Ölkəmizdə keçirilən parlament seçkilərini Almaniya ictimai-siyasi xadimlərindən ibarət qrup da izləyib. Qrup üzvlərindən biri – Potsdam Universitetinin dosenti Dornfeldt Matthias “Azərbaycanda parlament seçkilərini necə qiymətləndirirsiniz?” sualına cavabında dedi: - Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Fəal müşahidəçi kimi qənaətim belədir ki, seçicilərin seçkiyə gəlişindən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün proseslər demokratik mühitin mövcudluğundan xəbər verirdi. Olduğumuz məntəqələrdə elə bir ciddi problem qeydə alınmadı.
Seçki məntəqələrində yerli müşahidəçilərlə, müxtəlif partiyaların, QHT-lərin təmsilçilərilə, o cümlədən jurnalistlərlə görüşdük, müzakirələr apardıq. Onlardan heç bir irad, narazılıq eşitmədik. Səslərin sayılması prosesini müşahidə zamanı da qanun pozuntusuna rast gəlmədik.
Qrupumuz seçki günü Bakıda, Sumqayıtda və Xırdalanda seçki məntəqələrinə, seçki dairələrinə baş çəkərək müşahidə apardı. Səsvermə prosesi yüksək səviyyədə təşkil edilmişdi. Məntəqələr bütün zəruri avadanlıqla təchiz olunmuşdu. Səsvermədə seçici fəallığı yüksək idi, qadınların fəallığı isə xüsusi vurğulanmalıdır. Seçki komissiyalarında da xeyli sayda qadın var idi.
Onu da diqqətə çatdırım ki, seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli müşahidəçi izləyirdi.
Dornfeldt Matthias söhbətində maraqlı bir məqama da toxundu: – Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edilməsinə, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün olmasına baxmayaraq, seçkilər seçici fəallığı ilə diqqət çəkirdi. Xırdalanda məskunlaşan məcburi köçkünlərdən birinin sözlərini yaxşı xatırlayıram. O dedi ki, bizim bütün ailəmiz səs verib. Oğlum və gəlinim səsverməyə gedən vaxt mən nəvələrimlə evdə qaldım. İndi isə özüm məntəqəyə gəlmişəm. Platforması ilə yaxından tanış olduğum namizədə səs verəcəyəm. O namizəd haqqında seçkilər ərəfəsində tam informasiya almışam. Tək mən deyil, seçkiyə gələn hər kəs kimə səs verdiyini, parlamentdə kimi deputat görmək istədiyini yaxşı bilir.
Ümumiyyətlə, seçkilərdə seçicilərin namizədlərin proqramları ilə dərindən bələd olduqları, namizədləri tanıdıqları, eyni zamanda, öz meyarlarına, istəklərinə uyğun olaraq sərbəst şəkildə seçim etdikləri aydın nəzərə çarpırdı. Maraqlı cəhət o idi ki, seçicilərdən onların səs verməyə borclu olduqlarını tez-tez eşidirdik. Deyirdilər ki, Azərbaycan onların öz ölkəsidir və onun gələcəyini özləri müəyyən edirlər.
Dornfeldt Matthias söhbətinin sonunda dedi:- Bura gəlməmişdən də bilirdim ki, dünyada Azərbaycanı sevməyən bəzi qüvvələr var ki, onlar ölkənizin inkişafına, uğurlarına qısqanclıqla yanaşırlar, respublikanızla bağlı mənfi fikir formalaşdırmağa çalışırlar. Həmin qüvvələrin arxasında güclü erməni diasporunun dayanması isə heç kəsə sirr deyil.
Avropanın bəzi qurumları öz müşahidəçilərini Azərbaycana seçkilərə niyə göndərmədi? Əlbəttə, bu sualın cavabı aydındır: Azərbaycan bölgədə nüfuz sahibi kimi tanınır. Dünyada və bölgədə iqtisadi, hərbi, siyasi böhran yaşanır. Azərbaycanın belə şəraitdə sosial-iqtisadi sahələrdə müsbət göstəricilər əldə etməsi, inkişafa nail olması, əlbəttə, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq Azərbaycanı gücləndirməyə, sabitliyi daha da möhkəmləndirməyə çalışır. Eyni zamanda, ölkənizin müstəqil xarici siyasət aparması da bəzi beynəlxalq dairələrdə qısqanclıq hissi doğurur. Bu, anlaşılandır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları narahat edir. Azərbaycanı da beləcə təsir dairələrinə çəkməyə çalışırlar. Buna nail olunmayanda isə qarayaxmaya, təzyiq göstərməyə başlayırlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərə öz missiyasını göndərməkdən imtina etməsi də buna əyani sübutdur.
Azərbaycan keçirdiyi seçkilərlə seçki proseduruna ciddi yanaşdığını nümayiş etdirdi. Çoxlu sayda əcnəbi müşahidəçi Azərbaycanda seçkilərin azad, demokratik, şəffaf şəraitdə, beynəlxalq normalar çərçivəsində keçdiyinin şahidi oldu. Ölkəniz gənc olmasına baxmayaraq, bu sahədə bir çox dövlətlərə nümunə göstərdi.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.