Ölkələrimiz və xalqlarımız uzun əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar.
Müstəqillik qazandıqdan sonra da biz bu münasibətləri strateji tərəfdaş olaraq uğurla davam etdiririk.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Tbilisi, 5 noyabr 2015-ci il
Azərbaycan ilə Gürcüstan arasında müttəfiqlik əlaqələrinin çox qədim tarixə əsaslanması heç kimə sirr deyil. Bu tarixilik amili, o cümlədən ikiqütblü dünyanın mühüm tərəfi kimi beynəlxalq arenada çıxış edən SSRİ-nin dağılmasından sonra hər iki ölkənin daxili və xarici siyasətdə oxşar vəziyyəti və geosiyasi maraqlar Azərbaycan-Gürcüstan münasibətlərinin yaranmasına və bu günə kimi inkişafına zəmin yaratmışdır. İki ölkə arasında strateji əməkdaşlıq münasibətləri indi də uğurla inkişaf edir. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı imzalanmış sənədlərlə əsası qoyulmuş strateji münasibətləri gücləndirən siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və ölkə başçımızın noyabrın 5-də Tbilisiyə rəsmi səfəri çərçivəsində gürcü həmkarı ilə imzaladığı Birgə Bəyannamə rəsmi Bakının regiondakı ən yaxın müttəfiqinə yönəlik xoş münasibətini bir daha təsdiqlədi.
Azərbaycan və Gürcüstan, demək olar ki, bütün sahələrdə - iqtisadi, siyasi, nəqliyyat, humanitar və mədəni sahələrdə tərəfdaşdır və birlikdə iri regional layihələr həyata keçirirlər. Avrasiyanın energetika mənzərəsini dəyişən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri hazırda uğurla fəaliyyət göstərir. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası da tamamlanmaq üzrədir və tezliklə dəmir İpək Yolu işə düşəcək. Bu baxımdan qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrində təmsil olunan Gürcüstan etibarlı tərəfdaş kimi özünü doğruldur və bu amil iki ölkə arasında əlaqələri daha da gücləndirir. Əlbəttə, bu münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumların fəaliyyətini də əhatə edir. Azərbaycanı strateji müttəfiq adlandıran Gürcüstan rəsmiləri ölkəmiz ilə yaranmış münasibətlərin həyati xarakter daşıdığını dəfələrlə vurğulayır və Azərbaycanla həmrəy olmağın zəruriliyini önə çıxarırlar. Bütün bunlar Gürcüstanın xarici siyasətində Azərbaycanla yaxın qonşuluq münasibətlərinə çox böyük önəm verildiyini nümayiş etdirir.
Coğrafi yaxınlığın və tarixi bağlılığın iki xalq arasında münasibətlərin xarakterini müəyyənləşdirməsi reallıqdır. Məhz bu yaxınlıq və ortaq maraqlar mehriban qonşuluq siyasətinin formalaşmasına münbit şərait yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində dediyi sözlər də bu həqiqəti bir daha təsdiqləyir: “Ölkələrimiz və xalqlarımız uzun əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra da biz bu münasibətləri strateji tərəfdaş olaraq uğurla davam etdiririk”. Azərbaycan ilə Gürcüstan arasında yüksək siyasi dialoqun mütəmadi qarşılıqlı səfərlərlə müşayiət olunduğunu qeyd dən dövlət başçısı bildirmişdir ki, yüksək səviyyəli səfərlər gündəlikdə olan məsələlərin müzakirəsi və həlli üçün faydalıdır. Xüsusilə qeyd etmək yerinə düşər ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərini Tbilisiyə etməsi rəsmi Bakının Gürcüstanla müttəfiqlik əlaqələrinə verdiyi yüksək önəmi bir daha təsdiqlədi. Bununla bağlı mətbuata açıqlamasında ölkə başçımızın dediyi “Seçkilərdən sonra mənim ilk rəsmi səfərim qardaş Gürcüstana həyata keçirilir. Bu, özlüyündə ikitərəfli əlaqələrə nə qədər böyük qiymət verməyimizi ifadə edən bir haldır” – fikrini Azərbaycanın xarici siyasətində bu ölkə ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə yönəlik fəal siyasətinin göstəricisi kimi qiymətləndirmək olar. İki ölkə arasında müqavilə hüquq bazasının 104 sənədi əhatə etməsi də hər iki xalqın bir-birinə verdiyi yüksək dəyəri sübut edir.
