ABŞ-ın məşhur prezidenti Avraam Linkoln deyirdi ki, seçki bülleteni güllədən güclüdür. Həqiqətən də, seçki qutularından çıxan bülletenlərin istənilən ölkənin ictimai-siyasi həyatında oynadığı rol çox kritikdir və hakimiyyət qollarının müəyyənləşdirilməsində kəsəri böyükdür. Məhz seçici iradəsini əks etdirən bülletenlər hakimiyyətə legitimlik verir, dövlət-vətəndaş münasibətlərinin xarakterini müəyyənləşdirir.
Azərbaycanda Milli Məclisə keçirilmiş seçkilər bir daha nümayiş etdirdi ki, azad və demokratik şəraitdə baş tutmuş seçkilərə fəal qatılan vətəndaşın seçimi hakimiyyətin ikinci qolu sayılan qanunvericilik orqanının tərkibinin müəyyənləşməsində əvəzolunmaz rol oynadı və səsvermə prosesinin demokratikliyini və şəffaflığını bir daha təsdiqlədi.
Demokratik ölkələrdə seçkinin legitimliyini vətəndaşların müəyyənləşdirdiyi məlumdur. Noyabrın 1-də keçirilmiş parlament seçkilərində də Azərbaycan seçicisinin azad və demokratik səsvermə prosesində iştirak etməsini və iradəsini ortaya qoymasını legitimlik meyarı kimi göstərmək olar. Seçkilərə qədər davam edən hazırlıq, eləcə də, seçkilərin keçirildiyi zaman müşahidə olunan proses barədə səsləndirilən bəyanatlar qanunvericilik orqanının legitimliyini təsdiqlədi və səsvermənin demokratik dəyərlərə uyğun baş tutduğunu nümayiş etdirdi. Ciddi qanun pozuntusunun qeydə alınmadığı seçkilərin tamamilə insidentsiz şəraitdə keçməsi səsvermə prosesinin peşəkarcasına və texniki cəhətdən yaxşı təşkil olunmasını isbatladı və seçkiöncəsi və seçkisonrası proseslərin Seçki Məcəlləsinin müddəalarına uyğun olduğunu göstərdi. Ən əsası, seçki qanunvericiliyinin seçki prosesinə qatılan bütün qüvvələrə bərabər şərait yaratdığını da sübut etdi. Cüzi texniki pozuntuların qeydə alınmasına baxmayaraq, seçkilərin ümumilikdə şəffaf və demokratik keçirilməsinə imkan verən qanunvericiliyin olması və beynəlxalq standartlara uyğunluğu ölkə rəhbərliyinin demokratik dəyərlərə üstünlük verdiyini bir daha sübut etdi.
Hamıya bir daha aydın oldu ki, Azərbaycan dövləti ölkədə demokratik seçkilərin keçirilməsinə mühüm önəm verir. 1 noyabr-parlament seçkilərinin nəticələri və ümumilikdə, seçki prosesinin yüksək səviyyəsi məhz ölkə rəhbərliyinin seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı atdığı addımların Azərbaycanda formalaşan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini göstərdi.
Bu, bir aksiomdur ki, ictimai-siyasi sabitlik seçkilərin demokratik keçirilməsində mühüm amildir. Xaosun at oynatdığı mühitdə keçirilən seçkilərin legitimliyi mümkün deyil. Dağlıq Qarabağ kimi ciddi problemi olmasına baxmayaraq, Azərbaycanda sakitlik hökm sürür və ölkə rəhbərliyinin həyata keçirdiyi çoxspektrli siyasət nəticəsində ölkədə demokratik dəyərlərin güclü olduğu müşahidə edilir və bu, taleyüklü qərarların qəbul olunub yerinə yetirilməsində əvəzolunmaz təsirini göstərir. Azərbaycan vətəndaşı da belə əlverişli şəraitdə öz iradəsini nümayiş etdirərək, səsvermə hüququndan yararlanır və cəmiyyət həyatının bütün sahələrinə təsir göstərmək qabiliyyətində olan hakimiyyət qollarının formalaşdırılması prosesində yaxından iştirak edir.
