Sahibkarlar: Biz Prezidentin böyük diqqət və dəstəyini daim hiss edir, ona arxalanırıq

Sahibkarlar Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşılayıblar. Həmçinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq edərək, ona arxalandıqlarını bildiriblər.

Bu barədə oktyabrın 27-də “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzusunda keçirilən konfransda geniş söhbət açılıb. 

Konfransda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Prezident İlham Əliyev tərəfindən son zamanlar imzalanmış müvafiq sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb. ASK prezidenti ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətlərinin onun sosialyönümlü səciyyə daşıması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsi olduğunu deyib. Sahibkarlara göstərilən qayğıya və davamlı dəstəyə görə onların adından dövlətimizin başçısına təşəkkür edən Məmməd Musayev bu qərarların ölkə ictimaiyyəti, eləcə də sahibkarlar tərəfindən böyük razılıqla qarşılandığını bildirib.

“Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət proqramlarında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarların rolunun gücləndirilməsi nəzərdə tutulur”, - deyə M.Musayev qeyd edib.

Konfransda vurğulanıb ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. İclasdan dərhal sonra dövlətimizin başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisə göndərilib və yekdilliklə qəbul edilib. Həmin qanuna əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılır. Bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha mühüm uğurlar qazanmaq baxımından böyük və tarixi əhəmiyyət kəsb edir.

Ölkə rəhbərliyi tərəfindən son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar sahibkarların qarşısındakı süni maneələrin aradan qaldırılmasına, onların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələrinə, ölkə iqtisadiyyatına vəsait qoymalarına, yeni və daimi iş yerləri yaratmalarına və nəticə etibarilə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına yönəlib.

M.Musayev bildirib ki, Prezident İlham Əliyevin 2015-ci il 19 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin edilməsinə yönəlib.

“Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən dövlətimizin başçısı özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Qlobal böhranın hökm sürdüyü bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının qorunması qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaq”, – deyə ASK-nın prezidenti qeyd edib.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında bazar iqtisadiyyatının təməl prinsiplərinə uyğun olaraq, ölkədə davamlı institusional islahatların həyata keçirildiyini, bunun iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında böyük rol oynadığını deyib. Bildirilib ki, dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair Milli Məclis tərəfindən qəbul edilmiş Qanun ölkədə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək, qanunsuz müdaxilələrin aradan qaldırılmasını təmin edəcək.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edərək özəl sektorun inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu və bu sahənin daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd olunub ki, bunun nəticəsində özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi ötüb. Dövlətimizin başçısının 2014-cü ildə imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən görülmüş tədbirlər barədə məlumat verən Sahib Məmmədov bu siyasətin davamı olaraq, “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanın sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsində, özəl sektorun inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, fərmana uyğun olaraq, bütün lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində veriləcək. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır. Eyni zamanda, həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə təşkili məqsədilə nazirliyin əməkdaşlarına müvafiq treninqlər keçirilir. Bu il noyabrın 2-dən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanılacaq. Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbulu  nəzərdə tutulur.

Nazir müavini qüvvədə olan qanunvericiliyə əsasən, lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edib. Bildirib ki, yaxın aylarda, həmçinin “Elektron lisenziya” portalı istifadəyə veriləcək və bununla da sahibkarlara lisenziyaların və digər sənədlərin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq.

Sahib Məmmədov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi kimi tədbirlərin özəl bölməyə dövlətin daha bir mühüm dəstəyi olduğunu və ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıb.

Konfransda çıxış edən sahibkarlar Azərbaycan Respublikası Prezidentinin onlara daim dəstək olduğunu qeyd edib, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarları böyük razılıqla qarşıladıqlarını bildiriblər. Həmçinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunub.

Sonda konfransda iştirak edən sahibkarların adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Sizin düşünülmüş və məqsədyönlü siyasətiniz sayəsində regionun lider dövlətinə, siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan Respublikası hərtərəfli inkişafını davam etdirir.

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mürəkkəb proseslərin, geosiyasi risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmiz bu neqativ meyillərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir.

Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir. Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.

Biz sahibkarlar gündəlik fəaliyyətimizdə Sizin böyük diqqət və qayğınızı hiss edir, Sizə arxalanırıq. Son günlərdə imzaladığınız sənədlər, qəbul etdiyiniz qərarlar bunu bir daha təsdiq edir.

Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi məqsədi ilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan Qanunu, imzaladığınız fərmanları sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndiririk.

Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlarınız nəinki sahibkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir.

Möhtərəm cənab Prezident!

Biz, “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” konfransının iştirakçıları, Sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən etdiyiniz hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında