Məlum olduğu kimi, sentyabrın 30-da Rusiyanın Suriyada İŞİD və digər terrorçu, ekstremist qruplaşmalara qarşı hökumət qüvvələri və İran ilə birgə hərbi əməliyyatlara başlaması Suriya konfliktində yeni mərhələyə keçidin baş verdiyini göstərir. Həmin vaxta qədər bölgə ABŞ və müttəfiqlərinin üstün nəzarəti altında idi. İndi isə onlar öz hərbi təyyarələrinin Rusiya qırıcıları ilə üz-üzə gəlməməsi üçün ehtiyatlı davranmalı olurlar.
Rəsmi Vaşinqtonun açıqlamalarından belə görünürdü ki, ABŞ İŞİD-lə hələ onilliklər boyunca mübarizə aparmaq fikrindədir. Belə ki, Barak Obama bunu “nəsillərin mübarizəsi” adlandırmışdı. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta isə ABŞ cəmiyyətini “30 illik müharibə”yə hazır olmağa çağırmışdı. İŞİD-in fəaliyyətinin Suriya və İraqa cəmi bir il ərzində vurduğu zərərin miqyasını təsəvvür etdikdə, bu vəziyyətin illərlə davam etməsinin bölgə üçün ağlasığmaz fəlakətlərə səbəb olacağı şübhə doğurmur. Müharibənin və münaqişənin uzanması isə Qərbin bölgədə uzunmüddətli məqsədlərinə nail olmaq üçün “idarə olunan xaos” taktikasını həyata keçirməsinə əlverişli zəmin yaradacaq.
Üstəlik, bu müddətdə İŞİD-in timsalında terrorizmin Afrikanın içərilərinə, Avropaya, Asiyanın həssas regionlarına nüfuz etməsinin mümkünlüyü də kifayət qədər real təhlükədir. Xatırladaq ki, Yaxın Şərqdə terrorizmin qol-qanad açması məhz Əfqanıstanda möhkəmlənmiş “əl-Qaidə”nin fəaliyyət dairəsini genişləndirməsi ilə mümkün oldu. Belə olan halda, 2000-dən artıq vətəndaşı İŞİD və bölgədəki digər terrorçu qruplaşmalara qoşulmuş Rusiya dövləti terror dalğasının öz sərhədlərinə də gəlib çatmasını gözləmədən, problemi yerindəcə həll etmək yolunu seçdi. Rusiya təyyarələrinin bombardmanları nəticəsində hər gün terrorçu qrupların onlarca bazasının, obyektinin və xeyli sayda canlı qüvvəsinin məhv edilməsi, İran hərbçilərinin müşayiət etdiyi Suriya ordusunun isə terrorçuların nəzarətində olan şəhərlərə doğru irəliləməsi barədə xəbərləri yayılmaqdadır. Əməliyyatların davamının da başlanğıcı kimi uğurlu olacağı təqdirdə, açıq-aşkar beynəlxalq dəstək olmazsa, İŞİD-in müqaviməti uzun illər boyu davam etdirəcəyi inandırıcı görünmür.
ABŞ ictimaiyyətində kifayət qədər səs-küy doğuran məqam isə Rusiyanın Suriyada hərbi əməliyyatlara başlaması və Xəzərdəki donanmasına məxsus uzaqməsafəli raket qurğularından 26 qanadlı raketin İŞİD-in obyektlərinə yönəldilməsi sürprizinin ABŞ rəsmilərini və kəşfiyyatını növbəti dəfə çaşqın duruma salmasıdır. Konqresmenlər Rusiya hərbçilərinin qəfil həmlə ilə bir günün içərisində Krım yarımadasını tutmasını da bənzər hadisə kimi nümunə gətirərək kəşfiyyat orqanlarını işlərini düzgün qurmamaqda ittiham edirlər. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə bu cür ittihamlara münasibət bildirərək, Putinin gözlənilməz addımlar atmağı xoşladığını deyib. Onun fikrincə, ABŞ kəşfiyyatı bu addımlardan iki gün öncədən xəbər tutsaydı belə, bu, heç nəyi dəyişməyəcəkdi, Putinin Suriyadakı hərbi əməliyyatlarının qarşısını almaq mümkün olmayacaqdı. Səfirə görə, bu cür vəziyyətlərin yaranması ABŞ kəşfiyyatının iş metodları ilə bağlı suallar yaradır və müəyyən nəticələrin çıxarılacağı istisna deyil.
Məlumdur ki, Xəzərdən raket zərbələrinin endirilməsi İran və İraqın razılığı əsasında baş tutub. Bu olaydan sonra Vaşinqton rəsmi Bağdaddan hava məkanını Rusiyanın hərbi əməliyyatları üçün bağlamağı tələb edib. Bağdadın Vaşinqtonun tələblərinə bundan sonra nə dərəcədə əməl edəcəyi bəlli olmasa da, İraqın ABŞ-ın təsir dairəsindən çıxmaq niyyəti özünü göstərməkdədir.
