Sofa Landver İsrail parlamentinin - Knessetin deputatıdır. Bakıya bu ölkənin parlament nümayəndə heyətinin tərkibində noyabrın 1-də keçirilən seçkiləri müşahidə etmək məqsədi ilə gəlib. Xanım Landverlə seçkilərin ertəsi günü, noyabrın 2-də Hilton otelində israilli müşahidəçilərin seçkilərlə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı başa çatandan sonra görüşüb “Xalq qəzeti” üçün eksklüziv müsahibə verməsini rica etdim. Etiraz etmədi.
Vaxt dar idi, qonaqlar harasa tələsirdilər. Buna baxmayaraq xanım Landverə ünvanladığım suallara qısa, lakonik, amma kifayət qədər dolğun cavablar ala bildim. Suallarımı əvvəlcə ingilis dilində versəm də, bir neçə dəqiqədən sonra rus dilində danışdıq. Məlum oldu ki, Sofa Landver Leninqradda (indiki Sankt-Peterburq) anadan olub, uşaqlıq, yeniyetməlik illərini orada keçirib, təbii ki, rus dilini mükəmməl bilir. Bu məqamda hörmətli oxucuları həmsöhbətimin qısa tərcümeyi-halı ilə tanış etməyə ehtiyac duyuram.
Qısa tanıtma: Sofa Landver 1949-cu ildə ziyalı ailəsində anadan olub. 1979-cu ildə 30 yaşında ailəsi ilə birlikdə İsrailə köçdükdən sonra tezliklə bu ölkənin siyasi elitasının aparıcı simalarından birinə çevrilib. 1996-cı ildən başlayaraq dalbadal beş çağırış Knessetin üzvü seçilib. Tükənməz bir həvəs və enerji ilə repatriantların — dünyanın müxtəlif ölkələrindən İsrailə köçüb gələn yəhudilərin məskunlaşması, bu ailələrin hüquqi, sosial problemlərini, bütövlükdə, İsrail cəmiyyətinə uğurlu inteqrasiya məsələləri ilə məşğul olub. 2009-2015-ci illərdə İsrailin absorbsiya (məskunlaşma) naziri vəzifəsində çalışıb. Hazırda İsrail parlamentində “Bizim evimiz - İsrail” fraksiyasını təmsil edir. Milli Məclisə son seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlmiş nümayəndə heyətinə həmin fraksiyanın rəhbəri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman başçılıq edib. Mətbuat konfransında da məhz cənab Liberman nümayəndə heyətinin üzvləri adından geniş və dolğun hesabatla çıxış etdi. Sofa Landverə ilk sualım məhz həmin çıxışla bağlı idi:
—Xanım Landver, siz cənab Libermanın seçkilərlə bağlı müsbət rəyini bölüşürsünüzmü və orada səslənən fikirlərə daha nələri əlavə etmək istərdiniz?
—Bilirsinizmi, cənab Liberman çox təcrübəli və nüfuzlu siyasətçidir, həmişə olduğu kimi, bu dəfə də çox obyektiv, məzmunlu və məntiqli çıxış etdi. Azərbaycandakı seçkilərin bütün parametrləri ilə ən yüksək dünya standartlarına cavab verdiyini bildirdi. Əslində, cənab Liberman təkcə özünün deyil, həm də nümayəndə heyətinin ümumi fikrini səsləndirdi. Mən də onun fikirləri ilə tamamilə şərikəm.
Azərbaycanda parlament seçkiləri, həqiqətən, çox yüksək səviyyədə təşkil olunub. Burada hər şey, seçkilərdə vətəndaş fəallığından tutmuş, səsvermənin şəffaf təşkilinə qədər nümunəvi idi. Bu, ona dəlalət edir ki, ölkənizdə yüksək seçki mədəniyyəti formalaşıb. Azərbaycan vətəndaşı aktiv, kreativ və siyasi cəhətdən yetkindir, ölkəsinin tərəqqisinə töhfə verməyə çalışır. Mən dost Azərbaycan xalqını seçkiləri belə yüksək səviyyədə keçirməsi ilə əlaqədar ürəkdən təbrik edirəm.
—Seçkilərlə bağlı başqa hansı müsbət və mənfi məqamları qeyd etməyə dəyər?
— Məni bir qadın siyasətçi olaraq ən çox məmnun edən odur ki, Bakıda səsvermə prosesini müşahidə etdiyim bütün seçki məntəqələrində qadınlar fəal iştirak edirdilər. Elə seçki məntəqələri vardı ki, onların üzvlərinin, demək olar ki, az qala hamısı qadınlardan ibarət idi. Hesab edirəm ki, qadınların seçkilər kimi mühüm siyasi kampaniyada fəal iştirakı Azərbaycanda son illər azad vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə edilən ən böyük uğurlardan biridir. Mənfi məqamlara və iradlara gəldikdə isə, hər şey həqiqətən əla olduğu üçün, təbii ki, ciddi bir gileyim yoxdur. Sadəcə arzum budur ki, qadınlar milli parlamentdə daha çox təmsil olunsunlar. Azərbaycan qadınları belə etimada layiqdirlər.
– Budəfəki gəlişiniz zamanı Bakıda diqqətinizi daha çox nə cəlb etdi?
– Azərbaycanın çox sürətli inkişafına sevindim. Bu, həqiqətən heyrətamiz və inanılmaz bir tərəqqidir. Son dəfə Bakıda 10 il əvvəl olmuşam. Bu illər ərzində paytaxtda çox böyük işlər görülüb. Yol, rabitə, tikinti və digər iri infrastruktur layihələri uğurla həyata keçirilib. Şəhəriniz hədsiz dərəcədə gözəlləşib, sakinlər çox zövqlü, yaraşıqlıdır. Hiss olunur ki, əhvalları yaxşıdır, güzəran sıxıntısı çəkmirlər. Görünən budur ki, ölkədə indi hər sahədə işgüzar mühit yaranıb.
Müasir Azərbaycanda bir dinamizm, müsbət aura müşahidə etdim. Bütün bunlar sabitliyin, uğurlu idarəçiliyin hesabına mümkün olub. Bunun qədrini bilmək, qorumaq lazımdır. Axı, çağdaş dünya çox narahatdır. Bir sıra ölkələrdə terror təhlükələri adamları anbaan təhdid edir. Xoşbəxtlikdən, Azərbaycanda bu sarıdan da vəziyyət çox yaxşıdır.
—Siz uzun illər ərzində İsrail hökumətində məskunlaşma problemləri ilə məşğul olubsunuz. İsraildə Azərbaycandan da köçən yəhudi ailələri var. Bu ailələrin Azərbaycanla əlaqələri qalırmı?
— Ən azı, mənəvi bağlılıqları qalır. Siz çox vacib və həssas bir məqama toxunursunuz. Mən həqiqətən düz doqquz il bu məsələlərlə məşğul olmuşam. Məskunlaşma kifayət qədər mürəkkəb, xüsusilə psixoloji uyuşma cəhətdən sadə və rəvan olmayan bir prosesdir. Bəllidir ki, İsraildə hazırda keçmiş SSRİ-nin bir çox yerlərindən, o cümlədən Azərbaycandan köçmüş çoxlu repatriant var. Maraqlı burasıdır ki, Azərbaycandan gələn soydaşlarımız onların hər biri üçün çox doğma olan bu ölkəni, onun mədəniyyətini, musiqisini, eləcə də vaxtilə bir yerdə işlədikləri, mehriban qonşu olduqları, dostluq etdikləri insanları unutmur, böyük məhəbbətlə xatırlayırlar. Bir məqamı da razılıq hissi ilə qeyd etməyə dəyər. O məqam budur ki, bu gün Azərbaycan, həqiqətən, dünyanın ən tolerant ölkələrindən biridir. Burada tarixən mövcud olan yəhudi icmasının heç vaxt milli, etnik zəmində problemi olmayıb. Ölkəniz dünyanın belə qarışıq dönəmində bu sahədə hamıya nümunə göstərir.
Bizim üçün Azərbaycan və yəhudi xalqlarının dostluğu böyük önəm daşıyır. Dövlətlərimiz arasında bütün sahələrdə uğurlu işbirliyi mövcuddur və bu əlaqələr ilbəil daha da genişlənir. İsraildə deyirlər ki, dostun nə qədər çox olsa yaxşıdır, amma ağıllı, etibarlı dostun çox olsa daha yaxşıdır! Azərbaycan xalqı müdrik xalqdır , yüksək intellektə malikdir. Siz dostluqda etibarlısınız. Biz yəhudilər bu dostluğa böyük dəyər veririk.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.