikir, söz və məlumat azadlığı təmin olunub, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə müstəqil siyasi kurs, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.
Müstəqillik illərində Azərbaycan özünün yeni inkişaf modelini yaradıb və mütərəqqi təcrübə kimi onu bütün dünyaya təqdim edib. Cəmi 10 il ərzində iqtisadi potensial 3 dəfədən çox artıb, yoxsulluq və işsizlik kimi problemlər əsaslı şəkildə həll edilib, sosial-iqtisadi infrastruktur ən qabaqcıl standartlara uyğun yenidən qurulub, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması istiqamətində nəhəng işlər görülüb. Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olub.
Ancaq bütün bu nailiyyətlər heç də asan əldə edilməyib. Ötən əsrin sonlarından etibarən Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. Birmənalı şəkildə demək olar ki, ermənilər məqsədyönlü şəkildə münaqişəni silahlı mübarizə müstəvisinə keçiriblər. Hələ 1980-ci illərin sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya olunub. 1992-ci ilin əvvəllərində isə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırımı törədilib, yüzlərlə insan qətlə yetirilib, mindən artıq sakin isə əsir götürülüb. Daha sonra Dağlıq Qarabağ bölgəsinin (4400 kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan ətrafındakı 7 rayon (17000 kvadratkilometr) ermənilər tərəfindən işğal olunub, bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə salınıb. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Qarabağ uğrunda döyüşlərdə 20 mindən çox Azərbaycan vətəndaşı həlak olub, 100 min nəfərədək insan yaralanıb, 50 min nəfər isə əlil olub. İşğal edilmiş ərazilərdə bütün sosial, iqtisadi və mədəni infrastruktur dağıdılıb.
BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar 7 bəyanat və 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul edib. Lakin Ermənistan indiyə kimi bu qətnamələrin tələblərini yerinə yetirmir və beynəlxalq hüquqa zidd mövqeyini davam etdirir.
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd qəbul olunub. Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin gərgin əməyi və diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bəyanat qəbul edildi. Bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olunub və Lissabon sammitinin yekun qərarında öz əksini tapıb.
Dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul edib. 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilib. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti pislənib, bu siyasətin və hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından narahatlıq ifadə edilib. Bununla yanaşı, sənəddə bildirilir ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar ziddir.
2014-cü il oktyabrın 1-də AŞPA-nın siyasi məsələlər komitəsinin iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib.
Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədlər qəbul edib. 2010-cu il mayın 20-də qurumun qəbul etdiyi “Cənubi Qafqaz üzrə Avropa İttifaqının strategiyasına ehtiyac” adlı qətnamədə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tez bir zamanda boşaldılması tələb edilib.
Onu da qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini ehtiva edən 20-yə qədər sənəd qəbul edib.
2010-cu il noyabrın 20-də NATO-nun qəbul etdiyi Bəyannamədə bildirilir ki, təşkilat Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir və bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar çıxır.
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda sülh və təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük önəm verir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, regionun digər ölkələrinə qarşı ərazi iddiaları, həmçinin Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” tələbi irəli sürən, torpaq və təzminat tələb edən Ermənistan isə öz təcavüzkar siyasəti ilə regional təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistan bu iddialarını həyata keçirmək üçün terroru da bir vasitə kimi seçib. Belə ki, 1984-cü ildən bu günədək erməni terrorçu qrupları Azərbaycan ərazisində 388 terror aktı törədib və nəticədə 1189 nəfər ölüb, 1705 nəfər yaralanıb və əlil olub.
Qeyd etmək istərdik ki, Azərbaycan Xəzər hövzəsini Qərb dövlətlərinin üzünə açan, bu ərazini beynəlxalq əməkdaşlıq arenasına çevirən ölkədir. Müstəqillik illərində Azərbaycanın öz tərəfdaşları ilə həyata keçirdiyi transmilli enerji layihələri regionun inkişafında, bölgənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan həm də Avropanın enerjiyə olan ehtiyaclarının ödənilməsinə önəmli töhfə verir. Ermənistan isə Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır və regionda sabitliyi təhdid etməklə həm də mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasına mane olmağa çalışır.
SSRİ dağıldıqdan sonra Ermənistanın həyata keçirdiyi siyasətin təhlili onu deməyə əsas verir ki, bu ölkə regionun iqtisadi və siyasi inkişafını şərtləndirən layihələrdən kənarda qalıb, özünütəcrid vəziyyətinə düşüb və ciddi sosial-iqtisadi problemlərlə üzləşib. Ermənistan Xəzər hövzəsi enerji resurslarının Avropa bazarlarına daşınmasında münasib məkanda yerləşməsinə baxmayaraq, geosiyasi mövqeyinin ona verdiyi bu fürsətdən istifadə etməyib və bu da onun üçün ağır nəticələrə səbəb olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir. Şübhəsiz, bu problem olmasaydı və yaxud vaxtında həllini tapsaydı, region ölkələri daha çox inkişaf edər, sülh və təhlükəsizlik daha etibarlı şəkildə təmin olunardı.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib ki, bu konfrans tarixi və əlamətdar bir günə təsadüf edir. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası Günü və Əsas Qanunun yubileyidir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biridir və ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoyub.