Analitiklər isə Rusiyanın hərbi əməliyyatlarının bölgədəki geosiyasi vəziyyətə, qüvvələr balansına göstərəcəyi təsirlə bağlı ehtimallar, proqnozlar irəli sürürlər. İndiki şəraitdə ABŞ-ın necə davranmalı olduğuna dair Qərb ekspertləri arasında ciddi fikir ayrılığı mövcuddur. Bəziləri hesab edir ki, ABŞ hansısa sərt addımlar atmağa tələsməməlidir, çünki Rusiya özü-özünü çətin vəziyyətə salacaq və Suriyadakı münaqişə bataqlığına qərq olacaq. Onlar ABŞ-ın müxtəlif regionlardakı müharibələrdə iştirakına əsaslanaraq bildirirlər ki, xarici siyasətdə həddən artıq müdaxilə xətti məhdud müdaxilə siyasəti ilə müqayisədə ABŞ-ın dünyadakı nüfuzuna daha çox zərbə vurub. Tarixi təcrübə göstərir ki, xarici siyasətdəki müharibələr dövrü ABŞ ictimaiyyətində münaqişələrə müdaxilə siyasətindən çəkinmək əhval-ruhiyyəsi doğurur. ABŞ-da 2016-cı il prezident seçkilərinə hazırlıq kampaniyasının ilkin dövrü onu göstərir ki, seçkilər zamanı cəmiyyətdə belə bir əhval-ruhiyyə üstün ola bilər.
Bəzilərinə görə isə əksinə, passivliyə yol vermək olmaz. İrəli sürülən təkliflərdən biri odur ki, Suriyanın müxaliflərin nəzarətində olan hissələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bufer zonaları və uçuşun qadağan edildiyi zonaların yaradılması ideyasına bənzər formada bölgələr yaradılsın və həmin ərazilərdə suriyalı qaçqınlar yerləşdirilsin. Həmçinin, Vaşinqton nümayiş etdirməlidir ki, Rusiya ABŞ-ın dəstəklədiyi qruplaşmaları və təhlükəsizlik zonalarını hədəfə aldığı təqdirdə Birləşmiş Ştatlar hava hücumları zamanı Əsədin qüvvələrinə də zərbə vuracaq. Bütün bunlar NATO-nun regiondakı, xüsusən də Türkiyə-Suriya sərhədi boyunca mövqelərinin gücləndirilməsi fonunda baş verməlidir.
Müxtəlif mənbələrdən görünür ki, tez-tez səsləndirilən təhlükəsizlik zonalarının yaradılması fikri faktiki olaraq, Suriya ərazisinin bir neçə hissəyə parçalanmasını istisna etmir. Eyni zamanda, analitiklər onu da etiraf edirlər ki, Suriyada hökumətin tənəzzülü böyük ehtimalla soyqırımına, daha bir neçə milyon insanın evlərindən didərgin düşməsinə və İŞİD-in Dəməşqdə “xilafət” yaratmasına gətirib çıxara bilər.
Rusiyanın maraqları prizmasından yanaşdıqda, Suriyadakı hərbi əməliyyatlar İŞİD-in Rusiyaya daxil olmasını çətinləşdirməklə bərabər, bu ölkə üçün yeni silahlarının sınaqdan çıxarılması, hərbçilərinin döyüş təcrübəsinin artırılması, əhalisinin diqqətinin ölkədaxili sosial-iqtisadi problemlərdən yayındırılması, beynəlxalq aləmdə özünün qlobal miqyaslı lider ölkə olduğunu sübut etməsi və Yaxın Şərqdəki müttəfiqlərindən olan Əsəd hakimiyyətinin qorunub saxlanması baxımından da önəmlidir.
Suriyadakı hərbi əməliyyatların təsirinin miqyası isə ilk növbədə, Rusiyanın bölgədəki hərbi fəaliyyətinin nə qədər müddət davam edəcəyi ilə bağlıdır. Rəsmi Moskvanın bəyanatları Rusiyanın hərbi əməliyyatları uzun müddət davam etdirmək və münaqişəyə daha çox cəlb olunmaq niyyətində olmadığını deməyə əsas verir. Hazırda işğal edilmiş ərazilərin terrorçulardan geri alınması üçün Rusiyanın başında durduğu koalisiya havadan və yerdən hücumlar edir. Döyüşlərdə İŞİD-in itkilər verdiyi barədə xəbərlər yayılır. Qərb ilə Rusiya arasında informasiya müharibəsinin getdiyini nəzərə alsaq, Hələbə hücumların terrorçulardan çox dinc əhaliyə ziyan vurması, tezliklə Avropanın daha böyük miqrant axınına məruz qalacağı, İŞİD-in bölgədəki mövqelərini gücləndirəcəyi ilə bağlı yayılan informasiyaların yayımının hansı məqsədə xidmət etdiyi aydın olar.
Döyüşlərin qaynar vaxtında ABŞ və Rusiya arasında iki ölkə pilotlarının Suriya ərazisində hər hansı toqquşmadan çəkinməsini nəzərdə tutan anlaşma memorandumunun imzalanması bölgədə ABŞ-Rusiya birbaşa hərbi qarşıdurmasının yaranma ehtimalını azaldır. Bununla belə, istisna deyil ki, ABŞ-ın silah-sursatla dəstəklədiyi qruplaşmaların vasitəçiliyi ilə dolayı yolla baş verən bu qarşıdurma Suriya və bölgə üçün istənilən vaxt gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.