Pakistanlı deputat Nuzhat Sadiq: Azərbaycanın seçki təcrübəsini Asiya ölkələrində geniş yaymaq çox faydalı olardı

Dünən “Hilton-Baku” hotelində Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilərin iştirakıyla  mətbuat konfransı keçirildi.

MDB-nin qısamüddətli müşahidə missiyasının rəhbəri Sergey Lebedev seçkiylə bağlı təəssüratlarını bölüşərək bildirdi ki, Azərbaycanda  parlament seçkiləri azad və şəffaf şəraitdə keçirilib. Seçki kampaniyası ümumi qəbul edilmiş normalara uyğun aparılıb.  O qeyd etdi ki, rəhbərlik etdiyi müşahidə missiyası ölkə üzrə 147 məntəqədə səsvermə prosesini izləyib.

Bildirdi ki, onun müşahidələrinə görə,  ötən illərlə müqayisədə bu dəfəki seçkilərdə həm elektoratın, həm də seçki komissiyası üzvlərinin savadlılığı daha da artıb."Bəzi xırda nöqsanların qarşısı isə dərhal alınırdı"-deyə o əlavə etdi.

Yerli müşahidəçilərin sayının artmasını müsbət hal kimi dəyərləndirən S.Lebedev bildirdi ki, hər məntəqədə ən azı 10 müşahidəçi səsvermə prosesini izləyib: “Təəssüratlarımız müsbətdir. Tam əminliklə deyə bilərəm ki, seçkilər şəffaf keçdi.  Səsvermə prosesini yerli və beynəlxalq müşahidəçilərin izləməsi təqdirəlayiq hal idi. Dünən bir seçki məntəqəsində  27 müşahidəçi gördüm. Bu, çox müsbət haldır”.

Missiya rəhbəri veb-kameralar quraşdırılan məntəqələrin sayının artmasını, həmçinin seçici fəallığını xüsusi vurğuladı.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov jurnalıstlərlə görüşünə məlum faciədən-son dövrlərin ən məşum təyyarə qəzasından doğan kədərli notlarla başlasa da  Azərbaycanda keçirilən parlament seçkilərindən böyük ruh yüksəkliyi ilə danışdı. Qeyd etdi ki, Avropada ən yüksək seçici dəqiqliyini məhz Azərbaycanda müşahidə ediblər: “ Rəhbərlik etdiyim nümayəndə heyəti ilə birlikdə Şamaxıda, İsmayıllıda və Abşeronda olduq. Müşahidə apardığımız bütün məntəqələrdə seçki prosesinin yüksək səviyyədə təşkilinin və tamamilə şəffaf şəkildə keçirilməsinin şahidi olduq. Bütün seçki məntəqələri vaxtında açıldı. Həmkarlarımız seçkilərin yüksək səviyyədə baş tutması üçün səylərini əsirgəmədilər.

Müşahidə etdiyimiz məntəqələrdən heç birində əlavə seçici siyahısının tərtib olunması hallarına rast gəlmədik. Müşahidələrimiz zamanı adı siyahıda olmayan seçiciyə rast gəlmədik. Belə bir hala nə Böyük Britaniya, nə Almaniya, nə də digər ölkədə rast gəlinir.

Şəffaf seçki qutuları, veb-kameralar, çoxsaylı müşahidəçilərin olması müsbət haldır. Seçicilərin səsvermədə iştirak faizi Azərbaycan Respublikası MSK-nın elan etdiyi rəqəmlərlə üst-üstə düşür. Bu da seçkinin şəffaf keçirilməsinə, nəticələrin etibarlılığına dəlalət edir.

Azərbaycanda noyabr ayı üçün xarakterik olmayan əlverişsiz  hava şəraitinə baxmayaraq yüksək seçici fəallığının da şahidi olduq. Bu çox yaxşı haldır".

 Bəzi xırda qüsurları da qeyd edən Rusiya MSK-nın sədri seçki  bülletenlərinin başqa dillərdə də hazırlanmasını təklif etdi: “Dövlət dilini minimal səviyyədə bilən vətəndaşlar üçün buna ehtiyac yoxdur. Amma bizim baş çəkdiyimiz İsmayıllı rayonunun İvanovka kəndində əhali əsasən rusdillidir. Onlar üçün rus dilində bülletenlərin hazırlanması çox yaxşı olardı”.

