Almaniyanın tanınmış ictimai-siyasi xadimi, Almaniya Bundestaqının və AŞPA-nın sabiq üzvü Hakkı Kəskin Azərbaycandakı parlament seçkiləri ilə əlaqədar secki-2015.az saytının suallarını cavablandırıb.
– Hakkı bəy, bir Avropa siyasətçisi kimi, Azərbaycanda baş tutacaq parlament seçkilərinin əhəmiyyətini necə qiymətləndirərdiniz?
– 2010 -cu il parlament seçkilərində Almaniya və Avropa Birliyini təmsil edən müşahidəçi kimi iştirak etmişəm və əminliklə deyə bilərəm ki, olduğum məntəqələrdə heç bir qanun pozuntusu olmamışdı. Digər müşahidəçi dostlarımız da öz rəylərində bizimlə eyni cür düşünürdülər. Yəni, heç bir qanun pozuntusuna rast gəlməmişdilər. İnanırıq ki, hazırkı şəraitdə Azərbaycan 5 il əvvəlki göstəricilərdən də artıq nümunə göstərəcək. Çünki, 5 il az müddət deyil. Bu müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. Bu baxımdan budəfəki seçkilərin demokratik keçəcəyinə inamım böyükdür. – Azərbaycanın regionda liderliyini qəbul etməyən qüvvələr var. Bu gün ölkəmizə qarşı müəyyən təzyiqlər mövcuddur? Sizcə səbəb nədir?
– Bilirsiniz, cənab İlham Əliyev bütün parametrlərdə Azərbaycanı inkişaf etdirməyə çalışır. Sizin ölkənin yerləşdiyi region olduqca həssas, geostrateji dünyanın böyük güclərinin diqqət mərkəzində olan bölgədir.
Bu gün açıq demək istəyirəm ki, dövlət başçınız çox diplomatik və düşünülmüş siyasət aparır. Həm dövlət səviyyəsində üzünüzü Qərbə tutmaqla yanaşı, həm də güclü Rusiya və İran dövlətləri ilə də normal, ikitərəfli münasibətlərə maliksiniz. Türkiyə ilə isə böyük strateji yaxınlıq, qardaşlıq münasibətləri hökm sürür. Bu Azərbaycanın inkişaf strategiyasıdır. Ölkəniz daxilən çox sabitdir. Cənubi Qafqaz kimi həssas regionda belə sabit ölkənin olması düşündürücüdür. Bu gün bəzi Qərb ölkələrinin guya Azərbaycanda siyasi məhbuslar var, insan haqları pozulur kimi bəyanatlar verməsini qərəzli hesab edirəm. Əvvəla, bu gün dünyanın bir sıra inkişaf etmiş dövlətlərində belə siyasi məhbuslar var. Heç bir dövlət problemlərdən sığortalanmayıb. Belə nüansları əsas gətirərək Azərbaycanın üstünə getmək və onun bu qədər inkişaf etməsini görməmək haqsızlıqdır. 92 illik Türkiyə Cümhuriyyətində belə problemlər var. 24 illik gənc dövlətin bəzi problemlərini əsas gətirərək ona qarşı təzyiqlər etmək heç bir halda doğru deyil. Bu gün biz açıq-aşkar görürük ki, Azərbaycan bütün çətinliklərə rəğmən, problemlərinin olmasına baxmayaraq, inamla inkişaf edir.
– Sizcə, bu təzyiqlərə erməni lobbisinin təsiri varmı?
– Əminliklə deyərdim ki, bunun əsasında dayanan səbəblərdən biri də erməni diasporunun, erməni lobbisinin apardığı çirkin siyasətdir.Bu gün Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir. 1 milyondan artıq azərbaycanlı qardaş və bacılarımız öz qədim torpaqlarından qovulmuş, malları-mülkləri talan edilmişdir. Bu gün Ermənistanın bir dövlət kimi Azərbaycana qarşı apardığı çirkin işğalçılıq siyasətini Qərbi Avropada dəstəkləyən və ona müxtəlif donlar geyindirən şəbəkələşmiş erməni lobbisi vardır. Erməni diasporu və lobbisi həm Azərbaycana, həm də Türkiyəyə qarşı çirkin siyasət aparır və dünya ictimaiyyətini çaşdırmağa can atır. Şübhəsiz ki, burada bəzi avropalı siyasətçilərin erməni lobbiçiliyini etməsi çox utancverici bir haldır. Bu əks-təbliğatl aparanlar düşünmürlər ki, onlar bu oyuna gedərək Avropa demokratiyasına, mütərəqqi Avropa cəmiyyətinə xələl gətirirlər. Ona görə də qəti şəkildə bildirirəm ki, bu gün bəzi beynəlxalq qurumların, bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı siyasətinin kökündə dayanan amillərdən biri də məhz erməni lobbisinin çirkin əks-təbliğatı və maliyyə dəstəyidir. Xocalı faciəsi kimi, ümumbəşəri bir cinayəti görmək istəməyənlər və buna görə Ermənistana embarqo qoymayanlar Azərbaycanı təcridlə hədələyirlər. Düşünürəm ki, Azərbaycan bu son seçki prosesini də uğurla keçəcək və ona qarşı olan bu təzyiqlərin əbəs olduğunu isbatlayacaq.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.