Müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı nitqində Azərbaycanın inkişaf yolunun gələcək istiqamətlərini açıqlamışdır

 

 

 

 

 

 

 

 

 

 

 


 

İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki,
onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır,
müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də təbii ehtiyatlar da var.
Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl,
müasir ölkəyə çevirəcəkdir.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

...Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə
Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin
ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar
sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının
təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin prioritetləri arasında mühüm yer tutur. Ona görə ki, hər bir dövlətin inkişaf səviyyəsi zəngin bilik və çoxaspektli  potensiala malik elmi ilə birbaşa əlaqəlidir. Azərbaycanın beynəlxalq aləmdə tutduğu önəmli yer, zəngin təbii ehtiyatlara malik ölkə kimi tanınması, dinamik sosial-iqtisadi inkişafı, Cənubi Qafqaz regionunun aparıcı dövlətinə çevrilməsi güclü elmi potensialın formalaşmasını da zəruri edir.

Müasir dövrdə ölkələrin inkişafının təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, elmin inkişaf səviyyəsilə, elmi potensialın olması ilə şərtləndiyi məlumdur. Bu amil də dövlətin elmin inkişafına yönəlmiş strategiyasının təşkili səviyyəsindən birbaşa asılıdır. Ölkədə müşahidə edilən sosial-iqtisadi inkişafın mənbəyinin də məhz elmin təşkil etməsi və müstəqillik dövründən bu günədək həyata keçirilmiş hərtərəfli dövlət dəstəyi sayəsində mümkün olması danılmaz faktdır.

 İntibah dövrünün böyük mütəfəkkiri Leonardo da Vinçi deyirdi ki, elm sərkərdə, təcrübə isə onun əsgəridir. Həqiqətən də, müharibədə yalnız güclü sərkərdəsi və təcrübəli əsgərləri olan ordu qalib gələ bilərdi. Bu həqiqətin cəmiyyət həyatının bütün sahələrində keçərli olduğunu əminliklə söyləmək olar. İstər siyasət, istərsədə iqtisadiyyat sahələrində güclü biliyə və təcrübəyə malik olmadan cəmiyyətin həyati tələblərini ödəmək mümkün deyil. Buna görə də, elmin insan həyatının inkişafında oynadığı mühüm rolu nəzərə alan xalqlar biliyin artırılmasını və elmi nailiyyətlərin sosial-iqtisadi tərəqqinin mənbəyinə çevrilməsi üçün zəruri addımları atmaqda gecikməmişdilər. Qədim elm ocaqlarından biri hesab edilən Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin öncül istiqamətlərindən birini təşkil edir və sürətlə inkişaf edən iqtisadiyyatımızın tələblərinə cavab verməsi üçün elmi-təşkilati strukturların maddi-texniki bazası gücləndirilir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında qeyd etdiyi kimi, son illər ərzində AMEA-nın maddi-texniki bazası möhkəmləndirilmiş və  gözəl bina əsaslı təmir edilmişdir: “Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir”. Ölkə başçısı əlavə etmişdir ki, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı beş ildir icra edilir. Elmin İnkişafı Fondunun yaradılmasının da bu istiqamətdə atılan çox önəmli addım olduğunu bildirən Prezident İlham Əliyev bildirmişdir ki, fond həm gənc alimlərə qrantlar ayrılmasına, həm də elmi araşdırmalar aparılmasına imkan yaradır.

1945-ci ildə yaradılan AMEA ötən dövr ərzində nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olan AMEA-nın əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. 70 il ərzində AMEA-da əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycanın demokratik və hüquqi dövlət kimi formalaşmasında mühüm rol oynamışdır. Buna görə də, təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ictimaiyyətlə ilk görüşü məhz AMEA-da alimlərlə olmuşdu. 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Elmlər Akademiyasında keçirilən həmin tarixi görüşdə Heydər Əliyevin dedikləri elm və təhsilin perspektivini müəyyənləşdirmişdi: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”. Xatırladaq ki, 1992-ci ildə AXC-Müsavat iqtidarının ləğv etmək istədiyi AMEA-nı xilas edən Heydər Əliyevin sonradan atdığı addımlar mürəkkəb şəraitdə yaşayan gənc müstəqil dövlətdə təhsil islahatlarının başlanğıcını qoymuş və güclü elmi potensialın formalaşmasına zəmin yaratmışdı.