Ümumilikdə Azərbaycanda seçkilərə hazırlığı və seçkilərin keçirilməsi prosesini yüksək qiymətləndirən V. Çurov Azərbaycan xalqını demokratik seçkilər münasibətilə təbrik etdi.

Pakistan parlamentinin  həm iqtidar, həm  müxalifət olmaqla ümumilikdə 5 fərqli partiyanı təmsil edən müşahidə missiyasının üzvləri keçirdikləri mətbuat konfransında bildirdilər ki,  Azərbaycanda seçkilər şəffaf və demokratik keçirilib. Nümayəndə heyətinin  rəhbəri Müsahid Həsən Seyid Bakıda 25 seçki məntəqəsində müşahidə apardıqlarını bildirdi: “Seçicilər və məntəqə üzvləri ilə söhbət etdik.  Müşahidələrdən bu qənaətə gəlmişik ki, Azərbaycanda  şəffaf və demokratik seçkilər keçirilib. Seçki prosesinin təşkili çox  yüksək səviyyədə idi. Bizdə yaxşı mənada qibtə yaradan bir hal isə qadınların seçkilərdə istər namizəd, istər seçici, istərsə də təşkilatçı kimi yüksək fəallıq göstərməsi oldu. Bu fakt Azərbaycanda qadınların həqiqətən də kişilərlə eyni hüquqlara malik olmasının göstəricisidir. Bu, bütün Şərqə nünunə olacaq haldır. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirik”.

Azərbaycandakı parlament seçkilərini müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndələri də yekun açıqlama ilə çıxış etdilər. Qurumun həmsədri Xose Valensia seçkilərin şəffaf keçirildiyini bildirdi. O, müşahidə etdiyi məntəqələrin beynəlxalq standartlara uyğunluğunu xüsusi qeyd etdi.

Hindistan Mərkəzi Seçki Komissiyasının üzvü Vicay Joli isə çıxış edərək, parlament seçkilərinin uğurla keçdiyini və Azərbaycanın demokratiya yolunda iri addımlarla irəlilədiyini vurğuladı: “Hər şey normal məcrada gedirdi. Fikrimcə, seçki çox demokratik keçdi”.

Seçki məntəqələrinə baş çəkən müşahidəçilər seçicilərlə, seçki komissiyasının üzvləri ilə görüşmək imkanlarının olduğunu bildirdilər. 

İCAPP müşahidə missiyasının tərkibində parlament seçkilərini izləmək üçün Azərbaycana gəlmiş Pakistan parlamentinin üzvü, xanım Nuzhat Sadiq isə bildirdi ki, Azərbaycanda baş tutan seçkilər bir sıra Asiya ölkələri üçün nümunə ola bilər.

Onun sözlərinə görə, Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə təşkil olunub və tam demokratik şəraitdə keçirilib:"Seçki məntəqələrinin lazımi texniki avadanlıqlarla təchizatı yüksək səviyyədə təşkil olunmuşdu. Namizədlərin təmsilçiləri və müşahidəçilər üçün məntəqələrdə əlverişli şərait yaradılmışdı. Vətəndaşlar heç bir maneə olmadan məntəqələrə gələrək istədikləri namizədlərə səs verdilər. Səsvermə başlayandan şəhərin müxtəlif istiqamətlərində səsvermə məntəqələrində olmuşduq. Seçkilərin tam demokratik şəraitdə keçdiyini öz gözlərimizlə müşahidə etdik".

Azərbaycanın seçki təcrübəsinin yüksək səviyyədə olduğunu deyən pakistanlı müşahidəçi söyləyib ki, bu təcrübəni Asiya dövlətlərində də geniş yaymaq faydalı olardı.

“Parlament seçkilərı şəffaf, beynəlxalq kriteriyalara uyğun  keçirilib”. Bu fikri isə mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri Həbib Kaabaçi səsləndirdi.

O, Bakıda yerləşən bir çox seçki məntəqələrində müşahidə apardıqlarını bildirdi: “Olduğumuz seçki məntəqələrində seçici aktivliyinin yüksək olduğunu gördük. Seçkilər sakit şəraitdə keçirilib və beynəlxalq standartlara cavab verir. Biz inanırıq ki, bu seçki Azərbaycanın demokratik prinsiplərinə bir töhfə verəcək”.

O, seçkilərin uğurlu keçməsi münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında