Parlament seçkilərinə hazırlıq dünya mətbuatında

Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə davam edir və bu proses dünya mətbuatında geniş işıqlandırılır.  Secki-2015.az saytının hazırladığı məlumat xarakterli yazıları təqdim edirik:

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək qazaxıstanlı deputatlar artıq Bakıdadırlar.  Qazaxıstan mətbuatı yazır ki, TürkPA müşahidə missiyasının tərkibində Bakıya gələn parlamentarilər arasında bu ölkənin deputatları- Serikcan Kanayev və Samiqolla Urazov da var.

“Bnews.kz” saytı yazır ki, Qazaxıstan Məclisinin üzvləri MSK-da olublar. Onlar seçkilərlə bağlı son hazırlıq işləri ilə maraqlanıblar. Müşahidə missiyasının üzvlərinin siyasi partiya rəhbərləri, həmçinin Milli Məclis sədri ilə də görüşləri nəzərdə tutulur.

 

“Neft Rossii” jurnalı:
Azərbaycanda seçki kampaniyası
heç bir siyasi gərginlik olmadan davam edir

 

Rusiyanın nüfuzlu nəşrləri Azərbaycanda keçirilən parlament seçkilərini diqqətlə izləyir. Secki-2015.az saytı xəbər verir ki, bu fikirlərə “Neft Rossii” elmi jurnalında “Azərbaycan parlament seçkilərinə hazırlaşır” adlı geniş məqalədə yer verilib.

Məqalədə müəllif ölkədəki seçki proseduru, namizədlərin və seçicilərin sayı haqqında ümumi məlumat verib, 15 partiyanın deputat kürsüsü uğrunda yarışdığını qeyd edib.

Jurnal yazır ki, seçki kampaniyası tam sakit şəkildə, heç bir siyasi gərginlik olmadan davam edir. Ekspertlər səsvermə prosesində də hər hansı xoşagəlməz halın olacağını istisna edirlər. Keçən seçkilərdən fərqli olaraq bu dəfə namizədlər sosial şəbəkədən, virtual aləmin imkanlarından daha çox istifadə ediblər. Bu da namizədlərin daha az vaxt və vəsait sərf edərək geniş kütlə ilə əlaqə yaratmasına imkan verir.

Yazıda qeyd olunur ki, dünya bazarında neftin qiymətinin düşməsinə baxmayaraq ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

 

“TASS” İnformasiya Agentliyi:
Azərbaycan seçkilərə tam hazırdır

 

“TASS” İnformasiya Agentliyi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun seçkilərə hazırlıq barədə fikirlərinə yer ayırıb.

MSK sədrinin sözlərinə görə, seçki elə bir prosesdir ki, orada 100 faiz hazırlıqdan danışmaq, əslində, şübhə doğurur: “Çünki bura milyonlarla insan cəlb olunur. Bu səbəbdən hər şeyin ideal olmasını söyləmək bir qədər çətindir”.

M.Pənahov bildirib ki, müşahidəçilər də seçkilərə hazırlıq səviyyəsindən razıdırlar: “Biz müşahidəçilərdən obyektiv qiymətləndirmə gözləyirik. Seçki kampaniyası dövründə ümumilikdə 99 şikayət daxil olub və onların hər biri araşdırılır, müvafiq tədbirlər görülür”.

1000 məntəqədə veb-kameraların quraşdırıldığını bildirən Məzahir Pənahov  onu da qeyd edib ki, bu, səsvermə prosesində şəffaflığın təmin olunmasına xidmət edir.

 

“Moskovski Komsomolets” :
Azərbaycan müstəqil siyasət aparmaqda davam edir

 

ATƏT müşahidə missiyasını Azərbaycana göndərməsə də, Bakıya çoxlu sayda əcnəbi müşahidəçi gələcək. Bu fikirlər Rusiyanın “Moskovski Komsomolets” qəzetində Azərbaycanda seçkilərə hazırlıqla bağlı dərc edilən yazıda yer alıb. Müəllif yazır ki, təkcə Avstraliyadan seçkiləri izləmək üçün 8 müşahidəçi gələcək. Ümumiyyətlə, 40-dan çox beynəlxalq təşkilat, 500-dən çox beynəlxalq müşahidəçi seçkiləri izləyəcək.

Bəzi Qərb dairələrinin Azərbaycanla bağlı qərəzli iddialarına toxunan müəllif bildirir ki, bu təzyiqlərə baxmayaraq, rəsmi Bakı müstəqil siyasət yürütməkdə davam edir.

Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini vurğulayan rusiyalı jurnalist əlavə edir ki, ölkədə son 10 ildə ÜDM 5 dəfə, xarici investisiyalar 2 dəfə artıb.

Yazıda deyilir: “Dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial layihələrin icrası davam etdirilir”.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında