Azərbaycanda növbəti parlament seçkilərinin başlanmasına bir neçə gün qalır. Belə mühüm siyasi kampaniyalar demokratik proseslərin dərinləşməsi, azad, plüralist cəmiyyətin formalaşması istiqamətində böyük rol oynayır. Şübhə yoxdur ki, 1 noyabr seçkiləri də ölkəmizdə azad vətəndaş cəmiyyəti quruculuğuna öz müsbət təsirini göstərəcək.
Azərbaycan dövləti seçkilərin azad, şəffaf, demokratik şəraitdə keçirilməsi üçün siyasi iradə ortaya qoyub. Dövlət söz, ifadə, mətbuat azadlığının, vətəndaşın seçmək və seçilmək hüquqlarının təmin olunduğu plüralist cəmiyyətin təşəkkül tapmasında maraqlıdır. Ona görə ki, yalnız bu halda hər bir fərdin özünü tam reailizə imkanları yaranır, nəticədə cəmiyyətdə hərtərəfli inkişaf və tərəqqiyə yol açılır.
Vətəndaşın təməl hüquqlarından biri də seçkilərdə azad, sərbəst surətdə seçim etmək, eləcə də seçilmək hüququdur. Ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasında təsbit olunan bu hüququn qorunmasına böyük önəm verirdi. Demokratik inkişaf yolu seçən Azərbaycan azad, şəffaf seçkilərin təşkili sahəsində zəngin təcrübə qazanıb. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyev və onun komandası bu ənənələri uğurla davam etdirir.
Artıq seçki kampaniyası finişə yaxınlaşır. Həlledici mərhələ – seçim etmək anı çatır. Burada son söz yalnız və yalnız seçicilərə məxsusdur. Bəli, 1 noyabrda Azərbaycan vətəndaşları deputatlığa bu və ya digər namizədlərin lehinə seçim etməlidir. Nəzərə alsaq ki, hazırda hər bir dairədən orta hesabla 8-9 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, deməli, seçici son qərar vermək üçün, necə deyərlər, düşünüb-daşınmalı olacaq. Demokratiyanın məğzi məhz budur. Vətəndaş seçim edərkən düşünməli, ağlının, vicdanının səsini dinləyib ədalətli seçim etməlidir.
Seçim etmək, ilk baxışda göründüyü kimi heç də asan deyil. 31 saylı Suraxanı birinci seçki dairəsinin 13 saylı məntəqəsində səs verməyə hazırlaşan, ixtisasca həkim olan Çingiz Hacıyev hesab edir ki, həmin dairədən deputatlığa namizədlərin, demək olar ki, hamısı parlamentdə təmsil olunmağa layiqdir. Lakin yalnız bir nəfərin lehinə seçim etmək lazım gəldiyi üçün o, ilk növbədə dövlətin və cəmiyyətin maraqlarına daha çox fayda verə biləcək namizədə səs verməyi planlaşdırır.
Bəli, bir daha vurğulamaq istərdim. Vətəndaş seçim etməkdə tam sərbəstdir. Qanunlarımız hər bir seçicinin azad seçim hüququnu qoruyur. Lakin bu hüquqdan bəhrələnərək kimə, hansı namizədə üstünlük verməsi seçicinin iradəsindən, siyasi yetkinlik səviyyəsindən asılıdır. Nə yaxşı ki, Azərbaycan vətəndaşı siyasi cəhətdən aktivdir, kreativdir və milli dövlətçiliyə sədaqətlidir.
Bütün ömrünü, bilik və bacarığını ölkəmizdə neft maşınqayırması sənayesinin inkişafına həsr edən, yaşı səksəni ötmüş texnika elmləri üzrə fəlsəfə doktoru Baba Əhmədli deyir ki, seçim edərkən onun üçün əsas meyar namizədin milli dövlətçiliyimizə tam sədaqətli olması və xalqımıza daha çox fayda verə biləcəyinə olan dərin inamdır. Yalnız bu halda o, öz səsini həmin namizədə verir. İnanmasa, əmin olmasa, verməz!
Seçicinin səsvermə zamanı ictimai maraqları üstün tutması çox mühüm amildir. Seçiciləri yalançı vədlərlə, populist “ideyalarla” aldatmağa cəhd edənlər də olur. Bunlara uymamaq, ictimai maraqları üstün tutmaq vacibdir. Ümumi rəy belədir ki, kiçik istisnalarla əksər namizədlər milli-mənəvi dəyərlərimizə sayğı göstərən, dövlətçiliyimizə sədaqətli insanlardır. Onların arasında qadın namizədlər də çoxdur ki, bu da bütövlükdə, müsbət tendensiya hesab olunmalıdır.
Növrəstə Yusifova ikinci qrup Qarabağ müharibəsi əlilidir. Ermənilər ölkəmizin ərazisinə təcavüz edəndə kişilərlə bərabər ilk azərbaycanlı qadın snayper olaraq ən ağır döyüşlərdə iştirak edib. Bu gün sağlamlığı imkan verdiyi dərəcədə ictimai işlərdə iştirak edir. Üstəlik, döyüş yoldaşlarının bir araya gəldiyi “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinə rəhbərlik edir. Birliyin üzvləri arasında qadınlar çoxdur. Növrəstə xanım deyir ki, o, şəxsən seçim edərkən qadın namizədlərə üstünlük verir. Çünki sivil dünyada gender bərabərliyinə önəm verildiyi indiki dönəmdə azərbaycanlı qadınların parlamentdə geniş təmsil olunmasına ehtiyac var. Belə bir fikri də vurğuladı ki, parlamentin əsas vəzifəsi cəmiyyətin tərəqqisinə xidmət edən ədalətli qanunlar yazmaq olduğundan parlamentin tərkibində yüksək peşəkar hüquqşünas və iqtisadçıların daha çox yer almaları məqsədəuyğun olardı.
Seçici üçün ən vacib məqamlardan biri də deputatın sözlə əməlinin üst-üstə düşməsidir. Elə namizədlər olur ki, çox söz verir, az iş görür. Amma elə deputatlar da var ki, həqiqətən imkanları, səlahiyyətləri daxilində seçicilərin problemlərinin həlli üçün çox iş görürlər.
Bakının Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Daşdəmir Əhmədov əslən Lerik rayonundandır. Deyir ki, Binə qəsəbəsinə çoxdan köçüblər. Qəsəbədə son illər bir çox uğurlu infrastruktur layihələri icra olunub. Bir çox sosial problemlərin, eləcə də yeni iş yerlərinin açılması uğurla həll olunub. Bu işlərin görülməsində binəlilərin ötən seçkilərdə səs verdikləri deputatın böyük rolu olub.
Seçicinin ədalətli seçim etməsi üçün onun bütün namizədlər barədə kifayət qədər məlumatlı olması lazımdır. Müasir texnologiyalar seçiciyə namizədlərin həyat yolu və seçki planları barədə geniş imkanlar açır. Fikir veribsinizsə, seçkiqabağı təbliğat xarakterli görüşlər və başqa tədbirlər küçə və meydanlardan “yığışıb” internetə “köçüb”. Elə deputatlığa namizəd var ki, bu günlərdə öz Twitter səhifələrində və ya başqa sosial şəbəkələrdə yüzlərlə potensial seçicisi ilə yazışır. Təbii ki, belə namizədlərin seçicilərin seçimlərinə təsir imkanları da artır.
Bir məqam da vacibdir. Azərbaycan bu gün bütün dünya üçün tam açıqdır. Bizim parlamentin hazırda geniş beynəlxalq əlaqələri var. Parlamentarilərimiz vaxtaşırı nüfuzlu tədbirlərdə iştirak edirlər. Milli Məclisi təmsil edən şəxs ingilis və ya fransız dilini yaxşı bilirsə, onun ölkəmiz, xüsusilə Qarabağ həqiqətləri barədə məlumat vermək imkanı, təbii ki, daha çox olacaq. Bu mənada parlamentdə xarici dillərdə sərbəst danışa bilən şəxslərin təmsil olunması ümumi işimizin yalnız xeyrinə olar.
Seçim hüququ olan hər bir vətəndaş seçkilərdə səsinin cəmiyyətin tərəqqisi üçün faydalı olduğunu hiss edəndə, təbii ki, həm səsinin qədrini bilir, həm də məsuliyyət hiss edir. Elə namizədə səs verməyə çalışır ki, sonra seçimi üçün peşman olmasın. Necə deyərlər, yüz ölçüb, bir biçməli olur. Beləliklə, səsimizin qədrini bilək, ən layiqli namizədlərə səs verək!
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.