Ölkəmiz daha bir siyasi hadisənin reallaşdırılmasının astanasındadır. Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri yekunlaşmaq üzrədir. Dairə və məntəqə seçki komissiyaları bütün lazımi vasitələrlə təmin olunub. Seçicilərin səsvermə məntəqələrinə gəlmələri üçün geniş maarifləndirmə işləri aparılıb.
17 saylı Yasamal III seçki dairəsi, dairə seçki komissiyasının sədri Qədir Kərimov söhbət zamanı parlament seçkilərinə ciddi hazırlaşdıqlarını bildirdi. Qeyd etdi ki, son illər Azərbaycanda keçirilən seçkilər şəffaflığına və mütəşəkkilliyinə görə Avropanın bir sıra ölkələrini qabaqlayıb. Məsələn, barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi və səsvermə kabinələrinə veb-kameraların quraşdırılması belə amillərdəndir. Seçici siyahısında adları olmayan seçicilərin seçki günü şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə səs verməsinə şərait yaradılması da demokratik prinsiplərə önəm verilməsinin təzahürüdür.
Q.Kərimov hazırlıq işləri sırasında maarifləndirmə layihələrini xüsusi vurğulayaraq dedi ki, bu istiqamətdə görülən işlər seçkilərin azad və ədalətli, demokratik şəraitdə keçirilməsində önəmli rol oynayır. Mərkəzi Seçki Komissiyasının beynəlxalq təşkilatlatlar, yerli icra hakimiyyəti orqanları və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirdiyi tədbirlər, həmçinin, MSK-nın treninq qruplarının layihələri maarifləndirmə sahəsində böyük əhəmiyyət kəsb edir. Məntəqə seçki komissiyaları üçün hazırlanmış trenerlərin tövsiyə və məsləhətləri də aşağı seçki komissiyası üzvlərinin seçki günü hər hansı problemlə qarşılaşmayacağına zəmin yaradır. Bundan əlavə, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış təlimat, izah və qaydaların, həmçinin, seçkiyə çağırış plakatlarının köməyi danılmazdır. Bu günlərdə Yasamal rayonunda “Sənin səsin-sənin gələcəyin” və “Seçmək və seçilmək sənin Konstitusiya ilə təsbit olunmuş hüququndur” mövzusunda gənclərlə keçirilən görüşdə də əsas məqsəd onların maarifləndirilməsi, seçki prosesi haqqında dolğun məlumat verilməsi idi. Həmin tədbirdə “Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları” və “Seçki günü səsvermə qaydalarının prosedurları” mövzusunda çıxışlar ilk dəfə səs verəcək gənclər tərəfindən böyük maraqla dinlənilmişdir. Ümumiyətlə, seçkilərin azad və ədalətli, demokratik keçirilməsi üçün hazırlıq işləri yetərincə səmərəli təşkil olunub. Bundan ötrü həm zəngin təcrübəmiz, həm də mükəmməl qanunvericilik bazamız var.
17 saylı Yasamal III seçki dairəsində görülən hazırlıq işləri ilə də yaxından tanış olduq. Məlum oldu ki, dairənin ərazisində 32 min 259 seçici var. Bu qədər seçici 31 seçki məntəqəsində səs verəcək. Şəffaflığın təmin olunması üçün 10 məntəqədə veb-kamera quraşdırılıb. Səsvermə üçün əlverişli şərait yaradıldığını deyən dairə seçki komissiyasının sədri bildirdi ki, artıq seçki məntəqələri lazım olan bütün ləvazimatlarla təmin olunub. Barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi üçün istifadə olunan avadanlıqlar da çatdırılıb. Seçki bülletenləri isə seçki gününə üç gün qalmış veriləcək.
Namizədlərin qeydə alınmasından söhbət açan Q. Kərimov bu sahədə heç bir süni əngəlin yaradılmadığını vurğuladı. Dedi ki, seçki dairəsinə 14 nəfər müraciət etmişdi. Onlar YAP, Ümid Partiyası, “Azadlıq-2015" bloku, ADİSP, ADP, Müsavat, BAXCP və bitərəflərin nümayəndələri idi. Onlardan 12 nəfəri imza vərəqələri götürmüşdü. On nəfər tələb imzaları topladı və onların hamısı qeydə alındı. İki nəfər isə imza toplaya bilmədi. Hazırda deputat mandatı uğrunda mübarizə aparan 10 nəfər YAP, Ümid, ADİSP, BAXCP, “Azadlıq-2015” blokunun və bitərəflərin təmsilçiləridir. Namizədliyi qeydə alınanlar təbliğat-təşviqat kampaniyası ülə məşğul olurlar. Onlar üçün tam bərabərhüquqlu şərait yaradılıb. Namizədlər qabaqcadan müəyyənləşdirilmiş qapalı və açıq yerlərdə heç bir maneə ilə rastlaşmadan seçicilərlə görüş keçirirlər. Bundan başqa, ərazidə, əhalinin gur olan yerlərində dəmir lövhələr quraşdırılıb və namizədlər həmin lövhələrdə öz platformalarını yerləşdirə bilərlər. Bu vaxta qədər dairəyə namizədlərdən və onların səlahiyyətli nümayəndələrindən hər hansı bir şikayət daxil olmayıb.
Seçkilərin şəffaf keçirilməsində müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də böyük rolu var. Q.Kərimov dedi ki, bu sahədə də problem yoxdur. Bu vaxta qədər 446 nəfər müşahidəçi qeydiyyata alınıb. Onlar əsasən könüllülər, müxtəlif siyasi partiyaların təmsilçiləri, namizədlərin vəkilləri və səlahiyyətli nümayəndələridir. Yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə vəsiqələrini təqdim etməklə seçkini müşahidə edə bilərlər.
Dairə seçki komissiyasının sədri qarşıdakı parlament seçkilərinin də demokratik, şəffaf, azad və ədalətli keçiriləcəyinə əminliyini bildirdi.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.