Şahbuz rayonunda Azərbaycan və Naxçıvan parlamentlərinə seçkilər yüksək vətəndaş fəallığı və demokratiya şəraitində keçdi

2015-ci il noyabrın 1-də  Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilər çox mühüm siyasi kampaniya kimi xalqımızın həyatında yaddaqalan oldu.

 Ədalətli və obyektiv şəraitdə, beynəlxalq standartlara uyğun şəkildə keçirilən seçkilər bir daha sübut etdi ki, ölkəmizdə demokratiyanın inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublika əhalisi seçki məntəqələrinə gedib sərbəst şəkildə səs verməklə Azərbaycan  Respublikasının parlamentində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində onu təmsil edəcək ən layiqli oğul və qızlarını seçdi.

Budəfəki seçkilər muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da yüksək hazırlığı ilə seçilirdi. Seçkiləri izləmək üçün ezam olunduğumuz Şahbuz rayonu ərazisindəki seçki məntəqələrinə artıq səhər saatlarından başlayaraq seçicilərin axını başlamışdı.

Qeyd edək ki, Şahbuz rayonundakı seçicilər Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Şahbuz rayonunda yaradılmış 34 seçki məntəqəsində səs verirdi. Seçki dairəsindən aldığımız məlumata görə, gün ərzində bu məntəqələrdə 17 min 976 seçici səs verəcəkdi. Artıq ilk saatlardan seçkilərin yüksək mütəşəkkilliklə keçdiyi müşahidə olunurdu. Səsvermə prosesində şəffaflıq üçün tələb olunan bütün şərait yaradılmış, eyni zamanda müşahidəçilərin seçkiləri sərbəst izləməsi üçün yerlər ayrılmışdı. Rayonda 2 məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə seçkilər onlayn rejimdə izlənə bilirdi.

Səhər saat 8-dən başlayaraq Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş 5-1 saylı seçki məntəqəsində xeyli qələbəlik idi. Burada həmsöhbət olduğumuz gənc seçici Nihad Abışovun həyəcanı açıq sezilirdi. 1 noyabr onun doğum günü olduğundan Mərkəzi Seçki Komissiyası tərəfindən ona xüsusi vəsiqə verilmişdi. Bu məntəqədə 33 nəfər ilk dəfə olmaqla, ümumilikdə, 1438 nəfərin səs verəcəyi bildirildi.

Yüksək seçici fəallığı olan bu məntəqəyə saat 12-də yenidən baş çəkəndə burada artıq 550 nəfərə yaxın seçicinin səs verdiyini öyrəndik. Qeyd edək ki, eyni secici fəallığına Şahbuz şəhərindəki 5-6 saylı, Ayrınc kəndindəki 5-8 saylı, Kükü kəndindəki 5-15 saylı, Güney Qışlaqdakı 5-16 saylı, Şahbuzkənddəki 5-2 saylı seçki məntəqələrində də rast gəldik. 5-2 saylı Şahbuzkənd seçki məntəqəsində 787 seçici qeydiyyata alınıb. Onlardan 11 nəfəri ilk dəfə seçki hüququndan istifadə edirdi. Məntəqədə olarkən seçici İsa Həsənəliyev və onun xanımı Bahar Həsənəliyevadan seçki haqqında fikirlərini soruşduqda, onlar bu seçkiyə yüksək əhvali-ruhiyyə ilə gəldiklərini, həm Milli Məclisə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə öz layiqli namizədlərinə səs verdiklərini bildirdilər.

 Gün-güzəranından razılıq edən 76 yaşlı İsa kişi dövlətimizin bayrağının həmişə uca olmasını arzuladığını dedi. Qeyd edək ki, Şahbuzdakı 1 noyabr seçkilərində seçicilər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə yaradılmış 34 saylı Şahbuz, 35 saylı Kolanı və 36 saylı Şahbuzkənd seçki dairələri üzrə yaradılmış seçki məntəqələrində bu konstitusion hüquqlarından istifadə etdilər.

Şahbuzun digər iri yaşayış məntəqəsi olan Kolanı kəndində də seçki günündə yüksək seçici fəallığı vardı. Burada fəaliyyət göstərən 35-1 saylı seçki məntəqəsində artıq  saat 12-yə 500 nəfərə yaxın seçici səs vermişdi ki, bu da kənd üzrə qeydə alınmış seçicilərin 40 faizini təşkil edirdi. Səsvermədən sonra burada həmsöhbət olduğumuz 82 yaşlı Əbülfəz Rzayev və 18 yaşlı Tünzay Orucova demokratik və şəffaf seçkilərin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirdilər, layiqli namizədlərə səs verdiklərini dedilər.

Ümumiyyətlə, günün ikinci yarısına qədər Şahbuzda yüksək seçici fəallığı müşahidə olunurdu. Belə ki, saat 12-yə qədər rayon üzrə seçici fəallığı 37,3 faiz, saat 15-də 51,1 faiz olmuşdu. Qeyd edək ki,  saat 15-də alınan nəticə artıq Şahbuz rayonunda seçkilərin baş tutduğunu göstərirdi. Ölkəmizin ildən-ilə qüdrətlənməsi, muxtar respublikanın hərtərəfli inkişafı insanların budəfəki seçkilərə olan marağını artıran əsas amillərdən olduğu görünürdü.

 1 noyabr - Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər günündə həmsöhbət olduğumuz şahbuzlu seçicilərin də ümumi qənaəti belə idi.

Rauf  ƏLİYEV,
Şahbuz rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında