Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər qardaş Pakistanda da maraqla izlənilir. Secki-2015.az saytı pakistanlı siyasi mütəxəssis, seçkilərin müşahidəsi üzrə analitik Malik Ayub Sumbaldan müsahibə götürüb.
O, müsahibəsində seçkilərdə Azərbaycan xalqının öz istəyinə uyğun demokratik şəkildə seçim edəcəyinə əminliyini bildirib.
“Azərbaycan artıq inkişaf etmiş ölkədir və Bakıdakı çoxmillətli paytaxtlara məxsus həyat tərzindən bunu hər kəs görə bilər. Bu parlament seçkiləri ölkədəki demokratiyanın əsaslarını daha da gücləndirəcək. Əminəm ki, bu seçkilər siyasi institutlar və insanların şüurunda demokratiyaya meyli gücləndirəcək”,- deyə Malik Ayub Sumbal söyləyib.
Pakistanlı ekspertin sözlərinə görə, son illər ərzində Azərbaycanda vətəndaşların həyat şəraiti yüksəlib və bu, ölkədə olan demokratiyanın nəticəsidir: “Azərbaycandakı demokratik quruluş Qafqazda olan digər qonşu dövlətlər üçün bir nümunədir, çünki qanunun aliliyi və ictimai institutların gücü göz qabağındadır. Azərbaycan regionda və dünyada sülh quruculuğu prosesində nümunə rolunu oynayır. Bu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə əlaqədardır. Bu seçkilərə gənclərin də marağı yüksəkdir, onlar səsvermə gününü həyəcanla gözləyirlər. Gənclər təşkilatları ən yüksək səviyyədə seçki prosesində iştirak edirlər. Bir sözlə əminəm ki, Azərbaycanda azad və ədalətli seçkilər keçiriləcək”.
Eduard Poletayev: Azərbaycandakı seçkilər əhəmiyyətli rəqabət mühiti ilə seçilir
Bunu 2015.az saytına qazaxıstanlı politoloq, “Avrasiya Dünyası” İctimai Fondunun rəhbəri Eduard Poletayev deyib. O bildirib ki, seçkilərdə ən vacib siyasi prosedur cəmiyyəti birləşdirmək və hakimiyyətə etimad göstərməkdir. “Kənardan hiss olunur ki, Azərbaycanda bu prosedur kifayət qədər ciddidir. Bu, Yaxın Şərqdə gərginliyin artdığı və dünya bazarında neftin qiymətinin düşdüyü bir vaxtda çox vacibdir. Azərbaycandakı seçkilər əhəmiyyətli rəqabət mühiti ilə seçilir. Bu gün faktiki 1 mandat uğrunda 6 namizəd mübarizə aparır” - deyə,qazaxıstanlı ekspert parlament seçkilərinin nəticələrinin Azərbaycan–Qazaxıstan əlaqələrinə hər hansı təsir edəcəyini inandırıcı saymır. “Bu əlaqələr artıq uzun müddətdir ki, konstruktivliyi ilə fərqlənir. Qazaxıstan Mərkəzi Asiyada Azərbaycanın ən vacib tərərfdaşıdır. Qazaxıstanda kifayət qədər azərbaycanlı yaşayır, iqtisadi-ticari əlaqələr yüksək səviyyədədir. Xəzər hövzəsilə bağlı dialoq davam edir. Bununla belə, siyasi güclər Azərbaycanla Qazaxıstan münasibətlərinə təsir etmir”, - deyə Eduard Poletayev bildirib.
Roman Xudyakov: Hansısa ölkə öz baxışlarını Azərbaycanda tətbiq edə bilməz
Milli Məclisə keçiriləcək seçkilər Rusiya Federasiyasının siyasi mütəxəssisləri tərəfindən diqqətlə izlənilir və şimal qonşumuzun analitikləri 1 noyabr seçkilərinə münasibətlərini açıqlayırlar. Secki-2015.az saytı Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının təmsilçisi Roman Xudyakovun fikirlərinə yer verib. Cənab Xudyakov noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 9 partiyanın iştirak edəcəyi barədə məlumatı olduğunu bildirib və bunun elektorat üçün böyük seçim imkanının demək olduğunu vurğulayıb.
Rusiya Dövlət Dumasının üzvü bildirib ki, azərbaycanlıların yüksək siyasi mədəniyyət səviyyəsi, eləcə də, Prezident İlham Əliyevin konstruktiv və diplomatik siyasəti ölkə daxilində və bütövlükdə regionda kompromis tapmağa imkan verir.
“Seçkilərdə ciddi nəzarət tədbirlərinin görülməsi, məsələn, barmaq izlərinin yoxlanması böyük əhəmiyyət kəsb edir. Seçkiləri onlarla beynəlxalq müşahidəçi izləyəcək. Əminəm ki, noyabrın 1-də baş tutacaq seçkilər açıq, şəffaf rəqabət mühitində keçiriləcək. Bu seçkilər ölkənin növbəti illərdə inkişafını təmin edəcək”,- deyə o qeyd edib.
Qərbin Azərbaycana qarşı təzyiqlərinə gəlincə, rusiyalı deputat bunun ölkənin müsbət imicinə təsir edəcəyini inandırıcı hesab etmir. “Azərbaycanın öz adət-ənənəsi və baxışı var. Qərbin və ABŞ-ın baxışı daha fərqlidir.
Hansısa ölkə öz baxışlarını Azərbaycan kimi zəngin mədəniyyəti olan ölkədə tətbiq edə bilməz. Ümumiyyətlə, mən Qərbin Azərbaycana qarşı olan iradlarını başa düşə bilmirəm", - deyə Xudyakov bildirib.
Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.