Azərbaycan mühüm siyasi kampaniya ərəfəsindədir. Sabah ölkə vətəndaşları seçki məntəqələrinə gələrək azad, sərbəst surətdə Azərbaycan Respublikasının Milli Məclisinə ən layiqli namizədlərə səs verəcəklər.
Sirr deyil ki, hər bir şəxs bu və ya digər namizədin lehinə seçim edəndə az, ya çox dərəcədə həyəcan keçirir, bir daha düşünüb daşınmalı olur. Bu hissləri seçkilər zamanı hər birimiz yaşayırıq. Amma həyatlarında ilk dəfə səs verməyə gələn gənclər seçim edərkən, təbii ki, daha çox həyəcanlanırlar. Başa düşürlər ki, cəmiyyətin inkişafı, tərəqqisi üçün artıq onlar da məsuliyyət daşıyırlar.
Bu il on minlərlə gənc Azərbaycan vətəndaşı olaraq seçkilərdə ilk dəfə iştirak etmək hüququ qazanıb. Bu hüquqdan yararlanmaq hər bir gəncin həm hüququ, həm də vətəndaşlıq borcudur. Seçkilərə fəal qatılmaq arzusunda olan gənclərdən bir neçəsi ilə oxucularımızı da tanış etmək istərdim:
Niyaz Məmmədov tələbədir, “Təfəkkür” Universiteti Elm və Təhsil Mərkəzində filologiya fakültəsinin ikinci kursunda oxuyur. Xəzər rayonunun Qala kəndində yaşayır. Bir neçə ay əvvəl 18 yaşı tamam olub. Sevinir ki, artıq o, bir vətəndaş olaraq seçkilərdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Niyaz yaxşı oxumaqla bərabər, təhsil aldığı ali məktəbin ictimai həyatında da fəal çalışır. Tələbə dostlarının da çoxu onun kimi builki seçkilərdə ilk dəfə səs verəcəklər. Öz aralarında razılaşıblar ki, səsvermə günü ilə bağlı təəsssüratlarını bir-biri ilə bölüşsünlər. Niyaz indi seçim edəcəyi anı səbirsizliklə gözləyir. Artıq kimə səs verəcəyini də müəyyənləşdirib. Deyir ki, biz gənclər düşünürük ki, ən layiqli namizədlərə səs verməklə, Azərbaycanın tərəqqisinə səs verəcəyik!
...Son günlərin söhbətidir. Şəhərimizin mərkəzi küçələrinin birində köhnə tanışım Cabbar Ağakişiyevlə rastlaşdım. O, sadə əmək adamıdır, həm dülgərlik edir, həm də rəngsazdır. Oğlu Elçini soruşdum. Dedi ki, Naxçıvandakı N. saylı hərbi hissəndə xidmət edir. Dünən zəng etmişdi. Nizam-intizamlı olduğunu nəzərə alaraq, onu hərbi hissədəki çeçki məntəqəsinin işinə cəlb ediblər.
Bildirdi ki, bu il seçkilərdə ilk dəfə səs verəcəyi üçün çox sevinir. Hərbi xidmətini başa vurandan sonra isə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olmaq arzusundadır. Arzu edir ki, Milli Ordumuzun zabiti olsun, Qarabağda Böyük Qələbəmizə öz töhfəsini versin.
Cabbar oğlunun bu arzuya düşməsi ilə fəxr edir. Yeri gəlmişkən, Cabbarla ilk dəfə Qarabağ uğrunda ağır döyüşlər getdiyi illərdə tanış olmuşdum. Həmin günləri xatırlayıb: “Cabbar, görünür, oğlun da sənə oxşayıb, axı, sən ən fədakar döyüşçülərdən biri idin”, — dedim. Cabbar bir söz demədi, amma mənə elə gəldi o, indi doğma Qarabağı hər an düşməndən azad etməyi düşünən oğlu Elçin, eləcə də onun kimi vətənpərvər gənclərlə fəxr edir.
Başqa bir gənc haqqında da söhbət açmaq istəyirəm. Adı Cəlil, soyadı Tahirovdur, ötən il Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Hazırda nüfuzlu özəl şirkətlərin birində proqramçı vəzifəsində çalışır. Yüksək əmək haqqı alır. İlk dəfə 2013-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərində iştirak edib. Parlament seçkilərində isə ilk dəfədir ki, iştirak edir. Bu dəfə də seçkilərdə böyük həvəslə iştirak edəcəyini söylədi.
Cəlil hesab edir ki, seçkilərdə fəal iştirak etmək bütün vətəndaşların, xüsusilə gənclərin böyük vətəndaşlıq borcudur. Axı, hər dəfə şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunu sürətləndirir və nəticədə Vətənimiz daha sürətlə tərəqqi edir.
Gənclərin yeni parlamentdən gözləntiləri də çoxdur. Məsələn, Cəlil ümid edir ki, Milli Məclisin yeni tərkibi bu sahədə daha mükəmməl qanunlar qəbul edəcək. Onun sözlərinə görə, XXI yüzillik yüksək texnologiyalar əsridir, hansı ölkə bu sahədə irəli gedə bilirsə, bunun digər sferalara da müsbət təsir olur.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.