Qeyd etmək vacibdir ki, ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə elmin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində ulu öndərin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, AMEA-nın elmi-tədqiqat institutlarında elmin inkişafının təmin olunması üçün zəruri intellektual zəmin yaratmışdı. Milli kadr potensialının, o cümlədən, nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması məqsədilə hər il yüzlərlə azərbaycanlı gəncin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi təmin edilmişdi. Bu gün həmin kadrların böyük əksəriyyəti müstəqil Azərbaycanın çiçəklənməsinə öz dəyərli töhfələrini verir.

Əlbəttə, elmin inkişafına dövlət səviyyəsində qayğı dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi dəyərləndirilir. Qloballaşma prosesinin dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə həyata keçirildiyi müasir dövrdə Azərbaycan dövlətinin inkişafı da məhz elmin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.

Prezident İlham Əliyev AMEA-da çıxışında bu məsələyə xüsusi toxunmuş və Azərbaycan elminin qarşısında dayanan məsələlərin vacib olduğunu açıqlamışdır: “Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır”. Dünyada, bölgədə gedən proseslər fonunda ölkəmiz üçün risklərin mümkün qədər minimum səviyyəyə endirilməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bu gün alovlanan bölgədə Azərbaycanın sabitlik adası, sülhün, əmin-amanlığın məkanı olduğunu da diqqətə çatdırmışdır: “Azərbaycan vətəndaşları əmin-amanlıq şəraitində yaşayırlar, yaradırlar. Əminəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha da güclənəcək”.

Bu gün dünyanın iqtisadi böhranla üz-üzə qaldığı heç kimə sirr deyil. Bir tərəfdən iqtisadi böhran, digər tərəfdən də hərbi münaqişələrin davam etməsi hər bir ölkənin qarşısında iqtisadi inkişafın təmin edilməsi kimi həyati əhəmiyyətli məsələnin aktuallaşmasına zəmin yaradır. Prezident İlham Əliyev alimlərlə görüşündə dünyada yaşanan iqtisadi böhranın davam etdiyini və günün reallıqlarına uyğun iqtisadi sahədə daha ciddi islahatların aparılmasının zəruriliyini vurğulamışdır. Son illər ərzində dövlət siyasətinin neft-qaz amilindən asılılığının maksimum dərəcədə aşağı salınmasına, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olunmasına, bölgələrdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılmasına yönəldiyini qeyd edən Prezident İlham Əliyev regional inkişaf proqramlarının qəbul edilməsi və həyata keçirilməsi nəticəsində bölgələrin simasının dəyişməsindən şad olduğunu da bildirmişdir. Ölkə başçısının sözlərinə görə, yeni müəssisələr, sosial obyektlər, infrastruktur layihələri ölkəmizi gücləndirir və neft-qaz amilindən asılılığımızı böyük dərəcədə azaldır: “Əgər ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən 30 faiz təşkil edir, gələcəkdə bu rəqəm daha da aşağı düşməlidir”.

Azərbaycan dövlətinin elm siyasətinin elmi-intellektual bazanın gücləndirilməsinə, insan kapitalının formalaşmasına xidmət etdiyi hamıya məlumdur. Neft və qaz ixracatından əldə edilən vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsi strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan elminin son dövrlər dinamik inkişaf yolunu seçməsi və bu yolda uğurla irəliləməsi önəmlidir. Prezident İlham Əliyev son illər ərzində sənayenin inkişafı ilə bağlı çox ciddi addımlar atıldığını vurğulayaraq əlavə etmişdir ki, cari ilin doqquz ayında Azərbaycanda  qeyri-neft sənayesi 10 faizdən çox artmışdır: “İndiki şəraitdə bu, tarixi nailiyyətdir. Hazırda Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələri gələcəkdə qeyri-neft potensialımızı gücləndirəcək, ixrac potensialımızı böyük dərəcədə artıracaq”. Texnoparkların yaradıldığını, Kimya Sənaye Parkının təməlinin qoyulduğunu xatırladan ölkə başçısı artıq orada ilk müəssisələrin də təsis edildiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev Azərbaycan alimlərinin bütün bu işlərdə fəal iştirak etmələrinin əhəmiyyətini də vurğulamışdır.

Bu gün bəşəriyyət kosmos dövrünün yeniliklərilə, sözün əsl mənasında, çalxalanır. Qitələr arasında məsafələri kompüter kursoruna qədər kiçiltmiş qlobal internet şəbəkəsinin inkişafı cəmiyyətin həyatında innovasiyaların rolunu keyfiyyətcə yeni müstəviyə çıxarmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının strateji əhəmiyyətini anlayan və bu istiqamətdə ciddi addımlar atan dövlətlərin əldə etdikləri nailiyyətlərin miqyası və dəyəri maraq doğurur. Təbii resursların ilkin mərhələdə oynadığı rolu yüksək qiymətləndirən və neft kapitalının insan kapitalına çevrilməsinin həyati əhəmiyyət kəsb etdiyini açıqlayan Azərbaycan dövləti də İKT sahəsində nəzərə çarpacaq dərəcədə irəliləyişlərə nail olmuşdur. Müstəqil dövlət kimi yaşının az olmasına baxmayaraq, orbitə iki telekommunikasiya peykini çıxarması Azərbaycanın İKT-nın inkişafı istiqamətində atdığı ən önəmli addım kimi qiymətləndirmək olar. Bununla bağlı Prezident İlham Əliyevin dediyi sözlər ölkə başçısının İKT-ya verdiyi önəmi bir daha təsdiqləyir: “...Ötən illər ərzində Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik sənayenin yaradılması olmuşdur. Birinci telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxıldı. İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq. Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır... Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir”.

Ölkə başçısı AMEA-dakı nitqində Azərbaycanın inkişaf yolunun istiqamətlərini belə göstərmişdir: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Əks-təqdirdə arzuolunan səviyyədə inkişaf etməyin mümkün olmadığını qeyd edən ölkə başçısı Azərbaycanın inkişaf etmiş ölkələrin sırasına daxil olmasını istədiyini də açıqlamışdır.Belə bir perspektivin real olduğunu güclü kadr potensialı ilə əlaqələndirən Prezident İlham Əliyev əlavə etmişdir ki, hazırda Azərbaycanda təhsil lazımi səviyyədədir, savadlılıq təxminən 100 faizdir: “Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun”. Məlumdur ki, elmi fəaliyyətin əsas daşıyıcıları yüksəkixtisaslı kadrlardır. Bununla yanaşı, Azərbaycanda elmin müasir səviyyədə inkişafı digər ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsindən, yeni biliklərə yiyələnməklə bərabər, elmi fəaliyyətin təşkilində təcrübə mübadiləsindən, xaricdə kadr hazırlığından bilavasitə asılıdır. Alimlərin qarşısında duran vəzifələrin çox olduğunu deyən Prezident İlham Əliyev də elm adamları tərəfindən yeni araşdırmalar aparılmasının əhəmiyyətini də açıqlamışdır: “...Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”.

Beləliklə, ötən 70 il ərzində AMEA-nın keçdiyi yol və Azərbaycanın inkişafında oynadığı dəyərli rol belə deməyə əsas verir ki, dövlət dəstəyini hər zaman hiss edən almlərimiz yeni araşdırmaları ilə ölkəmizin mütərəqqi dövlətlər arasında tutduğu layiqli yerin daha da güclənməsinə yönəlmiş fəaliyyətlərini bundan sonra da uğurla davam etdirəcəklər. Xüsusilə də əzəli Azərbaycan ərazisi olan Dağlıq Qarabağ haqqında həqiqətlərin təbliğində fəaliyyətlərini gücləndirməlidirlər. Prezident İlham Əliyev AMEA-da çıxışında bu məsələyə xüsusilə toxunmuş və alimlərimizi bu məsələdə daha fəal olmağa çağırmışdır: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar”. “Erməni alimlərinin”, xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc etdiklərini, təqdimatlar keçirdiklərini qeyd edən dövlət rəhbəri bir daha bəyan etmişdir ki,  azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar və bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyən Prezident İlham Əliyev ermənilərin bu əraziyə və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürüldüyünü xatırlatmışdır. Dövlət başçısı müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılmasınının zəruriliyinə də toxunmuşdur: “Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında