“Böyük Orta Şərq” layihəsi: Suriya böhranı fonunda yeni məqamlar

Dünyanın böyük dövlətlərinin Yaxın Şərq uğrunda mübarizəsinin növbəti mərhələsinin başladığı hiss olunur. Rusiyanın Suriyadakı hərbi əməliyyatları, ABŞ və Avropanın yeni addımları bunun əyani təsdiqidir. Regionun böyük dövlətləri də kənarda qalmayıb, bu və ya digər dərəcədə hadisələrin gedişinə təsir etməyə çalışırlar. Suriyada isə qanlı toqquşmaların arası kəsilmir. Savaşın daha kəskin forma aldığı müşahidə olunur. Hadisələrin bu cür gedişatının bütövlükdə regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olacağı proqnozlaşdırılır. Vyanada 19 ölkənin təmsilçilərinin Suriya problemini müzakirə etməsi bunun əlamətlərindən biri kimi qəbul oluna bilər. Ümumilikdə Yaxın Şərq haraya gedir?

 

Suriya mənzərəsi: lokal, reional
və qlobal reallıqlar kontekstində

 

İndi Yaxın Şərq böhranının yeni fazaya qədəm qoyduğundan bəhs olunur. Bu prosesin mərkəzində isə Suriya hadisələri dayanır. Kifayət qədər mürəkkəb, ziddiyyətli və riskli geosiyasi mənzərə yaranıb. Bu, lokal, regional və qlobal miqyasda özünü büruzə verir. Lokal olaraq Suriyanın daxilində xaotik vəziyyətin daha da güclənməsini göstərmək olar. Bu ölkədəki qanlı toqquşmalara kənardan daha çox müdaxilələr edilir. Hələlik bu taktikanın nəticəsi xalqın daha ağır vəziyyətə düşməsi, cəmiyyətin parçalanmanın bir addımlığına gəlməsidir. Bir sıra analitiklər belə bir vəziyyətdə nəinki Suriyanın, hətta regionun böyük dövlətlərinin belə parçalanacağı haqqında “proqnozlar” verir və bu gedişatı “Yeni Yaxın Şərq layihəsi”nin növbəti mərhələsi kimi təqdim edirlər. Daha konkret deyilsə, indi həmin planın “aralıq mərhələsi” reallaşdırılır.

Burada qərəzli və süni bir mövqe hiss edilir. Müsəlman dövlətlərinin zəiflədilməsi və parçalanması iştahası aydın görünür. Lakin başqa bucaq altında baxdıqda, əsas məsələnin Suriyanın daxili sosial-siyasi və hərbi vəziyyətinin son dərəcə ağır olmasından ibarət olduğu duyulur.

 

Regional kontekstdə ümumi
vəziyyət daha da gərginləşib

 

Yaxın Şərqin böyük və iddialı dövlətləri arasında rəqabət təhlükəli səviyyəyə çatıb. Xüsusilə Səudiyyə Ərəbistanı ilə İran arasında mübarizə şiddətlənib. Tehranın Suriyaya hərbi qüvvə göndərməsi ilə proses faktiki olaraq yeni gərginlik çalarları alıb. Dolayısı ilə Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin yaranmış duruma həssaslığı artıb. Burada ən çox təsirə məruz qalan hələlik Türkiyədir. Bu dövlətin daxilində separatizmi gücləndirməyə cəhdlər edilir. Prezident Rəcəb Tayyib Ərdoğan son müsahibələrinin birində həmin proseslərin arxasında Qərbin dayandığını açıq bildirdi. Hesab etmək olar ki, bununla regionda keyfiyyətcə yeni münasibətlər sisteminin formalaşması üçün ciddi əsaslar yaranıb. Ankara eyni hərbi blokda olduğu dövlətləri terror kimi ciddi məsələdə ittiham edirsə, bunun çox uzaqlara gedən nəticələri ola bilər.

Nəhayət, qlobal miqyasda Yaxın Şərq məsələsi ətrafında mübarizə daha amansız və güzəştsiz məzmun almaqdadır. ABŞ, Avropa və Rusiya ortaq razılaşmalara can atırlar. Ancaq bu, region ölkələrinin maraqları çərçivəsində yox, böyük oyunçuların daha çox geosiyasi dividend götürmək hərisliyi ilə xarakterizə olunur. Maraqlıdır ki, regional və lokal səviyyədə gedən proseslərə də məhz qlobal oyunçuların iradəsi daha çox təsir göstərir. Bu da real vəziyyətlə siyasi məqsədlər arasındakı uçurumu daha da dərinləşdirir və bölgəni təhlükələrə sürükləyir. Həmin tezisin işığında son Vyana görüşündə əldə edilən razılaşmalar maraq doğurur.

Əvvəlcə qeyd edək ki, bu tədbirə qədər Moskvanın Suriyada hərbi güc tətbiqinə başlaması dünyanı ən çox maraqlandıran məsələlərdən birinə çevrilmişdi. Bəşər Əsədi dəstəkləyən Rusiya problemləri silah gücünə həll etməyin mümkünlüyünü nümayiş etdirmək fikrində deyil. Kreml Yaxın Şərqdə əsas söz sahiblərindən biri olduğunu sübut etməyə çalışır. Etiraf etmək lazımdır ki, o, buna xeyli dərəcədə nail ola bilib. ABŞ başda olmaqla Qərb təsdiqlədi ki, Suriya məsələsini Rusiyasız həll etmək mümkün deyil. Bunun ardından avtomatik olaraq İranın da rolu etiraf olundu. Təsadüfi deyil ki, Tehranı 2-ci Vyana görüşünə Vaşinqton dəvət etdi.

