Xəbər verildiyi kimi, 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılmış “Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il noyabrın 1-nə təyin olunmuş Milli Məclisə seçkilərin monitorinqini aparır.
Koalisiyanın üzvü, Dövlət İdarəçilik Akademiyasının dosenti, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov bu barədə məlumat verərək dedi ki, Monitorinq Koalisiyasının apardığı müşahidələrin nəticəsi ilə əlaqədar artıq hesabat yayılıb. Hesabatda Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli sərəncamından sonra 118 dairədə seçkilərin təşkili, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkilərdə iştirak, müşahidəçilərin qeydiyyatı, namizədlər və siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçkiqabağı təşviqat, KİV-ə çıxış imkanları, habelə rəsmi seçki orqanlarının fəaliyyəti ilə bağlı məsələlər yer alıb.
Hesabatda qeyd olunur ki, monitorinq aparılmış bütün dairə və məntəqə seçki komissiyalarının işi qanunvericiliyin tələblərinə uyğun qaydada təşkil edilib. Seçki məntəqələri əhaliyə yaxın binalarda yerləşdirilmiş və hazır vəziyyətə gətirilmişdir. Seçici siyahıları təkmilləşdirilib və MSK-nın internet səhifəsində yerləşdirilib. Təqdirəlayiq haldır ki, internet səhifəsində namizədlər barədə məlumatlar, MSK-nın qərarları, seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar da yerləşdirilib. Koalisiya hesab edir ki, bütün bunlar seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə münbit şərait yaratmışdır.
E.Əhmədov bildirdi ki, monitorinq zamanı namizədlərin qeydə alınması prosesinin müvafiq qanunvericiliyə və təkmil praktikaya uyğun şəkildə aparılması, namizədlər üçün imza toplanması zamanı hər hansı ciddi qanun pozuntularının baş verməməsi müşahidə olunmuşdur. İmza toplanması və onların dairə seçki komissiyalarında yoxlanılması zamanı meydana çıxan narazılıqlar aradan qaldırılmış, imza vərəqələrində çatışmazlıqlar səbəbindən qeydə alınmayan namizədlərə lazımi izahatlar verilmişdir. Eyni zamanda, namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin olunması məqsədilə dairə seçki komissiyaları tərəfindən müvafiq qərarlar qəbul edildikcə bütün namizədlər haqqında məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilmiş və vaxtaşırı yenilənmişdir.
Hesabatda, həmçinin, namizədlərin seçicilərlə görüşlərinin səmərəli təşkili məqsədilə seçki dairələrinin ərazisində 128 açıq və 128 qapalı yer ayrılması müsbət hal kimi dəyərləndirilir. Bildirilir ki, namizədlərin imkandan bərabər şəkildə istifadə etməsi təmin edilir, bu istiqamətdə heç bir məhdudiyyət və pozuntular qeydə alınmamışdır.
Monitorinq zamanı seçki komissiyaları tərəfindən müraciətlərə baxılması məsələsinə xüsusi diqqət ayrılmışdır. E.Əhmədov vurğuladı ki, bu məsələ də hesabatda öz əksini tapıb.Monitorinq göstərib ki, bu məsələ ilə bağlı həm hüquqi, həm də praktiki sahədə xeyli irəliləyiş əldə edilmişdir. Belə ki, şikayətlərə baxılması prosesi ərizəçilər, müşahidəçilər və digər seçki subyektləri üçün açıq aparılır. Vətəndaşlara öz müraciətlərinə baxılması prosesini MSK-nın internet səhifəsindəki müvafiq bölmədən izləmək imkanı yaradılması da müsbət hal hesab olunub.
Seçkilərin müşahidəsi ilə bağlı məsələ də hesabatda öz əksini tapıb. Qeyd edilir ki, MSK tərəfindən müşahidəçilərə, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə seçki prosesini əvvəldən axıradək sərbəst izləmək üçün əlverişli şərait yaradılıb. Bütün seçki subyektləri, eləcə də müşahidəçilər üçün Azərbaycan, ingilis və rus dillərində müxtəlif maarifləndirmə materialları — “Seçki günü üçün yaddaş”, “Müşahidəçilər üçün yaddaş” kitabçaları və digər maarifləndirici vəsaitlər hazırlanaraq paylanılmış, həmçinin MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir. Müsbət hallardan biri də səsvermə günü “exit-poll” keçirmək üçün müraciət etmiş vətəndaş cəmiyyəti qurumlarının MSK-da qeydiyyatdan keçirilməsi faktıdır.
Koalisiya hesab edir ki, 1000 məntəqədə veb-kameraların quraşdırılması, ayrı-ayrı namizədlərin və seçkiyə qatılan siyasi partiyaların nümayəndələri də nəzərə alınarsa, seçkilərin müşahidəsinin və seçkilərə ictimai nəzarətin yetərincə təmin olunduğunu söyləmək olar.
E.Əhmədov bildirdi ki, seçkilərdə 125 deputat mandatı uğrunda 767 nəfərin mübarizə aparması, yəni 1 yer uğrunda 6 namizədin deputat mandatı iddiası,16 siyasi partiya və bir seçki blokunun seçki kampaniyasında iştirakı sağlam rəqabət mühitinin təmin edildiyindən və ölkədə siyasi plüralizmin səviyyəsinin yüksək olmasından xəbər verir.
Builki parlament seçkilərində qadınların daha fəal olduğu da hesabatda öz əksini tapıb. Bildirilir ki, qeydə alınan namizədlərdən 170 nəfərdən çoxu qadındır. Elə seçki dairələri vardır ki, həmin dairələrdə qadın namizədlərin sayı 3-dən çoxdur. Bu da namizədlərin 50 faizdən çoxunun qadınların təşkil etməsindən xəbər verir.
Koalisiya yekun olaraq bildirir ki, namizədlərin irəli sürülməsi, imza toplanması, qeydiyyatı və seçkiqabağı təşviqat mərhələlərində rəsmi seçki qurumları və icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların seçki hüquqları ilə bağlı qanunsuz məhdudiyyətlərə və pozuntulara yol verilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədliyini irəli sürmək istəyən Azərbaycan Respublikasının vətəndaşları seçki hüququndan sərbəst istifadə edə bilmişlər. Keçirilən rəy sorğuları zamanı respondentlərin əksəriyyəti bildirib ki, seçki prosesi ümumilikdə demokratik mühitdə cərəyan edir.
Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.