Azad, şəffaf və demokratik şəraitdə yekunlaşmış 2015-ci ilin 1 noyabr seçkiləri Azərbaycanın müasir tarixinə xalqın siyasi iradəsinin növbəti təntənəsi kimi düşmüş, seçicilər öz ölkəsinin, xalqının taleyi baxımından ən layiqli namizədlərə səs vermişlər. Milli Məclisə seçkilərin bütün mərhələlərində qanunvericiliyin tələbləri və demokratik prinsiplər qorunmuş, hər bir vətəndaşın öz idarəsini azad və sərbəst şəkildə ifadə etməsinə maksimum imkanlar yaradılmışdır.
1 noyabr — parlament seçkilərinin demokratikliyini təmin edən mühüm amillər sırasında siyasi iradə ilə yanaşı, təkmil seçki qanunvericiliyinin mövcudluğunu da xüsusi qeyd etmək lazımdır. Qüvvədə olan Seçki Məcəlləsinin dünyanın mütərəqqi təcrübəsi əsasında hazırlanaraq qəbulu, dairə və məntəqə seçki komissiyalarının maddi-texniki təchizatının ən yüksək standartlara cavab verməsi, komissiya üzvlərinin hazırlıq səviyyəsi, ən başlıcası, ölkə rəhbərliyinin siyasi iradəsi prosesin tamamilə şəffaf şəraitdə keçməsini şərtləndirən mühüm amillərdəndir. Bu da təsadüfi deyildir ki, dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarını, beyin mərkəzlərini, eləcə də ayrı-ayrı ölkələri təmsil edən müşahidəçilər 1 noyabr seçkilərinin xalqın idarəsini əks etdirdiyini, şəffaf, demokratik, sabitlik şəraitində keçdiyini birmənalı bəyan etmişlər.
Seçkilər mahiyyət etibarilə hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymətdir. Hər bir hakimiyyətin müəyyən zaman intervalındakı fəaliyyətini dəyərləndirilməsi də məhz azad və ədalətli seçkilər nəticəsində mümkün olur. Cəmiyyətdəki mütləq çoxluğun maraq və mənafeyinə cavab verən inkişafyönümlü proqramları uğurla reallaşdıran komandanın seçkilərdəki zəfəri də qaçılmaz olur. Bu nöqteyi-nəzərdən, həm yerli, həm də əcnəbi siyasi analitiklər hələ seçkilərdən xeyli əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclis üzvlüyünə namizədlərinin parlaq qələbə qazanacağını böyük əminliklə proqnozlaşdırırdılar. Bu əminlik sadəcə, əhalinin müxtəlif qrupları arasında keçirilmiş rəy sorğularının obyektiv nəticələrinə deyil, həm də ölkənin milli iqtisadi inkişaf modelinin ölkəyə gətirdiyi dividendlərə, insanların həyat tərzində hiss olunan konkret makroiqtisadi göstəricilərə əsaslanırdı. Başqa sözlə, 1 noyabr seçkilərinin nəticələri də konkret real əməli fəaliyyətə əsaslanan əsl siyasətin zəfəri olmuşdur.
Xalqımız bu seçkiləri sülh və sabitlik şəraitində başa vurmaqla, daha bir ciddi sınaqdan üzüağ çıxmış, ölkə vətəndaşları gələcəkləri naminə ən layiqli namizədlərin qələbəsinə, eyni zamanda, Azərbaycanın nicatına, tərəqqisinə, inkişafına, sülh və sabitliyə səs vermişlər. Hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” — deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev son 12 ildə ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanmasını və işlək mexanizmlər əsasında həyata keçirilməsini diqqət mərkəzində saxlamışdır. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” — tezisini irəli sürmüş dövlət başçısı bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.
Dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirmiş, islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsinə çalışmışdır. Nəticədə Azərbaycan hələ 2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü geridə qoymuş, modernləşmə mərhələsinə adlamışdır. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir.
Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 12 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.
Ümumilikdə, 2003-2015-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar YAP-ın və onun lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir: 2004-2014-cü illərdə ölkədə ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, onun adambaşına düşən həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır. Bu müddətdə, həmçinin, dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır. Minimum əməkhaqqının məbləği 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə, işsizliyin səviyyəsi 4,8 faizə enmişdir.
2003-2015-ci illərdə Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi, rəqabət qabiliyyətliliyinin yüksəldilməsini və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsi həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu təsadüfi olmayıb, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən cənab İlham Əliyev iqtisadi inkişaf prosesində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malikdir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerli və xarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət rəhbərimizin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasındakı nitqi ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzində olacaqdır. Planlaşdırılan tədbirlər əsasən, lisenziyaların sayının azaldılmasını, onların verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflaşdırılmasını, vergi yükünün optimallaşdırılmasını, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsini və dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının sadələşdirilməsini nəzərdə tutur.
Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ölkədə iqtisadi liberallaşma və demokratikləşmə istiqamətində mühüm addım olmuşdur. Fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi bilavasitə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilmişdir. Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bir ay müddətində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi; dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının müəyyən edilməsi; sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə təkmilləşdirilməsi məsələləri ilə bağlı təkliflərini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim etməlidir. Fərmanla nazirliyə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirmək tapşırılmışdır.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında bir müddət əvvəl Milli Məclisdə qəbul olunmuş qanunla 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması da bu islahatların praktik davamı kimi xüsusi vurğulanmalıdır. Bu addımlar, mahiyyətcə qlobal maliyyə böhranı dövründə təkcə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına deyil, həm də demokratik inkişafın, sabitliyin qarantı olan orta burjuaziyanın formalaşmasına yönəlmişdir.
Azərbaycan bu gün qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, respublikamızın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini də ön plana çıxarmış, cənab İlham Əliyevin tapşırığı ilə 2006-2014-cü illərdə bu istiqamətdə müəyyən addımlar atılmışdır.
Həyata keçirilən iqtisadi islahatlar həm də dövlət idarəçiliyinin modernləşdirilməsi, şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması tədbirləri ilə müşayiət olunur. XX əsrin böyük iqtisadçısı və siyasi mütəfəkkiri Fridrix Avqust fon Xayek hələ özünün “Köləliyə aparan yol” kitabında yazırdı ki, özlərini yedirə biləcəyinə əmin olmayan insanlarda müstəqil ağla və güclü xarakterə nadir hallarda rast gəlmək olur. Müəllifin bu fikri praktik həyatda təsdiqini tapır — demokratiya yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin — milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır. Azərbaycanın hazırkı sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusun əldə olunmasına, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini obyektiv zərurətə çevirmişdir.
Təcrübə göstərir ki, inkişaf səviyyəsi yüksək olan ölkələr postindustrializm dövrünün tələblərinə uyğunlaşma məsələlərini yalnız müasir demokratik cəmiyyətin kifayət qədər inkişaf etmiş təsisatları mövcud olduqda həll edə bilərlər. Yəni, siyasi liberallaşmaya xidmət edən islahatlar iqtisadi inkişaf və adambaşına düşən gəlirlər müəyyən bir həddə çatdığı zaman praktik səmərə verir. Buna nəzərən, demək olar ki, Azərbaycanda da milli gəlirin artım tempi ilə siyasi-hüquqi islahatların həyata keçirilməsi prosesi mütənasiblik təşkil edir. Məhz belə bir mərhələdə ictimai münasibətlər sisteminin xarakterində dövrlə bağlı fundamental dəyişikliklərin baş verməsini labud və qarşısıalınmaz proses kimi səciyyələndirmək olar.
Ölkədə həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatlar mahiyyətcə cəmiyyətdə liberallaşmaya, sivil siyasi davranış normalarının möhkəmlənməsinə xidmət etdiyindən, Azərbaycanda müxalifətçiliklə bağlı nihilist və anarxist yanaşmalarda da tədricən dəyişikliklərin baş verəcəyi şübhəsizdir. Ölkə iqtidarı da Azərbaycan sosiumunun inkişafının üç əsas amilini - milli birlik və siyasi suverenliyi, iqtisadi firavanlığı, mənəvi vəhdətin və bizi birləşdirən mənəvi dəyərlərin bütövlüyünü təmin etmək üçün ölkəni zəruri inkişaf səviyyəsinə çatdırmağa çalışır. Yeni siyasi şəraitdə demokratiya təkcə müəyyən olunmuş gündə səsvermə qutularına yaxınlaşıb səs verməkdən ibarət deyildir. Demokratiya cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, habelə üzvləri arasında qarşılıqlı əlaqənin formasıdır. Bu proses dövlətin tənəzzülünə deyil, onun güclənməsinə və inkişafına imkan yaradır. Son proseslər, atılan qətiyyətli addımlar da göstərir ki, ölkə iqtidarı siyasi məkanın yeniləşməsinə olan ictimai tələbatı aydın dərk edərək bu istiqamətdə əməli tədbirlər həyata keçirir. Siyasi cəhətdən sabit və oturuşmuş, iqtisadi cəhətdən sürətlə inkişaf edən, mənəvi-ideoloji bütövlüyünü təmin edən müasir Azərbaycan idarəçilik sistemində “dəmir əl”ə artıq ehtiyac duymur. Əgər 90-cı illərdə dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması, iqtisadi islahatların gedişinə müdaxilə zərurəti cəmiyyətdə liberal islahatların aparılmasına imkan vermirdisə, hazırda vəziyyət kökündən dəyişmişdir. Respublikamız inkişafının elə mərhələsindədir ki, yalnız liberallaşma və demokratikləşmə proseslərinin genişlənməsi yolu ilə bu tempi saxlamaq olar. Bir sözlə, respublikamız elə bir inkişaf mərhələsinə çatmışdır ki, ölkə iqtidarı idarəetməni tamamilə yeni prinsip və metodlar üzərində qurmağı vacib sayır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında sistem xarakterli islahatların davam etdirilməsi zəruriliyi ilə bağlı söylədiyi fikirlər bu baxımdan xüsusi maraq doğurur: “Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik. Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki görürük ki, inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi hallarda insanların dəyişməsi o qədər də böyük səmərə vermir. Ona görə, sistem xarakterli islahatlar davam etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə ki, ”ASAN xidmət"in təcrübəsi geniş tətbiq edilməlidir".
Göründüyü kimi, ölkə başçısı demoktatikləşməyə xidmət edən sistem xarakterli islahatların gələcəkdə daha da genişləndirilməsi vacibliyini önə çəkmişdir. 2015-ci ilin 1 noyabr seçkilərinin yekunları da göstərir ki, Azərbaycan da qloballaşan dünyanın tərkib hissəsi kimi bu inteqrasiya magistralında uğurla irəliləyir, sürətlə demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları isə deməyə əsas verir ki, Azərbaycan demokratik tranzit mərhələsinin tezliklə başa vuraraq dünyanın bu sahədə inkişaf etmiş dövlətləri ilə eyni cərgədə dayanmaq imkanı əldə edəcəkdir.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Hüquq
İnstitutunun direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.