Beləliklə, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər demokratikliyi və şəffaflığı ilə Azərbaycanın seçki tarixinə əlamətdar hadisə kimi düşdü. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə uyğun yaradılmış əlverişli seçki şəraitində səsvermə prosesində fəal iştirak etdi və dəstəklədiyi namizədə səs verdi.
Yerli və xarici təşkilatların, eləcə də ayrı-aryı müşahidəçilərin rəyləri də belə deməyə əsas verir ki, 1 noyabr- parlament seçkilərində əldə olunmuş nəticələr seçici iradəsini əks etdirir. Bəzi Qərb strukturlarının seçkiləri izləməkdən imtina etmələrinə baxmayaraq, səsvermə prosesi, ölkə rəhbərliyinin də qarşısına məqsəd qoyduğu kimi, demokratik və ədalətli keçirildi. Ən əsası, parlament seçkiləri hər bir vətəndaşın həyatında böyük rol oynayan qanunvericilik orqanının tərkibinin formalaşdırılması prosesində demokratik prinsiplərə riayət olunması dövlətçilik və ümumi inkişaf baxımından dövlət-vətəndaş münasibətlərinin güclü olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycanda Milli Məclisə seçkilərin baş tutduğunu əminliklə demək olar. Həm seçki məntəqələrində çoxsaylı müşahidəçilərin verdiyi məlumatlar, həm də keçirilmiş “exit-poll”ların nəticələri bunu təsdiqləyir. Vacib məqamlardan biri də budur ki, seçkilərdə vətəndaşların mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə etdi və qanunvericilik orqanının tərkibinin formalaşmasında aparıcı rol oynadığını isbatladı. Bundan başqa, səsvermə prosesinə fəal qoşulan seçicilər ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan siyasi kampaniyalara böyük diqqət və maraq göstərdiklərini də nümayiş etdirdilər. Səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan keçirilməsini də seçkilərin daha bir mühüm əlaməti kimi qeyd etmək olar.
Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan nəticələrə görə, parlament seçkilərində 5 milyon 200 minə yaxın seçicidən 2 milyon 898 min nəfərədək səsvermədə iştirak etdi. Bu isə 55,7 faiz deməkdir. Ötən parlament seçkilərində seçici fəallığı rəsmi rəqəmlərə görə, 50,14 faizə bərabər olmuşdu, yəni 2,5 milyon seçici səs vermək hüququndan yararlanmışdı. Beş il öncə Azərbaycanda keçirilən parlament seçkilərində səsvermədə iştirak edən vətəndaşların sayının 50 faizdən az olmasını nəzərə alsaq, indiki rəqəmin yaxşı göstərici olduğunu deyə bilərik. Bu, bir daha göstərir ki, Azərbaycanda keçirilən növbəti parlament seçkilərində seçici fəallığı kifayət qədər mütəşəkkil və yüksək oldu. Seçkiləri izləyən çoxsaylı xarici müşahidəçilər də seçkilərin mütəşəkkil və azad keçdiyini açıqladılar.
İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina müşahidə zamanı qanun pozuntusu hallarına rast gəlmədiklərini açıqlamışdır: “Seçkilər Avropa standartlarına uyğun təşkil olunmuşdur. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkədə seçkiləri müşahidə etmişik. Əminliklə deyə bilərəm ki, başqa yerlərdə müstəqilliyini yeni bərpa etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi səsvermə müşahidə etməmişəm”. Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirildiyini bildirən Sergio Divina əlavə edir ki, mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyac var. Azərbaycan modelinin Avropa və beynəlxalq ictimaiyyətə nümunə olduğunu deyən Sergio Divina xüsusilə vurğulamışdır ki, italiyalı müşahidəçilərin Bakıya gələrək seçkiləri izləmələri Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır. İtaliya müşahidə missiyasının digər üzvü Fiorella Provera isə özünü Azərbaycanın dostu hesab etdiyini söyləyərək bildirmişdir ki, Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir: “Burada müsəlman, xristian və yəhudilərin mehribancasına yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçmişdir. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda, enerji resurslarına malikdir. Beynəlxalq ictimaiyyət isə əsasən, Dağlıq Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir”.
Almaniya ictimai-siyasi xadimlərindən ibarət qrupun seçkilər barədə ümumi rəyi də müsbətdir. Bütün seçki məntəqələrində nümayəndə heyəti üzvlərinin seçkiləri çox diqqətlə izlədiklərini deyən qrupun rəhbəri Eduard Lintner əlavə etmişdir ki, seçki məntəqəsində və ətrafında müşahidə zamanı demokratik seçkilərin heç bir ciddi qanun pozuntusu baş vermədi. E.Lintner nümayəndə heyəti üzvlərinin ən adi demokratik qaydaların pozulmasını və ya ümumiyyətlə, hər hansı zorakılıq müşahidə etmədiklərini də diqqətə çatdırır: “Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin demokratik keçdiyinə əmindir. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru növbəti addım atdı”.
Böyük Britaniyanın Lordlar Palatasının nümayəndələri Deyvis Evans və baronessa Detta O’Kateyn də parlament seçkilərinin demokratik şəraitdə keçdiyini bildirmişlər. Seçkilərin çox yaxşı təşkil olunduğunu bildirən britaniyalı müşahidəçilər hesab edirlər ki, səsvermənin şəffaflığı və təhlükəsizliyin yüksək səviyyədə təmini olduqca təqdirəlayiq haldır.
Göründüyü kimi, 1 noyabr seçkiləri xarici müşahidəçilərin də qiymətləndirdiyi kimi, azad, demokratik və şəffaf şəraitdə baş tutdu. Bəzi Qərb strukturlarının destruktiv mövqe tutmasına baxmayaraq, parlament seçkilərində iştirak edən çoxsaylı müşahidəçilər səsvermə prosesinin dünya standartlarına uyğun keçirildiyini bəyan etdilər. Əslində, seçkiləri izləmək vəzifəsi olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Azərbaycana müşahidə missiyası göndərməməsi təşkilatın ciddi qurum kimi nüfuzuna kölgə salır. Azərbaycan Prezidenti İlham Əliyevin Malta parlamentinin nümayəndə heyətini qəbul edərkən təşkilat barədə səsləndirdiyi fikirlər ATƏT/DTİHB-in ölkəmizlə bağlı qəbul etdiyi qərarın siyasi olduğunu bir daha nümayiş etdirdi. Ölkəmizdə keçirilən parlament seçkilərinə toxunan dövlət başçısı maltalı qonaqlarla görüşündə ATƏT/DTİHB-in Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərildiyini, lakin həmin qurumun bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdiyini bildirmişdi.
Əlbəttə, hər bir ölkədə seçkinin legitimliyini vətəndaşlar müəyyənləşdirir. Bu baxımdan Azərbaycan seçicisinin heç bir kənar təsir olmadan azad və demokratik səsvermə prosesində iştirak etməsini və iradəsini ortaya qoymasını legitimlik meyarı kimi göstərmək olar. 1 noyabr seçkilərini kifayət sayda xarici təşkilat və nümayəndə müşahidə etdi. Onların da seçkilər barədə ümumi fikirləri müsbət oldu. Seçki müşahidəsinin metodologiyası məsələsində fikir ayrılığının yaranmasından sonra ATƏT/DTİHB Azərbaycana missiya göndərməkdən imtina etdi və mandatına uyğun olmayan qərar qəbul etdi. Qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq əməkdaşlığa açıq olduğunu həmişə demişdir. Amma ATƏT/DTİHB-in son addımına qərəzdən savayı başqa ad vermək çətindir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, ATƏT/DTİHB-in Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyinə heç bir bağlılığı yoxdur: “Bunlar, sadəcə olaraq, öz subyektiv mülahizələri çərçivəsində bu addımı atıblar. Azərbaycan beynəlxalq təşkilatlarla əlaqə qurur, onlarla tərəfdaşlıq münasibəti yaradır. İstəyirik ki, xalqımızın iradəsini onlar da görsünlər, Azərbaycan xalqının əldə etdiyi dəyərlərə, demokratik seçki nailiyyətlərinə hörmətlə yanaşsınlar. Əgər onlar məsələlərə hörmətlə yanaşmırlarsa, biz də adekvat münasibət göstərəcəyik”.
Seçkilərin demokratik və şəffaf keçdiyini Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Jordi Cukla da etiraf edir. Parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçdiyini deyən J.Cukla müşahidəçilərin heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını açıqlamışdır. “Seçkilər sakit şəraitdə keçib. Səsvermə prosesi peşəkarcasına və texniki cəhətdən yaxşı təşkil olunmuşdu. Heç bir təzyiq qeydə alınmayıb”.
Göründüyü kimi, AŞPA-nın müşahidə missiyası 1 noyabr seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini təsdiqlədi. Beynəlxalq müşahidəçilər də etiraf edirlər ki, parlament seçkilərinin nəticələri seçici iradəsini əks etdirir. Azərbaycan rəhbərliyinin məqsədi də məhz bundan ibarət idi. Rəsmi Bakı
1 noyabr- Milli Məclisə seçkilərdə xalq səsinin qalib gəlməsini ümdə vəzifəsi elan etmişdi və parlament seçkilərinin nəticələri bunu bir daha təsdiqlədi.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.