Secki-2015.az saytı Azərbaycana qarşı destruktiv mövqe tutan və ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarında fərqlənən müxtəlif şəxslər barədə ifşaedici məqalələr hazırlamaqda davam edir. Saytın növbəti maraqlı analitik məqaləsini diqqətinizə təqdim edirik:
“İzabel Santos - bu ad yəqin ki, Azərbaycanda ictimai-siyasi proseslərlə maraqlanan bir çoxlarına tanışdır. Xüsusilə, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarında bu adın ön planda dayanması bir çox amillərdən xəbər verir. O, ATƏT-in demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsində təmsil olunur. Həmçinin ATƏT DTİHB-nin Azərbaycana qarşı apardığı “siyasətdə” də bu qadının oynadığı rol kifayət qədər bəllidir. Xüsusilə, Qərbdə fəaliyyət göstərən erməni lobbisinin sifarişləri əsasında “siyasət” yürüdən İzabel Santosun öz siyasi biznesini artırmaq cəhdinin Azərbaycana qarşı qərəz yürütməsilə reallaşdırması isə növbəti faktların araşdırılaraq, üzə çıxmasına zəmin yaradır. Lakin bütün bunlara qədər bəzi nüansları bir daha xatırladaq.
ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları üzrə məsul şəxsi İzabel Santosun Azərbaycanda partlament seçkiləri öncəsi vəziyyətlə bağlı səsləndirdiyi qərəzli bəyanatların həm də sifariş xarakterli olması şübhəsizdir. Daha dəqiq desək, bu, Avropa qurumunun məsul şəxsinin ölkəmizə qarşı qarayaxma kampaniyasının növbəti tərkib hissəsidir ki, əslində bu cür həssas məqamlarda obyektiv və müstəqil siyasət yürütmək onun borcudur. Lakin aşağıda sadalayacağımız faktlar da sübut edir ki, ATƏT-də komitəyə rəhbərlik edən bir şəxsin öz borcu haqqında məlumatı yoxdur və onun arxasında bilavasitə erməni lobbisi dayanır.
Digər tərəfdən, İzabel Santosun Azərbaycana qarşı məlum bəyanatında seçkilərlə bağlı heç bir məqam öz əksini tapmayıb. Əgər belə olmasa idi o, seçkiləri bir kənara qoyub, həbsdə olan, müvafiq cinayətlərinə görə qanun qarşısında cavab verən məhbusların seçkiləri müşahidə edə bilməməsindən danışmazdı. Beləliklə, baş verənlər növbəti dəfə göstərir ki, ATƏT rəsmisinin, ümumiyyətlə, Azərbaycanda keçiriləcək seçkilərdən xəbəri yoxdur. Yaxud, xəbəri olsa da onu maraqlandıran heç də “demokratiya”, “insan haqlarının müdafiəsi”, “söz və ifadə azadlığı” deyil, erməni lobbisinə göstərdiyi xidmətdir.
Faktlar və dəlillər deməyə əsas verir ki, İzabel Santos müstəqil şəxs deyil. Həmçinin onun səsləndirdiyi gülünc bəyanatlar da belə qənaətə gəlməyə imkan verir. Xanım Santos məhz ATƏT mandatından kənara çıxaraq Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğuldur. O bununla düşünülmüş şəkildə təmsil olunduğu quruma sirayət etmiş erməni lobbisinin verdiyi maddi dəstək sayəsində Azərbaycanda keçiriləcək seçikilərə kölgə salmaq istəyir.
Məsələyə daha dəqiq yanaşaq. Qeyd edək ki, ATƏT kimi qurumun fəaliyyət istiqamətinə müdaxilə edə biləcək qədər həyasız olan erməni lobbisi dəfələrlə orada ölkəmiz əleyhinə siyasət yürütməyə macal tapıb. Belə qurumlardan biri də Portuqaliya parlamentinin deputatı İzabella Santosun fəaliyyətinə antiazərbaycan xarakterli “çalarlar” verən yenə də mərkəzi ofisi Portuqaliyada - Lissabonda yeləşən Qalust Gülbenkyan fondudur. Məhz bu fondun fəaliyyət istiqamətini araşdırdıqca, bir sıra məqamlar üzə çıxmağa başlayır. Bu fond bir neçə dəfə ATƏT çərçivəsində tədbirlər keçirib və bunu təsdiq edən məlumatları da məhz ATƏT-in rəsmi saytında yer almış hissəsində görə bilərsiniz. (aşağıdakı fotoya baxın)
Qeyd edək ki, Qalust Gülbenkyanın adını daşıyan fond ermənilərin xaricdə fəaliyyət göstərən lobbisinin ən aparıcı qandalarından biri sayılır. İzabel Santos da daxil olmaqla, Avropa ölkələrinin parlamentarilərinə yol tapan erməni fondu əlində olan güclü maliyyə vasitəsilə onları ələ almağı bacarır. Hətta ATƏT kimi nüfuzlu qurumda bir deyil, bir neçə tədbir keçirir.
Bəs kimdir Qalust Gülbenkyan? Dəyərli oxucularımıza xatırladaq ki, bu erməni maqnatı 1887-ci ildə Londonda Kral kollecini bitirdikdən və neftçi-mühəndis diplomunu əldə etdikdən sonra birbaşa Bakıya gəlib. O, burada yerli neft istehsalının və sənayesinin sirlərinə yiyələnib. Daha sonra isə Azərbaycanda praktiki cəhətdən öyrəndiklərini xarici ölkələrdə tədbiq edib, kitablar yazıb. Sonradan isə onun adını daşıyan Qalust Gülbenkyan fondu təsis edilib. Bu fond uzun illər türk dünyasına qarşı aparılan erməni terrorunu maliyyələşdirən bir qurum kimi tanınır.
Yeri gəlmişkən, bu gün Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa Suriyadan gətirilmiş ermənilərin yerləşdirilməsi, onlara evlərin tikilməsi, o cümlədən sosial infrastrukturların yaradılması kimi hallarda Qalust Gülbenkyan fondunun xüsusi canfəşanlıqları mövcuddur. Bütün bunlar xanım Santosun Avropa qurumunun kürsüsündən antiazərbaycan təbliğatı aparmasının heç də təsadüfi olmadığını bir daha sübuta yetirir.
Görünür, bu səbəbdən Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, Rauf Mirqədirov və s. kimilərin “təəssüblərini” çəkən İzabel Santosun indi də Azərbaycanda parlament seçkiləri ərəfəsində biznes maraqları artmağa başlayıb. Bu işdə isə Qalust Gülbenkyan fondu ona sifarişlərini verib. Ancaq indidən deyə bilərik ki, İzabel Santos bu dəfə uğur əldə edə bilməyəcək. Çünki qarşıdan gələn parlament seçkilərində hər şeydən öndə Azərbaycan xalqının maraqları dayanır. Xalq marağını digər maraqlar heç vaxt üstələyə bilməz".
Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.