Dağlıq Qarabağda erməni separatizminin tarixi kökləri və nəticələri

Bir qərinəyə yaxın müddətdə beynəlxalq aləmin diqqət mərkəzində olan, artıq “saqqallı” etnik münaqişələrdən sayılan Dağlıq Qarabağ separatizminin tarixi kökləri də mürəkkəb və dərindir. Hələ XVIII əsrin əvvəllərindən Azərbaycan ərazisi İran, Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Öz iqtisadi maraqlarını təmin etmək istəyən Rusiya Cənubi Qafqazı ələ keçirmək üçün geniş hərbi əməliyyatlara başlamışdı və XIX əsrin birinci yarısında buna nail olmuşdu.

 Rusiyanın Qafqazı ələ keçirmək üçün apardığı müharibələr nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal edilmişdi. Qarabağ ərazisi də daxil olmaqla, Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə keçmişdi. Rusiya hökuməti Qafqazın cənubunda möhkəmlənmək üçün İran və Türkiyədən Dağlıq Qarabağa və ona bitişik Qərbi Azərbaycan ərazilərinə, ümumilikdə, 200 mindən artıq erməni köçürmüşdü. Bununla da Rusiya Cənubi Qafqazı öz əlində saxlamaq üçün müstəmləkəçilik siyasəti həyata keçirir, özünə xristian ermənilərin timsalında etibarlı dayaq məntəqəsi yaradırdı. Bu siyasətdən yararlanan ermənilər XX əsrin əvvəllərində xarici havadarlarının himayəsi ilə heç vaxt mövcud olmadıqları bir ərazidə— qədim Azərbaycan torpaqlarında erməni dövləti qurdular.

Rusiya hökumətinin əsas hədəfi Qafqaza yiyələnmək, “Şərq məsələsi”ni öz xeyrinə həll etmək, isti dənizlərə çıxmaqda strateji mövqelər qazanmaq olsa da, imperiyanın bu məqsədlərə çatmaq üçün yürütdüyü siyasət isə “erməni məsələsi”nin gerçəkləşdirilməsi idi. Rusiyanın hakim dairələri ermənilərin etno-mədəni xüsusiyyətləri ilə bağlı amillərdən istifadə etməyə üstünlük verirdi. Bunlardan birincisi, ermənilərin xristian olması, ikincisi, ilk orta əsrlərdə Ön Asiyada itirdikləri dövlətçiliklərini hər hansı bir ərazidə bərpa etməyə can atmaları və erməni qriqoryan kilsəsinin bu ideyaya böyük maraq göstərməsi, üçüncüsü, ermənilərin digər etnos və xalqlara, xüsusilə türklərə nifrət və xəyanət hissinin davamlılığı və istədiklərini əldə etmək üçün hər şeyə hazır olmaq “qabiliyyəti” idi.

XX əsrin əvvəllərində Qərbin  və Rusiyanın hərbi- siyasi dairələri Qarabağda vəziyyəti gərginləşdirmişdilər, ermənilərin köçürüldükləri ərazilərdə möhkəmləndirilməsi üçün yerli Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini himayə etmişdilər. 1905 – 1906-cı illərdə Qafqazda türk- müsəlmanlara qarşı silahlandırılmış ermənilər ilk kütləvi qırğın törətmişdilər. Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağda daha da möhkəmlənmişdilər.

Azərbaycanın Qarabağ bölgəsi tarixən Cənubi Qafqaz regionunda böyük strateji əhəmiyyət kəsb etdiyindən yaxın qonşular olan Rusiya, İran, Türkiyə ilə yanaşı, XX əsrdə dünyanın aparıcı dövlətləri sayılan İngiltərə, Fransa və ABŞ da bu əyalətə xüsusi maraq göstərirdi. Beləliklə, dünya imperializmi Türkiyə, İran və Azərbaycan sərhədlərində erməni xristian dövləti yaratmaq planını reallaşdırmağa başladı. XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri Rusiya dövlətinin Azərbaycana yönəlik təcavüzkar siyasətinin önündə gedərək, öz tarixi torpaqlarında yaşayan soydaşlarımıza qarşı planlı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirmişlər.

Ermənilər azərbaycanlılara qarşı 1918-ci ilin mart- aprelində daha genişmiqyaslı soyqırımı törətmişdilər. Azərbaycan xalqının qatı düşməni Andronik qiyamçı ermənilərə kömək adı ilə Zəngəzurda silahsız azərbaycanlıların kütləvi qırğınını törətmişdi. Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan Milli Şurası ölkəmizin müstəqilliyinin elan edilməsinin səhərisi günü – 1918-ci il mayın 29- da qədim İrəvanı ermənilərə güzəştə getmişdi. Bununla Azərbaycanın ciddi ərazi itkisinə yol verilmişdi. Bu bəxşişdən şirniklənən ermənilər Azərbaycana qarşı yeni ərazi iddialarını davam etdirmişdilər.

 Azərbaycanın belə ağır günlərində Tükiyənin göstərdiyi qardaşlıq köməyi xalqımızın və dövlətimizin taleyində mühüm rol oynamışdı. O qanlı dövrdə Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn türk qoşun birləşməsini xalqımız nicat duyğuları ilə qarşılamışdı. Qarabağ bölgəsində gərginliyin davam etdiyi dövrdə Nuru Paşa 1918-ci il sentyabrın sonlarında Cəmil Cahid bəyin rəhbərliyi altında Qarabağa böyük bir dəstə göndərmişdi. O, Qarabağın düşmənlərdən azad olmasına böyük əhəmiyyət verirdi. Nuru Paşa Azərbaycanda olduğu müddətdə Qarabağın təmizlənməsinə nail olmuşdu.

Xarici qüvvələrin hərtərəfli köməyi ilə türk-müsəlman xalqına məxsus İrəvan torpaqlarında özlərinə dövlət yaradan ermənilər şirniklənərək Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Dağlıq Qarabağla bağlı ərazi iddialarını reallaşdırmağa başladılar.  Bu zaman Qarabağ və Zəngəzurda ermənilərin nisbətən sıx yaşadığı məntəqələrdə qiyamlar ara vermirdi. Erməni silahlı qüvvələri burada yerli əhaliyə nisbətən üstün vəziyyətdə idilər.

Erməni separatçıları və Gorusda möhkəmlənmiş Andronik azərbaycanlılara qarşı soyqırımını davam etdirirdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaratmışdı. Bu vəzifəyə Xosrov bəy Sultanov təyin olunmuşdu. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağla bağlı açıq iddia ilə çıxış etmişdi.

AXC hökuməti yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmiş və Qarabağ general qubernatorluğunun yaradılmasına Ermənistanın etirazını ölkəmizin suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirmişdi. Bu zaman Cümhuriyyət hökumətinin qərarı ilə Qarabağı irticaçı qüvvələrin hədəfindən xilas etmək üçün mövcud süvari qüvvələr I tatar və II Qarabağ süvari alaylarında birləşdirilmişdi. Süvari diviziyasının qərargahı və tatar süvari alayı Gəncədə, Qarabağ süvari alayı isə Tərtər ətrafında yerləşdirilmişdi.

Lakin ermənilərin azərbaycanlılara qarşı genişlənən hərbi əməliyyatları Qarabağda vəziyyətin sabitləşməsinə mənfi təsir göstərirdi. Bununla belə, Cümhuriyyət hökuməti Qarabağı diqqət mərkəzində saxlayır, diyarın həyatının müxtəlif sahələrinə dair tədbirlərini davam etdirirdi. Ermənistan hökumətinin siyasəti isə orada yaşayan azərbaycanlıların öz dədə- baba torpağından didərgin düşərək qaçqına çevrilməsinə səbəb olmuşdu.

1919-cu ilin axırlarında Ermənistan hökuməti Dağlıq Qarabağın “azad” edilməsi üçün 19 milyon manat pul ayırmışdı. Bütün bunların nəticəsində 1920-ci ilin martında erməni separatçıları daha da azğınlaşmışdı. Martın 22 – 23-də Ermənistanın bilavasitə iştirakı və Moskvanın sifarişi ilə Dağlıq Qarabağda Azərbaycana qarşı xəyanətkar çıxışlar baş vermişdi. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında – apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alınmışı.

Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan sovet Rusiyası və bolşeviklərin ölkə daxilində apardığı pozuculuq- təxribatçılıq işləri də mühüm rol oynamışdı. Bolşevik Rusiyası “aprel işğalı” (28 aprel 1920-ci il) ilə Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmışdı. Təxminən, 2 il tarixi haqlarımızı qoruyan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətinə son qoyulandan sonra tarixi torpaqlarımız olan İrəvan, Zəngəzur və Göyçə mahalları zorla  Ermənistana verilmişdi. Bununla kifayətlənməyən ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi iddiası ilə çıxışlara başlamışdılar.

Sovet imperiyasının yaranması ilə meydana çıxan əlverişli şəraitdə inzibati ərazi məsələsini qaldıran Qarabağın erməni separatçıları 7 iyul 1923-cü ildə  “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı nə tarixi, nə də sosial-iqtisadi əsası olmayan bir qurum yaratmışdılar. Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölünmüş və Azərbaycanın bolşevik rəhbərliyi Moskvanın təsiri ilə Qarabağın Dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Bu xəyanətkar addım Yuxarı Qarabağda yaşayan azərbaycanlıların maraqları nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı.

Ermənilər Azərbaycan ərazilərində yerləşdikdən sonra irəli sürdükləri ərazi iddiaları Avropanın bəzi dövlətlərinin “Şərq siyasəti” və Rusiyanın “siyasi kartı” olan “erməni məsələsi”nin gerçəkləşdirilməsinin tarixi təzahürləridir. İki yüz ildən artıq bir müddətdə Azərbaycan xalqı erməni şovinist- millətçi ünsürlərin vaxtaşırı ərazi iddiaları, soyqırım və etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdır. Bu zaman yerli xalq dəfələrlə öz doğma ocaqlarından qovulmuş, qaçqın və köçkünə çevrilmişdir. Ermənilərin törətdiyi fəlakət və soyqırımlar azərbaycanlılara qarşı ərazi iddialarının, etnik təmizləmə siyasətinin həyata keçirilməsinin faciəvi stimuluna çevrilmişdir.

Ötən əsrin 70-80-ci illərində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli işlər aparılan zaman Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ermənilərin bu alçaq fəaliyyətinin qarşısını almaq üçün həm siyasi, həm də iqtisadi tədbirlər həyata keçirmiş, düşmənlərin gizli planlarını və niyyətlərini puça çıxarmışdır. Lakin, guya, muxtar vilayətdə sosial vəziyyətin pisləşməsini və buna görə də Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlüyünü ön plana çəkən ermənilər ictimai fikri çaşdırmağa çalışırdılar və Qarabağda açıq separatizm ocağını körükləyirdilər.

Nəhayət, sovet imperiyasının süqutuna hesablanmış bədnam Qorbaçov yenidənqurması işə salınandan az sonra Xankəndində Dağlıq Qarabağ separatizmi start götürdü. Ermənilər xarici fitvaçıların təhriki və daxili havadarlarının himayəsi ilə 1988-ci ildə “Böyük Ermənistan” uydurmasını ortaya ataraq ərazi iddialarını açıq müstəviyə çıxartdılar. Etnik münaqişənin başlaması ilə Qərbi Azərbaycanda erməni zülmünün ağır yükünü daşımağa məhkum olunmuş 200 mindən çox soydaşımız öz tarixi torpaqlarından son nəfərinə qədər deportasiya edildilər.

DQMV və Ermənistanda 1988-ci ilin əvvəllərindən  intensiv şəkildə tətillər, nümayişlər başlandı. 1989-cu ildən etibarən siyasi və sosial-iqtisadi böhran dərinləşdi. 1989-cu il yanvar ayının 12-də ermənipərəst M. Qorbaçovun hiyləsi ilə, guya, Dağlıq Qarabağda vəziyyəti qaydaya salmaq üçün ciddi tədbir adı altında “Xüsusi İdarə Komitəsi” adlı separatçı dövlət qurumu yaradıldı. A.İ.Volskinin sədrlik etdiyi bu qurum vəziyyəti sabitləşdirmək əvəzinə, onu daha da kəskinləşdirdi.

1991-ci ilin sonlarında Ermənistan faktiki olaraq Azərbaycan Respublikasına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi qüvvələri Azərbaycan sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçı- terrorçuları ilə birləşərək ölkəmizin bir sıra şəhər və kəndlərini əhatə edən 20 faiz ərazimizi işğal etdilər, 1 milyonadək soydaşımızı məcburi köçkünə çevirdilər. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq “Dağlıq Qarabağ Respublikası”nın yarandığını və müstəqilliyini elan etdilər.

Beləliklə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycana qarşı aparılan ərazi iddiaları ilə bağlı planlı şəkildə həyata keçirilən siyasi irticadır. Vaxtilə çar Rusiyasının öz imperialist məqsədlərinə uyğun olaraq həyata keçirdiyi işğalçılıq siyasəti ermənilərin Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinə səbəb olmuşdu. Ermənilər köçürüldükləri əraziləri mənimsəmək üçün müxtəlif vasitələrə əl atmış, ilk növbədə, yerləşdikləri ərazilərin onlara məxsus olmasını sübut etmək üçün saxta tarix uydurmuş, süni ideologiya yaratmışlar.

Erməni separatçıları zaman-zaman ərazi iddiaları irəli sürərək, onu reallaşdırmaq üçün bütün vasitələri - təşkilatlanma, təbliğat, təzyiq, deportasiya, hərbi təcavüzü işə salmışlar. Bu istiqamətdə yaratdıqları ideologiyaya uyğun olaraq ermənilərin həyata keçirdiyi separatçılıq və etnik təmizləmə Cənubi Qafqaz regionuna, o cümlədən, Azərbaycana, xüsusilə, Qarabağ regionuna böyük bəlalar gətirmişdir. Ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımları XX əsr boyunca fürsət düşdükcə davam etmişdir.

Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti 25 may 1991- ci ildə Azərbaycanda konsulluq və 14 yanvar 1992-ci ildə isə səfirlik açdı. Tarixi, coğrafi və mənəvi dəyərlərlə bağlı olan bu iki ölkə arasında, Azərbaycanın müstəqilliyi dövründən müxtəlif sahələri əhatə edən strateji anlaşma və protokollar imzalandı. Ümumiyyətlə, Türkiyə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daim Azərbaycanın haqq və ədalətli işinin müdafiəsi tərəfdarı kimi çıxış etmişdir və edir. Ötən illərdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ardıcıl dəstək vermək Türkiyənin xarici siyasətinin prioritetinə çevrilmişdir.

1993-cü il martın 31-də Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycana qarşı təcavüzkar əməllərini dərhal dayandırmasını və öz qoşunlarını onun ərazisindən çıxarmasını Ermənistandan tələb etdi. O zamankı Baş nazir Süleyman Dəmirəl Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edərkən, Dağlıq Qarabağla bağlı mürəkkəb vəziyyət diqqət mərkəzində olmuş, Ermənistanın hərəkətləri kəskin pislənilmişdi.

Az sonra Türkiyə Prezidenti olmuş Süleyman Dəmirəl Ermənistan prezidenti L.Ter-Petrosyana telefonla Azərbaycan torpaqlarının işğal edilməsinin Türkiyədə böyük hiddət doğurması barədə xəbərdarlıq etmişdi. Qarşı tərəf isə bu hadisələrin, guya, Ermənistanın nəzarəti altından çıxdığı üçün Dağlıq Qarabağ erməniləri tərəfindən edildiyini bəhanə gətirmişdi.

Beləliklə, Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyəti ilə birgə siyasəti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində uğurlu nəticə əldə ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına böyük inam yaratmışdır.

Beləliklə, 1992 – 1993-cü illərdə Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini və digər 7 rayonunu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanı işğal etdi. Ölkəmizin 20 faiz ərazisi hələ də işğal altındadır. Nəticədə, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, 188 540 ailə evsiz-eşiksiz qaldı. Ölkəyə 60 milyard ABŞ dolları həcmində ziyan dəydi.

Münaqişə isə Ermənistanın beynəlxalq hüququn tələblərinə açıq sayğısızlığı, onun himayədarlarının öz gizli maraqlarının sadiqliyi üzündən  həll edilməmiş qalır. Lakin hər bir münaqişə və müharibədə olduğu kimi, son söz həqiqətin, ədalətindir. Dağlıq Qarabağla bağlı həqiqət odur ki, onun Azərbaycan ərazisi olduğunu heç kəs inkar edə bilmir. Elə buna görə də ədalət gec-tez mütləq öz yerini alacaq.

Qasım HACIYEV,
AMEA A.Bakıxanov adına
Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri,
tarix üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında