Bu il noyabrın 1-də Milli Məclisə keçirilən seçkiləri müşahidə etmiş bir sıra nüfuzlu beynəlxalq qurumları və ayrı-ayrı dövlətləri təmsil edən beynəlxaq müşahidəçilər dünən “Park-inn” mehmanxanasında seçkilərin nəticələri ilə əlaqədar yerli və xarici KİV-lər üçün mətbuat konfransları keçirdilər. Beynəlxalq müşahidəçilər seçkilərin təşkili ilə bağlı öz mövqelərini bildirdilər, təklif və iradlarını səsləndirdilər, eləcə də jurnalistlərin suallarını cavablandırdılar.
“Park-inn” otelinin “Lazurit” zalında birinci olaraq media mənsubları qarşısında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndə heyətinin üzvləri çıxış edərək Azərbaycanda parlament seçkilərinin nəticələrinə yüksək qiymət verdilər. Təşkilatın baş katibi Asəf Hacıyev bildirdi ki, Azərbaycanda növbəti parlament seçkiləri azad, şəffaf və demokratik şəraitdə keçirilib. A.Hacıyevin fikrincə, seçkilərin uğurlu nəticələri təkcə hakim Yeni Azərbaycan Partiyasının deyil, bütövlükdə, ölkənin bütün siyasi təşkilatlarının böyük uğuru hesab olunmalıdır.
QDİƏT PA-da Bolqarıstan parlamentini təmsil edən Peter Kanev qeyd etdi ki, nümayəndə heyəti Bakıda bir sıra seçki məntəqələrində səsvermə prosesini yaxından izləmiş, seçkilərin ən yüksək standartlar səviyyəsində keçirilməsinin şahidi olmuş, bu zaman heç bir yerdə ciddi qanun pozuntusu hallarına rast gəlməmişdir. Bolqarıstanlı deputat həmçinin seçici ovqatının yüksək olduğunu, seçicilərin səsvermə prosesində fəal iştirak etdiyini vurğulamışdır.
Yunanıstan parlamentinin üzvü Symeon Kedikoğlu isə seçkilər ərəfəsində siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirdiklərini söylədi: “Apardığımız müşahidələr göstərir ki, seçki hər hansı pozuntu olmadan keçirilib. Bütün hallarda seçkilərin maraqlı keçdiyini və seçici fəallığını müşahidə etdik. Hesab edirik ki, seçkilərdə hər hansı ekstremal şərait yaranmayıb”.
Milli Məclisə seçkiləri izləyən britaniyalı müşahidəçilər də seçkilərin şəffaf və demokratik keçdiyini bildirdilər. Böyük Britaniyanın Lordlar Palatasının üzvü Deyvis Evans beş il əvvəl də Azərbaycanda parlament seçkilərində müşahidəçi kimi iştirak etdiyini dedi. Azərbaycanın son illər sürətlə inkişaf etdiyini, bunun, ilk növbədə demokratik islahatlar zəminində baş verdiyini vurğulayan D.Evans qeyd etdi ki, seçkilər günü səsvermənin şəffaflığı və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması olduqca təqdirəlayiq haldır.
Britaniyalı digər müşahidəçi Baronessa Detta O’Kateyn isə vurğuladı bi, baş çəkdikləri bütün səsvermə məntəqələrində seçkilərə ciddi münasibətin şahidi olub: “İnsanların təkrar səs verməsinin qarşısını almaq üçün barmaqların mürəkkəbə batırılması çox yaxşı haldır. Hər şey nizam-intizamla həyata keçirilirdi. Seçicilər sərbəst şəkildə məntəqəyə daxil olur, səslərini verirdilər. Müşahidə etdiyim əsas xüsusiyyətlərdən biri həm məntəqə işçilərinin, həm də seçicilərin əksəriyyətinin qadınlardan ibarət olması idi. Azərbaycanda insanlar səsvermədə fəal iştirak edir, onlara verilən bu hüququ yüksək qiymətləndirirdilər. Ölkənizin əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilməlidir”.
Dünən İsrail parlamentinin nümayəndə heyəti də parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirdi. İsrail parlamentinin deputatı, sabiq xarici işlər naziri Aviqdor Liberman bildirdi ki, Azərbaycanda parlament seçkiləri açıq və şəffaf, beynəlxalq standartlara tam uyğun şəkildə keçirilib: “Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirmək bacarığını ortaya qoya bildi”.
İsrailli qonaq həmçinin qeyd etdi ki, müşahidə etdikləri seçki məntəqələrində həm də yüksək seçki mədəniyyətinin şahidi olublar. “Azərbaycan həqiqətən çox tolerant ölkədir”, — deyən A. Liberman hazırda Azərbaycan-İsrail münasibətlərinin bütün sahələrdə çox uğurla inkişaf etdiyini söylədi. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə də münasibət bildirərək, bunun ikili standartlardan irəli gəldiyini vurğuladı: “Beynəlxalq təşkilatlar təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə, o cümlədən İsrailə münasibətdə də ikili standartlardan çıxış edirlər”.
Dünən Serbiya parlamentinin Azərbaycanda parlament seçkilərini müşahidə edən təmsilçiləri də seçkilərin nəticələrini yüksək dəyərləndirdilər. Serbiyanın vitse-spikeri İqor Besic çox sayda seçki məntəqəsində olduqlarını və hər hansı seçki pozuntusu ilə qarşılaşmadıqlarını qeyd etdi: “Bu baxımdan deyə bilərəm ki, təşkilatçılıq çox yaxşı idi. Azərbaycanda davamlı demokratik proseslər gedir”.
Azərbaycanda parlament seçkilərinin gedişatını yaxından izləyən təşkilatlar arasında GUAM PA-nın nümayəndə heyəti də var idi. Təşkilatın baş katibi, müşahidəçilər qrupunun rəhbəri Valeri Çeçelaşvili bildirdi ki, 3 nəfərlik qrupla Bakıda və Sumqayıtda bir neçə seçki məntəqəsində müşahidələr aparıb. O, seçkilərin ən yüksək standartlara uyğun keçirildiyini vurğuladı, sonra GUAM PA-nın seçkilərlə bağlı bəyanatını səsləndirdi. Sənəddə deyilir: “Azərbaycanda son parlament seçkiləri tam sakit şəraitdə keçirilib, seçicilərin fəallığı yüksək səviyyədə olub, seçkinin nəticələri isə ölkə vətəndaşlarının iradəsini tam əks etdirir”.
Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Çexiya parlamentinin üzvləri də seçkilərin təşkili səviyyəsindən razılıq etdilər. Çexiya parlamentinin üzvu Vatslav Snopek bildirdi ki, seçkilərdə seçici fəallığı yüksək səviyyədə idi. Siyasi partiyalardan daha çox sıravi vətəndaşlar seçkilərdə müşahidə aparırdılar. Bu da cəmiyyətin seçkilərə münasibəti baxımından çox müsbət haldır. Biz daha çox xanımların bu seçkilərdə fəal iştirakını müşahidə etdik. Vətəndaşların azad şəkildə seçkilərdə iştirakını yüksək qiymətləndiririk.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.