Hər iki ölkənin separatizm kimi problemlə üzlədiyi məlumdur. SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması və hələ də ərazinin işğal altında qalması, Cənubi Osetiya və Abxaziya regionlarının da qanunsuz olaraq mərkəzdən ayrılması və qondarma respublikalara çevrilməsi Azərbaycan və Gürcüstan rəhbərliyini ərazi bütövlüyü kimi fundamental prinsiplərin müdafiəsində eyni mövqedə dayanmağa təhrik edir. Bu baxımdan prezidentlərin imzaladıqları Birgə Bəyannamə mühüm əhəmiyyət kəsb edir və bu vacib sənəd əlaqələrimizin inkişaf perspektivlərini əhatə etməklə yanaşı, iki ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərdə əməkdaşlığın daha da güclənməsinə şərait yaradır. Əlaqələrimizin təməlində xalqlarımızın birliyinin, birgə tariximizin və qardaşlığımızın dayandığını vurğulayan dövlət başçısı İlham Əliyev bildirmişdir: “Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək, arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək”.
Bəyannamədə münaqişələrin həlli ilə bağlı çox dəqiq ifadələrin əksini tapdığını bildirən Prezident İlham Əliyev demişdir ki, bütün münaqişələr, o cümlədən, Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır: “Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul etmişlər”.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili də qeyd etmişdir ki, Gürcüstan və Azərbaycan xalqlarının ortaq tarixi, ən önəmlisi bu tarix boyunca xalqlarımız tərəfindən əsası qoyulan və münasibətlərimizin möhkəm təməlini əks etdirən nadir dostluq əlaqələri var. Bu möhkəm dostluq münasibətlərinin Azərbaycanın və Gürcüstanın sabiq rəhbərləri cənab Heydər Əliyevə və cənab Eduard Şevardnadzeyə regional əməkdaşlıq üçün çox əhəmiyyətli strateji layihələri həyata keçirmək işində mühüm dəstək olduğunu vurğulayan Gürcüstan Prezidenti əlavə etmişdir ki, bu səylər hər iki ölkəyə və ümumilikdə, regiona geosiyasi əhəmiyyət verdi. Gürcüstan dövlətinin lideri xüsusilə bildirmişdir ki, bu önəmli təşəbbüsün həyata keçirilməsinə başlanmasından, demək olar ki, iyirmi il ötür və bu müddət ərzində möhkəm dostluq və yaxın əməkdaşlığımız sayəsində Azərbaycan və Gürcüstan çoxsaylı çağırışlara lazımınca cavab verə bilmişdir.
Müasir Azərbaycanın daha da inkişaf etdiyini qeyd edən Prezident Giorgi Marqvelaşvili bu yenidənqurma prosesində Prezident İlham Əliyevin rolunun vacib və əhəmiyyətli olduğunu da vurğulamışdır. Noyabrın 1-də baş tutan son parlament seçkilərini Azərbaycanın növbəti uğuru kimi qiymətləndirən cənab Marqvelaşvili fürsətdən istifadə edərək dost Azərbaycanın daha da inkişaf etməsi və çiçəklənməsi istiqamətində atılan bu vacib addım münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etmişdir. O, əmin olduğunu bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq. Prezident Marqvelaşvili ölkəsində yaşanan çətin anlarda Azərbaycan xalqının və dövlətinin göstərdiyi qardaşlıq köməyinin gürcü xalqı tərəfindən daim rəğbətlə xatırlandığını bildirərək əlavə etmişdir ki, Gürcüstan həmişə dost Azərbaycanın yanında olacaq və strateji əməkdaşlıq münasibətləri dəyişməyəcək. Prezident İlham Əliyev də müzakirə olunan bütün məsələlərlə bağlı heç bir fikir ayrılığının olmadığını iki xalq arasında dostluq və qardaşlıq münasibətlətinin yarandığının göstəricisi kimi qiymətləndirərək əlavə etmişdir ki, Azərbaycan liderinin uğurlu səfəri gələcək dinamik əməkdaşlıq üçün də gözəl bir addımdır.
Dövlət başçılarının görüşü zamanı digər sahələrlə yanaşı, iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə olundu. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün böyük potensialın olduğu vurğulandı. Ölkələr arasında iqtisadi sahədə çox uğurlu əməkdaşlığın olduğunu bildirən Prezident İlham Əliyev ticarət dövriyyəsinin daha da artmasını istədiyini də nəzərə çatdırmışdır. Azərbaycanın Gürcüstana böyük həcmdə sərmayə yatırdığını xatırladan ölkə başçımız əlavə etmişdir ki, Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir və qonşu ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan şirkətlərinin Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer aldığını qeyd edən Prezident İlham Əliyev demişdir ki, birgə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars ölkələrimizin nəinki regionda, hətta dünyada əhəmiyyətini və nüfuzunu artırır: “Bu layihələr regionun inkişafına xidmət etməklə yanaşı, tarixi İpək Yolunun bərpasına mühüm töhfədir. Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji daşıyıcılarına olan tələbatının ödənilməsində mühüm rol oynayır”. Azərbaycan ilə Gürcüstanın etibarlı tərəfdaş olduğunu vurğulayan dövlət başçımız əlavə etmişdir ki, birgə səylərlə həyata keçirilən neft-qaz və nəqliyyat infrastrukturunun fasiləsiz, davamlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi isə bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına müsbət təsir göstərən amillərdən biri də qonşu ölkədə azərbaycanlı əhalinin yaşamasıdır. Uzun əsrlər boyu bu torpaqlarda yaşayan soydaşlarımız bu gün Gürcüstanın inkişafına öz töhfələrini verir, iki ölkə arasında münasibətlərin daha da güclənməsində böyük rol oynayırlar. Prezident İlham Əliyev rəsmi səfəri çərçivəsində azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonununa baş çəkmiş və 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə istifadəyə verilən “Çay evi” tədris mərkəzində fəaliyyət göstərən müxtəlif yaradıcılıq kollektivlərinin və dərnəklərin fəaliyyəti ilə tanış olmuşdur. Dövlət başçımız Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulamış və əməkdaşlığımızın böyük tarixi və gözəl gələcəyi olduğunu nəzərə çatdırmışdır.
Soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, hər iki ölkə ərazisində yaşayan azərbaycanlılar və gürcülər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaqlar. Mehriban qonşuluq şəraitində yaşamağın böyük nailiyyət adlandıran ölkə başçımız əlavə etmişdir: “Biz çox istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbayanlılar rahat yaşasınlar. Onların iş yerləri ilə təmin edilməsi istiqamətində daha da ciddi addımlar atılsın, onlar öz dəyərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi bu ölkənin ümumi inkişafına öz töhfəsini versinlər”.
Bir sözlə, Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan Birgə Bəyannamənin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərəcəyi şübhə doğurmur. Münasibətlərin hazırkı səviyyəsi də deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq və regional inkişafın təmin olunmasında mühüm rol oynayacaq. Gürcüstan Prezidenti də azərbaycanlı həmkarının səfərinin çox mühüm olduğunu vurğulamış və hər iki ölkə arasında strateji əməkdaşlığın və gələcək əlaqələrin dərinləşməsi baxımından çox əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.