İstər yerli, istərsə xarici müşahidəçilər də bəyan edirlər ki, Azərbaycanda seçkilər hər zaman şəffaf, ədalətli və demokratik prinsiplər əsasında keçirilir. Həmin ənənə bu gün də davam etdirilir. Azərbaycanda seçkiqabağı mühitin normal olması, ictimai-siyasi sabitliyin hökm sürməsi, mükəmməl seçki sisteminin mövcudluğu azad, şəffaf və demokratik seçkilərin keçirilməsini şərtləndirir. Azərbaycanın seçki qanunvericiliyi və seçki mədəniyyəti ilə fərqlənməsi də hakimiyyətin şəffaf və demokratik seçki keçirmək iradəsinin varlığından xəbər verir. Məhz mütərəqqi Seçki Məcəlləsini qəbul etməklə ölkə rəhbərliyinin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabər mübarizə imkanı yaratması 1 noyabr- parlament seçkilərinin nəticələrində özünü büruzə verdi. İlkin rəsmi məlumata görə, 125 mandat uğrunda aparılan mübarizədə siyasi qüvvələrin nümayəndələrinin növbəti parlamentdə təmsil olunmaq hüququ qazanmaları seçkilərdə seçici iradəsinin qalib gəldiyini nümayiş etdirdi. Azərbaycan rəhbərliyinin də hədəfi məhz bundan ibarət idi.
Ümumilikdə, parlament seçkiləri əhalinin fəallığı şəraitində, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirildi. Vətəndaşların seçki hüquqlarının təmin olunduğunu, əlil, o cümlədən, gözdən əlil seçicilər üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şəraitin yaradıldığı müşahidə edildi. Seçkilərin nəticələrinə təsir göstərən pozuntu halları, hər hansı bir dövlət qurumunun rəsmiləri, icra hakimiyyəti nümayəndələri və polis tərəfindən qanun pozuntusuna yol verilmədən keçirilən seçkilərə müdaxilə qeydə alınmadı. Hər bir seçici sərbəst şəkildə dəstəklədiyi namizədə səs verdi. Müxtəlif siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda, müstəqil və bitərəf olan, o cümlədən, çoxsaylı qadın müşahidəçilər də nizamla, bir-birinə qarşılıqlı hörmət ruhunda seçki prosesində iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdikləri müşahidə olundu. Məntəqələrdə veb-kameraların quraşdırılması, seçkilərin bilavasitə izlənilməsi üçün real şəraitin yaradılması seçki praktikasının daha da təkmilləşdiyini göstərdi, seçkilərin şəffaflığının təmin olunmasında ölkə rəhbərliyinin demokratik prinsiplərə sadiqliyini nümayiş etdirdi. Parlament seçkilərinin Seçki Məcəlləsinə uyğun həyata keçirildiyini vurğulayan beynəlxalq müşahidəçilər də əlavə edirlər ki, seçkilər Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratikləşmə və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi kimi prinsiplərə sadiq olduğunu bir daha təsdiqlədi.
Bir sözlə, Azərbaycan noyabrın 1-də Milli Məclisə ədalətli və demokratik seçkilər keçirməklə mütərəqqi ölkə olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Səsvermə prosesinə hazırlıq, səsvermə, səslərin sayılmasında və protokollaşdırılmasında şəffaflığa riayət olunması seçkilərin yüksək səviyyədə keçirildiyini, nəticələrin seçicilərin iradəsini əks etdirdiyini üzə çıxartdı. Səsvermə prosesinin yaxşı təşkil edilməsi və seçki məntəqələrində bütün zəruri şəraitin yaradılması, həmçinin, xeyli sayda yerli və xarici müşahidəçilərin olması şəffaflığın göstəricisi kimi yüksək qiymətləndirildi. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan xalqı demokratiyanın mühüm atributlarından biri olan seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsində növbəti ciddi uğura imza atdı, azad və ədalətli seçkilərin dönməz xarakter aldığını nümayiş etdirdi.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.