Müstəqil Azərbaycanın Konstitusiyasının çox mürəkkəb bir vaxtda qəbul olunduğunu xatırladan sədr qeyd edib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə qeyri-sabit vəziyyət yaranmışdı. Məhz ulu öndərin ciddi səyləri nəticəsində Azərbaycan parçalanmaq, müstəqilliyi itirmək və vətəndaş müharibəsi kimi böyük təhlükələrdən xilas oldu, ölkədə dövlət quruculuğu prosesinə başlandı. O zaman Azərbaycanın Konstitusiyası yox idi. Ümummilli lider hesab edirdi ki, ölkəmizin gələcəyi üçün Konstitusiyanın qəbulu çox vacibdir. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Ulu öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi olan hüquqi islahatlar çərçivəsində yeni Konstitusiyanın qəbul edilməsi müstəsna əhəmiyyətə malik hadisədir.
Fərhad Abdullayev bildirib ki, ötən 20 ildə yeni nəsil formalaşıb və Konstitusiya özünü fundamental Əsas Qanun kimi doğruldub. Bu gün Azərbaycanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda əldə etdiyi uğurların və Milli Məclisdə qəbul olunan qanunların təməlində Konstitusiya dayanır. Əsas Qanunumuz hazırlanarkən ümumbəşəri dəyərlər və ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların müasir inkişaf meyilləri də nəzərə alınıb, Azərbaycanın milli maraqları, tarixi keçmişindən irəli gələn dövlətçilik ənənələri və milli mənəvi dəyərləri ilə zənginləşdirilib. Konstitusiyanın qəbul edilməsi sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Əsas Qanunun hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət ideyası, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olması fikri təşkil edir. Müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi dəyərlər bu ümummilli əhəmiyyətli sənəddə geniş şəkildə əksini tapır. Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində reallaşdırılan irimiqyaslı islahatlar öz əsasını və mənbəyini məhz Konstitusiyadan götürüb.
Azərbaycanın sivil, demokratik, dünyəvi dövlət kimi özünü beynəlxalq arenada sübut etməsi Konstitusiyanın mütərəqqi və dəyərli bir sənəd olduğunu təsdiqləyir. Bu barədə danışan sədr vurğulayıb ki, hazırda Azərbaycan bütün sahələrdə özünü tam layiqli tərəfdaş kimi göstərir. Azərbaycan böyük layihələr həyata keçirir, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Konstitusiyanın qəbulundan keçən 20 il Azərbaycan dövlətinin ümumbəşəri dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq əzmini nümayiş etdirib.
Diqqətə çatdırılıb ki, Əsas Qanunumuzun müddəalarından biri də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması olub. 1998-ci ildə yaradılan Konstitusiya Məhkəməsi müəyyən müraciətlər əsasında Konstitusiya nəzarətini həyata keçirir.
Fərhad Abdullayev bildirib ki, bu gün Konstitusiya Məhkəməsinin Ombudsman təsisatı ilə çox sıx əlaqələri mövcuddur. Məhkəmənin bir çox hüquqi, sosial, cinayət, mülki-prosessual qərarları ombudsmanın sorğusu və müraciəti əsasında qəbul olunub. Bu əməkdaşlıq davam edəcək. Ombudsman səmərəli fəaliyyət göstərir, vətəndaş və dövlət arasında çox fəal mövqedə dayanır.
Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, bugünkü tədbirin mövzusu aktuallığı ilə diqqəti cəlb edir. Belə ki, insan hüquqları sahəsi müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində geniş yer tutur. Hazırda dünyada bir tərəfdən çox mürəkkəb və qarışıq siyasi proseslər baş verir, digər tərəfdən siyasi, dini və etnik münaqişələr, eləcə də iqtisadi böhranlar dərinləşməyə doğru gedir. Belə bir vəziyyətdə insan hüquqlarının təmin olunması məsələsi əksər dövlətlərdə aktuallıq kəsb edir. Əfsuslar olsun ki, dünyada baş verən siyasi kataklizmlər, münaqişələr, təcavüzlər, insanların əsir və girov götürülməsi, eyni zamanda, öz doğma torpaqlarından didərgin salınması insan hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur. Digər tərəfdən, insan hüquqlarının təmin edilməsinin ciddi beynəlxalq mexanizmlərinin olmaması və ya səmərəliyinin aşağı səviyyədə olması hər il on minlərlə insanın ölümünə gətirib çıxarır. Yaşamaq isə hər bir insanın birinci hüququdur. Əgər bu hüquq insanların əlindən alınırsa, o zaman digər hüquqların müdafiəsinin də heç bir faydası olmayacaq.
“Bu gün törədilən terror aktları insan şəxsiyyətini, onun kimliyini, eləcə də mədəni keyfiyyətini heçə endirir”, - deyən Günay Əfəndiyeva bildirib ki, bəşəriyyətin əsrlərdən bəri qurub yaratdığı maddi-mədəni irs nümunələri bir anda məhv edilir. Bu irs nümunələrinə sahib çıxmaq və yaşatmaq sadəcə aidiyyəti qurum və təşkilatların deyil, eyni zamanda, hər bir şəxsin insanlıq borcudur. Bu mənada, insan hüquqlarının, xüsusilə də mədəni hüquqların təmin olunması məsələləri həmişəkindən daha artıq aktuallıq kəsb etməlidir.
İnsan hüquqları, xüsusilə də mədəni hüquqların təmin olunması istiqamətində bir sıra beynəlxalq qurumların fəaliyyət göstərdiyini vurğulayan Günay Əfəndiyeva onların arasında UNESCO, ISESCO, IRCICA, TÜRKSOY, eləcə də yeni fəaliyyətə başlayan Türk Mədəniyyəti və İrsi Fondunun da olduğunu, belə təşkilatların sayının getdikcə artdığını vurğulayıb. O əlavə edib ki, bu təşkilatlar mədəni hüquqların qorunmasında yaxından iştirak edərək xalqların mədəni irsini və kimliyini yaşatmağa xidmət edir.
Fondun prezidenti bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda və ətraf ərazilərdə yüzlərlə abidəmiz məqsədli şəkildə məhv edilir, yaxud erməniləşdirilir. Bu isə xalqlarımızın sahib olduğu mədəni hüquqların pozulması deməkdir. Çünki hər bir xalq öz mədəni dəyərləri, milli keyfiyyətləri ilə tanınır. Bu xüsusiyyətlərin başqaları tərəfindən mənimsənilməsi yolverilməzdir. Ona görə də insan hüquqlarının, xüsusilə də mədəni hüquqların təmin olunmasında beynəlxalq təşkilatların, dövlət qurumlarının fəaliyyəti genişləndirilməli və bir-biri ilə sıx əlaqələndirilməlidir. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsində nəzərdə tutulduğu kimi, beynəlxalq əməkdaşlıq yolu ilə mədəni sahədə fəaliyyətlərin əlaqələndirilməsi bu təşkilat üçün prioritet əhəmiyyət daşıyır.
Günay Əfəndiyeva mədəni irsin qorunması və bəşəriyyətin gələcəyi naminə insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa dəvət edib.
Konfrans işini plenar iclasla davam etdirib.
“İnsan hüquqları üzrə müvəkkilin Milli Məclis ilə əməkdaşlığının konstitusiya hüquqi əsasları” mövzusunda məruzə ilə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanda Ombudsman İnstitutunun yaranması ardıcıl şəkildə aparılan demokratik, hüquqi islahatların məntiqi davamı və tərkib hissəsi, habelə insan hüquqlarının müdafiəsi mexanizminin səmərəliliyinin daha da artırılması məqsədilə yeni institusional formaların axtarılması prosesinin nəticəsi kimi obyektiv zərurətdən irəli gəlib. Eyni zamanda, nəzərə almaq lazımdır ki, müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Həmin vəzifənin həyata keçirilməsində bu sahədə yeni və daha real üsul, vasitə və mexanizmlərin tətbiqi mühüm rol oynayır. Həmçinin müasir dövrdə hər bir dövlətdə insan hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi mövcud olarsa, həmin cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət də bir o qədər yüksək olar. Buna görə də Ombudsman İnstitutunu bu sahədə fəaliyyət göstərən digər dövlət mexanizmləri sistemində tamamlayıcı mexanizm kimi nəzərdən keçirmək lazımdır.
Ziyafət Əsgərov vurğulayıb ki, artıq Avropa dövlətlərində Ombudsman İnstitutunun müxtəlif modelləri formalaşıb və ixtisaslaşmış müvəkkil institutları yaranıb. Azərbaycan Respublikasının Ombudsman İnstitutu isə bütövlükdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı səlahiyyətlərə malikdir. Bu da öz növbəsində müvəkkilin daha geniş funksiyalarının olduğunu şərtləndirir və onun məsuliyyətini artırır.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva plenar iclasda “Beynəlxalq əməkdaşlıq mədəni hüquqların müdafiəsi kontekstində” adlı məruzə ilə çıxış edib. Bildirib ki, mədəniyyət hər bir insanın və cəmiyyətin sosial həyatının ayrılmaz tərkib hissəsidir. Buna görə də dövlətimizin ümumi siyasətində mədəniyyət siyasəti daha geniş aspektdə nəzərdən keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu, iqtisadi və sosial sahələrdə həyata keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da bilavasitə təsir göstərib. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkan yaradıb.
Konfransda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın “Azərbaycanda konstitusion hüquq və azadlıqların təmin olunmasında ombudsmanın rolu”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevanın “Qadın və uşaq hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi kimi”, Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanovanın “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili arasında qarşılıqlı əlaqələr” mövzularında da məruzələri dinlənilib.
Beynəlxalq konfrans işini noyabrın 13-də davam etdirəcək.
Konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunacaq.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.