Dünən “Park-İnn” otelindəki “Seçkilər” Media Mərkəzində noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərini yaxından izləmiş beynəlxalq müşahidəçilərin bir neçə qrupu öz təəssüratlarını bölüşdü. Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) müşahidə missiyasının tərkibində Əhməd Öztürk, Xəlil Ürün (Türkiyə), Jandos Asanov, Saidulla Nişanov, Serikjan Kanayev (Qazaxıstan), Marat Taqimov (Qırğıxıstan) təmsil olunmuşdular.
TÜRKPA-nın baş katibi Jandos Asanov təşkilatın müşahidə missiyasının ölkədə monitoriq aparması üçün yaradılmış şəraiti çox yüksək qiymətləndirərək buna görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Müşahidə missiyasının seçkilərin nəticələri ilə bağlı bəyanatını təqdim edən Qazaxıstan parlamentinin nümayəndəsi Serikjan Kanayev bildirdi ki, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri, eləcə də Türk PA baş katibinin rəhbərliyi altında qurumun beynəlxalq missiyası noyabrın 1-də keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib. Onların fikrincə, seçkilərin texniki və prosedur qaydaları, seçici qeydiyyatı, təlim materiallarının hazırlanması yüksək səviyyədə təşkil olunub. Müşahidə missiyasının üzvləri Binəqədi, Nəsimi, Səbail seçki dairələrinin məntəqələrində olub və burada məntəqə komissiyasının üzvləri, yerli müşahidəçilər və müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrlə görüşüblər. “Biz seçicilərin seçki prosesinə sakit və təmkinli yanaşmasını müşahidə etdik”, - deyə S.Kanayev bildirib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılıb. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb. Seçki prosesi Azərbaycanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun təşkil olunub.
Avropa Parlamentinin üzvü Frans Obermayer (Avstriya) ilk dəfədir ki, Azərbaycanda seçki prosesində müşahidəçi qismində iştirak etdiyini söylədi. “Deyə bilərəm ki, seçkilər çox maraqlı keçdi. Ümumilikdə 7 seçki məntəqəsində səsvermə prosesini izlədim. Seçkilərin tam şəffaf keçdiyinin şahidi oldum. Hər hansı qanun pozuntusuna rast gəlmədim. Seçki məntəqələrinin sədrləri, bəzi namizədlər, onların məntəqələrdəki nümayəndələri ilə söhbət etmək imkanı əldə etdim. Bu, mənim üçün çox əhəmiyyətli oldu. Eyni zamanda, ilk dəfədir ki, seçkilərdə seçicilərin baş barmağının ultrabənövşəyi lampalarla yoxlanıldıqdan sonra gözə görünməyən mürəkkəblə işarələndiyini gördüm. Bu da seçkilərdə şəffaflıq nümunəsidir”, - deyə F.Obermayer qeyd etdi.
Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində Lure Simpkins, David Conston, Şaman Nensi Stons, Laurie Ferquson təmsil olunurdu. Müşahidə missiyasının rəhbəri, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkins seçki günü Bakı, Gəncə və Azərbaycanın digər şəhər və rayonlarında xeyli məntəqədə olduqlarını qeyd etdi. “Səsvermə prosesini yaxından izlədik. Məntəqə seçki komissiyalarının üzvləri, yerli müşahidəçilərlə, eləcə də seçicilərlə ünsiyyətdə olduq”. L.Simpkinsin fikrincə, Azərbaycanda müşahidə etdikləri bəzi məqamlar Avstraliyada da tətbiq oluna bilər: “Bunlar demokratik proseslərin inkişafına müsbət təsir edə bilərdi. Avstraliyada seçki sistemi Azərbaycandan çox fərqlidir. Bizdə səsvermədə iştirak məcburidir, Azərbaycanda isə könüllüdür. Hesab edirəm ki, Azərbaycanda seçki prosesi nizamlı və səmərəlidir”. O, Azərbaycana artıq ikinci dəfə gəldiyini, nümayəndə heyəti üzvlərinin isə ilk səfəri olduğunu bildirdi.
İtaliya Senatını isə Azərbaycan parlamentinə seçkilərdə Konsiqlio Nunzuante, Fiorella Provera və Sergio Divina təmsil edirdilər. Sergio Divina bildirdi ki, Azərbaycan Milli Məclisinə seçkilər nizamlı şəkildə və yüksək təşkilatçılıqla keçirilib. Seçki məntəqələrində müşahidələr apararkən hər hansı etiraza və ya intizam pozuntusuna rast gəlməyiblər. “Nəticə olaraq onu bildirmək istəyirəm ki, Azərbaycandakı seçkilər Avropa standartlarına tam uyğun keçdi. Biz bir çox ölkələrdə seçkilərdə müşahidələr aparmışıq. Əminliklə deyə bilərəm ki, bəzi yeni müstəqillik qazanmış ölkələrdə demokratik prinsiplərə Azərbaycanda olduğu qədər riayət edilmir”.
Amma bəzən Azərbaycan haqda Avropada həqiqətə uyğun olmayan fikirlərin səsləndirildiyini vurğulayan senat üzvü əlavə etdi: “Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır. Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Burada müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”.
Sergio Divina vurğuladı ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox narahatlıq hissi keçirməlidir.
Sloveniyalı müşahidəçilər Jasan Viliam və Edita Pfundter də Azərbaycanda 1 noyabr seçkilərinin Avropa stanldartlarına uyğun, demokratik, azad və ədalətli keçirildiyini qeyd etdilər.
“Noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində məcburi köçkünlərə səsvermə imkanlarının yaradılmasını çox müsbət hal kimi qiymətləndirirəm. Estoniya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır”.Bu fikirləri isə seçkilərə beynəlxalq müşahidəçi qismində qatılmış Estoniya parlamentinin üzvü Savisaar Erki deyib.
Onun sözlərinə görə, səsvermə texniki baxımdan yaxşı təşkil olunub və demokratik şəkildə keçib: “Olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu aşkarlanmadı. Estoniyanın nümayəndə heyəti ümumilikdə 11 məntəqədə müşahidə apardı. Qeyd etməliyəm ki, səsvermə nizamlı və mütəşəkkil qaydada keçirildi. Seçki məntəqələri vaxtında açıldı. Hər bir seçki komissiyasında müşahidəçilər əvvəldən axıra kimi prosesi izlədilər. Bu seçki prosesinə əlavə şəffaflıq qatır. Biz Suraxanıda səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı. Yerli müşahidəçilər hesablamaya müdaxilə etmədilər”.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.