Azərbaycan demokratik, şəffaf seçki keçirmək əzmindədir

Dünyanın aparıcı sorğu şirkətləri Azərbaycanda demokratik seçkiqabağı mühitin tam təmin olunduğunu bəyan edirlər

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. 60 mindən çox yerli və 500-dək  beynəlxalq müşahidəçinin seçkinin gedişini izləyəcəyi də bundan xəbər verir. Ümumiyyətlə, builki seçkiləri

36 beynəlxalq qurumu və 53 ölkəni təmsil edən müşahidəçi missiyaları izləyəcək.

Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar Palatası, müxtəlif ölkələrin mərkəzi seçki komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası, GÜAM, Amerika Siyasi Monitorinq Mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildir.

Göründüyü kimi, müşahidəçilərin coğrafiyası çox genişdir. Onların sayı və miqyası ötən seçkilərdən müsbət istiqamətdə fərqlənir. Bu da beynəlxalq miqyasda Azərbaycanda keçirilən seçkilərə marağın ildən-ilə artmasından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  “Beynəlxalq münasibətlər və xarici siyasət”  kafedrasının dosenti,  Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədovla söhbətimiz də bu mövzuda oldu. E.Əhmədov həm də “Parlament-2015" Seçki Monitorinq Koalisiyasının üzvüdür.

Politoloq öncə, “Parlament-2015" Seçki Monitorinq Koalisiyasının hansı məqsədlə yaradılması barədə məlumat verdi. Bildirdi ki, koalisiyanın yaradılmasında əsas məqsəd noyabrın 1-nə təyin olunan parlament seçkilərinə hazırlıq, səsvermə prosesinin müstəqil şəkildə monitorinqinin aparmaq və mövcud vəziyyətlə bağlı məlumatları obyektiv şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bu proses namizədlərin qeydə alınmasından tutmuş Mərkəzi Seçki Komissiyasının son qərarına qədər olan dövrü əhatə edir. Bugünədək olan müşahidələrimiz zamanı heç bir qanun pozuntusu aşkarlanmayıb və koalisiyaya hər hansı bir şəxs tərəfindən şikayət daxil olmayıb. Seçkiyə hazırlıq prosesi normal şəkildə davam edir.

E.Əhmədov ölkəmizdə son illər seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsinin  beynəlxalq müşahidəçilər tərəfindən də etiraf olunduğunu vurğulayaraq, builki parlament seçkilərinin də demokratik şəraitdə başa çatacağına əminliyini ifadə etdi. Bunu hazırlıq işlərinin beynəlxalq qurumlar tərəfindən keçirilən rəy sorğularının nəticələri də təsdiqləyir. Politoloq qeyd etidi ki, dünyanın aparıcı sorğu şirkətlərindən biri olan “Artur J. Finkelştayn and Assoşietys” və “Opinionway”in Azərbaycanda keçirdiyi seçkiqabağı rəy sorğularının nəticələri  seçkiqabağı mühitin obyektiv olduğunu təsdiqləyir. Belə nüfuzlu qurumların keçirdikləri rəy sorğuları mühüm əhəmiyyət kəsb edir. Sorğuların nəticələri ölkədə seçki prosesinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığından və hakimiyyətin ciddi siyasi iradə nümayiş etdirməsindən xəbər verir.

Rəy sorğularında iştirak edən vətəndaşlarımızın seçimləri bir daha sübut edir ki, Azərbaycanda xalq-iqtidar birliyi var.

Həmsöhbətim diqqəti dünyada baş verən hadisələrə yönəldərək dedi ki, belə çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycan hakimiyyətinin müstəqil siyasət yürütməsi düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın nəticəsidir. Bu siyasi xətt ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə artırır. Xarici şirkətlərin rəy  sorğularının nəticələri də bunu təsdiqləyir. Rəy sorğuları zamanı dövlətin milli maraqlarına uyğun olaraq respondentlərin əksəriyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ön plana çəkməsi və problemə daha həssas yanaşması təbiidir: “Rəsmi Bakının son dövrlər qarşılaşdığı əsas problemlər beynəlxalq dairələrin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar mövqeyindən yanaşması, Azərbaycanın yürütdüyü müstəqil və balanslı siyasət kursuna mane olmağa çalışmasıdır”. Bütün bunlara baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini davam etdirir, seçkilərin demokratik mühitdə keçirilməsi üçün bütün imkanlardan istifadə edir. Hətta, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları zamanı işğalçı ölkə rəhbərinin qeyri-konstruktiv münasibəti, ümumiyyətlə, danışıqlardan yayınması əhalinin seçki əhval-ruhiyyəsinə təsir göstərmir.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalından azad edilməsi Azərbaycan üçün danışıqlarda əsas məsələdir: “Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, ərazi bütövlüyü prinsipi heç vaxt danışıqlar prosesinin mövzusu olmayıb və bundan sonra da olmayacaq. Bu mənada, Azərbaycan vətəndaşları keçirilən rəy sorğularında Prezidentin yürütdüyü siyasi kursu dəstəklədiklərini göstərirlər. Azərbaycan Ermənistanın cinayətkar rejiminin danışıqları imitasiya xarakterli addımlarının qarşısını alacaq. Yəni, rəsmi Bakı danışıqların imitasiya xarakteri daşımasına heç vaxt imkan verməyəcək. Danışıqlar prosesi heç bir nəticə verməsə, Azərbaycan beynəlxalq hüququn prinsiplərindən istifadə edərək, güc yolu ilə də olsa, torpaqlarımızı işğaldan azad edəcək”.

Bəzi Qərb təşkilatlarının Azərbaycanda keçiriləcək seçkilərlə bağlı qərəzli rəy formalaşdırmağa çalışdığını bildirən  Elçin Əhmədov  vurğuladı ki, onların əsas məqsədləri dövlətimizin yürütdüyü müstəqil daxili və xarici siyasətə mane olmaq və müxtəlif vasitələrlə təzyiq göstərməkdir: “Azərbaycan İslam ölkəsi kimi dünyada öz standartları ilə çıxış edir. Beynəlxalq tədbirlərdə, həmçinin seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün ölkəmizə gələn xarici qonaqlar etiraf edirlər ki, dünya üçün tolerantlıq nümunəsi olan Azərbaycan sivilizasiyalararası dialoq, multikulturalizm mərkəzinə çevrilib. Bu mənada, respublikamızın qazandığı uğurlar Qərbin islamofob, ksenofob dairələrini qıcıqlandırır. Xüsusilə, bunu Yaxın Şərq ölkələrindən Avropaya üz tutan qaçqınlara qarşı münasibətdə aydın görmək mümkündür. Belə bir şəraitdə müsəlman ölkəsi olan Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq müşahidəçilər tərəfindən müsbət qarşılanan demokratik seçki keçirməsi, öz həqiqətlərini dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırması, yeni dünya standartları müəyyənləşdirməsi antiazərbaycan dairələri razı salmır”.

Azərbaycanın əleyhinə aparılan  qərəzli kampaniyanın arxasında erməni izinin olduğunu vurğulayan E.Əhmədov bildirdi ki, erməni lobbisi bütün vasitələrlə çalışır ki, Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasının qarşısı alınsın: “Erməni lobbisini himayə edən qüvvələr Dağlıq Qarabağın dünya xəritəsində harada yerləşdiyini bilməsələr belə, Qərbdə bir qrup şəxsləri maliyyələşdirərək ölkəmizə qarşı qərəzli hesabatlar, bəyanatlar hazırlatdırırlar. Xüsusilə, “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və “Sərhədsiz Reportyorlar” kimi qərəzli təşkilatların mütəmadi hesabatlarında Azərbaycana qarşı böhtan və sifariş xarakterli bəyanatların verildiyininin dəfələrlə şahidi olmuşuq.  Gələcəkdə də bu cür qara kampaniyaların aparılacağını öncədən demək olar. Çünki belə qurumların bütün fəaliyyəti sanki Azərbaycanın əleyhinə köklənib. Lakin bütün bunlar heç bir fayda verməyəcək. Artıq ölkəmiz haqqında əsil həqiqətləri olduğu kimi qiymətləndirən, demokratik proseslərə xüsus önəm verildiyini, seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini etriraf edən beynəlxalq qurumların sayı artmaqdadır. Dünyanın aparıcı sorğu şirkətlərindən olan “Artur J. Finkelştayn and Assoşietys” və “Opinionway”in Azərbaycanda keçirdiyi seçkiqabağı rəy sorğularının nəticələri də bunu təsdiqləyir”. 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında