Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Prezident İlham ƏLİYEVİN
Bakıda Dövlət Bayrağı Meydanının
açılışındakı nitqindən
1 sentyabr 2010-cu il
Bugünkü müstəqil, qüdrətli Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Bunu nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncama əsasən, hər il 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Təbii ki, respublikamızın bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlətçilik tariximizdə və ənənələrimizdə iz buraxan atributlar və fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə öz əksini tapmışdır. Ensiklopedik məlumatlarda göstərildiyi kimi, xalqımızın maddi mədəniyyət və memarlıq abidələri, incəsənət əsərləri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb qrafikası ilə yazılmış möhürləri və tuğraları olmuşdur. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, Şuşa, Lənkəran, Naxçıvan, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin — bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Ancaq 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda həmin üçrəngli bayraqdan imtina edilmişdir. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul etmiş, onun əsasnaməsini təsdiq etmişdir.
Bu tendensiya sonralar daha böyük yaradıcılıqla davam etdirilmişdir. Belə ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Artıq altı ildir ki, noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü dövlət bayramı kimi qeyd olunur.
Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanaraq istifadəçilərə təqdim edilən “Azərbaycan: dövlət rəmzləri və atributları” elektron nəşrinin rus və ingilis dillərində versiyaları dövlət atributlarımızla maraqlanan oxuculara istənilən məlumatı verir. Elektron nəşrdə müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) və atributlarının yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Üç fəsildən - “Rəmzlər”, “Atributlar” və “Elektron resurslar” fəsillərindən ibarət olan elektron nəşrdə dövlət rəmzləri və atributları haqqında tarixi sənədlər, qərarlar, qanunlar, fərmanlar, sərəncamlar və müxtəlif materiallar toplanaraq xronoloji ardıcıllıqla verilir.
Elektron nəşrdə Azərbaycanın xanlıqlar dövrünün Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, Sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanmışdır. Elektron nəşrin “Rəmzlər” fəslində Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni haqqında materiallar xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Hər bir bölmədə ümumi məlumatla yanaşı, rəmzin tarixi haqqında materiallar və rəsmi sənədlər də təqdim olunur. Elektron nəşrin “Atributlar” fəslində Azərbaycanın digər dövlətçilik atributları - Azərbaycan dili, din, pul, paytaxt, orden və medallar haqqında tarixi arayışlar və sənədlər, habelə, dövlət qurumlarının emblemləri haqqında materiallar öz əksini tapmışdır.
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir. Elektron nəşrin rus və ingilis dillərində versiyalarının hazırlanması dövlət rəmzlərimizin təbliği imkanlarını daha da genişləndirir. Kitabxananın www.preslib.az saytında yerləşdirilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr müntəzəm olaraq yenilənir.
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər aradan qaldırılmışdı. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır.
Bu gün müstəqil Azərbaycan dövləti bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Üçrəngli milli bayrağımız BMT-də və Avropanın mərkəzində dalğalanır, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında milli bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğulamışdır: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.
Kütləvi informasiya vasitələrinin dönə-dönə qeyd etdiyi kimi, ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsi idi. Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Xatırladaq ki, “Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Dövlət başçımız həmin mərasimdə səslənən tarixi nitqində demişdir: “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!”
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.