Dünən “Holiday İnn” hotelində mətbuat konfransı keçirən AŞPA-nın Seçki Müşahidə Missiyası noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərinin yekunları ilə əlaqədar hesabat təqdim etmişdir.
Qeyd olunmuşdur ki, ispaniyalı Jordi Cuklanın rəhbərlik etdiyi 28 nəfərdən ibarət müşahidə missiyasının üzvəri Bakıda və respublikanın digər yerlərində çoxlu sayda seçki məntəqələrində müşahidə aparmışlar. Missiyanın qənaətinə görə, seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilmişdir. Seçki günü ölkə ərazisində sakitliyin və əmin-amanlığın olduğu bildirilmişdir.
Nümayəndə heyətinin rəhbəri qeyd etmişdir ki, səsvermə prosesi adekvat və ümumilikdə, beynəlxalq standartlara uyğun olmuşdur. Seçicilərin səsvermə məntəqələrinə azad və maneəsiz giriş imkanlarının təmin olunması və müşahidəçilər tərəfindən hər hansı bir xoşagəlməz hadisənin qeydə alınmaması hesabatda öz əksini tapmışdır. Müşahidə missiyası demokratik, şəffaf, azad və ədalətli seçkiyə və seçki prosesi zamanı nizamlı və dinc davranışına görə Azərbaycan xalqını təbrik etmişdir. Həmçinin, qeyd olunmuşdur ki, Mərkəzi Seçki Komissiyası seçki məntəqələri açılandan nəticələr yekunlaşana qədər prosesin şəffaflığı üçün bütün imkanlardan istifadə etmişdir.
J.Cukla missiyanın müşahidəsinə və digər tərəfdaşlarla görüşlərə əsaslanaraq demişdir ki, seçkilər və səsvermə prosesi peşəkarlıqla və texniki baxımdan yaxşı təşkil olunmuşdur: “Müşahidəçilər seçicilərin məlumat əldə etmələri üçün şərait, seçici qeydiyyatında fərdilik və seçki materiallarının keyfiyyətində yaxşılaşma olduğunu qeydə almışlar. Seçki günü ərzində Seçki Məcəlləsinin hər hansı bir böyük və sistematik pozuntusu qeydə alınmamışdır. Bir neçə seçki məntəqəsində qeydə alınmış kiçik xətalar yekun nəticəyə təsir etmir”.
Müşahidələr zamanı seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisənin qeydə alınmadığını deyən missiyanın rəhbəri bildirmişdir ki, seçki məntəqəsi ətrafında və yaxınlıqda heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinməməsi də müsbət haldır. Seçki məntəqələrinin 20 faizdən çoxunda veb-kameraların quraşdırılması şəffaflığın təmin olunmasında böyük rol oynayır və bu da inkişaf kimi dəyərləndirilməlidir.
Hesabatda, həmçinin, seçici fəallığının əhəmiyyətli dərəcədə artması, səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığı, ölkəmiz tərəfindən ədalətli və demokratik seçkilər sahəsində daha bir uğurlu addımın atıldığı və səsvermənin nəticəsinin Azərbaycan xalqının iradəsini ifadə etdiyi öz əksini tapmışdır.
Seçki Müşahidə Missiyasının rəhbəri hesabatda Azərbaycanda insan hüquqları sahəsində müəyyən narahatlıqların hələ də qaldığını vurğuladı. Bir sıra “insan hüquqları müdafiəçiləri və QHT fəalları”nın həbsdə olmalarını irad tutdu.
Biz bu məsələ ilə bağlı Seçki Müşahidə Missiyasının rəhbərinin diqqətinə çatdırdıq ki, bəzi beynəlxalq qurumlar insan hüquqlarının pozulması bəhanəsi ilə ölkəmizə təzyiq edirlər. Halbuki, Azərbaycanda insan hüquqlarının qorunması Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Son on ildə dövlət başçısının imzaladığı əfv sərəncamları ilə 35 mindən çox məhbus azadlığa buraxılıb. Ümumiyyətlə, bu vaxta qədər 58 əfv sərəncamı, 10-a yaxın amnistiya aktı imzalanıb.
Kimliyindən asılı olmayaraq, qanunu pozan hər bir şəxs törətdiyi əməllərə görə qanun qaşısında cavab verir. Bəzi beynəlxalq təşkilatların adlarını çəkdikləri bədnam “insan hüquqları müdafiəçiləri və fəallar” konkret cinayət əməllərinə görə həbs olunublar. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının hüquqları kobud şəkildə pozulub və onlar öz ata-baba yurdlarından didərgin salınıblar. Bəs niyə bu qədər insanın hüqularının pozulması beynəlxalq təşkilatları narahat etmir?
Jordi Cukla sualımızda qaldırılan məsələ ilə razılaşdığını bildirdi və dedi ki, AŞPA Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması faktını bilir və bu barədə rəsmi sənədlər də qəbul olunub. O, mətbuat konfransına özü ilə gətirdiyi Azərbaycanın xəritəsini göstərərək dedi ki, bu xəritədə Azərbaycanın işğal olunmuş əraziləri açıq şəkildə əks etdirilib. Bunu biz hazırlatmışıq. Biz, sadəcə olaraq, Azərbaycan hakimiyyətini insan hüquqlarının vəziyyətini yaxşılaşdırmağa və seçkilərdən sonra ölkənin demokratik inkişafını davam etdirməyə çağırırıq.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.