Vyana görüşü:
 təzadlar  və ümidlər

Həmin tədbirdə 19 ölkənin nümayəndəsi iştirak edib. Uzun sürən müzakirələrdən sonra 9 bənddən ibarət sənəd qəbul olunub. Tərəflər problemin siyasi yolla həllində razılığa gəliblər. Yəni, hər kəs etiraf edib ki, silah gücünə Suriyada sabitliyə nail olmaq imkansızdır. Eyni zamanda, İŞİD-i və BMT-nin ekstremizmdə ittiham etdiyi qruplaşmaları hərbi yolla məhv etmək variantı da sənəddə yer alıb. Maraqlıdır ki, bu siyahıya “Hizbullah” və kürd qruplaşmaları düşməyib. Bu da təbii ki, regionun bəzi sünni dövlətlərini qane etməyə də bilər və nəticədə, yeni ixtilaflar və müharibə ssenariləri meydana gələ bilər. Düşündürücüdür ki, KİV Vaşinqtonda söhbətin məhz bu istiqamətdə getməsi barədə informasiyalar yayıb.

Məsələ ABŞ-ın Yaxın Şərqdəki kürd qruplaşmalarına müttəfiq gözündə baxması kimi təqdim edilir. Bu çərçivədə Ağ Evin Suriyaya xüsusi təyinatlı dəstə göndərdiyi və həmin qruplarla birlikdə əvvəlcə İŞİD-in əsas dayağı olan Rakka şəhərini, sonra isə Mosulu ələ keçirəcəyi bildirilir. Regional səviyyədə isə Qərbin kürd məsələsindən İran, İraq, Suriya və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəyi fikri irəli sürülür. Əgər bu həqiqətdirsə, onda Yaxın Şərqdə gərginlik prosesi yeni fazaya qədəm qoya bilər. Ziddiyyətlər tamamilə yeni məzmun alır və bölgəni uzun sürən müharibələrdən xilas etmək son dərəcə mürəkkəbləşir.

Bütün bunların fonunda Suriya məsələsinin daha vacib faktor olduğu bəlli olur. Vyanada problemin həllində diplomatik səylərin artırılması və Suriyanın bütövlüyünün saxlanması haqqında razılığın əldə edilməsi mühüm məqamlardandır. Ölkənin bütün siyasi qüvvələrinin iştirakı ilə keçid hökumətinin yaradılması da müsbət haldır. Son olaraq problemin Suriya xalqının siyasi iradəsi əsasında aradan qaldırılması bəndini də alqışlamaq olar. Lakin bunlarla yanaşı, ölkədə barışın təmin edilməsində kənar qüvvələrin iştirakı haqqında danışılması bir sıra suallar doğurur.

Çünki bununla böyük güclərin Suriyanın daxili işlərinə qarışması üçün əl yeri qoyulur. Məsələ tamamilə və bütövlükdə BMT-nin ixtiyarına verilmir. Təcrübə göstərir ki, bu halda kənar qüvvələr arasındakı rəqabət problemlər yaradır. Onların hər biri öz əhəmiyyətini yüksəltmək üçün başqası ilə ixtilaflara gedir ki, bunun da nəticəsində Suriyada gərginlik artır.

Göründüyü kimi, Suriya məsələsində qeyri-müəyyənlik qalmaqdadır. Bir tərəfdən, Rusiyanın hərbi əməliyyatları davam edir, digər tərəfdən isə Qərb oraya yeni hərbi qüvvələr yeritməyi planlaşdırır. Bunlarla yanaşı, bölgədə separatizm və terror da davam edir. İndi Suriya-Türkiyə sərhədi Əfqanıstan-Pakistan sərhədi ilə müqayisə olunur. Bir zaman talibləri dəstəkləyənlər indi PKK-nın Suriya qoluna yardım edir, onların muxtar qurum yaratmasına yaşıl işıq yandırırlar. Təbii ki, buna təkcə Ankara deyil, Tehran, Ər-Riyad, Qahirə və digər region ölkələrinin paytaxtlarından da reaksiya veriləcək. Səbəb bundadır ki, hər kəs söhbətin sonda regionun parçalanmasından getdiyinin fərqindədir. Ancaq Qərbin tutduğu geosiyasi kursdan geri çəkiləcəyini gözləmək sadəlövhlük olardı. ABŞ-ın bir sıra analitikləri də bu fikri dəstəkləyirlər. Məsələn, C.Nay və R. Haas Suriya hadisələri kontekstində Amerikanın hökmranlığı necə etməli olduğu barədə fikirlər irəli sürüblər.

Onlar hesab edirlər ki, Vaşinqton Suriyada iki aspektdə siyasət yeritməlidir. Birincisi, ölkədəki kürd və İŞİD-ə qarşı olan bəzi sünni qruplaşmaları gücləndirməlidir ki, yeni qüvvələr balansı yaransın. Bununla belə analitiklər Suriyanın bütün ərazisində legitim olan hökumətin bərpa olunmasını qəbul etmirlər. Görünür, onlar burada federativ quruluş nəzərdə tuturlar. İkincisi, Rusiya faktorunu da nəzərə almaq lazımdır. Lakin Moskvanı aparıcı yox, regionda Amerikanın strateji planına xidmət edən güc olaraq görmək istəyirlər.

Bunlar təhlükəli planlar təsiri bağışlayır. Görünür, Suriya məsələsindən başqa niyyətlərlə istifadə etməyə cəhd ediləcəkdir. Bu, bütövlükdə Yaxın Şərq və onun qonşuluğunda olan regionlar üçün arzuolunmaz haldır.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında